Səbirsizlik (34)
Allah insanı yaradanda siftə başından başlayıb. Hər bir əzanı yerli-yerində, qaydasınca düzəldib. Elə ki, gəlib topuğuna çatıb, həmin məqamda insan dözməyib, tez ayağa durub. Tanrı da hirslənib, onun topuğuna toxunmayıb. Ona görə də insanın ayağı tez-tez topuğundan burxulur.
Təkgöz xatın (35)
Deyilənə görə, keçmiş vaxtlarda Mitəyi mülkündə Ramazan adında mallı-dövlətli bir kişi olub. Ramazan kişinin Hürnisə adında bir xatını, iki də oğlu varmış. Ramazan kişinin mal-qarası qoyun-davarı çox olduğundan kənddə yaşamırdı. Mitəyi mülkündə bir yer qazması düzəldib orada qalırdı.
Payız axşamıydı. Çobanlar mal-qoyunu çöldən gətirib, yatağa salmışdılar. Hürnisə xatının bişirdiyi ətli xəngəldən yeyib, hərə yatağın bir kənarında yatmağa getdi. Ramazan kişi şam yeməyindən sonra xatınına dedi:
– Ay xatın, mənim də yerimi sal, səhər malı işıq açılanacan çölə çıxardacağam. Mallarımız payız bəhrini yaxşı yeməlidir. Bu gün, sabah qış gəlir. Balalayan qoyunlarımız var, balalayan mallarımız var, sonra balaları sısqa olar. Bir dənəsini də saxlaya bilmərik.
Səhər tezdən hələ işıqlaşmamış mal-qaranı, qoyun-davarı sağıb, yataqdan çölə ötürdülər. Ramazan kişi də oğlanlarıyla çobanlara qoşulub getdilər.
Hürnisə xatın da səhər sağılan südü bir tiyan qazana töküb, bişirməyə başladı. Bir kürsü də alıb, süd tiyanının yanında oturdu, çömçəylə südü sovurmaqda oldu. Bir zaman qulağına səs gəldi, o yana baxdı, bu yana baxdı, amma bir şey görmədi. Elə bildi oğlanları gəlib. Üç ağız çağırdı, səsinə səs verən olmadı. Hürnisə xatın bir zaman gördü ki, insanabənzər, bütün cəmdəyi tüklü, saçları dağınıq, əmcəkləri bir nəhrə qədər möcüz bir məxluq tiyana yaxınlaşır. Bu bəni-insanın qaşqasında bir tək gözü də varıydı.
Hürnisə xatın özünü itirməyib kürsüdən durdu, təkgöz xatına yer göstərdi, əlindəki çömçəni də tiyanın qırağına qoydu. Təkgöz xatın çömçəni alıb, kürsüdə oturdu, sonra başladı südü sovurmağa. Hürnisə də gözünü ondan çəkmir, canını qurtarmağı fikirləşirdi. Birdən Hürnisə baxıb gördü ki, təkgöz xatun oturduğu yerdə mürgiyə getdi, çömçə də əlindən düşdü. O, daha fürsəti əlindən buraxmayıb çömçəni götürüb, astaca qaynayan südü çömçəyə doldurdu. “Allah sən kömək ol!”, ‒ deyib çömçəni var gücüylə xatının təkgözünə çırpdı. Təkgöz xatın kürsüdən yerə yıxılanda süd tiyanını da onun üstünə aşırdı. Qaçdı əriylə oğlanlarını axtarmağa. Hürnisə onları tapıb, başına gələn əhvalatı danışdı. Ramazan kişi hamıdan əvvəl özünü qazmasına çatdırdı. Baxıb gördü ki, doğrudan da, tək gözü olan çılpaq bir qadındır, özü də haçandı ölüb. Kənd camaatı da əhvalatı eşidib gəldi. Kəndin kənarında dərin quyu qazıyıb, təkgöz xatını orada basdırdılar. Camaat dağılışıb gedəndən sonra Hürnisə Ramazan kişiyə dedi:
– Ay kişi, ömrümüzün çox payını çöllərdə, qoyun dalınca gəzməkdə keçirmişik. Bəsdir, daha çöldə qalmayaq, kəndə qayıdaq. Təkgöz bəni-insanlar bizdən əl çəkməyəcəklər, gözümüzün ağı-qarası iki oğlumuz var. Onların başına bir xəta gələr. Mal-dövlət əl çirkidir. Gəl mallarımızın çoxusunu satıb, azını saxlayaq, biz də gedib camaata qoşulaq.
Ramazan kişi xatınına qulaq asıb dedi:
– Ay xatın, sən deyən olsun. Bu mal-dövləti sənin ayağınnan qazanmışam.
Ramazan kişi dediyi kimi də elədi. Bir neçə günə mallarının çoxunu satıb, azını saxladı. Gedib kənddə yaxşı bir ev tikib, orada yaşamağa başladı.
Dostları ilə paylaş: |