Beləliklə:
– Kərəmin Quru Kəllə ilə dialoqu süjetüstü və süjetaltı formasına görə aktiv (ikitərəfli) xəbərləşmədir.
– Kəllənin süjetaltı semantikası barəsində üç ehtimal-fikir söyləmək mümkündür:
Birincisi (və daha ağlabatanı), Kəllə Kərəm kimi xaosa adlamaq istəyən, lakin keçiddən keçə bilməyib həlak olan şaman-qəhrəmanın kəlləsidir. M.Eliadedən məlum olur ki, o biri dünyaya səfər edən şamanlar burada səfər zamanı həlak olmuş şamanların sümüklərinə rast gəlirlər195.
İkincisi, Kərəmin Kəllə ilə dialoqunun analogiyasına “Quru Kəllə” adlı Azərbaycan nağılında rast gəlirik. Həmin Kəllə qəhrəmana kömək edir və şər (xaos) daşıyıcısı dərvişin qəhrəmana yaradacağı təhlükələr haqqında onu xəbərdar edir. Bu baxımdan, Kərəmlə Kəllənin dialoqu süjetüstündə dünyanın mənası (mənasızlığı, faniliyi) haqqında fəlsəfi söhbətdirsə, süjetaltında Kəllə Kərəmə kömək edir.
Üçüncüsü (və az ehtimal olunanı), Kəllə Xaosa keçid məkanının – qəbristanlığın qoruyucusu, başqa sözlə, xaotik qüvvədir.
Dostları ilə paylaş: |