Bu motiv, əslində, dastanın ən çətin izah olunan, gümanlara, ehtimallara yol açan motividir. S.S.Surazakov bu barədə həm söyləyicilərin fikirlərini vermiş, həm də dastan mətninə əsaslanaraq fikir yürütmüşdür. Onun fikrincə, Altay Buuçay ilə arvadı və bacısı arasındakı konfliktdə təşəkkül tapmaqda olan patriarxal cəmiyyətin ailə münasibətlərinin izlərini görmək lazımdır (1, 149).
Bu izah, əlbəttə, dastana sosial münasibətlər kontekstində yanaşmadır və məsələnin yalnız bir tərəfidir. Bizim fikrimizcə, dastanın süjeti bütövlükdə ritual-mifoloji məntiqə tabe olduğu üçün qadın obrazlarının xəyanət aktını da bu məntiq daxilində aramaq lazımdır.
Süjetdən aydın olur ki, qəhrəmanın evini təşkil edən elementlər içərisində yeganə dayanıqsız, sabit olmayan, xaotik ünsür arvadla bacıdır. Süjetin məntiqinə görə, əgər onlar da sadiq elementlər olsa idilər, onda qəhrəmanın yenidən evlənməsi mexanizmi işə düşməzdi. Epik-mifoloji sxemə görə isə, fərd ölməli, o biri dünyaya getməli, orada yenidən dirilərək (yaxud doğularaq) qəhrəmana çevrilməli və qayıdaraq ailə (yaxud yeni ailə) qurmalıdır. Yəni fərd tamamilə yenilənməlidir:
Evi yağmalanır – evini yenidən qurur;
Qadınları yağmalanır – yeni qadınlarla yeni ailə qurur.
Bəs bu halda köhnə qadınları nə etməli? Epik-mifoloji məntiq onlara xəyanətkar rolunu verir.
Lakin bu dediklərimiz məsələnin görünən və zahiri cəhətidir.
“Kitabi-Dədə Qorqud”u yeniden xatırlayaq. Burada evlərin yağmalanmasında kafirlərin casuslarının böyük rolu olur. Oğuzdan kənara xəbərlər casusların vasitəsi ilə çatdırılır. Məsələn, ikinci boyda Salur Qazan ovda olarkən casus dərhal öz işini görür: “Kafərin casusı casusladı. Vardı kafərlər arğunı Şökli Məlikə xəbər verdi” (3, 42).
“Altay Buçıy” dastanında isə qəhrəmanın düşmənlərinə xəbəri evin qadın üzvləri çatdırırlar. Demək, “Kitabi-Dədə Qorqud”dakı casuslarla “Altay Buçıy” dastanındakı ev qadınları eyni işi (funksiyanı) yerinə yetirməklə eyni məna cərgəsində dururlar.
Bu halda sual meydana çıxır: “Dədə Qorqud”dakı casuslar etnokosmik mənsubiyyətləri baxımından Oğuz elinin düşmənləri olan kafirlərdən idilər və onlar gizlincə Oğuz elinə soxulmuşdular. Bəs Altay Buçıyın arvadı və bacısını onun düşmənləri ilə nə birləşdirir?
Bizcə, burada məsələnin kökləri daha dərindədir və buna görə mifoloji təsəvvürlərin daha dərin qatlarına enməliyik.
Pəri qızları ilə, ilan-qadınlarla, qurd-qadınlarla (bəzi hallarda hal qarıları ilə) evlənmiş və övladları olmuş əfsanə qəhrəmanlarını, o cümlədən ovçu qəhrəmanları xatırlayaq. Həmin arvadlar gecə vaxtı gizlincə öz köhnə evləri ilə əlaqə saxlayırlar: köhnə cildlərinə düşür, doğmalarını ziyarət edir və sübhə yaxın yenə də cildlərini dəyişib, öz ərlərinin yanına qayıdırlar. Bu halda belə hesab etmək olar ki, ovçu-qəhrəman olan Altay Buçıyın arvadı da etnokosmik mənsubiyyəti etibarilə xaos dünyasının sakinlərindəndir.
Lakin bu halda yenə də ziddiyyət yaranır: Bəs qəhrəmanın bacısını düşmənlərlə nə birləşdirir? Onlar ki, eyni anadan doğulmuşlar!?
Burada əkizlər mifini xatırlamalıyıq. Dastanda bütün elementlər: atlar, itlər, qartallar, düşmənlər, atalar və s. demək olar ki, əkizdir. Bu halda Altay Buçıyın arvadı ilə bacısı köhnə dünyanın sakinləri kimi, eyni semantik sırada durmaqla əkizlər mifinin sxemini təcəssüm etdirirlər.