§ 12.04. Yol, İz, Qaya və Qurdla xəbərləşmə
Kərəm Tiflisdə keşişi tapır, keşiş onları aldadaraq Əslini Kərəmə verəcəyini söyləyir, Kərəmlə Əsli görüşürlər, gecə Keşiş Əslini Ərzruma qaçırır. Kərəm də Sofi ilə onların dalınca yollanır: “Şəhərdən çıxıb bir az getmişdilər ki, Gürcüstanın əyri-üyrü cığırları, yolları başlandı. Kərəm dedi:
– Sofi, dayan, xan Əslimi bu yollardan xəbər alım.
Sofi dayandı, Kərəm alıb sazını, görək, Əsli xanı yollardan necə xəbər aldı:
Əyrim-üyrüm gedən yollar,
Yollar, Əslimi gördüzmü?
Düşmüşəm yarın izinə,
İzlər, Əslimi gördüzmü?
Əyninə geyibdi saya,
Yanında var bir cüt maya,
Sənnən xəbər alım, qaya,
Qaya, Əslimi gördüzmü?
Əslimin keçdiyi yurdlar,
Kərəmin çəkdiyi dərdlər,
Qoyunları yeyən qurdlar,
Qurdlar, Əslimi gördüzmü?”146
Göründüyü kimi, bu dialoqda arxaik elementlər özünü qorumuşdur. Bu cəhətdən Kərəmin bu xəbərləşməsi əvvəlki hallarda olduğu kimi, iki bir-birindən ayrılmaz, vahid ortaq struktura malik səviyyəni ortaya qoyur:
1. Qəhrəmanın xəbərləşməsi:
“Dədə Qorqud”da Salur Qazan yağmalanmış evini növ-bə ilə Yurddan, Sudan, Qurddan, Köpəkdən və sonda Çobandan xəbər aldığı kimi, Kərəm də evini Yoldan, İzdən, Qayadan və Qurddan xəbər alır. Xəbərləşmənin “Salur Qazan modeli” diaxronik arxetip kimi Kərəmin xəbərləşmələrində daim təkrarlanır. Maraqlıdır ki, Kərəmin xəbərləşmələri daha arxaik olub, magik-kommunikativ mediasiyanın bu tipi haqqında Salur Qazanın xəbərləşməsinə nisbətdə müqayisəolunmaz dərəcədə zəngin material verir. Halbuki, “Salur Qazan” həm qəhrəmanlıq eposu faktı, həm də erkən orta əsrlərə aid mətn kimi Kərəmin mənsub olduğu məhəbbət dastanı mətnindən daha qədimdir. Demək, arxaiklik mətnin qədimliyindən daha çox, mətnin struktur imkanlarına bağlı hadisədir.
2. Şamanın xəbərləşməsi:
Kərəmin xəbərləşməsi magik-kommunikativ mediasiyanın həm universal (bəşəri), həm də etnokosmik (oğuz-türk) tipi kimi şaman qamlamasıdır. Kərəm bir qam/şaman kimi qamlama-xəbərləşmə ritualı keçirib, Keşişin Əslini tilsimləyərək sözügedən ünsürlərə (Yol, İz, Qaya, Qurd) çevirib-çevirmədiyini yoxlayır. Bu elementlər dünyanın struktur ünsürləri, onu təşkil edən mənalı vahidlərdir. Onların hər birinin dünya modelində öz yeri və funksiyası var. Bu halda, xəbərləşmə-qamlamalar Kərəmin Xaos dünyasının strukturu haqqında sakral biliklərə malik olduğunu göstərir.
Dialoqun süjetüstü forması passiv (birtərəfli) xəbərləşmə şəklindədir: Kərəm soruşur, göstərilən ünsürlər cavab vermir. Lakin Kərəm bir şaman-qəhrəman kimi “iz” ala bilir. İz – birbaşa işarədir və maraqlıdır ki, Kərəm şeir-xəbərləşmədə “İz”ə də müraciət edir.
Dostları ilə paylaş: |