S.V. ŞƏRİFOVA
MONOLOJİ VƏ DİALOJİ NİTQDƏ MÜRƏKKƏB CÜMLƏLƏR
Açar sözlər: M.F.Axundzadə, nitq, mətni mürəkkəb cümlə
Ключевые слова: М.Ф.Ахундзаде, речь, контекстное сложное предложение
Key words: M.F.Axundzadeh, speech, the text of the compound sentence
Tabeli mürəkkəb cümlələrin komponentləri arasındakı asılılıq, tabesiz mürəkkəb cümlələrin komponentləri arasındakı məna əlaqəsi vahid sintaktik strukturun formalaşmasında əsas rol oynayır.
Bütöv bir kompleksə çevrilən mürəkkəb cümlələr yeri gələndə tam bir mətni təşkil edə bilir. M.F.Axundzadənin dram əsərlərinin dilində müşahidə olunan bəzi mətnlər bu baxımdan maraq doğurur. Personajın özünəməxsus danışıq tərzi ilə onun fərdi keyfiyyətlərini göstərməyə, xarakterini açmağa çalışan M.F.Axundzadə real şifahi nitqi – monoloji və dialoji nitqi yazıya gətirmişdir.
“Hekayəti - xırsi - quldurbasan” əsərindən bir parçaya nəzər salaq:
Bayram. Ağa, təqsirli mənəm, bir ərzimə qulaq asın!
Divanbəyi. Necə təqsirlisən? Nə danışırsan?
Bayram. Ağa, Tarverdini mən öyrədib quldurluğa göndərdim.
Divanbəyi. Niyə?
Bayram. Ondan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın.
Divanbəyi. Yoxsa sənin sevgilin budur? (Pərzada işarə edib).
Bayram. Bəli, budur, başına dönüm!
Tarverdi. Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir fəqir dinc adamam. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz deməsinlər quldurluğa getdim.
Divanbəyi. Axmaq, sənə axmaq deyəndə nə olacaq idi ki, özünü xataya saldın?
Tarverdi. A başına dönüm, onda mənə qız gəlmirdi. Bu qız ki, görürsən, mənim əmim qızı və mənim deyiklimdir. Mənə dedilər ki, əgər bir qoçaqlıq eləməsən, ad çıxarmasan, heç vaxt bu qız sənə arvad olmayacaq. Mən də yerdən oldum, quldurluğa getdim, qəzadan köpək oğlunun ayısına rast gəldim.
Semantik-sintaktik əlaqə baxımından Bayram→Divanbəyi dialoqunda tabeli mürəkkəb cümlənin komponentlərinin parçalandığını görmək mümkündür. Divanbəyinin dili ilə verilmiş sual cümlələri çıxarılarsa, Bayramın ifadə etdiyi cümlə belə alınar: “Ağa, təqsirli mənəm, Tarverdini mən öyrədib quldurluğa göndərdim, ondan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın”. Bu, qarışıq tipli mürəkkəb cümlədir. “Ağa, təqsirli mənəm” hissəsi baş cümlədir. Qalan hissə isə baş cümləyə intonasiya ilə bağlanan səbəb budaq cümləsidir. Budaq cümlənin tərkibində üç komponent birləşmişdir. 1-ci komponent – “Tarverdini mən öyrədib quldurluğa göndərdim” baş cümlədir. 2-ci (“istirdi”) və 3-cü (“mənim sevgilimi əlimdən alsın”) komponentlər isə birlikdə yenə səbəb budaq cümləsi yaradır (mənim sevgilimi əlimdən almaq istədiyi üçün). Bu səbəb budaq cümləsinin tərkibində isə inversiyaya uğramış tamamlıq budaq cümləsi (mənim sevgilimi istirdi əlimdən alsın − istəyirdi ki, mənim sevgilimi əlimdən alsın) işlənmişdir.
Deməli, bu dialoqda əsas fikir Bayrama məxsusdur. Divanbəyi isə yardımçı rolu oynayır.
Divanbəyi→Tarverdi dialoqunda isə fərqli bir mətnlə qarşılaşırıq. Divanbəyinin dilində işlənmiş “Axmaq, sənə qorxaq deyəndə nə olacaqdı ki, özünü xataya saldın?” cümləsində əvvəl nə sual əvəzliyi və köməkçi fellə işlənmiş baş, sonra isə baş cümləyə ki bağlayıcısı ilə bağlanmış nəticə budaq cümləsi işlənmişdir. Dialoqun qarşı tərəfini təşkil edən nitqdə isə (Tarverdinin nitqində) “A başına dönüm, onda mənə qız gəlmirdi” cümləsi işlənmişdir. Bu cümlənin yarımçıqlığı, bir komponentinin çatmadığı aşıq-aşkar hiss olunur: hansı halda? nə zaman? sualı ortaya çıxır. Bunun cavabı isə Divanbəyinin “sənə qorxaq deyəndə” ifadəsindədir.
Bayram→Divanbəyi dialoqunda əlaqələndirmə möhkəm olduğu halda, Divanbəyi→Tarverdi dialoqunda əlaqələndirmə zəifdir. Bunu müəllifin obrazyaratma üslubu ilə bağlamaq olar.
Mürəkkəb cümlə komponentlərinin müasir ədəbi dil baxımından yerdəyişməsi kimi anlaşılma halları da müşahidə olunur:
“Divanbəyi. Bayram, sən çox pis iş eləyibsən! Amma çünki mərdlikdə təqsirini iqraq elədin, mən sənin günahından keçirəm. Amma bundan sonra belə iş eləmə!”
Bu dördkomponentli cümlənin tərəfləri arasında (1-ci və 3-cü, 3-cü və 4-cü komponentləri arasında) qarşılaşdırma əlaqəsi var: Sən çox pis iş eləyibsən, amma mən sənin günahından keçirəm. Mən sənin günahından keçirəm, amma bundan sonra belə iş eləmə. 2-ci komponentin iki bağlayıcı ilə − həm tabesizlik (amma), həm də tabelilik (çünki) bağlayıcısı ilə başlaması da maraqlıdır. Burada Divanbəyinin özünəməxsus ifadə tərzi ilə “amma” deməsi; bir qədər fasilədən sonra müasir ədəbi dildəki indi ki bağlayıcısının müqabiində işlənən çünki sözünü işlətməsi nəzərdə tutulan fikri oxucu üçün daha aydın edir: “Çünki (indi ki) mərdliklə təqsirini iqrar elədin, mən sənin günahından keçirəm” deməklə Divanbəyi sanki Bayramın qarşısında şərt qoyur. Belə olduqda birinci tərəf şərt budaq cümləsi, ikinci isə baş cümlə kimi anlaşılır. Halbuki budaq cümlə baş cümləyə çünki bağlayıcısı ilə bağlanmışdır. Əgər bu cümlə müasir ədəbi dildəki səbəb bağlayıcısı çünki kimi anlaşılsa və səbəb budaq cümləsi hesab olunsa, gərək cümlə bu şəkildə işlənə: Mən sənin günahından keçirəm, çünki mərdliklə təqsirini iqrar elədin. Halbuki bu cümlənin tərəfləri arasında inversiya yoxdur.
Əslində şərt anlayışı yaransa da, cümlədə səbəb və nəticənin olması daha qabarıqdır. Birinci komponentdə səbəb (çünki mərdliklə təqsirini iqrar elədin), ikinci komponentdə isə nəticə (mən sənin günahından keçirəm) olduğu daha aydın görünür. Bunun nəticə budaq cümləsi hesab etmək olmaz, çünki asılı tərəfdə (birinci komponentdə) səbəb var. Müasir ədəbi dildə indi ki şərt bağlayıcısı kimi qəbul edilsə də, hər halda əgər, hərgah bağlayıcıları ilə tam sinonimlik yaratmır. Ona görə də yeri gələndə məna baxımından səbəb anlamı da verə bilir.
Azərbaycan dilinin şifahi xalq ədəbiyyatı nümunələrində də indi ki//çünki paraleli müşahidə olunur. “Koroğlu” dastanının müxtəlif variantlarında indi ki//çünki paraleli bu şəkildədir:
-
İndi oldıy dəgirmançi,
Hey çağır sən dən, Koroğlu (“Koroğlu”, Bakı, “Folklor İnstitutu”, 2009, səh. 47)
-
Çünki oldun dəyirmançı,
Çağır gəlsin dən, Koroğlu (“Koroğlu”, Bakı, “Gənclik”, 1982, səh. 125)
M.F.Axundzadənin əsərindən verilən nümunədə olduğu kimi, burada da indi ki//çünki bağlayıcıları sinonim variant kimi çıxış edərək birinci cümlədə səbəb, ikinci cümlədə isə nəticə anlayışını yaratmışdır. Asılı tərəf səbəb anlamında olduğu üçün bu cümlələr səbəb budaq cümləsi hesab olunur.
Bu müqayisəyə nəzər saldıqda M.F.Axundzadənin əsərindəki cümlənin “çünki təqsirini iqrar elədin” komponentinin səbəb budaq cümləsi, “mən sənin günahından keçirəm” komponentinin isə baş cümlə olduğu anlaşılır.
“Tarverdi. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz deməsinlər, qulluğa getdim” – cümləsində 1-ci və 2-ci komponentlər tərəfləri bir-birinə ki bağlayıcısı ilə bağlanmış tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir, baş cümlə əvvəl, budaq cümlə sonra işlənmişdir (mənə dedilər ki, qorxaqsan). 3-cü, 4-cü komponentlər isə səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir: “mən də qorxumdan ki mənə ürəksiz deməsinlər” komponenti səbəb budaq cümləsi, “qulluğa getdim” komponenti isə baş cümlədir. Tərəflər bir-birinə intonasiya ilə bağlanmışdır. Burada işlənən ki ədatı bağlayıcı vasitə olmasa da, cümlənin oxunuşunda və anlaşılmasında xüsusi rol oynayır.
M.F.Axundzadə personajların dili ilə müxtəlif xarakterli obrazlar yaratmışdır. Dil, cümlə quruluşu, fikrin ifadə tərzi oxucuya çox mətləbləri, mənəvi keyfiyyətləri aşılamış olur. Bu cəhətdən Pərzadın dili ilə verilmiş cümlələr daha dolğun və tamdır: “Divanbəyiyə ərz elə ki, mən heç vaxt Tarverdiyə getmənəm. Əgər məni ona verməli olsalar, şəksiz özümü öldürrəm!”
Bu cümlə quruluşu müasir Azərbaycan ədəbi dilində işlənən mürəkkəb cümlələrdən heç də fərqlənmir. Birinci cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanmış tamamlıq budaq cümləsi, ikinci cümlə əgər şərt bağlayıcısı və -sa şərt şəkilçisi ilə baş cümləyə bağlanmış şərt budaq cümləsidir.
Monoloji və dialoji nitqdəki cümlə modellərinin mətni sintaksisi semantik-sintaktik aspektdə daha düzgün anlaşılır. Bu cəhətdən mətni mürəkkəb cümlələrin tədqiqi vacib məsələdir.
Dostları ilə paylaş: |