33. TÜLKÜDƏN QORXAN ƏHMƏDİN NAĞILI
Biri varımış, biri yoxumuş, bir kətdə bir qarı varımış. Bunun Əhməd addı bir oğlu varmış. Bu oğlan yaman tənbəl imiş. Anası bunu ha buyurarmış oduna get, suya get, ocağın o qırağınnan durup bu qırağında oturarmış. Anaya həddən artıx əziyət verərmiş. Bu çox həddinnən artıx tənbəliymiş. Günün birində anası ev yığışdırıp süpürürmüş. Nə qədə eliyip, get ocağın o biri başında otur, o tərəfə keç, keşmir. Ana bunu döyür, kötəhliyir, atır çölə, qapını da daldan vurur. Əhməd ağlıya-ağlıya deyir:
– Ana, aş qapını, ana, qorxuram.
Ana bunun fəryadına baxmır. Deyir:
– Bezdirmisən məni. Çıx get bırdan.
Əhmədin əlacı kəsilir, düzəlir yola. Hara getsin, nağayırsın, bilmir. Yolnan getdiyi yerdə görür yolun içində bir bildirçin hoppunup düşür. Bu çox qorxur. Qaçıp girir bir ağacın dalına. Bir təhər sürünə-sürünə gəlip baxıp görür kü, balaja bir bildirçin balasıdı. Götürür munu, qoyur qoynuna.
Bir az getmiş imiş, görür yolda uzun bir şey var. Elə bilir ilandı. Zəndnən baxannan sora görür kü, bir çatı qırığıdı. Götürür bu çatını, qoyur o biri qoltuğuna.
Gedir, gedir, kətdən, obadan aralanır. Aralı bir yerdə çölü-biyabanda böyüh bir tikili var. Deyir:
– Nə yaxşı oldu. Girim bu tikilinin içində gejəliyim. Görüm sora başıma nə iş gəlir.
Tikilinin içinə girəndə, bahoo, burda böyüh bir dev əyləşip. Bu dev tülküdən qorxan Əhmədi görəndə deyir:
– Adam, badam iysi gəlir, yağlı gödəm iysi gəlir. Burdan adam iysi gəlir. Bı kimdi, nəçidi, mənim sərhətdimi keçif, yaxın gəl görüm.
Əhməd tülküdən qorxurdu, qaldı ki, devdən. Başdıyır tir-tir əsməyə. Gəlir devin qabağında əyləşir. Deyir:
– Dev qardaş, mənəm, Əhmədəm, gəl yoldaş olax, dosd olax, belə, filan.
Deyir:
– Yox! Sənnən dosdux, yoldaşdıx eləməh üçün mənim şərtim var. Üş dənə şərt kəsəcəm. Bı şərti görəh kim udajax. Əgər udsan, onda sən qalib olassan. Onda səni yemiyəcəm. Yox, uduzdun, mən səni yeməliyəm.
Əhməd irazılaşır. Oturullar. Dev deyir:
– Görəh kimin qoltuğunnan yekə bit çıxır.
Dev əlini salır qoltuğuna, o tərəfinə fırradır, bı tərəfinə fırradır, bir yekə bit çıxardır qoyur ortalığa. Əhmədin gözü kəlləsinə çıxır. Əlini salır qoltuğuna, ora-bura. Yoldan bir bildirçin balası tapmışdı. Onu çıxardır, qoyur ortalığa. Dev məhətdəl qalır. Deyir:
– Əhməd qardaş, onda görəh kimin qoltuğunun altında tük uzundu.
Ah, ah deyir, bir tük dartıp çıxardır, qoyur ortalığa. Əhməd görür işin orası dəyil, əlini salır qoltuğuna, ayan-bayan bir az fırradır, yoldan tapdığı çatı qırığını çıxardır, qoyur ortalığa. Dev görür kü, Əhməd bu şərtdə də qalib gəldi. Deyir:
– Yaxşı Əhməd, birimiz çıxajıyıx bu damın üsdünə. Damın bacasınnan bir çubux sallıyax. Birimiz damda əyləşəjəyih. O çubux, o adamı tərpətsə, deməli, o adam qalib gəlib. Yox, tərpətməsə, deməli, uduzub.
Deyir:
– Nolar, mən irazı.
Dev çıxır damın başına, ordan çubuğu uzadır Əhmədə, belə eliyir, aynə eliyir, buyana eliyir, Əhməd yerinnən tərpənmir. Əhməd də evdən gələndə qapıdan bir çomax götürmüşdü, axı o tülküdən qorxurdu. Dev deyir:
– Əhməd qardaş, tək səni yıxa bilmədim. İndi mən oturum, sən məni tərpət.
Əhməd bacadan çıxanda çomağıynan devin başınnan o tərəfdən vurur, bu tərəfdən vurur. Dev tullanır düşür. Hə, dev görür uduzdu, qaşmağa başdıyır. Damdan düşəndə bının qıçı əzilir, axsıyır. Deyir:
– Ay aman, bu insan kimdi, deyəsən məni öldürəjəh. Yaxşısı budu qaçım canımı qurtarım.
Əhməd durur, görür bura doludu hər şeynən – qızıl, pul, mal-döölət. Küpələr doludu yağnan, balnan, o qədər burda yaxşı şeylər var. Durur çıxır, görür tövlələr var. Burda çoxlu mal-heyvan var. Bir araba qoşur, iki öküz gətirir bu var-döylətdən bu araba tutanacan doldurur. Özü də oturur bu qızılın üsdündə. Yavaş-yavaş qayıdır kəndə. Gəlir evlərinin qabağına, qapını döyür. Deyir:
– Ana, aş qapını.
Deyir:
– Açmıram.
– Ana, pencərədən bir bax, gör sənə nə gətirmişəm. Sən elə bilirdin mən tənbələm. Gör mən nələr gətirmişəm.
Anası qapını açır, görür, baho, araba doludu qızılnan, ləl-cəvahir. Küpələrdə yağ, bal. Ana sevinir. Çal-çağır qurullar.
Dev də gedir qırx dev qardaşına şikayət eliyir. Deyir:
– Bir bəni-adəm var, məni bu vəziyətə qoydu. Məni məğlub elədi. Gəlin yığışax, gedəh həmin adamı öldürəh.
Bular yığışıllar, bir-birinin quyruğuna bağlanıllar. Ən axırda da bu axsax dev gəlir. Bular yavaş-yavaş gəlillər kəndə sarı. Bı vax Əhməd də çıxıp oturup damın üsdündə, əlində də bir pıçax çubux yontalıyırmış. Devlər bunu görəndə deyillər:
– Əhməd, orda nağayrırsan?
Deyir:
– Çubux yonturam.
– Çubuğu neynirsən?
– Topal devin gözünü çıxartmalıyam. Bu çubuğu onnan ötrü düzəldirəm.
Belə diyəndə topal dev nətəhər qorxursa, dartır bu devlərin hamısını yıxır. Devlər qaçıb gedillər. Əhmədnən anası o günnən bu varın, döylətin içində xoş-firavan yaşıyıllar. Nağıl burda bitərinə, yetərinə çatır. Siz də yeyin göyə çatın. Göydən də üç alma düşdü. Biri mənim, biri sənin, biri də gendə durub “isdəmirəm” deyənin.
Dostları ilə paylaş: |