Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


AŞIQ SƏMƏDLƏ GÜLNİGAR XANIM



Yüklə 2,22 Mb.
səhifə75/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   71   72   73   74   75   76   77   78   ...   92
AŞIQ SƏMƏDLƏ GÜLNİGAR XANIM
Təbriz aşıqlarından birisi Fərzəli oğlu Səməd çarıxçı olub. Səməd toya getməyən vaxtları öz tükanında çarıxçılığa baxarmış. Ona görə adı Səməd çarıxçı olmuşdur. Bir gün İrəvandan xristiyan dinli Azərbaycan şairəsi Gülnigar xanım Təbrizə qonaq gəlmişdi. Gülnigar xanım aşıq sənətinə maraq­lı, özü də saz-söz bilən idi. Şəhərə çatan kimi qaravaşdarından birin çağırıb dedi:

– Çıx şəhərə axtar, gör, aşıqların yığıncağı haradadır?

Qaravaş çıxdı şəhərə, hər yanı axtarıb arayandan sonra Sahibil-əmr meydanında aşıqların qəhvəxanasın tapıb Gül­nigar xanıma verdi. Gülnigar xanım qəhvəxanaya gəlib qəh­vəxanaçıdan soruşdu:

– Qardaş, bu Təbriz şəhərində güclü saz-söz sənətkarı kimdi?

– Çarıqçı Aşıq Səməd.

– Ağzında deyirsən çarıqçı, çarıq tikən aşıqlıqdan nə bilər?

Bu söz qəhvəçiyə toxundu, ona görə şayirdin çağırıb yol­ladı Aşıq Səmədin dalısına. Şayird Səmədin tükanına baş vurub Səmədi tapamayıb qayıtdı qəhvəxanaya. Gülnigar xa­nım dedi:

– Olsun, ona bir namə yazıb gedirəm, verərsiz ona!

Gülnigar xanım qələm-kağız istəyib yazmağa başladı:

Şairsən, aşıqsan, bilmərəm nəsən?

İstəyirəm meydanıma gələsən,

Yana qaçıb məni salma əzaba!

İstəyirəm meydanıma gələsən.
Səndən böyüklərin salmışam bəndə,

Məhəbbət atəşi vardı sinəmdə.

Sənə aşıqlığı öyrədim mən də,

İstəyirəm meydanıma gələsən.


Şair axtarmaqda vardım intizar,

İstəyirəm aşıqlıq olsun bərqərar,

İrəvan şəhərim, adım Gülnigar

İstəyirəm meydanıma gələsən.

Naməni büküb verdi qəhvəçiyə, “sabah yenə gələcəm” – deyə oradan çıxdı. Yolda qızlardan biri dedi:

– Xanım, bəlkə o aşıq səndən güclü oldu, onda ney­ləyəsən?

Gülnigar dedi:

– Hələ mənim kimi bir şair anadan doğulmayıb.

Gülnigar qızlarla tutduqları evə getdi. Bu yandan da Aşıq Səməd, qəhvəxanaya gəldi ki, nahar yesin, qəhvəçi na­mə­ni verdi: “bunu bir erməni qızı verdi ki, verim sənə, sabah da gələcək cavabına” dedi. Səməd naməni açıb gördü Gül­ni­gar adlı bir qız bunu meydanına istəyib. Naməni büküb, na­harın yeyib çıxdı tükanına sarı. Yolda öz-özünə deyirdi: “Gö­rəsən, Allah, cavandı, yoxsa qoca? Cavan olsa, alaram, qoca olsa, necə?” Özün tükana yetirib əl qovzadı Allah dərgahına:

Üzümü tutmuşam Haqq dərgahına,

Özün imdad eylə, yaradan, mənə!

Sən yetirsən məzlumların ahına,

Özün imdad eylə, yaradan, mənə!
Aləmə sahibsən, ey pərvərdigar!

Sənin əlindədir küllü-ixtiyar.

Namərd meydanında məni etmə xar!

Özün imdad eylə, yaradan, mənə!


İnsan olan edər insana hörmət,

Təkcə sənsən deyim sahibi-qüdrət,

Yalvarır sənə indi Aşıq Səməd,

Özün imdad eylə, yaradan, mənə!

Tükanı bağlayıb gəldi evinə. Anası Fatma gördü Səməd yaman tutulub, dedi:

– Bala, sənə nə olub belə tutulubsan?

Səməd dedi:
Canım ana, düzün sənə söyləyim,

Bir qız məni meydanına çağırıb.

Gizli sözü sənə əyan eyləyim,

Bir qız məni meydanına çağırıb.

– Bala, o dediyin qız haralıdı, kimdi?

Çoxdandı gözü yolda çəkir intizar,

Mənə kömək etsin tək pərvərdigar.

Özü irəvanlı, adı Gülnigar,

Bir qız məni meydanına istəyib.
Səmədəm, əlimdə sazı çalaram,

Səs-sədamı məclislərə salaram,

Allahdan düz gələ onu alaram,

Bir qız məni meydanına çağırıb.

Ana oğlu özünə yar tapdığından sevinib, şamı gətirdi. Yedilər-içdilər, yatdılar.

Səhər tezdən Səməd yuxudan durub dəstəmazın alıb, namazın qılıb Allaha dua etdi:

─ “Ey böyük Allah, məni erməni qızının yanında sər­məndə eləmə!” Anasından xeyir-dua alıb, saz əlində evdən çıx­dı. Qəhvəxanaya çatıb gördü deyişməni eşidən düzülüb qəhvəxananın qabağına. Keçib oturdu. O yandan Gülnigar xanım özünə ziynət verib faytonla gəldi qəhvəxanaya, fay­tondan düşüb qaz kimi süzə-süzə yönəldi içəri. Qəhvəxana sahibi Səməd ilən Gülnigarı görən kimi bir könüldən min könülə aşiq oldu. Gülnigar Səməd ilə salam-əleykdən sonra qızlardan sazını istədi, qızlar sazı verib bir-birinə dedilər:

– Kaş bu oğlan xanımı bağlayıb ala! Xanım bundan gözəl oğlan daha haradan tapacaq.

Hər iki aşıq əldə saz durdular bir-birinin qabağında. Gülnigar xanım üz tutdu Səmədə:

– Aşıq, düş qabağa başla!

– Yox xanım, bizlərdə qaydadı, qabaxca qonağa mey­dan verərlər, sən düş qabağa sözünü soruş!

Gülnigar xanım sazı basıb bağrına dedi:

Mənə cavab söylə görüm!

Qorxmadın, meydana gəldin?!

Əlindən alaram sazın,

Qorxmadın, meydana gəldin?


Aşıq Səməd:

Min aşıq da sənintək,

Qorxmaram, meydana gəlləm.

Şairlikdə sən naşısan,

Qorxmaram, meydana gəlləm.
Gülnigar:

Çoxu özün şair bildi,

Vəli el əl çaldı, güldü.

Başında nə qalmaqaldı?

Qorxmadın, meydana gəldin?
Aşıq Səməd:

Aşıqlıqda hədəf gərək,

Qəvvaslarda sədəf gərək,

Mərd oğulda şərəf gərək,

Qorxmaram, meydana gəlləm.
Gülnigar:

Gülnigarı sayma naşı!

Mənəm ustadların başı,

Yaman artırmışam işi,

Qorxmadın, meydana gəldin?

Aşıq Səməd:

Səmədəm, allam sazını,

Day çəkən olmaz nazını.

Gəl uzatma çox sözünü!

Qorxmaram, meydana gəlləm.

Döv (növbə) çatdı ki, Səməd soruşsun. Səməd dedi:

– Xanım, deyişənin hansı bağlasa, saz alarlar. Bax, mənim ayrı şərtim var.

– Aşıq Səməd, şərtini de! Görək nədir?

– Mənim şərtim budu, əgər sən məni bağlasan, öldür­məyə haqqın var, yox mən bağlasam, gərək kəlmə şəhadət deyib müsəlman olasan!

Gülnigar qəbul eləyib ağsaqqalların əlilə şərtlər yazıldı. Səməd üz tutdu Gülnigar xanıma:

Canlar qurban olsun sənə!

Gözlərin qurbanı gözəl.

Könlümü viran etmisən,

Gözlərin qurbanı gözəl.
Gülnigar:

Çox baş atma, cavan aşıq!

Gəlgilən həryan söyləmə!

Səni salaram dolaşıq,

Gəlgilən həryan söyləmə!
Səməd:

Arzum var, yüz il qalasan,

Bülbültək gülə dalasan.

İstərəm mənim olasan,

Gözlərin qurbanı gözəl.
Gülnigar:

Çoxları səntək deyibdir,

Meydanda özün öyübdür,

Hərzə danışma, ayıbdır!

Gəlgilən həryan söyləmə!
Aşıq Səməd:

Eşqində sazı çalaram,

Düzüb dastana salaram,

Qismətim olsan, alaram,

Gözlərin qurbanı gözəl.
Gülnigar:

Hər bağbana bar olmaram,

Alma, heyva, nar olmaram,

Ölləm, sənə yar olmaram,

Gəlgilən həryan söyləmə!

Bu dönə meydanı verdilər Gülnigara. Gülnigar gördü Səməd əl çəkən deyil, öz-özünə dedi:

– Gəl bundan qıfılbənd soruş, cavab verənməsin.

Bir o baş-bu baş eləyib dedi:

Səndən xəbər alım, Səməd!

Əlif kimdi? Əyan eylə!

Tək nə deməkdir dünyada?

Sözlərində bəyan eylə!


Aşıq Səməd:

Gülnigar, cavab verim,

Əlif Allah söyləyirəm.

Tək Allahdır, yaradanım,

Dilimdə car eyləyirəm.

Gülnigar:

O kimdir, dəryada qaldı?

O kimdir, tufana qaldı?

Kim özün çöllərə saldı?

Adın söylə, əyan eylə!

Səməd:

Yunusdu, dəryada qaldı,



O Nuhdur, tufana qaldı,

Məcnun özün çölə saldı,

Sənə cavablar deyirəm.
Gülnigar:

Gülnigarı salma oda!

Kimdi, darda çatar dada?

Kim qaldı Turi-Sinada?

Sözlərində izhar eylə!
Səməd:

Aşıq Səməd yanmaz oda,

Xızır darda çatar dada,

Ol Musa Turi-Sinada,

Haqdan mətləb diləyirəm.

Yenə dönə çatdı Aşıq Səmədə, Aşıq Səməd sazını köksü üstə dəbərdib dedi:

Gəl sənə söyləyim ay gələn şair!

Yirmi yeddi nədi, dur ondan danış!

Yirmi səkkiz verər onlara cavab,

Əlində zülfiqar, mərdandan danış!


Səksən doqquz nədir, doqquza dayaq,

De kimdir, həmişə oyaqdı, oyaq?

İslamda qırx dövrdür, gərəkdir duyaq,

Mehdi sahibi-zaman divandan danış!


Səməd, bəllidir yaradan adı,

Onun əlindədir küllü hər zadı,

Kimlərin dünyada ağzı bal dadır?

Bütün ayəni gəz, Qurandan danış!

Sözlər qurtardı, Gülnigar ha çalışdı, bir söz tapıb deyən­mədi. Öz bağlanmağını qəbul eyləyib sazını verdi Sə­mə­də. Səməd sazı alıb Gülnigardan istədi söz verdiyi kimi kəlmeyi-şəhadətin deyib müsəlman olsun. Gülnigar da kəlme­yi-şəha­dətin deyib müsəlman oldu. Səməd Gülnigar xanımla evlənib Allah da onlara bir oğlan, bir qız verdi. Xoş günlər sürüb Təb­rizdə yaşadılar.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin