Sahə – ritual;
Vasitə – etnokosmik identifikasiya mexanizmi;
Funksioner – şamandır.
Bu cəhətdən, Kərəmin Xaosa keçidi kosmoloji kod səviyyəsində “şaman keçidini” təkrarlamalıdır. Səciyyəvi və qanunauyğundur ki, süjetaltındakı “şaman keçidinin” izləri süjetüstündə qalmışdır. Oba adamlarının sorğu-sualına saz-şeirlə cavab verən Kərəm sonuncu bənddə deyir:
Ördək kimi uçdum göldən-göllərə,
Ceyran kimi qaçdım çöldən-çöllərə,
Kərəm deyər: düşdüm bədnam dillərə,
Gələn ağlar, gedən ağlar, yol ağlar129.
Şeirdə qorunub qalmış “ördək kimi uçdum”, “ceyran kimi qaçdım” formulları Kərəmin (qəhrəmanın) ördəyə, ceyrana çevrilməsini ifadə edir. Şaman istər Xaosa keçid zamanı, istər yeraltı dünyada, istərsə də göyün qatlarında situasiyadan (şəraitdən, şərtdən, relyefdən və s.) asılı olaraq müxtəlif heyvanlara, o cümlədən quşlara, hətta cansız əşyalara çevrilə bilir. Təkcə şamanın yox, ümumiyyətlə, epik qəhrəmanın davranış kompleksinə aid olan bu hərəkət elmdə çevrilmə adlanır. Çevrilmənin aktuallaşdığı kosmoloji sahələrdən biri Kosmosla Xaosun sərhədidir. Bu baxımdan, Kərəmin Xaosa kosmoloji kod səviyyəsində keçidi ördəyə, ceyrana çevrilmələrlə baş tutur. Kosmoloji süjeti bərpa etmək istəsək, təqribən, belə bir mənzərə alınır: Kərəm Xaosa (yeraltı/qaranlıq dünyaya) keçərkən onun canlı insan (nağıllarda: “bəni adəm” ipostası) olduğu bilinir. O, ördəyə çevrilib göldən-gölə uçmaqla, ceyrana çevrilib çöldən-çölə qaçmaqla yeraltı/qaranlıq dünyanın keşikçilərinin əlindən canını qurtarır. Nağıllardan bir formulu yada salaq. Div onun qalaça/məkanında gizlənmiş qəhrəmanı iyindən tanıyaraq deyir:
Adam-madam iysi gəlir,
Yağlı badam iysi gəlir.
Yaxud başqa bir halda “Bəni-adəm iysi” (adam/insan iyi – S.R.) gəlir” deyir. Qəhrəman bununla tanınır/bilinir. Kərəm də burda bizim hələlik bərpa edə bilmədiyimiz səbəblərdən tanınır. Lakin ördəyə, ceyrana çevrilmələrlə keşikçilərin əlindən canını qurtararaq Xaosa daxil olur.
Dostları ilə paylaş: |