§ 12.47. Bağda altı üzü bükülü qızla ikinci identifikasiya
İkinci sınaq/identifikasiya yenə bağda, yenə qızlarla və yenə Hüsniyə xanım tərəfindən keçirilir:
“Hüsniyə xanım dedi:
– Əslinin harada olduğunu bildin. İndi sənin gözlərini bağlayacağam, altı qız gətirib qabağından keçirəcəyəm. Hamısı bir boyda, bir libasda, üzləri də örtülü. Əgər onları tanısan, doğrudan da haqq aşığısan”237.
Kərəm qızların hamısını adları ilə tanıyır və bununla da sınaq/identifikasiyadan uğurla keçir. Beləliklə:
– Kərəmin eyni məkanda yenə də qızlarla sınağa çəkilməsi Əsliyə qovuşmanın növbəti keçid mexanizmlərindən biridir. Çünki dastandakı bütün epik-mənəvi məkanın bir qütbünü Kərəm (kişi başlanğıcı), o biri qütbünü Əsli (qadın başlanğıcı) təşkil edir. Kərəmin Əsli ilə nişanlanması onların (qütblərin) tale sxemində birləşməsidir. Keşiş Əslini qaçırmaqla bu qütbləri maksimuma qədər ayırır. Xaosun mərkəzi Keşişin qaça biləcəyi məkanın son duracağıdır. Kərəmin yolunu yada salsaq, görərik ki, bu yol mərhələlərin ritmik təkrarından təşkil olunur. Hər mərhələ Kərəmin qızlarla qarşılaşması ilə tamamlanır. Bu, artıq sonuncu mərhələ/ritmdir. Kərəm xaos/qürbətdədir. İndi kişi qütbü (Kərəm) ilə qadın qütbü (Əsli) artıq üz-üzə, təmas halındadır. Bu halda Kərəmin qızlarla identifikasiyası onun qadın qütbündə hərəkətidir. O, artıq qadın qütb/məkanındadır. Kərəmin bu qütb/məkandakı hərəkəti iki paradiqmada müşahidə olunur:
a) Yer Ananın məkan/qütb/bədənində hərəkət;
b) Əslinin məkan/qütb/bədənində hərəkət.
– Qızların sayının altı olması Azərbaycan dastançılıq ənənəsi üçün arxaik struktur hadisəsidir. 6 rəqəminə “Dədə Qorqud”da rast gəlirik: Dastanın birinci boyunda Salur Qazan əsirlikdə olarkən özü haqqında 6 nəğmə – soylama söyləyir. «6» burada ritual davranışın ritm vahididir. 3-cü nəğmədəki «6» semantemi bunu təsdiq edir:
Altun aşıq oynar Sancıdanın bəgləri.
Dostları ilə paylaş: |