Bu mərhələ:
Məkan tipinə görə – Xaos;
Vizual işarəsinə (əlamətinə) görə – qara dünya;
Etnokosmik statusuna görə – ölülər (ruhlar) dünyasıdır.
Səciyyəvidir ki, Kərəmin yolunda bir mərhələdən o biri mərhələyə keçid nöqtələrində etnokosmik identifikasiya proseduru aparılır. Belə ki, birinci mərhələ-fazadan (Kosmos/ağ dünyadan) ikinci fazaya (aralıq/qırmızı dünyaya) adlayarkən qırmızı donlu qızlarla identifikasiya/eyniləşdirmə ritualı həyata keçirilir. Kərəm Əslini qızların içərisində tapmır. O, qırmızı donlular dünyasında – aralıq fazada qalmır: qara köynək geyərək qara dünyaya – Xaosa doğru yol alır. Gürcüstan sərhəddində aralıq faza başa çatır. Kərəm burada Xaosa adlamalıdır. Yenə də identifikasiya ritualı həyata keçirilir. Demək, etnokosmik identifikasiya kosmoloji dünya modelinin sahələri arasında mövcud olan zəruri mexanizmdir. Bu mexanizmdən keçmədən bir dünya qatından o birinə adlamaq mümkün deyildir. Etnokosmik identifikasiyanı çayla bənd arasındakı şlüzə bənzətmək olar: gəmilər şlüz vasitəsilə çayın bir səviyyəsindən o biri səviyyəsinə keçə bilir. Şlüz olmadan bu maneəni aradan qaldırmaq, keçidi gerçəkləşdirmək mümkün deyildir. Etnokosmik identifikasiya subyektin eyniləşdirmə yolu ilə kosmoloji kimliyinin, hansı dünyaya mənsubiyyətinin müəyyənləşdirilməsidir. Bu cəhətdən, hər bir subyektin onun kosmoqonik (yaradılış) növündən, şəklindən, statusundan asılı olaraq identifikativ əlamətləri – tanınma nişanları vardır. Bu nişanlar fərdin mənsub olduğu dünyadakı kimliyini – yerini, mövqeyini, rolunu, statusunu bildirən siyasi, ictimai, mədəni, bioloji, fizioloji, sakral, profan və s. əlamətləri əhatə edir. Beləliklə, identifikasiya – tanıma/tanınma/tanıtma həm də davranış kodu, davranışın simvolik formasıdır. O, mifik dünya modelində hərəkətin statusal tipi kimi triksterlərə məxsus davranış formuludur.
P.Radinə görə, trikster Amerika hindularının mifologiyasının və mümkündür ki, bütün mifologiyaların ən qədim obrazıdır130. K.Q.Yunq göstərir ki, hiyləgər oyunlara və ziyankar hərəkətlərə məhəbbət, cildi dəyişmək qabiliyyəti, ikili (yarı heyvan, yarı ilahi) təbiət, hər cür əzab-əziyyətə meyllilik triksterlərə xas keyfiyyətlərdir131. K.Levi-Stros Quzğun, Koyot kimi mifik quş-triksterlərin nümunəsində yazır ki, triksterlər özünəməxsus marginal-mediator xarakterə malikdir: onlar leş yeyərək həyatla ölüm arasında mediasiyanı həyata keçirirlər132. Y.Çernyavskaya triksterlərə xas olan dörd funksional keyfiyyəti qeyd edir: uşaqlıq (uşaq sadəlövhlüyü mənasında – S.R.), ambivalentlik (əks, yəni həm müsbət, həm mənfi keyfiyyətlərə malik olmaq – S.R.), gülüş başlanğıcı (gülüş kökünə bağlılıq – S.R.), dönərgəlik (cilddəyişmə, çevrilmə – S.R.)133.
Ən başlıcası, triksterlik134 status, situasiya, daha doğrusu, sabit statuslararası durum, aralıq haldır. O, strukturda qütblər arasında, onları qovuşduraraq özünə yer alır. Y.Çernyavskaya belə bir sual qoyur: “Ağıllının” ağlı ilə “axmağın” səfehliyinin hasısa ümumi bir nöqtədə birgələşməsi mümkündürmü? Belə fikirləşirəm ki, bəli. Bu şərti nöqtəni “ağılsızlıq nöqtəsi” (yaxud “Trikster nöqtəsi”) adlandıraq... Ağıllı da, axmaq da “ağıllılıq” və “axmaqlığın” vərdiş olunmuş modellərindən “imtina etdiyi” halda trikster ola bilərlər. Trikster – situativliyin (şəraitdən asılılığın – S.R.) canlı təcəssümüdür135.
Biz burada triksterlik statusunu bir psixologem kimi kənara qoyub, ona kosmoloji modeldə nəzər salsaq, triksterlik situativ hal kimi dünyalararası sahələrdə funksionallaşan obraz-modeldir. Bu, onun rituala bağlılığını daim qabardır. O, dünya modelində aralıq sahəni, aralıq davranış kodunu təcəssüm etdirir. Aralıq sahə bütün hallarda ritual rejimini nəzərdə tutur. Bu halda ritual rejimində olan Kərəmin davranışlarında triksterə məxsus formullar var. Trikster olmadan (keçid sahəsinin davranış modellərinə yiyələnmədən) mediasiya mümkün deyildir. Kərəm Kosmosdan aralıq dünyaya, oradan da Xaosa adlayır. Demək, biz bundan sonra onun hərəkətlərində triksterlərə xas davranış modellərinin artmasını, intensivliyini müşahidə etməliyik.
Bizim “Oğuznamə” eposu mətnləri üzərində apardığımız müşahidələrin nəticələrinə görə, Oğuz mifoloji xaosunda triksterə məxsus davranışın əsas formullarından biri “yalançılıq – yalan danışmaq”dır. Kərəm xaosa keçən kimi bu formuldan istifadə etməli olur.
Dostları ilə paylaş: |