KİMYADAN BƏZİ TERMİNLƏRİN TARİXİ HAQQINDA
(IV məqalə)
V.M. Abbasov, A.M. Tağıyeva, T.C. Soltanova
Bu məqalədə hidrogenləşmə, hidroksid, qlisin, qlükoza, qranit terminləri haqqında məlumatlar verilir.
Hidrogenləşmə. İngilis fiziki və kimyaçısı Henri Kavendiş ilk olaraq (1766-cı ildə) dəmir yonqazına turşu ilə təsir edərək aldığı qazı sistemli öyrənməyə başladı. Bu qaz qızdırıldıqda yandığından o, həmin qazı “metallardan hava ilə alışan” adlandırdı.
Amma, o dövrün kimyaçıları üçün ən maraqlısı yanar qaz yox, o idi ki, onun yanması nəticəsində rəngsiz, dad və iyə malik olmayan maddə, su əmələ gəlir. Alimlər xatırladılar ki, qədim insanlar dünyanın yaranması haqqında danışarkən onun dörd əsas “elementini” söyləmişdilər: od, hava, su və torpaq. XVIII əsrin ortalarında bu “elementlərə” baxışlar dəyişsə də Kavendiş ehtimal etdi ki, hava qızdırılarkən (alovun təsiri ilə) özü alov olur və suya çevrilir.
Fransız kimyaçısı Antuan Loran Lavuaze qeyd etdi ki, bu, alışan havanın heyrətləndirici xassəsidir və bir neçə il sonra bu çevrilməsi əks etdirən ad verdi. O, bunu hidrogen və ya latınca hidrogenium adlandırdı (yunanca “hidro”-su və “genes”-doğulan, doğulmuş). Beləliklə, qazın adı onun su yaratmaq qabiliyyətini əks etdirirdi.
Digərlərdən fərqli olaraq almanlar elmi terminlərin yaranmasında yunan və latın sözlərindən istifadə etməyə az meyilli idilər və yeni havanı almanca “vasserştof” –su substansiyası adlandırdılar.
Hazırda hidrogenin əhəmiyyəti ölçüyəgəlməz dərəcədə artmışdır.
Hidrogenin kimyəvi bəsit və ya mürəkkəb maddələrə birləşməsi hidrogenləşmə adlandırıldı. Piylərin və aşağı keyfiyyətli yanacaqların hidrogenləşməsi sənaye əhəmiyyətli proseslərdir.
Hidroksid. Bitkilərin külündə maddələr var ki, turşuların təsirini neytrallaşdırırlar. Turşular və bu maddələr kifayət qədər güclü olaraq əşyaların və ya cisimlərin səthini yeyərək təhlükəli olurlar. Amma, onları birgə götürdükdə neytral adlanan qarışıq əmələ gətirirlər (latınca “neutralis” –heç birinə aid olmayan).
Bitkilərin külündən alınan maddələrin təsirini onları qızdırmaqla artırmaq olar. Külün bir hissəsi qaza (başlıca olaraq karbon qazına) çevrilir və uçur. Qalıqda alınan natrium və ya kalium oksid su əlavə olunduqda yeyici qələvi olur: kaustik soda, natrium qələvisi və kalium qələvisi “Kaustik” sözü yunan sözü “kaustikos”-dan olub, yandırıcı, yeyici deməkdir.
Natrium və ya kalium qələvilərinə oxşar birləşmələrin elmi adı hidroksidlərdir: natrium hidroksid və kalium hidroksid “Hidroksid” sözü müasir mənşəlidir (baxmayaraq ki, latın dili əsasında yaranıb). Hidroksidlər bir və ya bir neçə hidroksid qruplarına malik qeyri-üzvi birləşmələrdirlər. Yada salaq ki, “hidroksid” sözü hidrogen və oksigen adlarının birləşməsi və sonra qısaldılması nəticəsində yaranıb: “hidrogenium” və “oksigenium” –hidroksid qrupu bir atom oksigendən və bir atom hidrogendən ibarətdir. O, adətən metallarla birləşmə şəklində mövcud olur. Qüvvətli hidroksidlər qələvilər adlanırlar.
Qədim təbiətşünaslar əlbəttə ki, kimyanı bilmirdilər. Onlar hidroksidləri külün ilkin xammalının əsası hesab edirdilər və odur ki, bu hissəni onlar “bazis” -əsas adlandırdılar. Başqa sözlə, alimlərin təsəvvürlərinə görə qalan hissə sanki, özül əmələ gətirirdi ki, onun üzərində birləşmələr binası tikilir.
Tezliklə turşuları neytrallaşdıran istənilən maddəni əsas adlandırmağa başladılar. Lakin, aydın oldu ki, bu xassələrə təkcə metalların hidroksidləri malik deyil. Məsələn, ammoniak qaz halındadır və qədim təbiətşünasların anlamında tamamilə əsaslara oxşamır, amma, turşuları neytrallaşdırır. Odur ki, adi əsasları uçucu olmayan – fiksassiya olunmuş (latınca “fiksus” -bərk, dağılmaz) və ya əlaqələnmiş əsaslar, ammoniak isə uçucu əsas adlandırıldı.
Beləliklə, hansı vəziyyətdə olmasından asılı olmayaraq turşunu neytrallaşdıran istənilən maddə əsas adlandırılır. Hidroksid hər şeydən əvvəl əsasların mümkün olan növlərindən biridir.
Müasir kimyada hidrogeni verə bilmək qabiliyyətinə malik olan turşulardan fərqli olaraq hidrogen ionlarını özünə birləşdirən maddələr əsaslara aid edilir.
Qlisin. Xəmirə yapışqanlıq verən maddə kleykovina (taxılın tərkibində olub xəmirə yumşaqlıq verən zülal) adlanır. Heyvanların vətərlərindən, dırnaqlarından və sümüklərindən kollagen alınır ki, o da həmçinin məhlullara yapışqanlıq verir. “Kollagen” sözü yunan sözləri “kolla” –yapışqan və “gen” -əmələgətirən sözlərindəndir. Kollagen zülal maddəsi olub birləşdirici toxumaların tərkibinə daxildir. Bu “kleyi” qədim insanlar ağacın budaqlarına yaxaraq quşları tuturdular.
Əgər kollagen uzun müddət qızdırılarsa, onda zülal molekulları parçalanır və jelatin (nazik və plastinka şəklində yapışqan maddə) əmələ gəlir (latın sözü “qelare” –donmaq): jelatin məhlulu soyudulduqda “donur və jeleyə çevrilir (bu söz də “qelare” sözündən yaranmışdır).
1820-ci ildə fransız kimyaçısı Anri Brakonno jelatini kimyəvi analiz etdi. O, belə bir sualı qarşıya qoydu: əgər sellüloza turşunun təsiri ilə şəkər əmələ gətirməklə daha bəsit molekullara parçalanırsa, eyni hadisə kollagendən alınan jelatinlə də baş verə bilərmi?
Aydın oldu ki, jelatin ona turşu ilə təsir etdikdə daha kiçik fraqmentlərə parçalanır. Fraqmentlərdən biri təmizləndikdən sonra şirin dada malik oldu və odur ki, Brakonno əmin idi ki, o, “jelatin şəkəri”ni kəşv etmişdir. Ancaq, 1838-ci ildə aydın oldu ki, bu “şəkər” şəkərlərdə olmayan azota malikdir. Maddəni “qlisin” adlandırdılar (yunan sözü “qlikis”-şirin deməkdir). Bəzən onu qlikohol da adlandırırlar ki, bu da hərfi mənada “şirin yapışqan” deməkdir. Onu aminosirkə turşusu da adlandırırlar.
Brakonno heç şübhə etmirdi ki, o, ən sadə aminturşunu ayıra bilmişdir. Aminturşuları əvvəllər də kəşf etmişdilər. Brakonno isə ilk dəfə olaraq göstərdi ki, qlisin proteinin tərkibinə daxildir.
Qlükoza. Kimya elmi yarandığı vaxtlarda heç bir cihaz mövcud deyildi və maddəni tanımaq üçün ən yaxşı vasitə dil idi. Turş birləşmələr sinifini məhz belə identifikasiya edirdilər. Eyni qayda ilə şirin maddələr də kəşv olunmuşdu. Yunanca şirin –“qlikis”dir, odur ki, şəkərlərdən biri olan qlükozanı adlandırmaq üçün bu sözdən istifadə olundu (“-oza” şəkilçisini kimyaçılar şəkərləri və onlara bənzər maddələri işarə etmək üçün istifadə edirdilər). Qlükoza və ya üzüm şəkəri əslində adi mətbəx şəkərindən şirin deyil.
Az miqdarda qlükoza enerji mənbəyi kimi qanda olur. Odur ki, o, həmçinin qan şəkəri də adlandırılır. 1857-ci ildə fransız fizioloq Klod Bernar qara ciyərdə nişastaya heyrətləndirici dərəcədə oxşar olan və lazım gəldikdə qlükoza əmələ gətirən birləşmə aşkar etdi. O, həmin maddəni qlikogen, yəni qlükoza əmələgətirən adlandırdı.
Şirin dada görə digər birləşmələr oxşar adlar aldılar. Belə ki, şəkərdən şirin olan, amma, kifayət qədər zəhərli üzvi mayelər qlikol adlanırlar (“-ol” şəkilçisi maddənin alkohollar –spirtlər sinfinə aid olduğunu göstərir). Qlikollar həlledici kimi, antifiriz kimi (xüsusən də etilenqlikol) istifadə olunurlar.
Bitki mənşəli yağların və piylərin tərkibində rast gəlinən bir qədər daha mürəkkəb maddə olduqca zərərsizdir (onu qənnadı sənayesində istifadə edirlər) və təbii ki, o da şirindir, qliserin və ya qliserol adlanır. Bu maddə üçatomlu spirtdir.
Qlükoza, qliserin və qlikollar kimyəvi qohumdurlar, çünki, onların hamısı öz tərkibində oksigen və hidrogen atomlarından ibarət olan qruplara malikdirlər. Belə qrup hidroksil qrupu adlanır.
Qranit. Qranit kontinentlərin yer qabığında daha çox yayılmış dağ süxurlarından biridir. Bu maqmatik süxur əsasən çöl şpatından, kvarsdan və slyudadan ibarətdir.
Dostları ilə paylaş: |