1. Ambivalentlik:
Bu, müsbət və mənfi keyfiyyətləri birləşdirən ikili haldır. Bu keyfiyyət Kərəmə münasibətdə həm süjetüstü, həm də süjetaltı planda təsdiq olunur. Kərəm süjetüstündə bir Haqq aşığı olsa da, ondan “yalannamə” – qaravəlli söyləməyi istəyirlər. Haqq (Allah, ədalət, düzlük) aşiqi kimi ciddi (dərdli, kədərli, fikirli) imici olan bir adamı qeyri-ciddi davranmağa məcbur edirlər. Süjetaltında isə Əslinin Kosmosdan Xaosa oğurlanmış ruhunu yenidən işıqlı dünyaya qaytarmaq kimi kosmik missiya daşıyıcısı olan Kərəm Xaosun davranış prinsiplərinə uyğun olaraq yalan danışır.
2. Gülüş başlanğıcı:
Triksterlər bir obraz kimi həm də gülüşlə bağlıdır. Kərəmin süjetüstündə qaravəlli söyləməsi cavanları güldürməyə, keflərini açmağa xidmət edirsə, süjetaltında bu, artıq Xaos keşikçilərini aldatmaq üçün işlədilən fənddir. Kərəm onları güldürür.
3. Dönərgəlik:
Kərəmin söylədiyi qaravəlli bir milçəyin macəralarıdır. Buradakı bütün yalan hərəkətlər düzülərək “Milçəyin dastanı”nı yaradır. Bu – süjetüstü plandır. Süjetaltı planda isə milçəyin başına gələnlər Kərəmin Xaosa adlamaq üçün milçəyə çevrilməsi deməkdir. O, Xaosun sərhəddində ördəyə və ceyrana çevrilmələrlə keşikçiləri aldada bilmişdi. İndi də eyni üsuldan istifadə edir: milçəyə çevrilərək, xaosluların şəhərinin keşikçilərini aldadır. Bu da etnokosmik davranış tipi baxımından məhz şaman kompleksinə aid hərəkətlərdir. Daim dünyalar arasında mediasiya edən şaman ölmədən (diri ölü statusunda) Yeraltı dünyaya enmək üçün yalan danışmalı, müxtəlif heyvanlara çevrilməli olur.
Dostları ilə paylaş: |