Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə56/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   ...   52   53   54   55   56   57   58   59   ...   72
İ.M. TAHİROV
QLOBALLAŞMA VƏ DİL: AZƏRBAYCAN DİLİNİN

QORUNMAĞA EHTİYACI VARMI?
Açar sözlər: dil, qloballaşma, Azərbaycan dili, KİV

Key words: language, globalization, the Azerbaijani language, mass media

Ключевые слова: язык, глобализация, азербайджанский язык, СМИ
XX yüzilliyin sonu və XXI yüzilliyin qovşağında dünya “qloballaşma” adlanan prosesin təsirini üzərində hiss edir. Dünyanın elmi və digər ədəbiyyat nümunələrində, kütləvi informasiya vasitələrində “qloballaşma” termini müxtəlif cür izah olunur və bu izahlar o qədər rəngarəngdir ki, onlar bəzən bir-biri ilə daban-dabana ziddiyyət təşkil edir. Buna baxmayaraq, bir şey şübhəsizdir: qloballaşma çağdaş dünyanın iqtisadiyyatı, siyasəti, mədəniyyəti və kütləvi informasiya vasitələri üçün açıq-aşkar reallığa çevrilmişdir.

Qloballaşma şəraitində artıq bir neçə onillikdir ki, dünyada universal ünsiyyət vasitəsi olaraq ingilis dili çıxış edir. Bunu müasir dünyada sənədləşmədə, ədəbiyyatda, elmi forumlarda, müxtəlif formatlı siyasi və iqtisadi danışıqlar prosesində görmək olar. Və əlbəttə ki, müasir dünyanı hörümçək toru kimi sarmış İnternet özünün ilkin ingilisdilli leksikası ilə də buna əyani nümunədir. Dünya tarixi beynəlxalq ünsiyyət vasitəsi kimi bu və ya digər dilin liderliyindəki dəyişməni nümayiş etdirir. Yadımıza salaq, antik dövrdə yunan dili, sonra Avropada latın dili, Asiyada ərəb dili, XIX yüzillikdə fransız dili belə missiya yerinə yetirmişdi. XX yüzillikdə isə ingilis dili.

Heç şübhə yoxdur ki, yaşadığımız dünya gündən-günə daha çox qloballaşan bir məkana çevrilir və bu fenomenin hərəkətverici qüvvəsi internet, peyk tele­vi­zi­ya­sı, mobil telefon və saysız-hesabsız informasiya kommunikasiya vasitələrinin mey­dana çıxmasıdır. Qloballaşma elə bir prosesdir ki, onun sürətlə genişlənməsi min­lərlə dilin söykəndiyi təməlləri sarsıtmağa yönəlib. Çağdaş dövrdə müşahidə edi­lən tendensiya ondan ibarətdir ki, qloballaşma milli dillərin özünüqoruma ref­leks­lərini inkişaf etdirmək, qlobal şəbəkələr erasının, yeni iqtisadiyyat və İnter­ne­tin “linqva franka” statusunu qazanmış, siyasi, iqtisadi, mətbuat, reklam, radio, te­le­viziya, turizm, kommunikasiya sistemləri, təhlükəsizlik, elm və təhsil sahəsində do­minat mövqeyə sahib olan ingilis dilinin hərtərəfli təzyiqinə və “işğal”ına qarşı da­yanma strategiyalarını işləyib hazırlamaq problemini ortaya qoymuşdur. Bu prob­lem yalnız Azərbaycan kimi müstəqilliyini yeni qazanmış gənc dövlətləri de­yil, dünyada oturuşmuş iqtisadiyyata, dünya siyasətinə təsir gücünə sahib olan Çin, Almaniaya, Fransa, Rusiya və b. ölkələri də narahat edir.

Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin vəziyyəti cəmiyyəti narahat edən məsələlərdəndir. Cəmiyyətin dil məsələsi ilə bağlı narahatlığının əhatə dairəsini təxminən belə cızmaq olar: Azərbaycan dilində səlis danışanların sayının azalması, Azərbaycan dilini bilmə səviyyəsinin pisləşməsi, Azərbaycan ədəbi dilinin yad ünsürlərin hesabına kifayət qədər zibillənməsi, onların üzə çıxarılması və qarşısının alınması, mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması, elmi, bədii və publisistik əsərlərin tərcüməsinin sönük və yarıtmaz olması, reklam və afişalarda Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulması və bir sıra digər mənfi hallar.

Bütün bunlar xeyli vaxtdır ki, cəmiyyətdə müzakirə edilir: dilimizi qoru­ma­ğa ehtiyac varmı? Müzakirələrin çoxçaxəli və coşğun olmasını mətbuatdan, televi­zi­ya və radio kanallarından müşahidə etmək mümkündür. Müşahidələr göstərir ki, mü­za­kirənin aparılma istiqamətini genişləndirmək və onu həm ölkədaxili kontekst­də, həm də qloballaşma müstəvisində yanaşmaq lazımdır.

Qloballaşmanın iki aspekti barədə bəhs edilir. Bunlardan biri hadisələrin obyektiv, təbii gedişidir. İkincisi isə süni aspektdir ki, bu, siyasi, iqtisadi şərait və ideologiya vasitəsilə yeridilir. Hər bir millət özünün dilini, mədəniyyətini, tarixini qorumaq üçün qloballaşmanın süni şəkildə gedişinə təsir göstərməli, onun gedişini zəif­lətmək istiqamətində, bu nə qədər çətin olsa belə, addımlar atmalıdır. Cəmiy­yə­tin virtuallaşması, qloballaşmanın sürəti dilin inkişafına öz təsirini göstərdiyi ki­mi, dilin inkişafını və dəyişməsini də sürətləndirir. Bütün bunlar dillərin və dillə­r­a­­rası əlaqələrin inkişafında ümumi qanunauyğunluqların meydana çıxmasına sə­bəb olur. Dildəki dəyişmələr və inkişaf təkcə linqvistik yönümdən deyil, eyni za­man­da cəmiyyətdə və dünyada baş verən sosial, siyasi və iqtisadi meyillər yö­nü­mün­dən müzakirə edilməlidir.

Problemin dərk edilməsi üçün dilin tətbiqini tənzimləməyə imkan verən sa­hələrə bölmək vacibdir. Tənzimlənməyə imkan verən sahələri elmi tədqiqat iş­ləri, qanunvericilik fəaliyyəti, işgüzar yazışma, KİV-in dili kimi sahələrə olar. Tənzimlənmək imkanından kənarda qalan sahələrə dildən məişət səviyyəsində gündəlik istifadə, sosial şəbəkələri daxil etmək olar. Tənzimlənməsi mümkün olan sahələr üçün “Azərbaycan Respublikasında dövlət dili haqqında” 30 sentyabr 2002-ci il tarixli Azərbacan Respublikasının Qanunu mühüm əhəmiyyət kəsb edir.

Dövlətlərin təhsil siyasəti dillərin fəaliyyəti üçün taleyüklü nəticələrə səbəb ola bilər. Xarici dillərdə tam və ya qismən təhsil verilməsi, nə qədər mütərəqqi ad­dım olsa belə, milli dillərin elm və təhsildə rolunu qoruyub saxlamağa yönəlmiş ad­dım­lardan saymaq çətindir. Gündəlik danışıq, ədəbi və elmi dil arasında qar­şı­lıq­lı əlaqənin mövcudluğu məlum həqiqətdir. Əgər milli dil elmi sahədən geri çə­ki­lirsə, onun digər mövcudluq formaları da kasıblaşır, sıradan çıxır.

Azərbaycanda dil quruculuğu dövlətin strateji cəhətdən mühüm problemlə­rin­dəndir. Dil quruculuğunun həm ölkə daxilində, həm də ölkənin hüdudlarından kə­nar­da rəvan getməsi üçün vacib olan tərəfləri vardır.

Ölkə daxilində dil quruculuğu məsələləri daha ciddi xarakter daşımalıdır. Bu­ra ölkədə təlimin ilk pilləsindən, yəni məktəbəqədər səviyyədən ali məktəb sə­viy­yəsinə qədər dilin öyrədilməsini təmin edən ciddi iyerarxiya sisteminin ya­ra­dıl­ması daxil ola bilər. Bu zaman hər bir pillə üçün dilin saflığının saxlanılmasına yö­nəlmiş ciddi tələblər işlənib hazırlanmalıdır. Ölkə daxilində Azərbaycan dilini qo­rumağa ehtiyac varmı? Əgər varsa, onda sual doğur: Dili kimdən qoruyaq? Hə­min dildə danışanlardanmı? Belə çıxır ki, dilimizi özümüzdən qorumalıyıq. Mə­lum həqiqətdir ki, dil bizim özümüzü əks etdirir. Başqa sözlə, biz necə varıqsa, sə­viy­yəmiz necədirsə, dilimiz də onu göstərir. Əgər dildə bizi qane etməyən nəyinsə baş verməsi bizi narahat edirsə, onda dillə yox, özümüzlə bağlı baş verən pro­ses­lər­lə məşğul olmaq lazımdır. Ona görə də, dilimizi qorumağa yox, öz səviyyəmizi qal­dırmağa çalışmalıyıq. Sözün geniş mənasında savadsızlıqdan, biliksizlikdən qur­tulmalıyıq. Məhz savadsızlıq ümumi mədəni səviyyəni aşağı düşürür. Təsadüfi de­y­ildir ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun is­ti­fadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azər­bay­can Respublikası Preziden­ti­nin Sərəncamında mətbuat orqanlarında, radio və te­leviziya kanallarında ədəbi dil normalarının, reklamlar və afişalarda Azərbaycan di­linin leksik və qrammatik qaydalarının pozulması kimi halların “təkcə dil mə­də­niy­yətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə” çev­ril­mə­si olaraq səciyyələndirilmişdir.

Dil mədəniyyətinin KİV-də, xüsusilə televiziyada, qəzet mətbuatında aşağı düş­məsinin müxtəlif səbəbləri vardır. Bu səbəblər üzündən son vaxtlarda Azər­bay­can dilinin jarqon ifadə və əcnəbi alınmalarla zibillənməsi barədə danışılır. KİV-in, xüsusilə müstəqil qəzetlərin dilinin ümumi etik məsələləri (kobudluq, ba­ya­ğılıq, həbsxana-dustaq jarqonu və s.) barədə daim müzakirələr gedir.

Bəzi nümunələrə diqqət yetirək: Bakida 30 kriminal avtoritet həbs olundu, (http://www.azpolitika); “Zon”dakı “razborka”lar... (http://azadliq.info); Son həf­tə­lərdə də “Kurtlar vadisi”ni hərləyirdilər (http://azadliq.info), Tele ka­na­li­za­si­ya­lar virus mənbəyi kimi ((http://qubalilar.biz/mehman-memmedov-tele-kanalizasiyalar-virus-menbeyi-kimi-196y.html))



  1. Mən təkrarçılıq olmasın ... içindəki nifrətin mənbəyini az-çox başa dü­şü­rəm. Ancaq hər söz başı, işlətdiyi ...... ifadələr göstərir ki, bu adam xəstədir, man­yak­dır. Nifrətin, qəzəbin də bir həddi var. Beləsindən nəinki yazıçı, ziyalı, heç adam da olmaz. Bu yekəbaş, zırrama deyir ki:.... Tam səmimi deyirəm ki, hər cürə zır­rama, yekəbaş görmüşəm, ancaq zırramalığın, yekəbaşlığın bu "doza"sına ilk də­fədir ki, rast gəlirəm. Bu tin uşaqlarının danışıq tərzidir. Bu qədeş düşüncəsi, ca­­yıl təfəkkürü ilə Alı Əkbər Avropanın nəyinə lazımdır..? ((http://www.m5pressa.com/haber-6834-Bu-qdes-tfkkuru-il-li-kbr--Avropanin-nyin-lazimdir.html))

Belə halların meydana çıxması ilə bağlı aparılmış sosioloji sorğularda, müzakirələrdə ilk sırada göstərilən səbəblərdən biri budur ki, dəyişikliklər və təhsil sisteminin birindən digərinə keçid dövründə formalaşmış insanlar bu sahələrə axın etmişlər. Bu axın xeyli qeyri-peşəkarı mətbuat sahəsinə gətirmişdir. Qeyri-peşəkarlıq və dilin qayda-qanunlarına nabələdlik, eləcə də ümumi mədəni səviyyənin aşağı olması həmin qeyri-peşəkarların fəaliyyət göstərdiyi mətbuat orqanlarının dilində də əksini tapmışdır.

Dilin qayda və qanunlarından xəbərsizlik ona gətirib çıxarır ki, heç bir zəruri ehtiyac olmadan mətbuatda əcnəbi sözlərdən istifadə olunur. Bu zaman mətbuatın dilində Eurovision, Embawood, Star city, Michael, Human Rights Watch, Gabriel Garcia Marquez, Facebook, The New York Times, Volkswagen, Hyatt Regency kimi əcnəbi sözlər yalnız dırnaq içərisində yazılmaqla güya dil normalarına uyğunlaşdırılır. Bu, onu göstərir ki, belə qaydanı tətbiq edən mətbuat orqanlarında fəaliyyət göstərənlər xarici dillərdəki xüsusi adların Azərbaycan dilində verilməsindən ümumiyyətlə xəbərsizdirlər.

Vəziyyət elə bir həddə çatıb ki, alınma sözlərin dilimizin qayda-qanunlarına zidd olan bu cür yazılışlarda bəzən müasir türk dilində olduğu kimi xüsusi isim­lər­də hal şəkilçilərini ayırmaq üçün apostrof işarəsindən də isifadə edilir. Məsələn: Azad­lıq.org belə yazır: Ermənistan müxalifəti H.Clinton'dan narazı qaldı; Clinto­n­'un rəyi çox vacibdir (http://www.azadliq.org/ content/ article/24608743.html).

Mətbuat nümayəndələri bilməlidirlər ki, Azərbaycan dilinin dil norrmalarının dəyişməsində fəal proseslər məhz KİV-də baş verir. KİV-in dilinin həyat və fəaliyyətimizlə bağlı daima dəyişməkdə olan reallıqlara daha tez uyğunlaşması, insanların şüuruna və davranışlarına təsiri ilə xarakterizə olunur. Sosial şərait və mühitin dəyişməsi isə insanların özünün dəyişməsinə, nəticədə isə dilin dəyişməsinə səbəb olur.

Ölkə hüdudlarından kənarda Azərbaycan dilinin dünya məkanına daxil ol­ma­sı probleminin aspektləri nəzərə alınmalıdır. Bu zaman Azərbaycan dilinin bey­­nəlxalq ünsiyyət vasitəsinə çevrilməsinin nəzəri və praktiki yönləri işlənib ha­zır­lanmalıdır. Azərbaycan dilinin Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı, iq­ti­sa­diyyatı, siyasəti, bir sözlə, Azərbaycanla maraqlanan insanların ünsiyyət va­si­tə­si­nə çevrilməsi üçün onun xaricdə öyrənilməsini stimullaşdıran zəruri proq­ram­la­rın, vəsaitlərin, elektron dərslik və digər vasitələrin yayılmasına və təbliğinə geniş im­kan yaratmaq, Azərbaycan dilinin xarici dil kimi təbliği və öyrədilməsi üçün qrantlar təsis etmək, müsabiqələr, festivallar konfranslar və digər tədbirlər ke­çir­mək lazımdır. Bu sahədə dilin qorunmasına dövlət qayğısı lazımdır.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin