KƏRİMOVA X.D.
DİLİMİZİN MAYASI – AZƏRBAYCAN FOLKLORU
Açar sözlər: dil, nitq, ailə, folklor
Ключевые слова: язык, речь, семья, фольклор
Key words: language, speech, family, folklore
Dil xalqın mənəvi siması, mövcudluğunun göstəricisi, tarixi keçmişi, parlaq gələcəyidir. Hər xalqın öz dili var və bu, onun ana dilidir.
Ana dilimiz olan Azərbaycan dili öz ahəngi, səs quruluşunun səlisliyi, ifadə imkanlarının zənginliyi baxımından bəxti gətirmiş dillərdəndir. Üstündən çox qara yellər əssə də, bu gün müstəqil Azərbaycan Respublikasının dövlət dili məhz Azərbaycan dilidir. Milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu dildə sərbəst danışmağı, düzgün yazmağı və oxumağı bacarmalıdır.
İnsanın yaşamı ailədən başlayır. Ailə özlüyündə kiçik dövlət modelidir və hər sağlam ailənin öz atributları var. Ailənin simasının göstəricilərindən biri də onun dilidir. Ailə daxilində ünsiyyət vasitəsi kimi hansı dildən istifadə edilməsi ailə üzvlərinin öz ixtiyarındadır. Həmin ailədə dünyaya gələn uşaq da valideynlərinin danışdığı dillə dünya ilə - ətraf aləmlə tanış olur, o dildə fikirlərini ifadə edir. Hər bir uşaq ailədə formalaşmış bir nitqlə cəmiyyətə daxil olur.
Ana dili adı altında tanıdığımız dil - nəslimizin, soy-kökümüzün əmanəti, öz adımızdan da əvvəl qulağımızın eşitdiyi, məxsus olduğumuz xalqın nəsildən-nəslə ötürərək yaşatdığı bir dildir. Lakin hər uşağın dünyaya gəldiyi ailənin ünsiyyət dili heç də həmişə ana dili olmur. Bəzən müxtəlif səbəblərdən ailə üzvləri əcnəbi dil vasitəsilə bir-biri ilə ünsiyyət qururlar və bu səbəbdən də həmin ailədə dünyaya gələn uşaq yad bir dildə dil açır. Bu cəhətdən insanlar iki qrupa bölünürlər:
1. Ana dilində dil açanlar
2. Ana dilini sonradan öyrənənlər
Dildən istifadə zamanı bu insanların nitqi bir-birindən xeyli fərqlənir. Birinci qrupa daxil olanların ruhunun mayasında xalqımızın minillikləri aşıb gələn dilimizin gözəllikləri, genetik ünsiyyət kodları kök salır. Nənələrimiz elə ilk gündən beşik başında bu dilin zənginliklərindən istifadə edərək arzularını, diləklərini söyləmiş, dualar etmiş, hər sözü nəslin yeni doğulmuş davamçısının ruhuna damla-damla hopdurmuşlar.
Uşaq əvvəlcə yaxınlarının səsini bir-birindən ayırmağı, sonra tədricən eşitdiyi sözlərin mənasını anlamağı, daha sonra hecaları, sözləri söyləməyi, nəhayət, cümlə qurmağı - danışmağı öyrənir. Nitqin formalaşması prosesi uşağın doğulandan eşitdiyı sözlər əsasında gedir. Bütün bu dilaçma prosesində ona gün ərzində dəfələrlə layla, nazlama, alqış, sanama, düzgü, nağıl və s. söylənir. Uşaqla ünsiyyət daha çox folklor üzərində qurulduğundan nitqinin mayasında da xalq yaradıcılığı nümunələri dayanır.
Həyatın ilkin çağlarında uşaqla ünsiyyət üçün şifahi xalq ədəbiyyatı nümunələrinin seçilməsi səbəbsiz deyil. Həmin mətnlərdə işlənən sözlərin əsasən az hecalı olması, əksər mətnlərdə alliterasiya və assonansın mövcudluğu, güclü qafiyə sisteminə malik olması, məcazi mənalı sözlərin, demək olar ki, olmaması, söylənən mətnlərin məzmununun uşağın maraq dairəsinə uyğun olması, ən əsası, canlı danışıq dilində ona təqdim olunması, diləyatımlılığı uşağın diqqətini özünə çəkir, onu əyləndirir. O, yeni sözlər öyrənir, nitqi, təfəkkürü, təxəyyülü inkişaf edir.
Uşaqla ünsiyyət üçün nağıllara, atalar sözlərinə, lətiflərə tez-tez müraciət edilməsi ilk gündən folklorla təmasa başlayan körpənin canlı xalq dilinə qırılmaz tellərlə bağlanmasına, doğma dilinin imkanları ilə yaxından tanış olmasına şərait yaradır. Süjetli folklor nümunələrini dinləyərkən söz obrazlar vasitəsi ilə uşağın şüuruna daxil olur. O, həmin sözlərlə danışmağı öyrənir. Öz milli-mənəvi dəyərlərini qoruyan ailədə böyüyən uşaq hansı dildə təhsil almağından asılı olmayaraq, bu dili sevəcək, yaşadacaq, onun bütün imkanlarından məharətlə istifadə edəcəkdir.
Uşaq nitqində istifadə edəcəyi sözləri ailədə öyrənir. Düzdür, bu mərhələdə uşaq bağçasının, internetin, televiziyanın (xüsusən cizgi filmlərinin) rolu nəzərə çarpacaq dərəcədədir.
Ailədə məişət üslubunda danışıldığından loru sözlərdən, dialektlərdən, ədəbi dildə arxaikləşmiş, lakin bəzi ailələrin leksikonunda hələ də yaşayan arxaizmlərdən (adətən məişət əşyalarının adlarında) istifadə olunur.
Azərbaycan folklorunun, xüsusən uşaq folklorunun güclü qafiyə sisteminə malik olması həmin mətnlərin əsas xüsusiyyətlərindəndir. Uşaq ona ünvanlanan mətnlərdə qafiyə sözlərdən birini bilirsə, ona yaxın səs tərkibində olan digər sözü asanlıqla xatırlayır. Bu cür yadasalma vasitəsilə uşaq ana dilini söz-söz öyrənir, yaddaşında yerini möhkəmlədir.
Tapmacalarda isə lazım olan sözü – cavabı yaddaşından axtarıb tapır. Yaddaşdakı bu axtarışlar da ana dilində olur, bu zaman dil və təfəkkürün inkişafı həmahəng gedir.
Tələffüz qabiliyyətini cilalamaqda yanıltmaclar ən uğurlu vasitələrdəndir. Eyni və bir-birinə yaxın səslərin daha çevik təkrarı tələffüz zamanı yaranan maneələri aradan qaldırmaq üçün əyləncəli məşqlərdir.
Uşaq folklorunun alliterasiya və assonansla zəngin olması həmin mətnlərdə özünəməxsus ahəng, səs gözəlliyi yaradır, uşaq və böyüklər həvəslə bu mətnləri söyləyir və dinləyirlər.
Ailədə uşaqla ünsiyyət zamanı nağıldan daha çox istifadə olunur. Maraqlıdır ki, uşaqlar onlara nağılın oxunmasını deyil, danışılmasını istəyirlər. Canlı danışığın daha təbii, səmimi olduğunu kiçik dinləyici də duyur. O, hələ mətni bütünlüklə yadda saxlamaq qabiliyyətinin formalaşmadığı dövrdə nağılın qafiyəli cümlələrini təkrar-təkrar söyləyir: biri varmış, biri yoxmuş; adam, badam iysi gəlir, yağlı badam iysi gəlir; az getdilər, uz getdilər, dərə-təpə düz getdilər və s.
Ana dilini sonradan öyrənənlərdə, yəni bu dildə dil açmayanlarda vəziyyət başqa cürdür. Əgər ailədə ana dilində danışılmırsa, uşaqda ətraf aləmi sözlə qavrayıb dərk etmə prosesi - nitq inkişafı əcnəbi (ilk dil açdığı) dildə gedəcək. Çünki o, nitq prosesi zamanı başqa dildə düşünür, fikirlərini tərcümə edərək danışır. Uşaq ana dilində danışmağı sonradan öyrəndiyindən nitqinin mayasında xalq danışıq dilinin şirinliyi görünməz olacaqdır.
Azərbaycan dilinin lüğət tərkibində yüzlərlə frazeoloji birləşmə, ideomatik ifadələr var ki, bu dili sonradan öyrənənlər xalq danışıq dilində tez-tez işlənən həmin obrazlı ifadələrin mənasını çox zaman başa düşmürlər. Burnumun ucu göynəyir, ağzına çullu dovşan sığmır, hay-hayı gedib, vay-vayı qalıb, əl tutmaq, bel bağlamaq və s. bu kimi ifadələri qavramaq onlara çətin olur, həmsöhbətini dinləyərkən və fikrini söyləyən zaman çaşqınlıq yaranır.
Azərbaycan dilini lüğətlərdən, kitablardan öyrənənlər canlı danışıq dilinin şirinliyini nə duya, nə də başqalarına çatdıra bilirlər, çox vaxt yazı dilinin qaydaları ilə danışırlar. Var əvəzinə vardır, eləmiyəcəm əvəzinə etməyəcəyəm, sənnən əvəzinə səndən söyləyirlər.
Məişət üslubu şifahi formada olduğundan orfoepik norma ilə tənzimlənir. Canlı nitq prosesində öyrənilməyən dil tələffüz qaydalarını özündə əks etdirə bilmir, danışıq zamanı quru və sönük olur.
Məlumdur ki, hər bir dilin özünəməxsus zənginliyi var. Azərbaycan dilində çoxmənalılıq, omonim, sinonim, məcazlar, ibarələr, eyhamlar və s. bunun göstəricisidir. Əgər bu dil körpəlikdən öyrənilməyibsə, danışıq zamanı lazım gələn ən uğurlu dil vahidini tapıb işlətmək çətin olur, təhriflərə yol verilir. Məsələn, çoxdan əvəzinə köhnədən; inanmıram əvəzinə aldadırsan; yüksək əvəzinə hündür işlədilir.
Hansı dildə danışmasından asılı olmayaraq, uşaq danışmağa başlayandan fikrini aydın, səlis ifadə etməyi bacarmalı, sözləri yerli-yerində işlətməyi öyrənməlidir. Fikrin ifadəsi üçün işlədilməsi mümkün olan bir neçə sözdən məhz ən münasibini seçib nitqə qoşmalı, danışmazdan əvvəl və danışarkən söz üzərində ciddi düşünməli, sözlərin təsadüfi işlədilməsinə qətiyyən yol verməməlidir. Təbii ki, uşaq bütün bunları – danışıq zamanı “olarları” və “olmazları” ailədə öyrənir.
Dildən istifadə zamanı nitq yaranır. Nitqdə işlədilməyən dilin yox olmaq ehtimalı çoxdur. Ana dilində gözəl danışmaq, onu kənar təsirlərdən qorumaq üçün ana dilində düşünmək lazımdır. Əsrlərdən bizə əmanət verilən dilimizi yaşatmaq üçün ana dilimizdə düşünək, ana dilimizdə danışaq.
Dostları ilə paylaş: |