Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə21/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   ...   17   18   19   20   21   22   23   24   ...   72
M.A. TƏKLƏLİ (NURİYEVA)
ÇAĞDAŞ DÖVRDƏ AZƏRBAYCAN DİLİ
Açar sözlər: ana dili, alınma söz, türkcə, rus dili

Клчевые слова: родной язык, иноязычные слова, по-турецки, русский язык

Key words: mother tongue, adopted word, turkish, russian language
Dil milli varlığın simvolu, daha doğrusu göstəricisidir. Milyon illər ərzində in­sanın bütün başqa kəşfləri ilə müqayisə etdikdə dilin ən böyük, ən ecazkar bir kəşf olduğu qənaətinə gəlirsən. Dil insan fikrinin, insan mənəviyyatının, psixoloji alə­minin ehtiraslarının parlaq bir güzgüsüdür. Dil gözəllik xəzinəsidir. Son za­man­lar dilin təmizliyi, bu mənada alınma sözlərə fərqli münasibətlər fonunda bu mə­sələ tez-tez mübahisə və tədqiqat hədəfinə çevrilməkdədir. Cəsarətlə demək olar ki, belə araşdırmalar ictimai, milli, tarixi əhəmiyyət daşımaqla bərabər, siyasi prob­lemlərin həlli üçün də açar kimi bir vasitədir.

Azərbaycan ədəbi dilindəki alınma sözlərin xarakteri və lüzumsuz alınmaların ortaq türkcəmizə məxsus sözlərlə əvəzlənməsi vacibliyi. Alınma söz niyə alınır və onun dilə daxilolma zərurəti nədən doğur? Məlum olduğu üzrə söz alınmasının birinci səbəbi müəyyən anlayışları ifadə etmək üçün dildə lazımi sözün yoxluğundan doğur. Alınma sözlərin vasitəsilə isə dil zənginləşir, onun ifadəlilik imkanları daha genişlənir.

Cəmiyyətin inlkişafı ilə birlikdə dilin də zənginləşməsi və təkmilləşməsi fakt­ları da göz önündədir: fayl, printer, skaner, monitor, maus, kartriç (kompüterə aid); kikboks, skeytbol, boulinq (idmanla əlaqədar), biznes-sentr, şou-biznes, makler, market, barter, vauçer, diler, broker, eksçenc (iqtisadiyyat və maliyyə ilə bağlı), top-şou, mesaj, imic, fitnes-klub, xit, prezentasiya, nominasiya,monitor, şoumen, feysbuuk, brifinq, debat, sponsor, bankomat (insanın müxtəlif fəaliyyət sahələri ilə əlaqədar)...kimi sözlər dilimizdə günü-gündən çoxalmaqdadır.

Azərbaycan dilində alınma sözlərin miqyasını və xarakterini təyin etmək üçün dilin tarixi inkişafı yollarına nəzər salmaq lazım gəlir. Belə ki, Azərbaycanın Rusiya imperiyası idarəsinə keçməsilə XIX yüzilliyin ilk çağlarından başlayaraq rus, həmçinin Avropa sözlərinin Azərbaycan ədəbi dilinə intensiv axını başlayır; həm də bu sözlərin müxtəlif funksional üslub təzahürlərinə nüfuz etdiyini görürük. Bu təsir Sovetlər birliyi illərində daha güclü və davamlı xarakter alır. Hətta bu qarşısıalınmaz axının təsiri altında əvvəl dilimizdə işlənən sözlərimiz bu zorakı alınmalar önündə tab gətirmir, fəallığını tezliklə itirməklə aradan çıxır, daha doğrusu öz yerini yeni “alınmalara” verirdi: qışla -kazarma; dolça – qrafin; dol – vedrə; almas – brilliant; təqvim – kalendar; həyəcan trevoqa; dəftərçə blok­not; masa stol; ayaqqabıtufli; saray – plaza; soba – peç...sözləri ilə əvəz­l­ənməklə dildə sıxışdırılıb passivləşməyə üz qoydu. Faktlar göstərir ki, rus di­lin­dən və onun vasitəsi ilə Avropa dillərindən söz alınarkən bu prosesdə di­lim­iz­də­ki əski və əlverişli sözlərimizin mövcudluğu nəzərə alınmamışdır. Demək ki, di­limizin lüğət tərkibindəki alınmaların heç də hamısı qonşuluq münasibətləri sa­yə­sində, nə də deyildiyi kimi iqtisadi, siyasi, elmi, mədəni əlaqələr nəticəsində da­xil оlmamışdır. Aydın olur ki, dillərin qarşılıqlı əlaqəsi məsələsi birtərəfli an­la­şı­l­dı­ğından nəticədə xalqın milli sərvəti sayılacaq ana dili lüzumsuz və bu səbəbdən də doğmalaşa bilməyən yad ünsürlərlə dolmuşdur. Bu mənzərəni canlandırmaq üçün yuxarıda göstərdiyimiz nümunələrə bu sayaq əlavələr edə bilərik: şorba – sup; iflas-bankrot; alay – polk; yavər – adyutant; nüsxə - resept; çapar (və ya qa­sid) – kuryer; üstəgəl – plyus; çəkmə, ayaqqabı - tufli; mənzərə - peyzaj; əzvay – aloe; səfil – bomj; qovluq – papka və s.

Təbii ki, qeyd etdiklərimiz beynəlmiləl sözlərə aid deyildir; beynəlmiləl xa­rak­terdə dəyərləndirilən alınmaları dəyişməyə heç bir əməli və elmi ehtiyac yox­dur. Bunlar notarius, kolxoz, sovxoz, şlyapa, poliklinika, telefon, poema, ro­man, atom, dram, artist, balerina, metro...kimi sözləri əhatə edir. Lakin villa ye­rinə malikanə, saray, test yerinə yoxlama, sınaq, , eksklyüziv – xüsusi, bravo - əh­sən, afərin; innovasiya – yenilik, , bomj səfil və ya səfil – sərgərdan; mini mar­ket dükan; market maqazin; super market – bazar; anons duyuru; star ulduz; şou göstəri; unikal- möhtəşəm, mümtaz, üstün; qonorar – qələm haq­qı; komfort – rahat; problem qayğı, müşkül və ya məsələ, illət deyə bil­mə­rik­­mi? Daha doğrusu işlətməkdə olduğumuz həmin sözləri istifadə etmədə ardıcıl ola bilmərikmi?! O halda ki, problem anlayışında öz yerinə və məqamına görə bü­tün qeyd olunan məfhumlar öz ifadəsini tapa bilir. Həm də bunlar heç də bey­nəl­m­i­ləl terminlər deyil. Bu sözlərin göstərdiyimiz şəkildə ana dilindəki çox əlverişli qar­şılığı olduğu halda illərdən bəri işlədilən, hər kəsin bildiyi, işlətdiyi, alışdığı söz­lərimizi dildən sıxışdırıb çıxarmağa nə ad vermək olar? Qəzənfər Kazımovun ob­razlı qeyd etdiyi kimi, “nə üçün özgə qaşığı işlədirik?”.. Düşünmək lazımdır.

Həm də sözlərin hamısını birbaşa mənbə dildən almadığımıza və bu sözləri rus dili “körpüsündən” keçirdiyimizə görə beynəlmiləl sözləri belə dəyişilmiş hal­da götürməli olduq: repartyor, transpartyor, və yaxud beynəlmıləl fabrik olduğu hal­da lüzumsuz olaraq həm də zavod sözünün, helikopter yerinə vertolyot alın­ma­sı... Ölkənin ziyalıları dilimizin qayğısını çəkməklə daim belə hallara qarşı çıx­mış­lar. Xalq şairi Rəsul Pza Azərbaycan SSR-in o zamanlar Baş Soveti olan Ali So­vetinin ikinci sessiyasının iclasındakı çıxışında deyirdi: "Mən bilmirəm, "Kom­mu­nist" qəzeti hansı əsasa görə və hansı haqla maliyyə, vətəgə, təpə, məhsul, hə­vəs, fincan sözləri var ikən, finans, promısel, sopka, produkt, stimul, çaşka və bu ki­mi sözləri özbaşına bizim dilimizə soxur?

Düzdür, ana dilimizin əsas zənginləşmə mənbəyi dilin daxili imkanlarıdır; məhz bu yol ən məhsuldar, ən əlverişli yoldur. Dilin lüğət tərkibi yalnız bu mənbənin hesabına artıb güclənə bilir. Hətta bir vaxtlar ifrata varan ziyalılarımız olmuşlar ki, onların purist (dildəki bütün alınmalara qarşı uydurma sözləri qoyan ölkədəki purizm hərəkatı nəzərdə tutulur) fəaliyyətləri nəticəsində coğrafiya – yerbil, astronomiya – göybil, təyyarə - uçquç, samovar – qur-qur... deyə onlarla sözümüz, alışdığımız vasitələr dildən çıxa bilərdi. Vaxtilə maarifçi ziyalılarımız həmin ifrat hərəkata qarşı çıxa bilmişdilər. Məsələ burasındadır ki, Yusif Vəzir Çəmənzəminli belə düşünən bəzi “milli” ədiblərin obrazını canlandırmaqla öz düzgün mövqeyini nümayiş etdirmişdir. Yazıçının “Aprelin biri” hekayəsində Əsəd bəy surəti vacib sandığı bir çox məsələlər sırasında yeni dil problemi ilə də məşğul olmağa imkan tapır; “lisaniyyət marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdir; məsələn, xoruz əvəzinə qızıl pipik quş, musiqi əvəzinə zır-zır, münəccim əvəzinə ulduzabaxan və qeyriləri”

Məsələ ondadır ki, belə kiçik təcrübələr-sərbəstliklərin dilə acı nəticələr gə­ti­rə biləcəyini təsəvvür etmək elə də çətin deyildir. Həmçinin son zamanlar dili­mi­zin öz daxilində yaratdığımız durum, ortam, gündəm, çağdaş, başqan... söz­lə­ri­ni də eyni cür – söz yaradıcılığına ifrat aludəçilik sayaq qiymətləndirilməlidir. Bu­nun­la bərabər onu da etiraf edək ki, bu gün alışdığımız və məmnuniyyətlə iş­lət­d­­i­yi­miz veriliş, göndəriş, çağırış, anlayış, baxış, bildiriş, giriş, uduş, sonluq, sözlük və s. kimi sözlər də o təcrübədən yadigardır.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin