Ədəbiyyat
1. S.Xəlilova . İnternasional terminlər.Maarif.-1991 s.8
2. Н.А.Шанский. Лексикология современного русского языка. М.1978, с.97-98
3. Б.А.Ларин. О лингивистической характеристике города. История советского языкознания. Хрестоматия . М.1988., с.128
4. E.Üşenmez. Karahanlı eserlerindeki söz varlığı hakkında., Akademik İncelemeler Cilt:3 Sayı:1 Yıl:2008, s.247-253.
Q.Ş. KAZIMOV
BİR NEÇƏ ŞƏKİLÇİNİN İŞLƏNMƏSİ HAQQINDA
Açar sözlər: Şəkilçi, –ыш, –дакы, –lı. –сыз
Ключевые слова: Cуффикс, –ыш. –дакы. –лы. –сыз.
Kay words: Suffiks, –ыш. –дакы. –лы. –сыз.
Dilimizdə bir neçə şəkilçi var ki, onlardan ya morfologiya kitablarında bəhs edilmir, yaxud da onlar başqa cür izah edilir. Bura -ış, dakı, -lı və -sız şəkilçiləri daxildir.
1.-ış şəkilçisi dördvariantlı bir morfemdir. Dilimizin morfoloji quruluşundan bəhs olunan əsərlərdə bu şəkilçi həm feldən isim düzəldən şəkilçi, həm də felin qayıdış və birgəlik mənalarını ifadə edən şəkilçi kimi izah olunur. Məsələn: Bu iniltili çağırışa cavab verən olmadı.(M.Hüseyn) Öz atanla, ananla qucaqlaşıb görüşdün (S.Rüstəm) – cümlələrində -ış,-ş şəkilçisi fel kökünə və əsasına artırılmışdır:
Çağır(maq) – çağırış
Gör(mək) – görüş(mək)
Qucaqla(maq) – qucaqlaş(maq)
Bu sözlərdən birincisi isimdir, feldən düzəlmişdir, felin təsirlik, növ, inkarlıq xüsusiyyətlərini tamamilə itirmiş və düzəltmə ismə çevrilmişdir. İkinci misalda da -ış şəkilçisi felin kökünə artırılmışdır. Üçüncü misalda isə fel əsasına birləşmişdir. Bu sonuncu sözlər felin əsas əlamətləri olan təsirlik, növ və inkarlıq xüsusiyyətlərini saxlamışdır:
görüşmək – görüşdürmək – görüşdürülmək – görüşdürməmək; qucaqlaşmaq – qucaqlaşdırmaq – qucaqlaşdırılmaq – qucaqlaşdırılmamaq (görüş sözünün isim forması da var, onu fel forması ilə qarışdırmamalı).
Beləliklə, bu şəkilçi (-ış şəkilçisi) fellərə artırılaraq ya isim, ya da feldən başqa bir növü bildirən fel düzəldir.
Lakin dilimizdə -ış şəkilçisinin başqa bir funksiyası da var və həmin funkisiya ilə bu şəkilçi vasitəsilə çoxlu xüsusi isimlər düzəlir. Şəkilçinin bu funksiyası barədə morfologiya kitablarında danışılmır. Bu vəzifədə -ış şəkilçisini əvvəlki iki şəkilçidən fərqləndirən cəhət budur ki, bu şəkilçi isimlərdən isim düzəldir. Faktlar göstərir ki, xüsusi isimlərdən xüsusi isim düzəldən bu şəkilçi başdan-binadan kiçiltmə, əzizləmə çaları yaratmaq üçün yaranmışdır. Lakin bunun – bu şəkilçinin əsasında çoxlu şəxs adları yaranmış, həmin adlar geniş işləklik qazanmış və öz kiçiltmə çalarını, demək olar ki, itirmişdir. Məsələn: İbrahim – İbiş, Südabə – Suduş, Gülsəba – Gülüş, Əliverdi (Əliməmməd) – Əliş, Nurullah – Nuruş, Fərman – Fəriş, Fətulla – Fətiş, Sərxan – Səriş, Allahverdi – Alış, Göyalı – Göyüş, Baba – Babaş, Nənə – Nənəş, Fərəh – Fəriş, Dilarə - Diliş və s. İlkin müşahidələr göstərir ki, -ış şəkilçisi sözün (xüsusi adın) ilk qapalı hecasına artırılır və –ış,-iş,-uş,-üş variantları ilə yanaşı, -aş,-əş şəklinə də düşə bilir: Bab-aş, Nən-əş. Xüsusi adların bu cür yaranma tərzini bilmədən Nuruş, Alış, İbiş, Səriş və s. kimi sözlərin etimoloji cəhətini araşdırmaq mümkün deyil. Bir cəhəti də nəzərə almaq lazımdır ki, bu cür adlar ilk hecası eyni olan müxtəlif xüsusi addlardan da yarana bilər. Məsələn, Əliş xüsusi ismi Əliverdi sözündən də, Əliməmməd sözündən də, Əlisahib sözündən də yarana bilərdi. Bunun üçün birinci – qapalı hecanın uyğunluğu kifayətdir.
Dostları ilə paylaş: |