Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə150/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   146   147   148   149   150   151   152   153   ...   238
12. XƏNCƏRİN ŞAHİDLİYİ
I mətn

Bir patşah varmış, bir öz oğlunu saxlıyırmış, bir də qardaşı oğlunu. Günnərin bir günündə bunnar yekəlif boylu-buxunnu oğlan olullar. Amma bunnarın ikisi də bir qız isdiyir. Patşah bu qızı öz oğ­luna alır. Toy axşamı oğlan gəlinin yanına gedəndə qapıda fin­kay­nan* vuruf öldürüllər. Xəbər gedir patşaha ki, qibleyi-aləm sağ olsun, oğluu öldürüflər.

Bunnan qəzəflənən patşah deyir:

– Məmləkətimdə nə qədir adam var, qırın!

Vəzir deyir:

– Qibleyi-aləm sağ olsun, bunu bir adam eliyif, hamı eləmiyif ki.

Deyir:

– Onda, vəzir, ya mənim oğlumu öldürəni tap, ya da sənin boynu vurajam.



Vəzir deyir:

– İş ki belə oldu, qibleyi-aləm sağ olsun, bu yaxınnarda murat hasil olan bir şəhər var. Maa bir böyüh qoşun ver, gedəh o şəhərə. O şəhərə Məkkə deyillər. Ora getsəh murat hasil olar. Mən gedim örgənim bunu.

Patşah böyüh bir qoşun düzəldif verdi vəzirə. Meyidi də götürüllər, qoşun yol alır Məkkə şəhərinə.

Məkkə şəhərinə çatanda bunnarın qabağına Abıbakir çıxır. Bular deyillər ki, bura murat hasil olan şəhərdi. Bizim bir müşkül işimiz var, buna çarə. Abıbakir çarə tapa bilmədi. Ona görə də vəzir bunu tutup əl-qolunu bağladı. Sora bu Yezidnən qarşılaşdı. Yezid də buna cavaf vermiyənnən sora vəzir deyir:

– Bu şəhəri dağıtmalıyam. Ya mənim muradım hasil olmalıdı, ya da bu camaatı niyə alladırsız.

Bu vaxt Salmani-Fars böyürdən çıxıf deyir:

– Bu camaatın əlini-qolunu bağlama. Bu şəhərin bir yiyəsi var.

Sora da Əli olan evi gösdərir. Deyir:

– Sən get, ancax o sənin suala cavaf verə bilər.

Vəzir qoşunu da götürüf gedir Əli olan binaya girir. Əli Mə­həm­mədin vəsiyyətiynən iyirmi dörd ildən sora taxta çıxacıymış. Vəzir gedir Əlinin yanına. Deyir ki, bizim bir müşkül işimiz var, onu həll eləməlisən. Mənim patşahımın oğlunu öldürüflər. İndi onu öl­dü­rən tapılmalıdı. Əli deyir, qoy baxım. Hesaflıyır, görür iyirmi dörd ili tamam olur. Deyir, indi deyə bilərəm. Qoşun gəlsin bura. Baxır, deyir ki, bu adamı öldürən qoşunuzun içindədi. Patşahın qardaşı oğludu. Bu belə deyəndə patşahın qardaşı oğlu qoşunun içinnən çıxır, deyir:

– Əli, sən yalan deyirsən. Həylə şey yoxdu.

Əli deyir:

– İş ki belə oldu, sən onu öldürən vaxtı qapının üsdündə bir cüt göyərçin varıdı. Allahın əmriynən, ay göyərçin, gəl bura.

Göyərçin uçuf gəlir, Əlinin qolunun üsdünə qonur. Əli deyir:

– Ey göyərçin, Allahın əmriynən dil aç, deynən bu oğlanı kim öldürüf.

Göyərçin dil açıf deyir ki, onu öz əmisi oğlu vurdu. Gənə pat­şa­hın qardaşı oğlu deyir: “Şər deyirsən. Sən sehirkar Əlisən”. Bu vax Əli oğlanın kürəyinə saplanan pıçağı çıxardıf stolun üsdünə qoyma­larını əmr eliyir. Əli pıçağa deyir:

– Ey pıçax, dil aç Allahın əmiriynən, de görüm, bu oğlanın kürəyinə niyə girmisən?

Pıçax dil açır, deyir:

– Ya Əli, məni kim əlində tutuf hara vurursa, ora girməliyəm. Məni patşahın qardaşı oğlu vurdu ona. Mən də girdim öldürdüm.

Gənə də patşahın qardaşı oğlu deyir:

– Sən sehirkarsan. Pıçax dil aşmaz.

Belə olanda Əli yeddi rükət namaz qılıf Allahdan oğlana can isdiyir. Bu ölən oğlanın adı Novruzumuş. Novruz dirilir. Əli Novruza deyir:

– İndi deynən görüm səni kim vurdu?

Novruz deyir:

– Ya Əli, məni vuran əmim oğludu, budu.

Bunu deyəndə hamı isdiyir Novruzu öldürəni öldürsünnər. Əli deyir:

– Bura Məkkə şəhəridi, qan tökmüyün, burdan aparın.

Bu gün mənim taxta çıxmağımın iyirmi dördüncü ili tamam oldu. Novruz da dirildi. Mənim taxta çıxmağımı hamı bayram eliyəjəh innən belə. Mən də həmin bayramın adını bu oğlanın adıynan Novruz qoyuram. Bunnan da Novruz bayramı yarandı.


II mətn

Bu bayrama həm Novruz bayramı, həm də Əli bayramı de­yillər. Mən yanımda danışılanı deyirəm. Yəqin ki, bu Əfqanıstan olar da, əfqan patşahı oluf. Əfqan patşahının oğlu Novruz oluf. Bı Əfqan patşahın qoşununun içində bir dənə qara qul olur. Bu Novru­zu toy gecəsi Qara qul öldürüf. [Əfqan padşahı] deyif ki, mən özüm şah olam, patşah olam, oğlumu kim öldürüf bilmiyəm, tapmıyam? Bına deyillər ki, sən get Ərəbistana, orda saa oğlunun ölümünü de­yə­­cəhlər. Bı durur gecava tutur, meyidi qoyur gecavaya, qoşun gö­tü­rür gedir. Ərəbistana adam göndərir, casus göndərir ki, icazə ver­sin şəhərə daxil olum. Bına icazə verillər, bı şəhərə daxil olur. Deyir ki, maa buranın vəsini gösdərin. Vəs deyirmişdər da, böyüyünü.

Bından əvvəl Məhəmməd peyğəmbər öləndə Əliyə vəsiyət eliyir ki, Əli, sən pəhləvansan, güclüsən və qüvvənə arxalanıb Ömər, Osmannan bəhs eləmə. Sən təhsən, arxasızsan. Əli qüvvətdi pəh­livan oluf, həm də biliciymiş, hər şeyi bilirmiş. Heç irişmə də onnara. Əli bı taxtda oturası imiş. Məhəmməd peyğəmbər rəhmətə gedənnən sora Ömərnən Osman zorrulux eliyif taxta bullar çıxıf.

Bı da (Əfqan padşah – top.) vəsi yerini örgənif bıra gələndə bına yetmiş iki dildə salam verif. Bının salamını ala bilmiyif. Deyif:

– Bı mənim salamımı ala bilmir, mənim oğlumun ölümünü hardan bilif deyəjəh. Bıranın vəsi, bilicisi kimdi onu mana deyin.

Bına deyillər ki, sən cənab Əlini gətirtdir. Əlini gətirtdirir. Yetmiş iki dildə salam verir, yetmiş ikisini də Əli alır. Deyir:

– Hə, bınnan vəs olar.

Bına sula verir ki, gəcavədəki nədi? Deyir:

– O sənin oğlun Novruzun meyididi.

Deyir:


– Kim öldürüf?

Deyir:


– Sənin qoşununun içindəki Qara qul öldürüf.

Qara qul çıxır, deyir:

– Yalan deyir, mən öldürməmişəm.

Deyir:


– Xəncəl, dillən!

Xəncəl Qara qulun belinnən qınınnan çıxır, dəyir yerə. Dillənir, deyir ki, Qara qul vırdı, mən də kəsdim. Qara qul deyir ki, o sehirkardı, mən ona inanmıram da, yalan danışır. Bu Əli canım qurvan olmuş, Allaha üz tutur ki, sana agahdı hər şey. Allah-tala tərəfinnən Əliyə səda gəlir ki, ya Əli, meyidi tut suya, ağzının lı­qavınnan cəh yarasına. Meyidi tutur suya, ağzının lıqavınnan çəkir, meyit axsırır qalxır. Bu dəfə cənab Əli qoymur Qara qulu Əfqan padşahı öldürsün. Deyir ki, mən sənin oğlunu diriltdim, sən də onu bağışda mana. Qoşunun içinnən çıxart, qoy çıxsın getsin. Həmən Əfqan patşahı Ömər Osmanı götürür taxtdan tulluyur, Əlini qırmızı geydirir çıxardır taxta. Əli olur vəs, böyüh da. Onnan sora həm Nov­ruz­ dirilir, həm də Əli taxta çıxır. Ona görə də bı həm Novruz bayramı oluf, həm də Əli bayramı oluf. İkisi bir günə düşüf, bir vaxta. Əlinin qırmızı geyinif taxta çıxan günü. Niyə qapıya qırmızı bağlıyıllar? Əlini qırmızı geydirir çıxardır taxta, Novruz da dirilir toyunu eliyir. Onnan sora bu bayramın adı mən belə bilirəm ki, həm Əli bayramı qalıf, həm də Novruz bayramı.



Söyləyici nağılı qayınatasından eşidib.

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin