§ 12.07. Çay üstündə qızlarla xəbərləşmə: etnokosmik identifikasiya
Çobandan Keşişin Xob vilayətinə tərəf getdiyini insanerənən Kərəm yoluna davam edir. Qarşılarına çay çıxır: “Bir çay kənarına çatdılar, gördülər, qız-gəlinlər paltar yuyurlar. Bunların içərisində bir gözəl gəlin var ki, gün kimi işıq verir. Kərəmin eşqi coşa gəldi, aldı, görək (5 bəndlik şeirlə – S.R.) gəlinə nə dedi:
Gedərkən bir gəlinə tuş oldum,
Yolçunu yolundan eylər bu gəlin.
Görcək niqabını atdı üzündən,
Yolçunu yolundan eylər bu gəlin...”157
Kərəmin gəlinə tərif deməsi kosmoloji sxem baxımından dialoq-xəbərləşmədir. Bu, aşağıdakı cəhətlərlə müəyyənləşir:
– Kərəm qızlara çay üstündə rast gəlir. Çay məkanları, dünyaları bir-birindən ayıran sərhəddir. Sərhəd-keçid olan yerdə identifikasiya ritualı olmalıdır. Bu cəhətdən, Kərəmin oxuması identifikasiya formulunu nəzərdə tutan dialoq-xəbərləşmədir;
– Kərəmdən qaçan keşiş hər dəfə qızları tilsimləyərək onun yoluna çıxarır. Bu cəhətdən, Kərəmin “Yolçunu yolundan eylər bu gəlin” deyə müraciət etdiyi qız tilsimlədilərək Əsliyə bənzədilmişdir və burada məqsəd doğrudan-doğruya Kərəmi “yolundan etməkdir”. Demək, kosmoloji sxemə görə, çaydan keçməyin şərti gəlinin Əsli olub-olmadığını tanımaqdır;
– Keşişin Əslini daha uzaqlara qaçırması kosmoloji sxem müstəvisində onun Xaosun dərinliklərinə doğru hərəkəti deməkdir. Xaosda hərəkət bütün hallarda maneə-keçidləri nəzərdə tutur. Xaos məkanının dərinliklərinə endikcə belə maneələr daha da artır. Çay dünyaları bir-birindən ayıran universum (lokus) kimi belə çətin maneə-keçidlərdən biridir. Bu da Kərəmdən öz “trikster ehtiyatlarını” daha da səfərbər etməyi tələb edir. Heç təsadüfi deyildir ki, biz çaydan keçiddə “ölüb-dirilmə” formulunu nəzərdə tutan dönərgəlik/çevrilmə funksiyasını müşahidə edirik.
Dostları ilə paylaş: |