Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə53/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   ...   49   50   51   52   53   54   55   56   ...   72
S.A. SADIQOVA
MƏTBUATIN ƏDƏBİ DİLİN İNKİŞAFINDA ROLU
Açar sözlər: termin, beynəlxalq söz, beynəlmiləl termin, ümumişlək söz, kom­munikativ akt.

Ключевые слова: термин, интернациональное слово, ин­те­р­на­ци­о­наль­ный термин, общие слова, коммуникативный акт.

Key words: term, international word, international term, common word, communicative act.
Ədəbi dilin inkişafında, xüsusən də lüğət tərkibinin zənginləşməsində mət­bu­atın rolu olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, funksional üslublarla mü­qa­yisədə son dərəcə dinamik fəaliyyət göstərən publisistik dil öz inkşafı ilə ədə­bi dilin ayrıca üslubuna çevrilir. Bu baxımdan kütləvi informasiya va­si­tə­lər­in­dən olan mətbuat ədəbi dilin inkişafına, yazının cilalanmasına, yeni sözlərin ya­ran­ma­sına çox böyük təsir göstərir. Cünki, qəzet gündəlik zəruri hadisələri əks et­dir­diyindən burada sosial-siyasi həyatın bütün sahələri, ictimai-mədəni inkişaf, el­mi-texniki tərəqqi ilə bağlı mühüm yeniliklər öz əksini tapır. Yeni dövrün ha­di­sə­lə­­r­ini əks etdirən dil vahidləri kütləvi informasiya vasitələrinin köməyi ilə daha tez ümumxalq xarakteri alır. Məsələn, müstəqilliyimizin ilk illərində müsavat, azad­­lıq, iqtidar, müxalifət, demokratiya tipli sözlər mətbuat vasitəsilə ümumişlək söz­­lərə çevrildi. Deməli, mətbuat ədəbi dilin formalaşması və inkişafı uğrunda mü­­barizənin önündə gedir. Xalq dili xəzinəsinin zənginliyi milli-mədəni inkişaf mət­­buatda daha aydın öz əksini tapır. Eləcə də keçmiş ictimai quruluşla bağlı bir sı­­ra dil vahidləri işləklikdən qalması, (sovet, kommunist, pioner, manqa və s.) ye­ni ic­ti­mai quruluşla bağlı dil vahidlərinin ya­ran­ması birinci növbədə qəzetlərdə öz ək­­sini tapır. Ümumiyyətlə, kütləvi təbli­ğat va­sitələrindən olan mətbuat ədəbi di­lin üs­­lublarının differen­siallaşmasında, qram­matik normalaşmada, lüğət tər­ki­bi­nin zən­­ginləşməsində, alınmaların mənimsənil­mə­si prosesində mühüm rol oynayır.

Qəzetlərin sayının getdikcə artması mətbuat dilinin inkişafına böyük təkan vermiş oldu. İctimai həyatda baş verən dəyişikliklər, hadisələr jurnalistlərdən həm çe­vik­lik, həm də milliliyə söykənməyi tələb edir. Əlifbanın dəyişməsini, rus, Avro­pa, türk mənşəli sözlərin paralel işlənməsini nəzərə alsaq, bu illərin mətbua­tının dili ən ziddiyyətli dövr kimi qiymətləndirilməlidir. Bununla razılaşmamaq olmur. Belə ki, mətbuat dilində alınmaların çoxluğu, dialekt sözlərinin paralelliyi, imla texnikasındakı qüsurlar, üslublarda fərqli formalar özünü göstərir. 1988-ci ildən azadlıq uğrunda başlanmış mübarizə Azərbaycanda mətbuatın da xarakterini dəyişməyə başladı. Uzun illər sovet cəmiyyəti və onun ideologiyasına xidmət göstərən mediada artıq müstəqillik, demokratik prinsipləri əks etdirən yazılar dərc olun­mağa başlandı. Bu illər ərzində Azərbaycanda «Ədalət», «Olaylar», «İki sa­hil», «Şərq», «Səs», «Palitra», «Kredo», «Yeni zaman», «Üç nöqtə» ümu­miy­yət­lə, 700-ə yaxın qəzet, «Xatun», «Xəzər», «Kaspi», «İşıq», «Xəzər», «El», «Kə­lam» kimi jurnallar «Turan», «Frend», «APA» kimi informasiya agentlikləri, «ANS», «Xəzər», «Lider», «Spece», «ATV», «AzTV» kimi müstəqil televiziyalar fə­aliy­yətə başladı. Təbii ki, kütləvi informasiya vasitələrinin çoxluğu dilə təsir gös­tərməyə bilməzdi. Bu təsirlər birinci növbədə dilin lüğət tərkibində, xüsusilə onun terminologiyasında öz əksini tapır. Bununla yanaşı mətbuatda baş verən hər han­sı dəyişikliklər və inkişaf təbii ki, dil normalarına da təsir edir. Əslində in­ki­şa­fın özü ədəbi dilin qayda-qanunlarından yan keçmir. Milli mətbuatın banisi Həsən bəy Zərdabi yazırdı: «Dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyildi. Elə ki, qaranlıq otağın qapısı açıldı qeyri tayfalar elə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişdi, təzə sözlərin qədəri günü-gündən artacaqdır belə söz­lə­rin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb olur­lar» (1,148).

Bununla belə mətbuat dilində baş verən müstəqillik meyli ənənəvi qaydaları arxa plana keçirdi. Yeni nəşrə başlamış qəzetlər materialların təqdimatı zamanı mümkün qədər sadələşdirilmiş yeni dil-üslub elementləri tətbiq etməyə başladı. Bu isə yazılan materialların daha çox gündəlik həyat, məişət ilə bağlı olması idi. Bu zaman daha çox mətbuat dilini xeyli dərəcədə inkişaf etdirərək xalq dilinə yaxınlaşdıran, yeniləşmiş qəzet üslubunu formalaşdıran bu proses özlüyündə irəliyə doğru bir inkişafdır. Lakin bununla yanaşı forma və janr xüsusiyyətlərinə gəldikdə, bu gün əksər mətbuat orqanlarında, bir sıra janrlardan imtina edilməsi dilin inkişafına da təsir edir (feleyton, oçerk, elmi məqalələr). Eyni zamanda, mətbuat dilində özünü göstərən bir sıra proseslər mövcuddur: 1) Müasir mətbuatın dilində dialektlərdən istifadə; Ədəbi dilin lüğət tərkibinin ana dili hesabına zənginləşməsində dialekt və şivələrin mühüm cəhətlərindən biri xalq danışıq di­li­nə maksimum yaxınlaşmaqdır. XX əsrin əvvəllərində də mətbuatda özünü bü­ru­zə ve­rən bu yaxınlaşma hər şeydən əvvəl müəyyən dialekt və şivələrdə işlənən söz­lə­rin dilə axını və tədricən kütləviləşməsi ilə müşahidə olunur. Dialekt və şivələrdən mü­əyyən sözlərin publisistik üslub vasitəsilə ədəbi dilə keçməsi özlüyündə müs­bət hadisədir. Lakin bütün bu hallarda olduğu kimi, bu məqamlarda da ifrata var­maq düzgün deyil. Daha çox qarşılığı olmayan dialekt sözlərdən istifadə etmək la­zım­dır ki, bu da dilimizin bütün sferaları üzrə artan termin yaradıcılığında xalq di­li­nə əsaslanmağa şərait yaradır. Bu barədə M.Adilov yazır ki, qəzet dilində da­nı­şıq dili ünsürlərinin rolu bir başqadır, dialektizmlərin rolu bir başqa. Ümumi ədəbi di­limizdə olmayan geniş oxucu kütləsinə qaranlıq qalan dialekt sözlərinə və ya ədə­bi dil sözlərinin dialekt (məhəlli) variantlarına qə­zet­də yer vermək, zən­ni­miz­cə, ümumiyyətlə, lazım deyil…. Əlbəttə, qəzet dilin­də di­a­lektlərin hamısına bir öl­çü ilə yanaşmaq və qəzetdə hər hansı dialektizmin şö­lə­lənməsi əleyhinə çıxış et­mək düzgün deyil.

Bəzən isə dilçi alimlərimiz alınmaların funksiyasını azaltmaq üçün dialekt­lər­dən istifadəni yeganə çıxış yolu hesab edirlər.

Bildiyimiz kimi müəllif sözlərdən istifadə edərkən sərbəstdir. Lakin müəl-lif­lərin dilin qayda-qanunlarını, ədəbi dil normalarını unudaraq dialektlərdən mənası ol­mayan kor-koranə istifadə etməsi qüsur kimi qiymətləndirilməlidir.

Məsələn: Dərhal bir siyasi gənəşik məclisi düzəldir. (Azadlıq, dekabr 1997). Yal­taqlıq sözü ucuzlaşdırır, onu urvatsız edir. (Yeni müsavat, 15 oktyabr 1996) Ve­rilən misallarda işlədilən «urvat», «gənəşik» sözlərinin yalnız müəyyən dialekt­lər­də işlədilir, ona görə də onun mənası geniş oxucu kütləsinə məlum deyil. Belə söz­lərin mənasının elə cümlə daxilində aydınlaşdırılması. Dia­lekt sözlərinin çox vaxt işləklik qazanıb ədəbi dildə işlək edir.

Xüsusilə, termin yaradıcılığında dialektlərdən istifadə olunur və son dövrlərdə mətbuatda işlənən bir çox dialekt sözləri, müxtəlif sahələrdə termin kimi işlənir. Məsələn, «yelcəkər», «çiyə», «tutma», «nəfəslik», «yel», «selbasar» kimi dialekt sözlərinin müvafiq sahələrin terminologiyasında istifadə edilməsi məqsədəuyğundur. M.Cəfər bu barədə yazır: Dünyanın bütün söz ustaları məhz ləh­cə və dialektlərdən münasib sözlər alıb işlətməklə ədəbi-bədii dilin zəngin­ləş­mə­sinə kömək etmişlər. Belə bir axtarış seçmə, əvəzetmə, sözlərə yeni məna vermə Azərbaycan yazıçısı, alimi üçün xüsusilə vacibdir. Ona görə ki, məlum olduğu üzrə ötən əsrlərdə dilimizə daxil olan bir çox lüzumsuz, əcnəbi söz, ifadə tərkiblər dilimizin öz doğma sözlərini sıxışdırıb unutdurmuş üstü örtülmüş xəzinə halına salmışdır. Bu nöqteyi-nəzərdən Azərbaycan yazıçısının, aliminin lazım olduğu yerdə ləhcə, şivə, dialektlərə müraciət etməsi vacibdir” (2,36).

Bu gün bu fikirlər dövrlə səsləşir. T.Hacıyev yazır: “Bir yazıçı, bir şair bü­tün ömrü boyu üç-beş münasib söz hazırlaya bilsə, xalq dilinin boynuna böyük min­nət qoymuş olar – bu, əvəzsiz xidmətdir, dəyəri heç nə ilə ölçülməyən böyük iş­di” (3,14).

Dialekt sözlərinin də mətbuatda işlənməsini müəyyən mənada təbii hesab etmək olar. Bu sözlər işləndiyi mənada geniş şəkildə işlənsə də heç şübhəsiz ki, ədəbi dildə işlənə bilər. Lakin lazım olmayan dialekt sözlərini (mənası dərk edilməyən) mətbuata işlənməsi ədəbi dil normalarına təsir edir. Ona görə də dialektdən götürülmüş söz daha geniş ərazidə işlənən, anlaşılan söz olarsa, onun ədə­bi dilə daxil olması da aşağı olur. 2. Mətbuatda alınmalar daha çox işlənir. Alınma sözlərin mətbuatda işlənməsi haqqında müxtəlif fikirlər diqqəti cəlb edir. Bu fikirlərdə iki meyl- alınma sözlərin işlənməsinin vacibliyi və belə söz-terminlərdən imtina daha qabarıq şəkildə özünü göstərir. Onu da nəzərə almaq lazımdır ki, hazırkı elmi-texniki tərəqqi dövründə alınmalardan qaçmaq qeyri-mümkündür. Çünki ötən əsrin axırlarından ölkəmizdə baş verən ictimai-siyasi və mədəni proseslər mətbuat dilində alınma sözlərin mövqeyini daha da genişləndirmişdir. Aydınlıq qəzetində yazıldığı kimi «Nə deyirlər desinlər, varam aşkarlığa». Bu ömrü uzun olmuş, el-obaya qədəm qoyandan qulaqlarımızın pası açı­lıb – kim nə istəyir, danışır, kim nəyi neçə istəyir yazır. Hələ löyün-löyün söz­lər də düşüb ağızlara: konsolidasiya, alternftiv, konsensus nə bilim partokratiya, demblok, komblok… Çoxunu da adam qannamır ki, nə deməkdir» (15.04.1991).

Göründüyü kimi ictimai-siyasi hadisələrlə əlaqədar mətbuatda işlənən ter­min­lərin daha çox hissəsini alınma terminlər təşkil edir. 90-cı illərdən baş­layaraq mət­buatda işlənən alınmaları iki mənbəyə ayırmaq olar. 1) türk dilin­dən; 2) ingilis və Avropanın başqa dillərindən. Birinci mənbəyə meyl sürətlə başlamışdır. Bu dövr­də özək, nəşnə, ulus, yaşaq, suclu, orman, məmləkət, cümhuriyyət, qayğı, bil­gi­sayar, dönəm, ün, toplum, durum, önəmli, toplu türk sözlərinin bir çoxu geniş şə­kildə işlənməyə başlandı. Bu proseslə bağlı alınan bir çox sözlər işləklik qa­zan­ma­ğa başladı.

Onu da qeyd edək ki, türk dilindən alınan sözlərin dilimizdə variantlılığı möv­cuddur. Məsələn, gərəkli (lazımlı), öndər (lider), öncül (başcı, öndə gedən), önəm­li (əhəmiyyətli), özəl (xüsusi), öncə (əvvəlcə), yetərsay (kvorum), elçi (səfir), elçilik (səvrlik), dəstək (müdafiə), acıqlama (izah etmə, şərh etmə), anlaş­ma (müqavilə), amac (məqsəd), anayasa (konstitutsiya), basqı (təzyiq), baxım (nöq­eyi-nəzər), yasa (qanun), yasaq (veto, qadağa), sonuc (nəticə), «sorun» (prob­lem). Kütləvi informasiya vasitələrində işlənən bu dil vasitələrinin 90%-i demək olar ki, kütləvilik qazanmış və Azərbaycan dilinin lüğət tərkibinə daxil olmuşdur. Ona görə ki, işləklik qazanan bu terminlərin böyük əksəriyyəti ekvivalent variantından daha anlaşıqlıdır. Hər hansı ictimai-siyasi hadisələrin təbliğində belə ifadələrin rolu əvəzsizdir. Bu prosesdə diqqəti cəlb edən odur ki, mətbuat dilində ərəb və fars, o cümlədən rus və Avropa mənşəli terminlərlə türk mənşəli terminlər paralel şəkildə uzun müddət işləndikdən sonra işləklik qazanır. Yəni, türk dilindən alınan terminlər dilimizdə vaxtilə işlənmiş terminlərlə uzun müddət dublet (ikili) şəkildə işlənsə də işləklik qazanır, digər terminlər dilin passiv fonduna daxil olur.

İ.Mirtalıblı yazır: «Cəmiyyətdə gedən dəyişikliklər, sosial-iqtisadi vəziyyət, siyasi proseslər cəmiyyət üzvlərini ətrafda gedən prosesləri qavramağa məcbur edir. İctimai-siyasi terminlərlə kütləvi əlaqə də bu səbəbdən baş verir. Digər sahə terminlərindən fərqli olaraq ictimai-siyasi terminlər daha çox kütləviliyə meyllidir. Burada obyektiv və subyektiv amillər sosiolinqvistik amillərlə birgə çıxış edir (4,75)».

Məhz buna görə də mili mənşəli ictimai-siyasi terminlərin yaranmasında cə­miy­yətdə gedən prosesləri təhlil edən, kütləyə çatdıran informasiya vasitələrinin qə­zet, jurnal, televiziya və radionun rolu böyükdür. Bununla yanaşı belə ter­min­lə­rin kütləvilik qazanmasında obyektiv və subyektiv amillər də ona təsir edir. Çünki ye­ni anlayışların ifadəsində xüsusilə neologizmlərin meydana gəlməsi fərdi ya­ra­dı­cılıqla bağlıdır. Bu zaman yeni yaranan terminlərin cəmiyyətə, kütlələrə çıxış yo­lu informasiya vasitələridir. Burada yeni terminlərə münasibət həmin dil va­hid­lə­­rinin işləklik qazanması üçün başlıca amildir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin