§ 10.02. Bağ Xaosa keçid məkanı kimi
Dağla xəbərləşən Kərəm bağa gəlir. Onun Əslinin bağına gəlişi bir aşiqin öz oğurlanmış sevgilisindən bir nişanə tapmaq ümidi ilə onun evinə gəlməsi baxımından tamamilə normal və məntiqi hərəkətdir. Lakin bu, yalnız süjetüstündə belədir. Süjetaltında Kərəmin bağa gəlişi kosmoloji sxemə tabedir və bu sxemə görə kosmosyaradıcı funksioner olan Kərəmin yolu məhz bağdan keçməlidir. Bu cəhətdən süjetüstündə süjetaltı məntiqin “izi” də qalmışdır. Belə ki, Kərəm Əslidən bir nişanə tapmaq üçün onun yaşadığı evə deyil, məhz bağa gəlir. Bu halda “Niyə məhz bağ?” sualı meydana çıxır. Demək, “bağ” epik məkan obrazı kimi xüsusi işarəyə malikdir.
Folklorda dağ, bağ, mağara, gor (məzar/qəbir), quyu, qalaça, çay, dərya, bulaq və s. kimi məkan obrazları iki dünya arasında keçid məkanları rolunu oynayır. Məsələn, Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisində bağ sakral və profan səviyyələrin bir-birinə keçid/təmas məkanıdır. Əsərdəki beşinci nağılda insanla pərilərin görüşü bağda baş verir. Mənfi işarəli divlər bağın ucunda, bağla qeyri-bağın sərhədində yerləşirlər. Əfsanəvi Gülüstani-Baği-İrəm pərilərin yurdudur... Müsbət kosmik məkan olan bağda yerləşən Mahan (beşinci nağılın qəhrəmanı – S.R.) bağın qapısından keçərək xaotik məkana düşür: kosmosla xaosu indiki halda bağın qapısı ayırır113.
Bağın xaosa keçid məkanı olması kosmoloji kontinuumun dugər keçid elementləri ilə də təsdiq olunur. Bu cəhətdən Kərəmin ilk olaraq dağa müraciəti kosmoloji məntiqin tələbidir. Bağ kimi dağ da dünyalar arasında körpü rolunu oynayır. Süjetdə dağın başını duman almasının təsviri xüsusi işarədir. Belə ki, mifologiyada duman – qaranlığın, şərin, təhlükənin, ölümün, xaosun maddi simvollarından biridir. Dağdan keçib həm Göy dünyasına, həm də Yeraltı dünyaya getmək olar. Bu halda dağın başını duman alması Keşişin xaosa getdiyini göstərir. “Qırmızı don” obrazında don – keçidi, qırmızı – orta dünyaya keçidi bildirdiyi kimi, burada da “dumanlı dağ” obrazında dağ – keçidi, duman – aşağı dünyaya (xaosa) keçidi ifadə edir.
Dağ semantemi bağ semantemi ilə bir sintaqmatik sıranı təşkil edir və bu sırada birinci yerdə bağ durur. Xaosa gedən yol bağdan başlanıb dağdan keçir. Bu halda kosmoloji sxemə görə, dağ keçid prosesinin növbəti mərhələlərindən biridir. Prosesin özü isə bağdan başlanır.
Dostları ilə paylaş: |