2.-dakı, -dəki şəkilçisi dilçiliyimizdə sifət düzəldən şəkilçi kimi izah olunur. «Azərbaycan dilinin qrammatikası» (1-ci hissə, Morfologiya) kitabında bu şəkilçi –kı,-ki,-ku,-kü şəkilçisinin bir forması kimi izah edilir. Ə.M.Cavadov yazır: «Bu şəkilçinin -kı,-ki variantı yerlik halda işlənən sözlərin axırına qoşularaq, məkan bildirən sifətlər düzəldir. Həmin sifətlər müəyyən bir məkan daxilində yerləşən hadisənin, əşyanın yerini bildirərək, onu məkanca təyin edir; məs.: yanındakı (uşaq), qazandakı (ət), yoldakı (maşın), bağdakı (ağac), küçədəki (adam)».(1,63) Vaxtilə M.Hüseynzadə də eyni şəkildə fikir söyləmişdir. (2, 95) Bu vaxta qədərki bütün əlaqədar yazılarda belədir.
Qeyd etməliyik ki, bu şəkilçi bir neçə formada işlənir:
-başqa şəkilçiyə ehtiyac olmadan sözlərə -kı,-ki,-ku,-kü şəklində birləşir: dünənki, səhərki, axşamkı, çoxdankı və s.
-yerlik halın şəkilçisindən sonra işlənir: evdəki, kənddəki, Həsəndəki, Bakıdakı, klubdakı və s.
-mənsubiyyət və hal şəkilçilərindən sonra işlənir: başındakı (papaq), əlindəki (kitab), evinizdəki (samovar), qapınızdakı (öküz), həyətinizdəki (ağac), məktəbinizdəki (müəllim), yadınızdakı (hadisə) və s.
-kəmiyyət, mənsubiyyət və hal şəkilçilərindən sonra işlənir: dağlarınızdakı (qar), bulaqlarınızdakı (duruluq) meşələrinizdəki (ağaclar) , çəmənlərinizdəki (çiçəklər) və s.
Dediyimiz kimi, bu şəkilçi çoxişlənən sözdüzəldici – sifət düzəldən şəkilçi sayılır. Bu mənada məktəb dərsliklərinə də daxil edilmişdir.
Qeyd etməliyik ki, bu şəkilçi kəmiyyət, mənsubiyyət və hal şəkilçisi olmadan bir sıra sözlərə artırılaraq işləndikdə söz isim xüsusiyyətlərini itirir və düzəltmə sifətə çevrilir. Belə sözlərə kəmiyyət, mənsubiyyət, hal şəkilçiləri artırmaq olmur; məs.: axşamkı əhvalat birləşməsini axşamlarınızdakı əhvalat, dünənki məsələ birləşməsini dünənlərinizdəki məsələ şəklində işlətmirik.
Bu şəkilçi (-kı,-ki,-ku,-kü şəkilçisi) yerlik halla yanaşı, yiyəlik haldan sonra da işlənir. Yiyəlik halla işləndikdə mənsubiyyət mənasına malik olur: Sahib şəxsi bildirir, mənsub əşyanı isə qeyri-müəyyən şəkildə ifadə edir. Mənsub əşyanı yalnız mətnə əsasən bilmək olur; məs. Sənin kitabın buradadır. Deyəsən, mənimki də buradadır. Yerlik halda olan sözə artırıldıqda isə başqa vəzifə daşıyır. Bu şəkilçidən əvvəl kəmiyyət, mənsubiyyət və hal (yerlik hal) şəkilçilərinin işlənməsi göstərir ki, bu məqamda -kı,-ki şəkilçisi sifət düzəldən şəkilçi deyil, çünki sözdə ismə məxsus morfoloji xüsusiyyətlər, qrammatik əlamətlər tam saxlanmış olur. Sözdüzəldici şəkilçi sözdəyişdiricidən sonra gələ bilməz. Faktlar göstərir ki, bu halda həmin şəkilçi feli sifət, feli bağlama şəkilçiləri tipində bir şəkilçidir. Elə sözlər düzəldir ki, həmin sözlərdə ismin əsas qrammatik əlamətləri qalır və sözlər həm də sifət xüsusiyyəti qazanır. Odur ki bu şəkilçini isim xüsusiyyətlərini (kəmiyyət, mənsubiyyət, hal) saxladıqda sifət şəkilçisi yox, atributivlik yaradan ismi sifət şəkilçisi adlandırmaq olar. (Bax: 3, 106-107)
3. -sız və -lı dördvariantlı şəkilçilərindən birlikdə danışmaq lazım gəlir. Antonim məna ifadə edən bu şəkilçilər də sifət düzəldən şəkilçilər hesab olunur: «…-lı,-li,-lu,-lü şəkilçisi bir qrup isimlərin sonuna bitişərək, ismin mənasına uyğun mənanı ifadə edən sifət düzəldir; məsələn bacarıqlı (adam), aynalı (tüfəng), hazırlıqlı (tələbə)…» «-sız,-siz,-suz,-süz… şəkilçili sifətlər bir şeyin müəyyən bir əşyada yoxluğunu bildirir; məs.: dadsız (xörək), səssiz (ev), susuz (səhra), ruhsuz (oğlan), sözsüz (mahnı)».(1,62) M.Hüseynzadənin fikrincə, dördvariantlı -lı şəkilçisi «keyfiyyət, dad, yer mənsubiyyəti, kəmiyyət çoxluğu, xasiyyət, əlamət və s. bildirən sifətlər düzəldir». (2, 91-92)
-lı şəkilçisi əksərən artırıldığı sözdə sözün mənasına uyğun keyfiyyətin, maddənin olduğunu göstərdiyi halda, bəzən bir qədər fərqli məna ifadə edir. Məs.: duzlu xörək – duzu olan xörək yox, duzu çox olan xörək mənasındadır. M.Hüseynzadə bu barədə qeyd edir ki, belə sözlərdə, «şübhəsiz, bu fərq o qədər də kəskin hiss edilmir və bu müqayisə də bütün misallara aid deyildir». (2, 92)
M.Hüseynzadə bu fikrini çox sözündən düzələn çoxlu sözündən danışarkən də söyləmişdir: «…çox sözü də bəzən -lu şəkilçisini qəbul edərək çoxlu şəklində işlənə bilir. Bu söz sifət şəkilçisini qəbul etsə də, tərkib daxilində yenə də say məzmunu ifadə edir». (2, 92) «-sız,-siz,-suz,-süz şəkilçisi vasitəsi ilə –lı,-li,-lu,-lü şəkilçisinin yaratdığı mənaların əksini, yəni mənfi məna ifadə edən sifətlər düzəldir… Bu şəkilçilərlə* əmələ gələn düzəltmə sifətlər birincilərin əks mənasını ifadə edir; yəni bunlar, başlıca olaraq, yoxluq məzmunu bildirir». (2, 93) Eyni fikir başqa kitablarda da söylənmişdir.(1, 62)
Bizim fikrimizcə, bu şəkilçilər morfologiya kitablarında öz təyinatını düzgün tapmamışdır. Bu şəkilçilər «bir qrup sözə» deyil, bir nitq hissəsindən, bir kateqoriyadan - isimlərdən ibarət bütün sözlərə artırıla bilir. Məs.: divarlı-divarsız, evli-evsiz, qapılı-qapısız, pəncərəli-pəncərəsiz, rəngli- rəngsiz, döşəməli – döşəməsiz, tavanlı-tavansız, havalı – havasız, adamlı – adamsız, süpürgəli – süpürgəsiz, rəngli – rəngsiz, işıqlı – işıqsız, künclü – küncsüz və s. Bu hal, yəni bir nitq hissəsinə daxil olan bütün sözlərə artırılması qrammatik şəkilçilərin, sözdəyişdiricilik əlamətlərinin xüsusiyyətidir. Sözdüzəldici şəkilçilər nə qədər məhsuldar olsa da, hər sözə artırılıb yeni söz düzəldə bilməzlər. Belə olsa idi, bu şəkilçilərin hesabına dilimizin lüğət tərkibinin böyük hissəsini təşkil edən bütün isimlərdən ikiqat sifət düzəltmək olardı. Bu isə mümkün deyildir. Bu şəkilçilər isimləri təsdiq və ya inkar mənada işlətmək üçün yaranmış qrammatik əlamətlərdir. Vaxtilə şumer dilində fellərin inkar mənada işləndiyini bildirən şəkilçi ilə yanaşı, təsdiq bildirən şəkilçi də olub. Sonralar sıradan çıxıb. Lakin adlarda bu forma qalıb. Bu şəkilçilər tədqiqatçını ona görə yanlış yola salır ki, eyni zamanda güclü atributivliyə malik şəkilçilərdir. Atributivlik isə sifət olmaq demək deyil. Atributiv sözlər sifət keyfiyyətinə malik olan sözlərdir və bunlardan -lı şəkilçisi hətta substantivləşə də bilir və nəticədə substantiv və mənsubluq bildirən isimlər yarada bilir: kəndli, şəhərli, Kəngərli, Abbaslı və s. kimi. -sız şəkilçisi bu keyfiyyətə malik deyil. (3, 104-105)
Dostları ilə paylaş: |