Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə47/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   ...   43   44   45   46   47   48   49   50   ...   72
Z.M. KƏRİMOVA
NİTQ ETİKETLƏRİNİN ƏSAS ELEMENTLƏRİ
Açar sözlər: nitq etiketi, müraciət formaları, praqmalinqvistika, psi­xo­linq­vis­tika.

Ключевые слова: речевой этикет, формы обращения, праг­ма­линг­вис­ти­ка, пси­хо­­лингвистика.

Key words: speech etiquette, forms of address, pragmalinguistics, psycholinguistics
Müasir dilçilikdə nitq etiketlərinin araşdırılmasına güclü bir maraq yaran­mış­dır ki, bunun bir səbəbi müasir dilçilikdə dilin kommunikativ funksiyasını öy­rən­məyə meylin artmasıdırsa, digər səbəbi müvafiq dil vahidlərinin ictimai də­yə­ri­nin xüsusi əhəmiyyət kəsb etməsidir. Dil bütün ictimai, o cümlədən, əxlaqi-etik mü­n­asibətləri öz formaları və kateqorii­yaları sayəsində əks etdirir. Bunların içə­ri­si­n­də cəmiyyətin bütün üzvləri üçün zəruri hesab edilən etiket normaları xüsusi yer tutur. Buraya salamlaşma, təbriketmə, arzulama, təqdimetmə və s. daxildir.

Bir çox dilçilər dilin bir sistem kimi ictimai təbiətə malik olduğunu qeyd edir­­lər. Görkəmli dilçi alim J.Vandriyesin yazdığı kimi, «yalnız dilin ictimai ro­lu­nu öyrənməklə onun mahiyyəti haqqında təsəvvür əldə etmək mümkündür» [1, 221].

Nitq etiketi bu baxımdan zəngin material verir. Lakin bu problemin tədqiqi za­manı biz çox mürəkkəb proseslərlə qarşılaşırıq: bu prosesdə ictimai, iqtisadi, si­ya­si, elmi amillərin ən müxtəlif qarşılıqlı əlaqələri öz təsirini göstərir.

Hər bir xalqın adət-ənənələri, estetik zövqü, davranış normaları tarixən for­ma­laşmış və dildə öz əksini tapmış, nitq etiketi kimi müəyyən edilmişdir. Cə­miy­yə­tin inkişafının müəyyən mərhələsində dil daşıyıcıları kollektivinin qəbul etdiyi, sa­bit ifadələr sistemində təsbitlənmiş nitq davranışı insanlar arasında nəzakət mü­na­sibətlərinin verbal ifadə formalarından istifadə edir.

Müasir nəzakət ifadləri insanları məişətdə, xidmətdə, ictimai yerlərdə, kü­çə­də, qonaqlıq və müxtəlif tipli rəsmi tədbirlərdə, qəbullarda, ziyafətlərdə, danış­ıq­lar­da və s. yerlərdə davranışlarda reqlamentləşdirir. Beləliklə, etiket ümumbəşəri mə­dəniyyətin, əsrlər boyu bütün xalqlar tərəfindən işlənib qəbul olunmuş insani də­yərlərin, maddi və mənəvi sahələrə aid qaydaların böyük və vacib hissəsini özün­də birləşdirir.

Müasir həyatın əsas prinsiplərindən biri insanlar arasında normal müna­si­bət­lə­rin saxlanılması və konfliktlərdən qaçma meylidir. Öz növbəsində hörmət, diq­qət, nəzakətliliyə, təmkinliliyə riayət etdikdə mümkündür. Buna görə də bizi əhatə edən insanlar tərəfindən heç nə nəzakətli və ədəbli olmaq qədər yüksək qiy­mət­lə­n­di­rilə bilməz. Lakin həyatda biz tez-tez digər insana qarşı hörmətsizlik, ko­bud­luq­la qarşılaşırıq. Buna da səbəb odur ki, biz insanın davranış mədəniyyətini və ma­ne­ralarını düzgün qiymətləndirmirik.

Manera-özünüaparma üsulu, davranışın xarici forması, digər insanlarla münasibət, nitqində istifadə etdiyi ifadələr, ton, intonasiya, insan üçün xarakterik olan yeriş, əl-qol hərəkəti və hətta mimikadır. Cəmiyyətdə təmkinlilik və sadəlik, öz hərəkətlərinə nəzarət edə bilmək bacarığı yaxşı maneralar hesab olunur. Pis maneralar isə yüksəkdən danışmaq vərdişi, ifadələrdə utanmamazlıq, geyimdə pintilik, davranış və əl-qol hərəkətlərindəki zəhlətökənlik, kobudluq, başqalarının işi­nə qarışmaq, yersiz müdaxilə və sorğu-sual, başqalarını öz istəklərinə tabe et­mək, nəzakətsizlik, başqalarına alçaldıcı adlar qoşmaq və s. hesab olunur. Manera insanın davranış mədəniyyətinə aiddir və etiketlə tənzimlənir. Etiket elə anlayış və ünsiyyət formasıdır ki, vəzifə və ictimai mövqeyindən asılı olmayaraq, bütün in­san­lara qarşı hörmət, müraciət və salamlaşma formaları, söhbət aparmaq qaydası, stol arxasında davranış və s. buraya daxildir. Bütövlükdə, etiket sivil cəmiyyətin hu­manizm prinsip­lərinin əsasını təşkil edən nəzakətliliyin ümumi tələ­bi­dir. Elə bu­na görə də, nitq etiketi ifadəsinin «nəzakət ifadələri» adlandırılması da­ha düz­gün olardı. Ünsiyyətin ən ümumi şərti nəzakətlilikdir. Nəzakətlilik həd­di­ni aş­ma­maq­dır. Bu ifadələr hamıya məlumdur: “soyuq nəzakətlilik”, “buz kimi nə­zakət”, “nif­rətli nəzakət”. Bu zaman ən gözəl insani keyfiyyətlərin mahiyyəti nə­in­ki ölür, hət­ta tamamilə əksinə çevrilir. Vereşaqin E.M. nəzakəti bu və ya digər hə­yati mü­na­sibətlərə girdiyimiz insanlar üçün etdiyimiz “kiçik məbləğli qu­r­ban­lar” kimi mü­əyyən edir (2, 131).

Təəssüf ki, Servantesin bu gözəl deyimi tamamilə unudulub: «Heç nə nəza­kət qədər ucuz başa gəlmir və onun qədər yüksək qiymətləndirilmir.» Əsl nəzakət yal­nız xeyirxah ola bilər, belə ki, insanın işdə, evdə, ictimai yerlərdə rastlaşdığı in­san­lara qarşı münasibətlərində səmimiyyətin, alicənablığın təzahürlərindən bi­ri­dir. İşdə yoldaşlarla, məişətdə tanışlarla səmimi münasibət, dostluğa çevrilə bilən, elə­cə də, insanlara qarşı təbii xeyirxahlıq məqsədi güdən münasibət nəzakətliliyin mütləq bazasıdır. Əsl davranış mədəniyyəti, onun məzmunu və xarici təzahürü mə­nəviyyatın əxlaq prinsiplərindən irəli gəlir.

Nəzakətliliyin əsas elementlərindən biri adları yadda saxlamaq hesab olu­nur. Bu barədə A.Leontyev belə deyir: «İnsanların əksəriyyəti adları ona görə yad­da saxlamırlar ki, onlar adları yaddaşlarına həkk etməkdən ötrü vaxt və enerji sərf et­mək istəmirlər. Onlar həddindən artıq məşğul olmaları ilə özlərinə haqq qa­zan­dır­mağa çalışırlar. Lakin onlar çətin ki, Franklin Ruzveltdən daha çox məşğul ol­sun­lar, o hətta rastlaşdığı mexaniklərin belə, adlarını yadda saxlamağa vaxt ta­pır­dı... F.Ruzvelt bilirdi ki, ətrafdakıların hörmətini qazanmaq üçün ən sadə, ən sə­mə­rəli və ən fəal üsullardan biri insanların adlarını yadda saxlamaq və öz əhə­miy­yətliliyini onların şüuruna yeritməkdir» (3, 97).

Ədəblilik və həssaslıq - bunlar ali insani keyfiyyətlərin tərkibinə diqqət, ünsiyyətdə olduğu insanların daxili aləminə dərin hörmət etmək, onları anlamağa istək və bacarıq, onlara nəyin zövq və sevinc verəcəyini hiss etmək və əksinə, nəyin onları əsəbiləşdirəcəyini və incidəcəyini bilməkdir.

Ədəblilik və həssaslıq dedikdə bizim sözümüzə və davranışımıza həmsöh­bət­lərimizin göstərdikləri reaksiyanı səhvsiz təyin etmək bacarığı, lazım olan hal­lar­da buraxdığı səhvlərə görə yalandan utancaqlıq göstərmədən üzr istəmək, özü­nə tənqidi yanaşmaq qabiliyyətləri də başa düşülür. Bu, insanın ləyaqətini alçalt­mır, əksinə, bu, əsl insani keyfiyyəti - təvazökarlığı göstərir və onun haqqında in­san­larda yüksək fikir yaradır.

Psixolinqvistikada belə bir fikir var ki, insan yalnız özü haqqında danışırsa, o yalnız özü haqqında düşünür. Yalnız özü haqqında düşünən insan mədəniy­yət­siz­dir, o, nə qədər yüksək təhsilli olsa da, yenə də mədəniyyətsizdir.

Təvazökar insan heç vaxt özünü başqalarından ağıllı, bacarıqlı, yaxşı gös­tər­mə­yə çalışmır, öz kefiyyətlərini və üstünlüyünü qeyd etmir, özü üçün xüsusi ra­hat­lıq, qulluq tələb etmir. Bununla yanaşı, təvazökarlıq utancaqlıqla, cəsa­rət­siz­lik­lə əlaqələndirilməməlidir. Bunlar tamamilə müxtəlif kateqoriyalardır. Sadə adam­lar çox tez-tez, kritik vəziyyətlərdə daha aktiv və möhkəm olurlar, bununla yanaşı, həm də məlumdur ki, başqalarını mübahisə ilə özünün doğruluğuna inandırmaq müm­kün deyil.

T.Qabriel yazır: «Siz insanın haqlı olmadığını ona baxışınızla, into­na­siya­nız­la və ya jestlə söz ilə olduğundan daha yaxşı başa sala bilərsiniz, lakin siz ona haq­sız olmadığını söylədikdə bununla onu sizinlə razılaşmağa məcbur edə bilə­cək­si­niz­mi? Heç vaxt! Çünki bununla siz onun intellektinə, sağlam düşüncəsinə, onun mənliyinə və ləyaqət hissinə zərbə vurmuş olursunuz. Bu isə onu öz fikrini dəyiş­məyə deyil, sizə cavab zərbəsi vurmağa təhrik edəcək» (4, 14).

Yəqin ki, siz özündən çıxmış mübahisə edənləri müşahidə edən hansısa üçüncü şəxsin hər iki adamı başa düşməyə həssaslıqla yanaşıb, dostcasına və taktiki sözlərlə anlaşılmazlığa son qoyduğunun şahidi olmuşsunuz.

Heç vaxt danışığa bu cür başlamaq olmaz: «Mən sizə sübut edərəm». Psixo­loq­lar hesab edirlər: bu o deməkdir ki, «Mən sizdən ağıllıyam, mən sizə elə bir şey deyəcəyəm ki, siz fikrinizi dəyişəcəksiniz». Bu cür olmaz, çünki bu, hə­m­söh­bət­də daxili müqavimət və mübahisə etmək istəyi yaradacaq. Nəyisə sübut etmək üçün bunu o qədər incə, ustalıqla etmək lazımdır ki, bunu heç kəs hiss etməsin. Məsələn, «Xahiş edirəm, bir dəqiqə mənə qulaq asın!» və s. N.Forma­rovs­kaya bunu qızıl qaydalardan biri hesab edərək yazır: «İnsanları elə öyrətmək la­zım­dır ki, elə bil heç nə öyrətmirsiniz və tanış olmayan şeyləri unudulmuş kimi təq­dim edirsiniz» (5, 43). Sakitlik, diplomatiklik, həmsöhbətin dərindən başa dü­şül­məsi, dəqiq faktlar əsa­sında yaxşı düşünülmüş əsaslandırma - diskussiya za­ma­nı «yaxşı ton» tələ­bi və öz fikrini israretmədə inadkarlıq arasındakı ziddiyyətlərin həl­lidir.

Nitq etiketi geniş mənada linqvistik praqmatikanın ümumi problemi ilə birləşir və praqmalinqvistika sahəsində öyrənilməlidir. Praqmatik cəhətdən dil kommunikasiyası aktına kommunikasiyanın iştirakçılarının müxtəlif məqsədlərə nail olması baxımından yanaşılır. İfadəyə ayrıca yox, bu məqsədlərin konteksti baxımından yanaşılır. Məsələn: «Saatınız yoxdur?» - deyə sual verdikdə saatın neçə olmasını soruşmaq nəzərdə tutulur. Ona görə də bu suala qarşı «Bəli, var» - cavabı (saatın neçə olmasını göstərmədikdə) kontekstdən uzaqlaşmadan xəbər verir, nitq etiketi tələbləri pozulur.

Və yaxud: «Burada nə baş verir?» - sualı (xüsusən müəyyən konteksdə) baş verənlərə qarşı narazılıq hissinə işarə olub, etiketi poza bilər.

Hazırkı vaxtda ümumi vətəndaş etiketinə aid edilən bir çox şərtlərin sa­də­ləş­di­rilməsi meyilləri, demək olar ki, hər yerdə qeyd olunur. Bu, zamanın rəmz­lə­rin­dən biridir: dəyişmiş həyat tempi və çevik dəyişməkdə davam edən sosial-məişət şə­raiti etiketə güclü təsir edir. Buna görə də əsrin əvvəllərində və ya ortalarında qə­bul edilmiş bir çox şeylər əsrin sonunda absurd görünə bilər. Bununla belə, ümu­mvətəndaş etiketinin əsas və yaxşı ənənələri hətta dəyişilmiş formada belə öz möv­cudluğunu davam etdirir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin