A. RÜSTƏMOVA
MODERNLƏŞMƏ ŞƏRAİTİNDƏ KOMMUNİKASİYADA DİL AMİLİ
Açar sözlər: modernləşmə, kommunikasiya, mentalitet, novasiya, ənənə, sosiomədəni proseslər
Ключевые слова: модернизация, коммуникация, менталитет, новация, традиция, социокультурные процессы
Key words: modernization, communication, mentality, novation, tradition, sociocultural processes
Modernləşmə mürəkkəb xarakterə malik prosesdir və həyatın bütün sahələrini əhatə edir. Modernləşməyə xas olan sosiomədəni dinamklik cəmiyyəti modifikasiya edir, onu dəyişdirir. Sosiomədəni təcrübənin stereotipləşməsi ənənəvi mexanizmlər zəminindən kənarlaşır, getdikcə daha çox innovasion yaradıcı təcrübənin sayəsində formalaşır. Ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid, bütövlükdə, istər cəmiyyət, istərsə də ayrı-ayrı fərdlər üçün təzadlı xarakter daşıyır. Demək olar ki, həyat haqqında bütün təsəvvürlər, prioritetlər sistemi və s. dəyişir. Bununla yanaşı modernləşmənin cəmiyyətin, mədəniyyətin inkişafının ümumi potensialının artırılmasında mühüm rolu vardır.
Müxtəlif sosiomədəmi sahələrdə həyata keçən modernləşmə prosesləri eyni səviyyədə reallaşdırıla bilmir. Lakin uğurlu inkişafın əldə edilməsi üçün sosiomədəni dinamikanın ahəngdarlığının təmin edilməsi mühüm şərtlərdən biridir. Qeyd edilən inkişafdan geri qalan sahələr bu və ya digər şəkildə inteqrasiya proseslərinə mane olurlar. Bu baxımdam cəmiyyətin ümumi inkişafı naminə bütün sahələrin modernləşdirilməsinin həyata keçirilməsi məqsədyönlü nəticələrin əldə edilməsinə şərait yarada bilər. Müvafiq şəraitin formalaşmasında və inkişafında kommunikasiyanın rolu ölçüyəgəlməzdir. Bu gün sosial fenomen kimi kommunikasiya məsələlərinə maraq olduqca artmışdır. Kommunikasiya problemləri müxtəlif səviyyə və konsepsiyalarda tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. Bu istiqamətdə fəlsəfi, linqvistik, sosioloji, kibernetik, siyasi, psixoloji, kulturoloji və s. sahələri qeyd etmək olar. Mövcud şərait tamamilə qanunauyğundur. Belə ki, müasir dünyada sənaye cəmiyyətinin sürətlə informasion-kommunikativ cəmiyyətə keçidi prosesi həyatın bütün sahələrinə kommunikasiyanın sirayət etməsi ilə müşayiət olunur. Həmçinin sosial reallığın kommunikativ təbiətinin yenidən dəyərləndirilməsi zərurəti cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyan kommunikasiyanın yerinin və rolunun müəyyənləşdirilməsini aktuallaşdırır.
Dostları ilə paylaş: |