§ 12.06. Çobanla xəbərləşmə: Kərəm və Salur Qazan
Deyildi ki, xəbərləşmənin “Salur Qazan modeli” diaxronik arxetip kimi Kərəmin xəbərləşmələrində daim təkrarlanır. Salur Qazan sonda İnsanla/Çobanla xəbərləşdiyi kimi, Kərəm də dağı keçəndən sonra Çobana148 rast gəlir. “Dədə Qorqud”dakı Çoban Qazana evinin yerini/yolunu dediyi kimi, “Əsli-Kərəm”dəki Çoban da Kərəmə keşişin yerini/yolunu deyir.
Kərəm/Salur Qazan paraleli maraqlı bir nəticəyə gəlməyə imkan verir. Belə ki, Qazanın xəbərləşməsində Çobandan qabaqkı element Köpəkdir. Köpəyin sahibi/yiyəsi/əyəsi Çobandır. Kərəm də Çobandan qabaq Dağa rast gəlir. Bu halda Kərəm/Qazan paraleli bizə Köpək-Çoban münasibətlər modelini Dağ-Çoban münasibətlərinə aid (tətbiq) etməyə imkan verir. Başqa sözlə, “Dədə Qorqud”da Çoban Köpəyin sahibi olduğu kimi, “Əsli-Kərəm”də də Çoban Dağın sahibidir. Münasibətlərin əsasında “əyə” obraz-arxetipi durur.
V.Basilov yazır ki, hərfi mənada «sahib» anlamında olan «ee», «iya», «iyə», «iə», «eya» Volqaboyu, Orta Asiya, Şimali Qafqaz, Qərbi Sibir, Altay və sayan türk xalqlarının mifologiyasında həmişə hər hansı bir yerlə bağlı ruhların adıdır. İyə inamı qədim türk mifologiyasına gedib çıxır. Onların funksiyaları haqqındakı təsəvvürlər müxtəlif xalqlarda eyni deyildir. İyə Kazan və Qərbi Sibir tatarları və başqırdlarının mifologiyalarında təbiətin müəyyən elementləri, yaşayış yerləri ilə bağlı olub, bu üsulla ruhların su (su iyəsi), qulyabanı (orman iyəsi), damdabaca (ev iyəsi, yurd iyəsi) kimi xüsusi kateqoriyalarını yaradırlar149.
Azərbaycan folkloru əyə obrazları ilə zəngindir. Heç bir yer, heç bir şey əyəsiz deyil: “”Yer üzündə bir qəriş yer əyəsiz deyil. Hər şeyin öz əyəsi var. Suyun da, əvin də, bəğin də, dağ-dərənin də, ta gözümüznən nə görürüksə, hamısının əyəsi var. Bı əyələr insana görsəmməz. Gərəh bılara səlam verəsən”150. “Evlərin hamısında hər şeyə qadir olan hami ruhlar yaşayır. İnsan öz xoşbəxtliyini qorumax üçün mütləq onnara sığınmalı, onnara heş vaxt biganə olmamalıdı. Əgər bir evdə hami ruha – ev yiyəsinə hörmətsizdik olarsa, oraya mütləq bədbəxtlik gələjək, Evin bin-bərəkəti bajadan göyə çəkiləjək”151.
Əyə başqa adı ilə Qaraçuxadır: “Qaraçuxa evliyadı. Qaraçuxa evin astanasında durar, amma gözə görünməz. Evin astanasına çatdın gərək salam verəsən qaraçuxaya. Çünki evin içində məleykələr var”152.
Aynur Babək əyələr haqqında mifoloji mətnləri ümumiləşdirərək, onların xarakterik xüsusiyyətlərini belə müəyyənləşdirmişdir:
1. İnanclara görə hər bir canlı, cansız obyektin əyəsi – hami ruhu var. Azərbaycan mifoloji mətnlərində adları konkret çəkilən əyələr bunlardır: su əyəsi, ev əyəsi, dəyirman əyəsi, bağ əyəsi, ağac əyəsi, dağ-dərə əyəsi, yol əyəsi.
2. Əyələr müxtəlif görkəmdə olur. Məsələn, Ağbaba folklor mətnlərində dəyirman əyəsi «dingəli gəlin paltarında», ağac əyəsi «sarı qız donunda», su əyəsi balıq görkəmində təqdim olunur.
3. Əyələr mətnlərdə təbiəti etibarilə bəd ruhlar kimi yox, xeyirxah varlıqlar şəklində təqdim olunur. Lakin bəd əyələr də vardır. Məsələn, dəyirman əyələri ona rast gələni dəli etməyə çalışırlar.
4. Əyələrin insana münasibəti daha çox insanın ona necə münasibət bəsləməsindən asılıdır. Onlarla münasibətin xüsusi üsulu vardır. İnsan hara gedirsə, bilməlidir ki, o yerin sahibi//əyəsi vardır. Həmin obyektin sahibi olan əyəyə hökmən salam verməli, qaydalarda nəzərdə tutulan şəkildə ehtiramını ifadə etməlidir. Bu halda əyələrin insandan xoşu gəlir və ona xeyirxahlıq etməyə başlayırlar. Əyələr insana uğur gətirə, bolluq-bərəkət verə bilirlər.
5. Əyələrə aid olunan keyfiyyətlər eyni ilə su əyəsinə də aiddir. Su əyəsi ilə bağlı əsas qadağa dar vaxtı, yəni gecə suyun üstünə getməməkdir. Bu qayda pozulanda su əyələri insanı şikəst edirlər. Onlar insana qarğış etmək yolu ilə ziyan vura bilirlər.
6. Əyələr mətnlərdə öz mifoloji xüsusiyyətləri etibarilə albastı//hal anası, cin, damdabaca, qaraçuxa, məleykə, vurğun, sarıqız, yeylər//bizdən yeylər və s. kimi müxtəlif ruh obrazları ilə bəzən oxşar, yaxın, əlaqəli, bəzən də eyni varlıq kimi təqdim olunurlar. Məsələn, sarıqız//əyə, məleykə//əyə və s.153
Göründüyü kimi, folklor düşüncə modelində dağ sahibsiz – əyəsiz ola bilməz. Bu halda Çoban dağın əyəsi, başqa sözlə, dağın ruhudur. Köpək-Çoban münasibətlərindəki “əyə” modeli Kərəm/Qazan paralelləşməsi müstəvisində Dağ-Çoban münasibətlərində təkrarlanır. Mətndə bunu təsdiq edən başqa bir cəhət də var. A.Babəkin göstərdiyi kimi, əyələrin insana münasibəti daha çox insanın ona necə münasibət bəsləməsindən asılıdır. İnsan əyəyə hökmən salam verməli, qaydalarda nəzərdə tutulan şəkildə ehtiramını ifadə etməlidir. Bu halda əyələrin insandan xoşu gəlir və ona xeyirxahlıq etməyə başlayırlar. Bu cəhətdən Kərəm də dağa “qaydalarda nəzərdə tutulan şəkildə ehtiramını ifadə edir”. Başqa sözlə, alqış/tərif deyərək, onu yumşaltmağa çalışır. Kərəmin dağa müraciətinin dağ əyəsinə (ruhuna) müraciət olduğunu o fakt da təsdiq edir ki, dağa alqış deyən Kərəmə dağın özü yox, onun əyəsi – Çoban cavab verir.
Beləliklə, Kərəm dünyanın ünsürləri ilə danışır, onların dilini bilir: o, ezoterik biliklərə, dünyanın bütün ünsürləri ilə ünsiyyət saxlamaq qabiliyyətinə malikdir. Bu, şaman qabiliyyətidir. “Oğuznamə”dən bir səciyyəvi örnəyə müraciət edək. Rəşidəddin “Oğuznamə”sində Duman xan qeyri-insani ünsürlərin dilini bilən şaman kimi təqdim olunur: “Yavku xan öz oğlu (Ala) Atlı Keş (Dərnəklü) Kayı İnal xanı (Dumanın atasını – S.R.) özünün yerinə taxta oturtdu. O sağlığında müxtəlif heyvanları tutmuş, onları öldürmüş, dillərini kəsmiş, bir qutuya qoyaraq vəsiyyət etmişdir: “Əgər oğlum olsa, o, anadan olandan sonra heyvanların dillərini ona verin ki, o, onların dilini öyrənsin”. Təsadüfən bu qutu Tuman xan anadan olanda aşkarlandı, bütün dillər ondan çıxdı, onları suda islatdılar və Tuman xana verdilər. Ona görə də Tuman xan böyüyəndə bütün heyvanların dilini bilirdi”154.
“Bütün heyvanların dilini bilmək mediativ funksiyadır, yəni Duman mediasiya etmək, zoodünyaya – heyvanlar aləminə getmək qabiliyyətinə malik idi. Onun heyvanların dilini bilməsi, onlarla ünsiyyətdə olması, heyvana çevrilməsi, dönərgəlik qabiliyyətinə malik olması deməkdir. Duman mediator kimi oğuz kosmoloji dünya modelinin, ən azı, 3 qatı və uyğun olaraq 3 davranış kodu arasında hərəkət edə bilir:
Dostları ilə paylaş: |