Birincisi, süjetaltının şeirdə qorunmuş izləri ilə:
Son (ən üzdəki) transformativ qat olan təsəvvüfi səviyyədə (süjetüstündə) xəbərləşmə ritualı keçirən Kərəm kosmoloji səviyyədə (süjetaltında) özü etnokosmik kimliyin müəyyənləşdirilməsi ritualından keçir.
İkincisi, kosmoloji məkan situasiyası ilə:
Kərəm sərhəddəki böyük obada etnokosmik identifikasiya ritualından keçərək Xaos dünyasına daxil olur. İndi isə Xaosdakı şəhərə daxil olmalıdır. Şəhərin öz sərhədi (qalası) var. Kərəmin xəbərləşdiyi çəməngah (məkan) mətndə göstərildiyi kimi, “lap şəhərin kənarında”, başqa sözlə, şəhərin sərhədində yerləşir. Demək, Kərəm şəhərə adlamaq üçün yenə də etnokosmik identifikasiya ritualından keçməlidir.
Kərəm Xaosun sərhədində etnokosmik identifikasiya ritualından ördəyə, ceyrana çevrilmə ilə keçir (canını qurtarır). Bu, triksterin davranış ehtiyatları sırasına aid olan dönərgəlik (cilddəyişmə/çevrilmə) formuludur. Kərəmin Xaosa keçərkən triksterlik etməkdən başqa yolu yoxdur. O, süjetüstündə hər yerdə öz həqiqi kimliyini (Haqq aşığı olduğunu) tanıdaraq hədəfə doğru irəliləyir. Lakin Kərəm süjetaltında öz etnokosmik kimliyini (canlı insan olduğunu) gizlətməlidir. Çünki Kosmosun sakini ölmədən (ölüyə – ruha çevrilmədən) Xaosa adlaya bilməz. O isə diridir: demək, Xaosda olmaq üçün özünü yalandan ölülüyə vurmalı, ördəyə, ceyrana çevrilmədə olduğu kimi dönərgəlik etməlidir. Çünki o, cildini dəyişməsə, yalançılıq etməsə, etnokosmik kimliyi üzə çıxar. Kosmoloji sxem bu dəfə də özünü təsdiq edir: o yalançılıq edir. Bunun izləri süjetüstündə açıq şəkildə qorunub qalmışdır. Kərəm özünün Haqq aşığı olduğunu sübut etdikdən sonra, cavanlar bu Haqq aşığından, ilahi dəyərlər daşıyıcısından nə üçünsə yalan danışmağını istəyirlər:
“Hamı yerbəyerdən Kərəmi alqışladı. Sofi onlardan Keşişi xəbər aldı, dedilər:
– Aşıq, bizə bir məzəli dastan söylə. Elə dastan olsun ki, əsl olmasın, yalandan düzəlsin. Sonra Keşişin yerini sənə deyək:
Kərəm alıb, görək nə dedi:
Gəzə-gəzə bir milçəyə tuş oldum,
Xəncər ilə tutub kəsdim başını.
Gücüm çatmadı ki, çəkim aparam,
Yeddi daşın üstə sərdim leşini.
Milçək vızıldadı uçdu havaya,
Yağın süzdüm üç yüz altmış tavaya,
Yüklədim ətini doxsan dəvəyə,
Xodkar üçün göndərdim mən leşini.
Alıb onu bu meydana atdılar,
Ətin yüz min tümən deyib, satdılar,
Sümüklərin yığıb, körpü çatdılar,
Hesab etdik iki min il yaşını.
Ölçüb gördüm, yeddi qarış dizi var,
Otuz xırmandan da böyük gözü var,
Dərisində yeddi qarış tozu var,
Hesablamaq olmur onun dişini.
Dərisindən çadır qurub oturduq,
Ətin kəsib, on küçəyə yetirdik,
İsfahandan bir minəxor gətirdik,
Açıban ağzını, saydı dişini.
Dırnaqların qırıb, tökdük dərəyə,
Budlarını yığdıq əlli kisəyə,
Qanadını yelkən çəkdik gəmiyə,
Fil burnundan uzun gördün qaşını.
Mən görürəm qaranlıqda gələni,
Gəlibəni şirin canım alanı,
Dərdli Kərəm söylər belə yalanı,
Belə gördüm gözəllərin işini138.
Beləliklə, yenə ziddiyyət alınır: Kərəmin Haqq aşığı, yəni həqiqət, doğruluq, düzlük aşığı olduğunu bilən cavanlar ondan yalan danışmağı tələb edirlər. Süjetüstü bu ziddiyyəti “öz imkanları hesabına” aradan qaldırmağa çalışır. Belə ki, Kərəmin söylədiyi şeir mənzum qaravəllidir. Aşıqlar qaravəlli söyləyirlər. Lakin bu halda da bir haqq aşığından məzəli/yalan məzmunlu janr olan qaravəlli tələb etmək yenə də anormal davranışdır. Lakin bu ziddiyyət süjetaltını təhlilə cəlb etdikdə dərhal aradan qalxır. Məlum olur ki, süjetüstünün bütün ziddiyyətləri mətnaltı məntiqlə bağlıdır. Yəni süjetüstündə məntiqsiz görünən hadisə-faktların mətnaltı mənası var. Mətnaltı hadisələrin gizlində qalan səbəbidir. Gizlində qalması isə onun süjetüstünün altında olması ilə şərtlənir. Beləliklə, süjetin təsəvvüfi kod səviyyəsində yaranan ziddiyyətini kosmoloji koda keçirdikdə ziddiyyət dərhal aradan qalxır.
Dostları ilə paylaş: |