31. HƏR İŞİN BAŞI SƏBRDİR
Biri evlənir – bir oğlan dayna, hayat qurur. Ayləsiynən bir ay yaşıyannan sora deyir:
– Ay arvad!
Deyir:
– Nədi, a kişi?
Deyir:
– Mən gedəjəm alimlih oxumağa, alim olmağa.
Deyir:
– Bəs məni bırda tək-tənha qoyuf hara gedirsən? Neçə il oxuyajaxsan?
Deyir:
– İyirmi beş il oxuyajam, alimlih deplomumu alıf çivimə qoyuf gələjəm.
Görür ki, yox, kişi dediyinnən dönmüyəjəh, irazılıx verir, gedir.
Gedir çıxır Hələf şərinə. Orda alimliyi oxuyur. İyirmi beş il oxuyur, deplom alır. Qayıdır indi vətənə. Yolda bir çovana rasdaşır. Deyir:
– Atalardan bir məsəldi, yoruldun karvana, ajdın çovanın yanına get. İndi ajdığım var. Nəyin var, maa bir şey ver, yeyim.
Çovan gətirir böyüh qavlamasını, bir-iki qara qoyunun südünü sağır, bir az da quru yuxası varmış, avalıyır tökür südün içinə, qaşıxnan qarışdırır, qoyur bı alimin qavağına. Alim yeyif doyannan sora halallaşıf yola düşəndə çovan bına sual verir:
– A qonağ, axı sən demədin hardan gəlif hara gedirsən?
Deyir:
– Mən aliməm, iyirmi beş il alimlih oxumuşam, indi qayıdıram vətənə, evimə.
Çovan bına sual verir. Deyir:
– Alimsən?
Deyir:
– Bəli, aliməm.
Deyir:
– Onda de görüm, alimliyin baş hərfi nədi?
– Boy, alimliyin nə baş hərfi olar?
Deyir:
– Yox, əgər alimsənsə de görüm alimliyin baş hərfi nədi? Əgər bilmirsənsə, bir il məəm qoyunumu otar, mən alimliyin baş hərfini saa deyim, get.
Alim deyir ki, a rəhmətdiyin oğlu, iyirmi beş ildi evimnən kənar olmuşam. İndi saa da bir il qoyun otarım bırda? Halallaşıf yola düşəndə bir iyirmi metir gedir, fikir alimi götürür: “Ayə, bı nə sözdü, alimliyin baş hərfi nədi? Eey, qayıdıf çovanın bir il qoyununu otarajam, onu da örgənif gedəjəm”.
Qayıdır geri. Deyir:
– Çovan qardaş, mən sənnən irazılaşıram. Bir il qoyunuu otarajam. Amma elə o günü vaxtım tamam oldu, alimliyin baş hərfini maa de, gedim.
Dedi:
– Hə, ona arxeyin ol.
Nağılda vaxt yüyrəh olar. Bı oxuyur, qurtarır. Vaxt tamam olur. [Alim] deyir:
– Hə, indi çovan qardaş, maa de görüm, alimliyin baş hərfini.
Deyir:
– Alimliyin baş hərfi səbirdi.
Dedi:
– Nə, səbir?
Durur halallaşır, sağollaşır, qayıdır gəlir. Nə gejə dəyil, nə səər dəyil, qapını döyür. Arvat deyir:
– Kimsən?
– Ay arvad, mən gəlmişəm, dur qapını aç.
Bı gedəndə arvadın bir oğlu olur. Boyluymuş dayna. İndi oğlunun iyirmi iki yaşı var. Qapını açır. Bıy, görür arvadının böyründə iyirmi iki-iyirmi üç yaşında bir cavan oğlan yatıf. Alimi fikir götürür. İsdiyir xançalı çəkə arvadı da vıra, oğlanı da doğruya. Birdən barmağını dişdiyir:
– Ey dili-qafil, axı mən çovana bir il oxumuşam, səbr örgənmişəm. Qoy səbr eliyim, görüm, bı işin axırı nədi.
Arvad əriynən görüşənnən sora qayıdır deyir:
– Dur, oğul, dur. Atan gəldi.
Orda sevinillər. Arvad oğlunu da durğuzur, atasınan görüşüf, öpüşüllər. Bıların bı hekayəsi bırda başa çatır, əziz balam.
Dostları ilə paylaş: |