Kommunikasiya problemi haqqında bu gün müxtəlif elm sahələrinin tədqiqatçıları çox danışırlar və artıq “kommunikasiya” termini sosial-humanitar biliyin anlayışlar aparatına daxil olub. Aydındır ki, kommunikasiya prosesi cəmiyyətlə bərabər inkişaf edir və formalaşır. Çünki bu gün dünyada informasiyanın kəmiyyəti və keyfiyyəti durmadan dəyişir, yeni kommunikasiya vasitələri yaranır. Dəyişiklik bütün informasiya səviyyələrini əhatə edir. Artıq bu gün tədricən dünyəvi inforмasiya mübadiləsi sistemi formalaşır. Baş verənlərin təqdirəlayiq cəhətləri danılmazdır, lakin hadisənin total xarakteri sosial təhlükələrin də miqyasının artmasına, bu təhlükələrin cəmiyyətin bütün sahələrinə öz təsiрini göstərməsinə səbəb olur.
Modernləşmə prosesində sosial kommunikasiya problemi olduqca mühüm əhəmiyyət kəsb edir və demək olar ki, sosiomədəni gerçəkliyin bütün sahələrini əhatə edir. Bu kontekstdə modernləşmənin yaratdığı və bir-birini təkzib edən iki proses baş verir: bir tərəfdən sosial birliyə cəhd, digər tərəfdən isə mədəni özünəməxsusluğun qorunub saxlanması. Mövcud şəraitdə müasir dil siyasətinin əsas istiqamətlərindən biri linqvistik müxtəlifliklə bağlı problemlərin həlli yollarının aranması ilə yanaşı, fərqli identikliyə malik etnik qrupların siyasi iddialarına obyektiv münasibətin də nəzərdən qaçırılmamasıdır.
Müasir şəraitdə beynəlxalq münasibətlərdə yaranan açıqlıq istər-istəməz bütün sahələrə, o cümlədən, dil şəraitinə də, öz təsirini göstərir. Bunu daha çox xarici dillərin fəaliyyət dairəsi istiqamətində müşahidə etmək olar. Mövcud şəraitdə beynəlxalq ünsiyyət vasitəsi funksiyası daşıyan dillərə müxtəlif səviyyələrdə tələbat artmışdır. Nəticədə, alman, fransız dillərinin, xüsusilə, ingilis dilinin öyrənilməsinə geniş şərait yaranmışdır. Müşahidələr göstərir ki, müasir dövrdə ingilis dili xarici dildən daha çox ikinci aparıcı dilə çevrilir. Bu gün kommunikasiya şəraitində bu tendensiya getdikcə artır. Sözsüz ki, baş verənlərin müsbət cəhətləri ilə yanaşı mənfi tərəfləri də mövcuddur və bunlar diqqətdən kənarda qalmamalıdır. Bu, ilk növbədə milli dillərin müxtəlif çeşidli təsirlərdən qorunub saxlanması tələbatını önə çıxarır. İngilis dilinin dünyada sürətlə yayılması və iri korporasiyalarda ünsiyyət vasitəsinə çevrilməsi şəraiti insanda müəyyən mədəniyyətə aidlik hissini zəiflədir, dünyanın vətəndaşı olması hissini yaradır. Təbii ki, bunlar bir tərəfdən dünyanın qavrayışında bir sıra xüsusiyyətlərin unifikasıyasına və bəzi davranış nümunələrinin ümumiləşməsinə səbəb olsa da, digər tərəfdən mentallıqlarda mövcud olan üyğunsuzluqları üzə çıxarır, çünki fərd bu yeni şəraitdə psixoloji narahatlıq hiss edir. Buna səbəb isə ona xas olmayan davranış tərzləridir.
Məlumdur ki, insanın mənəviyyatı maddi ifadə tərzinə malik deyildir. Mənəviyyat daxili aləmlə, hər bir fərdin psixologiyası ilə bağlıdır və onun mahiyyətini müəyyənləşdirən amilləri əhatə edir. Ənənəvi fəlsəfi kateqoriyalar insanın mənəvi aləminin açılmasında mühüm mahiyyət daşıyırlar, lakin filosoflar insan fəaliyyətinin mənəvi-psixoloji məqamlarını təhlil edən zaman bunu yetərli hesab etmirlər. Ona görə də bu kontekstdə onlar mentalitet fenomeninə müraciət edirlər. Mentallıq nədir sualına bu gün adi insanlardan tutmuş, elm adamlarına qədər hamı cavab tapmağa çalışır. Lakin problemin təhlilinə dair aparılan araşdırmalarda fransız strukturalistlərinin xüsusi əməyi vardır. Burada M.Fukonu və K.Levi-Strosu, xüsusilə, qeyd etmək lazımdır. Ümumiyyətlə isə, metalitet anlayışı yarandığı zamandan bir sıra humanitar elmlərin mühüm tədqiqat istiqamətlərindən biri kimi qiymətləndirilə bilər və bu tendensiya bu gün də davam edir. Problem ətrafında fikirlərin hər zaman aktual olması təsadüfi deyil, çünki onun təhlili fonunda hər bir tarixi epoxanın mahiyyətini qismən müəyyənləşdirmək mümkün ola bilir. Bu kontekstdə keçmiş dövrlərdə baş verənləri aydınlaşdırmağa imkan yaranır, çünki hər bir cəmiyyət özünün inkişaf mərhələlərində özünəməxsusluğu ilə seçilib, məhz bu xüsusiyyətlərin təhlili bu gün baş verən hadisələrin mahiyyətinin anlaşılmasına çox böyük yardım göstərə bilir. Həmçinin problemlərə bu şəkildə yanaşma məsələyə sxematik münasibəti aradan qaldırır. Mentalitet kateqoriyası insanın təsəvvürlərinin və onun unikal mənəvi dünyasının psixi proseslər fonunda nəzərdən keçirilməsinə imkan yaradır. Bu, mentalitet anlayışının birbaşa mahiyyəti ilə bağlıdır. Belə ki, mentallıq fərdi və kollektiv mədəniyyətin özünəməxsusluğunu ifadə etməklə yanaşı, onun özü konkret sosial və mədəni şərtlərin təsiri nəticəsində formalaşır. Bir mühüm fakt da ondan ibarətdir ki, o sosiumun və tarixin inkişafına əhəmiyyətli təsir gücünə malikdir. Mentalitetə birmənalı münasibət olmasa da (bəziləri, ümumiyyətlə, bu fenomeni inkar edirlər) onun dərindən öyrənilməsinə çox böyük ehtiyac vardır. Bunu dünyada baş verən hadisələr zəruri edir və problemin Azərbaycan reallığında da nəzərə alınması, dərindən təhlil edilməsi vacib məsələlərdən biridir. Çünki demokratikləşmə inkişaf istiqamətini seçən ölkəmizdə siyasi, iqtisadi, hüquqi, pedaqoji və s. islahatların həyata keçirilməsi üçün cəmiyyətin mental xüsusiyyətlərinin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Əks təqdirdə, həyata keçirilən novasiyaların reallaşdırılmasında psixoloji durğunluq hökm sürə bilər. Başqa sözlə, milli şüurun, özşüurun və milli xarakterin transformasiyası problemlərinə dair elmi əsasların və müvafiq təhlillərin yetərli olmaması sosial islahatların uğurla həyata keçirilməsində özünü göstərə bilər.
Azərbaycanda sosiomədəni proseslər tarix boyu eyni sürətlə həyata keçməsə də, həmişə inkişafa doğru istiqamətlənib. Bu kontekstdə ölkə bütün dövrlərdə həm Şərqin, həm də Qərbin təsirlərinə açıq olub. Bununla belə bu təsirlər Azərbaycanı digər ölkələrlə eyniləşdirməyib. Əksinə, hər yeni dövrdə burada yaşayan xalqlar öz tarixi keçmişlərinə, mədəniyyətlərinə, davranış stereotiplərinə, adət-ənənələrinə söykənərək, irəliyə getməyə cəhd ediblər. Başqa sözlə, sosiomədəni sistem öz inkişafinda proseslərə həmişə açıq olub.
Qeyd etmək lazımdır ki, mentalitet daxili ziddiyətə malik fenomendir. Bu baxımdan cəmiyyətdə hər hansı bir islahatın aparılmasında novasiya və ənənə arasında mütənasiblik hər zaman nəzər-diqqətdə olmalıdır. İfrat konservativlik və ya yeniliyə hədsiz aludəçilik cəmiyyətdə xoşagəlməz situasiyalar yaradır. Təbii ki, qeyd edilən balansı yaratmaq asan iş deyil, lakin ümumi inkişafın təmin edilməsində, insanlar arasında qarşılıqlı anlaşmanın yardılmasında bu çox vacib amildir. Bu sırada qeyd etmək lazımdır ki, cəmiyyət polimental xarakterlidir. Şərti olaraq onun mürəkkəb strukturu belə müəyyənləşdirilir: kütləvi mentalitet, mədəni elita mentaliteti, hakim elita mentaliteti. Qeyd olunan qrupların ifadə etdikləri mentallığın hər birinin özünəməxsus xüsisiyyətləri mövcuddur. Mədəni elita kütləvi şüur dəyərlərini təhlil edərək, nəzərdən keçirərək yüksək mədəniyyəti inkişaf etdirir və bu dəyərləri yenidən xalqa qaytarır. Bununla da kütləvi mentaliteti zənginləşdirir. İntellektual elitanın əldə etdiyi yeni mahiyyətlər hakim elita tərəfindən gündəlik həyata tətbiq edilir və bununla da cəmiyytin inteqrasiyası təmin olunur, onda baş verə biləcək nizamsızlığın qarşısı alınır. Buradan belə bir qənaət yaranır ki, hakim elita daim həm xalqla, həm də mədəni elita ilə əlaqədə olmalıdır. Qeyd olunan münasibətlərdə cəmiyyətin inkişafını təmin edə biləcək müvafiq gərginlik balansının qorunub saxlanması bu prosesin çox mühüm məqamıdır və uğurlu inkişafın əldə edilməsinin zəruri cəhətlərindəndir. Başqa sözlə, sosial qruplar arasında mental müxtəlifliyin müvafiq ölçüdə olması məqsədə uyğundur. Sosiumda həmrəyliyin qorunub saxlanması üçün sosial qrupların mentallığı müəyyən ümumi xüsisiyyətləri özündə ehtiva etməlidir. Burada mental fərqliliyin və oxşarlığın səmərəli, optimal nisbəti nəzərdən qaçırılmamalıdır. Bu, bir tərəfdən qarşılıqlı əlaqə və ünsiyyət prosesində mədəni innovasiyaların həyata keçirilməsi üçün konstruktiv gərginliyin saxlanmasına hədəflənməlidir. Digər tərəfdən də mövcud durum qarşıdurmaya səbəb olmamalıdır. Bir fikir də xüsusilə qeyd olunmalıdır ki, hədsiz mental müxtəliflik yalnız ayrı-ayrı ölkələr üçün deyil, bütövlükdə, bəşəriyyət üçün də qorxuludur. Qloballaşma şərаиtndə dünyada cəmiyyətlər arasında artan qarşılıqlı münasibətlər fonunda mentallıqlar arasında mövcud fərqliliklərin əhəmiyyətinin qabardılması konfliktlərin kəskinləşməsinə səbəb olur. Ona görə də mövcud mentallıqlarda ayırıcılıq xüsusiyyətlərinin deyil, birləşdiricilik məqamlarının vurğulanması, məhz bu əsaslardan çıxış edilərək əlaqələrin formalaşmasının təmin edilməsi bu gün dünyada insanlar, xalqlar, dövlətlər və hətta kontinentlər arasında hökm sürən gərgin situasiyanı aradan götürə, hadisələri müvafiq məcraya yönəldə bilər.
Müasir dövrdə qloballaşma hər bir insanın həyatını əhatə etməyə başlayıb. Bu şərait müxtəlif dil və mədəniyyət daşıyıcıları ilə çox sıx əlaqələrin, ünsiyyətin yaradılması zərurətini aktuallaşdırıb. Dövrümüzün bu mühüm və qaçılmaz məqamının həyata keçirilməsində isə qarşıya mürəkkəb xarakterli maneələr çıxır. Bu maneələr reallaşdırılması nəzərdə tutulan fəaliyyətin mahiyyətindən doğur. Belə ki, millətlərarası kommunikasiyanın ən çətin cəhəti ondan ibarətdir ki, ünsiyyət prosesində hər kəs digərinin mədəniyyətini öz mədəniyyəti kontekstindən dəyərləndirməyə çalışır. Sözsüz ki, bu tərz şəraiti düzgün müəyyənləşdirməyə vəsilə ola bilməz. Nə qədər çətin olsa da, bu sırada düzgün yol digərinin dilinin, mədəniyyətinin, dünyagörüşünün əsasını təşkil edən elementlərin dərindən dərk edilməsidir. Çünki məhz bu təqdirdə insanda gündəlik həyatda hadisələrə müəyyən kommunikativ davranış və emosional reaksiyalar formalaşır. Görünür, məhz elə bu cəhətlər mentalitetin mahiyyətini əhatə edir.
Məlumdur ki, müasir dövrdə dünyanın dərk edilməsində iqtisadi proseslər güclü təsirə malikdir. Bir çox ölkələrdə bu gün iqtisadiyyat çox böyük sürətlə, yüksək nəticəyə istiqamətlənərək inkişaf edir və bu yeni şəraitdə insan, sanki, müəyyən bir mentallığa aid olduğunu unudur. Bu məqamda Martin Hadeggerin bir fikfi mövcuddur: “... texnika getdikcə daha çox insanı torpaqdan qoparır və bununla da onu kökündən ayırır. Bu yaxınlarda mən Yerin kosmosdan çəkilmiş foto şəkillərinə baxanda qorxdum. Bizə atom bombası lazım deyil, insanın kökünün kəsilməsi göz qabağındadır.” (1) Fikrin davamı olaraq alim bildirir: “Bəşəriyyət haqqında bizim təcrübələrimizə və tarixə əsaslanaraq deyə bilərəm ki, mühüm əhəmiyyətə malik və dəyərli nə varsa, insanın vətəninin olmasından və ənənələrə köklənməsindən yaranmışdır”. (2) Belə bir fikir mövcuddur ki, dil birliyi ümumi mentallığın formalaşmasında mühüm amildir. Lakin o da məlumdur ki, ingilislər və amerikanlar eyni dildə danışsalar da, müxtəlif mentallığa malikdirlər. Əksinə, eyni ərazidə yaşayan, lakin müxtəlif dillərdən istifadə edən xalqları birləşdirən tarixi tale və vahid dövlət ümumi mentallığın formalaşmasına və inkişaf etməsinə çox münbit zəmin yarada bilir. Buna bariz nümunə Azərbaycanda yaşayan 100-dən artıq millət, milli azlıq və azsaylı xalqdır. Bu xalqlar müxtəlif geneoloji mənşəyə malik, fərqli funksional və struktur inkişaf səviyyəsində olan 20-yə qədər dillərdən istifadə edirlər. Bununla belə, burada yaşayan xalqlar bu və ya digər cəhətdən müxtəlif xüsusiyyətlər daşısalar da, bütövlükdə, ümumi mentallığa malikdirlər. Sözsüz ki, burada xalqlar arasında ümumi mentallığın formalaşmasında digər amillərlə yanaşı (ümumi tarixi tale, adət, ənənələr, inanclar, davranış stereotipləri və s.) Azərbaycan dilinin müstəsna rolu vardır.
Dostları ilə paylaş: |