Dil mənəviyyatın açarıdır. Keçmiş SSRİ miqyasında yalnız rus dilinin ümum ünsiyyət vasitəsi olması hər şeydən əvvəl türk xalqları yaşayan respublikalar arasında da əsas vasitə olur; bununla da Azərbaycan türkcəsi türkmən, özbək, qazax, türkcələrindən uzaqlaşır, dillərin ayrılması, fərqləşməsi prosesi güclənirdi. Anlaşmaq üçün rus dili vardı; bu kifayət edirdi. Türkiyə türkcəsində də ifrat “yeniləşmə” meyli bu bağlılığın ortaq vasitələrini qırıb aparmaqla həmin dil ortaqlığını pozmaq işinə istəsə də, istəməsə də xidmət etməli olurdu.
Dilimizin qayğıların düzgün qiymətləndirməmək qayğısızlıq doğurur. Bunun kimi: Badamdar – Padamdart; Şıx – Şıxov; Kırım – Krım; Nasoslı – Nasosnı, moğol – monqol şəklinə düşməklə qeyd etdiyimiz diqqətsizliyi nümayiş etdirir. Təəssüf ki, diqqətsizlikdən doğan yanlışlıqlar hələ də davam edir. Əlbəttə, yaxşı deyil, ən azından dilimizin ənənəvi orfoepik və ya orfoqrafik normaları baxımından; məhz bu xeyirli ənənələr dilimizin ifadəlilik vasitəsinin qeyri-ciddi anormal vasitələrlə doldurulmasına qarşı dura bilir. Digər halda - alınma sözlərin dilimizə daxil olma prosesini sürətləndirir. Qərbin qarşısında diz çökmələri andırır nəticədə yaranan bu “bolluq”. Əlbəttə, əsrlərin qovşağında birbaşa yaxşı nədir, pis nədir? bölgüsü aparmırıq. Dildəki kəsirlər və çatışmamazlıqlar bizi qayğılandırır...
“Sovet quruluşunun dağılma prosesi bütün sinir ucları ilə fəaliyyətə başladıqda ilk növbədə güclü oyanma dil siyasətində özünü göstərdi. Ona görə ki, dil xalqın milli özünə məxsusluğudur, millətin millət olduğunu şərtləndirən, onun bütün mədəni keçmişini mühafizə edən ən mühüm vasitədir. Təbii ki, rus dili Azərbaycan dili üçün həm vasitəçi “körpü”, həm də mənbə dil rolunu oynamışdır. Gördüyümüz kimi bu zaman ifrata varıldığından əski və dəyərli ortaq türk sözlərimizin dildə mövcudluğu, işləkliyi, zəruriliyi nəzərə alınmamışdı. Külli miqdar “yad”, həm də lüzumsuz alınmaların dilə doluşmasına böyük meydan verilmişdir. Misal göstərdiyimiz qəbildən olan daha yüzlərlə sözün ana dilində tam qarşılığı olduğuna görə bu yeni alınma sözlər bir müddət özünün sinonimləri ilə işlənmiş, get-gedə isə bu zaman gözlənilən çox təbii bir surətdə öz sinonim qarşılığını sıxışdırıb dildən tamamilə çıxarmağa başlamışdır.
İndi bu hal özünü şifahi nitqdə göstərməkdədir: gödəkçə yerinə kurtka; çilçıraq – lüstr; alışqan – zajiqalka; şorba – sup, qəza – avariya; bayağı – banal; qutu – korobka; möhlət – srok; sınaq – prob; nahar – obed, xardal – qarçişnik; döşəmə – pol; tıxac – probka; mənzərə – vid; idman – sport; parç – krujka; qələm – ruçka; qovluq – papka; lövhə– tablo; siyasət – politika; sancaq – broş(ka); ata – papa; fincan – çaşka; sağanaq – oprava; düzəliş – pravka; ambar – depo; dairə – kruq; Hindistan – İndiya; rəfiqə, bacılıq – podruqa; məst, çəkələk – domaşnik... sonuncu misalla bağlı yerindəcə qeyd etməliyik ki, ədəbi dilimizdə və bu dilin canlı qolunda məst, çəkələk, başmaq və s. kimi nümunələr olduğu halda şifahi nitqdə bunların demək olar ki, heç biri işlənmir.
Bəzi hallarda dildə uzun tarixdən bəri işlənməkdə olan sözlə nisbətən yeni alınmalar sinonimləşərək müvazi olaraq içlənməkdə davam edir: islahat – reforma; maliyyə – finans; memarlıq – arxitektura; köpək balığı – akula; örnək – etalon; duyum – intuisiya; qərargah – ştab; masa – stol; nəqliyyat – transport; yedək – buksir; layihə – proyekt; təqdimat – prezentasiya; dəb – moda; kürsü – stul; tərcümeyi-hal – avtobioqrafiya; kirəkeş və ya kirayənişin – kvartirant; nitq – reseptor; cəfəngiyyat – absurd; lövhə – tablo; təhlil – analiz; afərin və ya əhsən – bravo və s. ikincilər fəallaşmadadır.
Dilimizdə olan qarşılıqları hazırda çoxdan unudulmuş həmayil, nişan, cümhuriyyət, nüsxə, risalə, istiarə, canlıq, cövşən “döş və kürəyi örtən zirehli geyim”(qədim slavyanlara da keçən bu geyim onlarda “yuşman” adlanırdı), təşbeh kimi tarixi sözlərimiz akselbant, orden, respublika, resept, traktat, metafora, bronojilet, epitet sözlərilə əvəz edilmiş, halbuki birinci nümunələr ikinciləri tam mənası ilə əvəz edə bilər. Beləliklə, dilin özündə əlverişli qarşılığı ola-ola vəziyyəti mürəkkəbləşdiririk. Qeyd olunmalıdır ki, Respublikamızın öz müstəqilliyinə qovuşmasından sonra dilin lüğət tərkibində ciddi irəliləyişlər əldə olundu; dildəki rus və Avropa mənşəli sözlər qarşısında bir vaxtlar nüfuzunu və fəallığını itirmiş sözlərimiz hazırda təkrar öz işləkliyini bərpa etməkdədir: tabur (əvvəl batalyon), çavuş (serjant), taqım (vzvod), fərari (dezertir), yemək çeşidi (menyü), torba (kulok), ayaqqabı (tufli); ənnik (rumyana)... Bu proses gündən-günə güclənib artmaqdadır.
...Dil bu gün hər kəs üçün, hamımızdan ötrü milli müstəqilliyimizin başlıca şərtidir; o, malik olduğumuz mədəni keçmişimizin mühafizəçisi, gələcək mədəni yüksəlişinsə müdafiəçisidir.
Dostları ilə paylaş: |