78. MAYMAAN ÇİNARI
Bizdə çinar vardı, Maymaan çinarı deyirdilər. On-on beş adam girsin koğuşuna, bax, o yekəliyində çinar idi. Uşağı xəstə olan, sora ağrısı olan gedirdi. Divində bulax vardı, suyunnan, palçığınnan-zaddan uşağın orasına-burasına sürtürdülər, ağrısı keçirdi. Parça bağlıyırdılar, gövdəsinə mismar vururdular. Ora mismar çalmağa sora biz qoymadıx, imkan vermədih. Kimisi, nə bilim, şal aparıb bağlıyırdı. Bizim öz uşağımız xəsdələnmişdi, təzə paltar alıb gətirmişdih Rusiyyətdən, onu heç əyninə geyindirmədih, apardıx onun üsdünə qoydux ki, uşağ sağalsın. Bax, heylə inac gətirirdilər. Camaat fasalidən, kökədən, şirniyyatdan, konfetdən aparıf üsdünə qoyurdu, gələn-gedən aparırdı. Ağacın başına kimisi üş dəfə, kimisi yeddi dəfə belə hərrənərdi.
Deyillər guya Nuhun gəmisi gəlib həmin çinara bağlanıb.
79. İMAMZADƏ
Bir imamzadamız var, qədimi imamzadadı. Onun üsdünü həməşə camaat yığılıf düzəldirdi, külək atırdı yerə. Əvvəllər imamzadanın yanında (kəndimiz orda məskunnaşıf), tez–tez fəlakətdər olurmuş. Camaatın yuxusuna tez-tez girirmişdər ki, xayiş eliyirih, bırdan çıxın, bırda imamzada olur. Camaat çıxmıyıf. Axırı bir gün sel gəlif oranı basıf – həmin o imamzadanın ətrafını, hamısını götürüf gedifdi. Onnan sora camaat bilif ki, ora ziyaratgahdı, orda yaşayış olmaz. Gediflər onnan sora bir-iki kilometr dağın döş hissəsinə.
Dostları ilə paylaş: |