Sifətlərin çoxmənalılığı. Məlumdur ki, sözdə çoxmənalılığı yaradan əsas səbəblərdən biri əlamətin oxşarlığıdır və təbii olaraq, sifətlərdə bu proses daha güclüdür. Abidənin dilində belə sifətlərin çoxluğu bu prosesin qədimliyindən xəbər verir.
Rəng bildirən «qara» sifətinin çoxmənalılığı daha maraqlıdır. Bu sözdən törəyən yeni mənalar əslindən uzaqlaşmış olsa da, ilkin mənanı nisbətən özündə saxlayan müxtəlif sözlər əmələ gəlmişdir. Məsələn: qara (rəng mənasında): Qara düzən ev bozmaz (qara geyinən ev artmaz, sevinməz) (142). 2. Ölüm, zülüm mənasında: Qara xəbər yerdə qalmaz (148). Ər də düşər qərə bəxtə, övrət də düşər qərə bəxtə (45). 3. Kədər, qəm mənasında: Ər qararar, könli qararmaz (20). Bulutlu gündə könül qaradır (71).
Bundan başqa, aşağıdakı ifadələrdə işlənən qarasınca (ardınca), qaramaq (baxmaq) sözlərinin də əsasında, bizcə,qara sifəti durur: Güc gücə kötü qaradır (158). Çün yoldaşın simüz sevməz sən gir yüyür qarasına (140).
Qara sifətinin polisemik imkanları «Dədə Qorqud Kitabı»ndan başlayaraq bu günümüzə qədər ədəbi dilin bütün mərhələlərində izlənir və təfəkkürün təkamül nəticəsi kimi qiymətləndirilir.
Qara köklü sözləri təhlil edən H.Quliyev göstərir ki, «Kıpçaqqruputürkdillərindəbaxmaq, görmək mənalı fellərin əsasında qara feli durur. Qara kökü Azərbaycan dilindəki qaravul, qaravulçu sözlərində də izini qoruyur, Oğuz dillərindən türkmən və bir çox başqa türk dillərində (qazax, qaraçay, balkar, qaraqalpaq, qırğız, uyğur, tatar və s.) qara feli baxmaq, diqqət etmək mənasında ifadə olunur». Azərbaycan dilinin şivələrində də gözünü zilləmək mənasında qaralamax sözü işlədilir. Bu sözlərdəki qara (rəng) semantikası ya göz bəbəyi, ya da hədəflə bağlıdır. Bizcə ikinci daha inandırıcıdır. Çünki ardınca mənasında işlənən qarasına sözündə kölgənin tünd rəngdə olması bu fikri əsaslandırır. Hətta qədim abidələrimizdə «böyük», qüvvətli, əzəmətli mənasında işlənən «qara» sözünün də rənglə bağlılığını ehtimal etmək olar, çünki bu sifət (qara) əsasən böyük kölgələr yarada bilən, qaraya çalan əşyalarla daha çox işlənmiş və bəzi onomastik vahidlərdə izini qorumuşdur.Məsələn: Qarşu yatan qarlu qara tağlar qaruyubdur otu bitməz (KDQ, 49). Müasir dilimizdə izincə, arxasınca mənasında işlənən «qarabaqara» sözünün də eyni semantik kökdən törəndiyi qənaətindəyik.
Müasir ədəbi dilimizdə «qara» – sifəti rəng bildirmə funksiyasını saxlamış, qalan məna çalarları isə nisbətən arxaikləşmişdir.
Dostları ilə paylaş: |