Ədəbiyyat
1. Budaqov R.A. Dilçiliyə dair oçerklər. Bakı, Azərnəşr. 1956.
2. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, «Elm» nəşriyyatı, 1980.
3. Aslanov A.Ə. Evfemizmlər\\Müasir Azərbaycan dili. I cild, «Elm» nəşriyyatı, Bakı, 1978.
H.A. MİRZƏYEV
POEZİYADA ÜSLUBİ AXTARIŞIN ESTETİK SƏCİYYƏSİ
(H. Arif poeziyasının materialları əsasında )
Açar sözlər: janr, poeziya, şeir, üslub, dil.
Ключевые слова: жанр, поэзия, стихотворение, стиль, язык.
Key words: genre, poetry, poem, style, language.
Poeziya janrında söz duyumu, ondan münasib mətn mühitində sərrast istifa-də böyük estetik hadisədir. Söz şeir janrında daha ciddi poetik vəzifələr yerinə yetirir. Onun yeni-yeni məna çalarlarını kəşf etmək gərgin yaradıcılıq səylərinin nəticəsi kimi meydana çıxır. Görkəmli yazıçımız Mirzə İbrahimovun təbiri ilə desək, “Bədii yaradıcılıq- kəşfiyyatçılıqdır, həmişə yeni söz deməkdir. Bir adam ki, yeni söz axtarmağın iztirabını çəkməyə, ondan sənətkar olarmı?” (3,12)
Poeziyanın ilkin materialı kimi sözün elastikliyindən yararlanmaq olduqca mürəkkəb bədii prosesdir. Adi danışıq funksiyasından fərqli olaraq şeir nitqindəki sözdə, onun daxili semantikasında əsrarəngiz mənalar gizlənir. Onun aşkarlanması poeziyanın spesifik cəhətlərini və estetik fəallığını təşkil edir. Xüsusi bədii sənət növü kimi poeziya sözün məğzinə və təbiətinə daha dərindən nüfuz edib onun poetik enerjisini üzə çıxarmaqda, obrazlı mahiyyətini orijinal söz işlətmə məharəti ilə aşkarlamaqda müstəsna rol oynayır. “ Üslubi kamillik ifadə vasitələrinin özünə məxsusluğunu, hər bir konkret məqamda onların seçimini tələb edir” (5,81). Sərrast seçim forma əlamətləri sisteminin mükəmməlliyinin təminatçısı kimi çıxış edir. Sözün yeni üslubi-semantik mənalarını kəşf etmək mühüm bədiilik qaynağı kimi xüsusi əhəmiyyət kəsb edir. Bu məziyyətli əlamət Hüseyn Arifin poeziya dilində xüsusi çalarlarla təzahür edir.
H. Arifin şeir dilində sözün üslubi elastikliyi bütün incəlikləri ilə görünür. Onun istifadə etdiyi hər bir sözün semantik mütəhərrikliyi poetik forma kamilliyinə yönəldilir. Mətn mühitində gözlənilməz üslubi rənglər ifadə edən adi ümumişlək leksik vahidlərdən o dərəcədə məharətlə istifadə olunmuşdur ki, öz təravəti ilə həmin sözlər ilk dəfə səslənməsi təəssüratı formalaşdırır. Düşdüyü nitq mühitində fikir və duyğuların poetik şərhini yerinə yetirmə vəzifəsini uğurla yerinə yetirir. Bədii obrazın həyati cizgilərini, təsvir obyektinin xarakterik xüsusiyyətlərini, poetik təəssüratları dolğun canlandırmaq üçün şair sözün semantik imkanlarını hərəkətə gətirir. Sözə həssas münasibət onun obraza keçid imkanlarına yol açır. Bunu H.Arifin dilində işlədilən “ötmək ” feilinin işlənmə məqamlarının orijinallığında aydın sezmək olur. Şairin əsərlərindən götürülmüş fraqmentlərdən aydın- aşkar görünür ki, müxtəlif illərin məhsulu olan şeirlərdə bu söz şairin ifadə etmək istədiyi mənaları incəliklərinə qədər açmağa qadirdir.
H.Arif “ötmək” felinin omonimliyindən, onun şeir nitqində yaratdığı üslubi effektdən yararlanmış, fonetik tərkibcə üst-üstə düşən sözün imkanlarından bədiilik meyarları dairəsində sənətkarlıqla faydalanmışdır.
Mövzuya, şeirin mündəricəsinə və emosional-ekspresiv mahiyyətinə uyğunlaşdırmaqla müəllif omonimlərin yaratdığı səs ahənginə, musiqililiyə xüsusi diqqət yetirmişdir. “Ötmək” omoniminin uğurlu formalarda işlədilməsi H.Arif üslubunda səs və məna əlaqələrinin birliyindən xəbər verir, dilin rəvanlıq və axıcılıq imkanlarını nəzərə çarpdırır. Şairin “Günlər olaydı” şeirində bu söz rədifdən əvvəl müxtəlif məna yükü daşımaqla işlədilməsi forma gözəlliyi, bədii mükəmməllik baxımından da diqqətəlayiqdir:
Fikir haralarda gəzdirir məni
Hər kəsin ilk yurdu, əzəl məskəni.
Qazaxdan çıxanda Daşkəsəməni
Yel kimi ötdüyüm günlər olaydı
Xoşladım şənliyi, eşqi, məzəni,
Sevmədim sənətə ağız büzəni,
Aşkara dinləyib Aşıq Mirzəni
Xəlvəti ötdüyüm günlər olaydı (1,152)
İki müxtəlif mənada – “bir yerin , sahənin ortasından, içindən keçmək ” və “oxumaq, cəh-cəh vurmaq ” (7,556) anlamında omonimliyinin bədii nitqə daxil edilməsi yaradıcılıq aktı kimi daha güclü təəssürat doğurur. Omonimin fəallığı təsvir obyektini dərindən duyumun spesifik ifadə formasına çevrilir. Bu söz şeirdən- şeirə keçdikcə digər məna yükü ilə dolğunlaşır, yeni çalarlar, poetik məzmun əks edir.
Xüsusi qeyd etmək lazımdır ki, H. Arif “ötmək” feli ilə daha çox canlı danışıqda işlənən “keçmək”, “aşmaq”, “sovuşmaq”, “addamaq”, “qurtarmaq” anlamlarını ifadə edir. Zaman, mövsüm, yaş, ömür haqqında bədii mühakimələr və düşüncələrin təsvirində bu sözə tez- tez müraciət edir:
Həftə ötdü, il dolandı,
Vədə çatdı, neyləyəsən?!
Bar töküldü, meyvə yandı,
Bağın batdı, neyləyəsən?! (1,48)
Ötən çağımı düşünək,
Gələn çağımı, ay oğul.
Möhnət solumu qurudub
Həsrət sağımı, ay oğul. (1,80)
Qövr edir yaramda min yara yeri
Ay ötən günlərim, ötən günlərim. (1,150)
Dedilər: - Ay Hüseyn
Qınama təbiəti.
Bu sirri, bu hikməti
Yaş ötüb, yaşdan soruş (1,146) və s.
Sözün mətn mühitinə semantik- üslubi uyğunluğu şeir janrının dili üçün olduqca çevik, rasional və təsirli ifadə üsuludur. Məna rənginin kontekstə müvafiqliyi lirik strukturda incə detaldır və buna görə də H. Arifin qələmində eyni sözün rəngarəng üslubi çalarları şeir dilinin ayrılmaz xassəsidir.
Söz duyğusu, dil faktlarının seçimi və onun ayrı- ayrı mətn müstəvisində müxtəlif mənalarda işlədilməsi H.Arif yaradıcılığının əsas atributlarındandır. Bu mənada “ötmək” feli də öz kommunikativ funksiyasını saxlamaqla estetik gücə yiyələnir, mətnə xüsusi ifadəlilik verir. Sözün estetik- emosional funksiyası daha qabarıq şəkildə təzahür edir. Onun çoxmənalılığı, mütəhərrikliyi müxtəlif assosiativ təsir oyadır, şairanə mətn mühitinin yaranması üçün stimul rolunu oynayır. Aşağıdakı nümunələrdə “ötmək” feilinin hər misradakı mənaya uyğun üslubi boyası vardır. Ümumi dominant məna “ötüb keçmək”, “keçib- getmək”, “geridə buraxmaq” və s. mənalarla bağlı olsa da, bu söz hər misrada ifadə olunan poetik hiss və ahənglə bağlanır, daxilən bir-birini tamamlayan sözlərin ümumi ahəngində xüsusi mövqe qazanır. Bu söz həm poetik nitqin ritmik struktur əsasında mühüm mövqeyə malik olduğu kimi, üslubi- poetik ifadə vasitəsi kimi də əhəmiyyət kəsb edir. Məsələn,
Karvanım ötmədi səssiz- səmirsiz
Harayım bir ümman, ünum bir dəniz (1,149)
Şeirin istək və ehtiyaclarını ödəmək işinə xidmət göstərən sözün yararlılıq dərəcəsi əhatəsindəki linqvistik vahidlərlə üslubi ahəngdarlığından irəli gəlir. Şeir dilində sözün forma gözəlliyinin əsas ünsürü olması üçün onun digər elementlərlə struktur- funksional bağlılığı, əsas amildir. Buna görə də sözün heç bir nüansı poeziyaya biganə deyil:
Tükənən istəyim, bitən sevincim
Çəkilən marağım, ötən sevincim
Tapılan kədərim, itən sevincim
Gövdədən süzülən budağım mənim (1,74)
Buradakı mükəmməl bir üslubi şəbəkədə “ötmək” feli “tükənmək”, “bitmək”, “itmək” situativ sinonimlərlə bir cərgədə “tapmaq” sözü ilə antonim mövqedə qərarlaşmış, sintaktik paralelizmin tərtibində fəal iştirak edərək poetik sistemin vacib bir komponentinə çevrilmişdir. Bununla da şair mətnin liqvistik quruluşu ilə fikri istiqamətini bir- birinə möhkəm tellərlə bağlamağa müvəffəq olmuşdur.
H. Arifin dilində sözün məcazlaşması da olduqca diqqətçəkən üslubi prosesdir. Bu, dil şeiriyyətinin gözəlliklərini nümayiş etdirməklə yanaşı bədii qayəni kamil formalarda canlandırmaq tələbindən doğur. Məcazlaşan söz poetik kontekstin hissi- emosional əsasını təyin etdiyi zaman müstəsna assosiasiyalar törədir, sezilən cizgiləri ilə şairin lirik düşüncəsinin strukturuna daxil olur. “Ötmək” feili də gözlənilməz üsülubi mənalarla poetik mətnə daxil olmaqla yığcam ifadə formalarına sığışdırılan misraların fəallığını artırır.
Şairin əsərlərindən gətirilən bədii nümunələrdən yəqin etmək mümkün olur ki, “metaforikləşmənin özü də həm ümumdil səciyyə daşıyır, həm də müəllifin fərdi yaradıcılıq məhsulu kimi çıxış edir ” (6,22)
Nizami kamına yetmədi getdi,
Füzuli başadək ötmədi getdi,
Vaqiflə, Vurğunla bitmədi getdi
Bitməz Hüseynlə sözü dünyanın (1,110)
Qurbani, Abbası, Əmrahı anıb,
Kərəmlə alışıb, Dilqəmlə yanıb,
Tütəklə uyuyub, sazla oyanıb
Kamanla dil açıb ötdü babalar (1,147)
Dedilər: - Gözləmə o gülyanağı
Dedim: - Ürəyimə çəkməyin dağı,
Dedilər: - Toyudur bu axşam çağı
Dindi saz, ötdü tar, mən inanmadım (1,65)
Göründüyü kimi, sözün obrazlı bünövrəsi şairin düşüncə tərzindən qaynaqlanır. Şair sözü bədii mətnin ovqatına müvafiq tənzimləyir. Xalq danışıq dilinin adi sözlərinə dərindən nüfuzetmə H. Arif poeziyasına rövnəq, onun fərdi üsuluna zənginlik gətirir. Bu keyfiyyət H. Arif üslubunun əsas atributu kimi , onun bədii dil özünəməxsusluğu kimi qəbul edilir. Çünki “müğənni öz səsi ilə doğulduğu kimi, hər bir söz sənətkarı da özünəməxsus dili ilə dünyaya gəlir” (4,59)
Poeziya dilinin canlı ünsiyyət dili ilə yaxınlaşması olduqca mürəkkəb prosesdir. Bu problem H. Arifin şeir təcrübəsinin timsalında özünün mühüm cəhətlərinə aydınlıq gətirmişdir. Onun şeir poetikasının qaynaqları və bədiilik sirləri sözişlətmə ustalığının özünəməxsusluğu fonunda meydana çıxmışdır.
“Şeir dili onu yaradanlardan zərgər işi gözləyən zərif bir aləmdir” (2,58). Məhz bu zəriflik sayəsində H. Arif poeziyası bədii təfəkkir və dilin qarşılıqlı dialektik əlaqəsini əks etdirən çox vacib faktordur.
Dostları ilə paylaş: |