AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə7/16
tarix17.01.2017
ölçüsü1,08 Mb.
#581
1   2   3   4   5   6   7   8   9   10   ...   16

A.G. CƏFƏROV
AZƏRBAYCAN DİLİNİN ORFOFONİYA LÜĞƏTİNİN

ƏHƏMİYYƏTİ VƏ HAZIRLANMA PRİNSİPLƏRİ
Açar sözlər: Orfofoniya, orfoqrafiya, tələffüz üslubu, eksperimental fonetika, tə­ləf­füz normaları

Ключевые слова: орфофония,орфография,стиль произношения, экс­пе­ри­мен­таль­ная фонетика, нормы произношения

Key words: orthophony, orthography, pronunciation style, experimental phonetics, pronunciation norms
Azərbaycan dilçiliyində müxtəlif lüğətlər hazırlansa da, lakin bu sahədə prob­lemlər də möv­cud­dur. Belə ki, müstəqillik əldə edildikdən sonra 2004-cü ildə Azər­baycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar tarixli mə­lum sərəncamından sonra bir sıra lüğətlər hazırlandı ki, onlardan biri və bəlkə də ən çox işlək olanı da «Azərbaycan dilinin orfoqrafiya lüğəti»dir. Lakin Azər­bay­can dilçiliyində hazırda digər lüğətlərə, xüsusən də orfofoniya lüğətinə kəskin eh­ti­yac duyulmaqdadır. Orfofoniya lüğəti, ümumiyyətlə, bu anlayışın özü dil­çi­li­yi­miz­də yenidir. Bu sahədə Azərbaycan dilçiliyində yalnız professor F.Vey­səl­linin el­mi nailiyyətləri vardır. Bu sahə ümu­mi­lik­də dilçiliyimizdə eks­pe­ri­men­tal fo­ne­ti­ka sahəsinin yaranması və inkişafı ilə bağlıdır. Belə ki, F.Veysəlli «Eks­pe­rimental fo­netika» kitabında orfofoniyanın izahını verir, orfoepiya və orfo­fo­ni­ya­­nın fəqli sa­hələr olduğunu elmi şəkildə əsaslandırır. Bundan başqa «Fonetika və fonologiya mə­­sə­lə­lə­ri» monoqrafik tədqiqatında F.Veysəlli bu məsələyə yenidən qayıdır, or­fo­epiya və orfofoniya elm sa­hələrinin fərqlərini kifayət qədər dolğun şəkildə izah edir. Orfofoniya lüğətinin üstün cə­hət­lə­rin­dən biri də, eyni zamanda həm or­foq­ra­fik, həm də vurğu lüğətlərinə olan ehtiyacı qarşılamasıdır. La­kin orfofoniya lü­ğə­ti­nin əsas mahiyyəti dildə olan ləhcə fərqlərini minimuma endir­mək, ədəbi dil­də düz­gün danışıq normalarını müəyyənləşdirmək, əcnəbilərin dili öy­rənərkən daha az səhvlərə yol verməsini təmin etmək, radio və televiziyada baş ve­rən normadan ya­yınmaları tənzimləməkdən ibarətdir. Orfofonik lüğətlər birbaşa canlı danışıq di­li əsasında hazırlandığından, dilin bütün incə­lik­lə­rini özündə ehtiva edə bilir. Bu mə­nada orfofonik lüğətlər dilçilik üçün olduqca böyük əhəmiyyət kəsb edir.

Bu tipli lüğət Azərbaycan dilçiliyində və ümumiyyətlə, dünyada ilk nəşr­lər­dən biri olacaq. Lüğət həm də təkcə orfofoniya sahəsində deyil, eyni zamanda or­fo­epiya və vurğu luğətləri sahəsindəki boşluqları da qismən dolduracaq. Eyni za­man­da lüğətdə Azərbaycan dilinin 100 mindən artıq sö­zü­nün həm orfoqrafik, həm or­fo­fonik formasının hazırlanması da dilçiliyimiz üçün olduqca böyük əhə­miy­yətə ma­lik­dir.

Orfofoniya lüğətinin hazırlanması iki mərhələdə aparılmalıdır. Birinci mərhələdə materiallar top­lanmalı, ikinci mərhələdə isə yığılan materialın təhlili və ümumiləşdirilməsi prosesi başa çat­dı­rıl­malı və lüğət çap olunmalıdır.

Lüğətin hazırlanmasında, əsasən, eksperimental metoddan istifadə olun­ma­lıdır. Ayrı-ayrı obyekt və hadisələrin əlamət və keyfiyyətlərinin öyrə­nil­məsi üçün elmi şəkildə təşkil olunan təcrübəyə eks­pe­riment deyilir. Eksperiment (ekspe­ri­men­tum) sözü latın mənşəli olub, «təcrübə» mənasını bildirir. Hə­lə keçmişdə təşkil olunmuş geniş təcrübələr eksperiment adlanırdı. Məhz eksperiment üsulu ilə hər hansı bir hadisə və ya proses öyrənilərkən ona aktual şəkildə müdaxilə edilir. Bu­nun vasitəsi ilə əl­də edilən nəticələri təkrar-təkrar yoxlamaq olur. Düzgün təş­kil olunmuş eksperiment tədqiqatçını hər cür şübhə və tərəddüdlərdən azad edir. El­mi şəkildə aparılan təcrübənin – eksperiment üsulunun kö­məyi əsasında müəy­yən obyektin əlamət və xüsusiyyətləri tam dəqiqliyi ilə öyrənilir. Eks­pe­ri­ment həm təbiət hadisələrinin, həm də ictimai hadisələrin tədqiqinə tətbiq olunur. Bu üsul­dan ilk də­fə təbiət elmlərində, o cümlədən fiziologiya, fizika və kimyada ge­niş istifadə olunmuşdur. Eks­pe­ri­mentin işlənilməsi daha çox istehsalla, texnika ilə bağ­lıdır. Lakin bu üsulla dilin hadisə və pro­ses­lə­rini də izləmək, tədqiq etmək, öyrən­mək mümkündür.

Dil hadisələrinin təbii vəziyyətinə müdaxilə edib tədqiqat aparılmasına linqvistik eksperiment üsulu deyilir. Eksperiment dilçilik tədqiqatlarında ayrıca üsul deyildir. Lakin bu üsul bir sıra dil ha­di­sələrinin elmi cəhətdən düzgün dərk edilməsi üçün vacibdir.

Dilçilikdə eksperiment üsulu XIX əsrin ortalarından tətbiq edilməyə baş­la­nıl­mışdır. XX əsrdə bu üsula xüsusi əhəmiyyət verilmişdir. Eksperiment əsa­sın­da bir sıra qiymətli tədqiqat əsərləri ya­ra­dıl­mışdır. Linqvistik eksperimentdən mü­asir dil­çilikdə daha geniş istifadə olunur. Hazırda dilçiliyin in­ki­şafında bu üsul öz müs­bət təsirini göstərməkdədir.

Linqvistik eksperiment üsulundan dilin müxtəlif sahələrinin tədqiqində isti­fa­də etmək müm­kün­dür.

1. Fonetik eksperiment. Fonetik hadisələrin araşdırılması, dəqiqləşdirilməsi və öyrənilməsində eks­perimentin rolu çoxdan elm aləminə məlumdur. Hələ XIX əsrdən başlayaraq bu üsulla müxtəlif dil­lərin fonetik quruluşu tədqiqata cəlb edilmiş, böyük fonoloji elmi nəticələr əldə edilmişdir. Mü­a­sir dilçilikdə fonetik eksperimentə daha geniş yer verilir. İndi eksperimentsiz aparılan fonetik təd­qi­qat­lar yüksək qiymətləndirilmir və bəlkə də mənasız hesab olunur.

2. Orfofonik eksperiment həm orfofoniya, həm də orfoepiya sahəsində aparılır. Bu sahədə tətbiq olunan hər bir eks­pe­ri­ment, yəni orfofonik eksperiment ayrı-ayrı fonemlərin müəyyən fonetik mövqedə, digər fonemlərlə qonşuluqda, eləcə də vurğu və intonasiyanın təsiri nəticəsində baş verən dəyişiklikləri öyrənməyə xidmət edir. Məsələn; «tar» sözündə 3 fonem ˗ /t/, /a/, /r/ vardır. Bu fonemlərin sözdə necə deyilməsi orfoepiyanın yox, orfofoniyanın işidir. Н.Д.Андреев rus dilində -кий şəkilçisinin iki variantda (-kği, -kci) işləndiyini yoxlamaq üçün 2280 ada­mın nitqini eksperiment üsulu ilə yoxlamışdır. Bunlardan yalnız 3 nəfərin sərt (k) ilə tələffüz et­di­yini müəyyənləşdirmişdir [4, 51].

Bundan başqa, elmi üsul kimi linqvistik eksperimentin 2 forması da vardır:

1. Linqvistik laborator eksperiment. Dil hadisələrinin xüsusi laboratoriya şəraitində öy­rə­nil­mə­si­nə laborator eksperiment deyilir. Bu formada aparılan eksperimentlərdə cihazlardan istifadə edilir. Bu baxımdan dilçilikdə fonetik hadisələr məhz laborator eksperimentlə asanlıqla öyrənilir. Lin­qvi­s­tik eksperiment üsulu ilə dilin fonetik sisteminin tədqiqində palataqrafiya, rentgenoqrafiya, fo­to­qra­fi­yaya və səsi analiz edən spektran aparatına geniş yer verilir.

Xüsusi şəraitdə - fonolaboratoriyalarda yerinə yetirilən işlərin nəticələri da­ha dəqiq olur. Bu növ eks­periment şəxs üzərində aparılır. Buna görə də infor­ma­to­run düzgün seçilməsi ən vacib mə­sə­lə­lər­­dəndir. Təcrübə göstərir ki, belə təqiqatın təş­­kilində informator monodilli olanda, yəni qeyri-dil­lə­ri bilməyən, yalnız öz doğ­ma dilində danışan şəxs seçilərkən daha inamlı və etibarlı nəticələr əldə edi­lə bi­lər. Müasir dilçilikdə bir çox dillərin fonetik hadisələri bu üsulla ətraflı tədqiq edil­­mişdir. Bu üsul­la aparılan tədqiqatlar bəzən «eksperimental fonetika» da ad­la­nır.

2. Linqvistik təbii eksperiment təbii şəraitdə aparılan eksperimentə deyilir. Burada laborator eks­­perimentdən fərqli olaraq cihazlardan istifadə edilir. Bu eksperimentdə tədqiqatçı daha sərbəst olur. Təbii eksperiment öz mahiyyətinə görə müşahidə üsuluna daha yaxındır. Linqvistik eks­pe­ri­ment üsulun səmərəsi onun düzgün təşkili və aparılması ilə bağlıdır. Burada da obyektin mü­əy­yən­ləş­dirilməsi, məqsədin dəqiqləşdirilməsi əsas şərtlərdəndir. Dilçilikdə eksperimentin məqsədyönlü plan­laşdırılması işin gedişini asanlaşdırır, düzgün nəticə əldə etməyə imkan verir. Ümumiyyətlə, dil sahəsində təşkil edilən hər bir eksperiment müşahidə üsulu ilə sıx bağlı olur. Tədqiqatçılar bu üsul vasitəsilə eksperimentin gedişinə nəzər yetirir, oradakı hər bir ünsürü, vəziyyəti öyrənə bilir.

Beləliklə, tədqiqatın nəticəsində hazırlanacaq lüğətdən həm dilçilik, həm də digər sahələrdə isti­fa­dəsi mümkün olacaq. Tədqiqatın nəticələrindən eyni zamanda bu sahədə gələcəkdə aparılacaq təd­qi­qatlarda istifadə etmək olar.


Ədəbiyyat
1. F.Veysəlli. Eksperimental fonetika. Bakı, 1980.

2. F.Yadigar. Fonetika və fonologiya məsələləri. Bakı, 1993.

3. F.Veysəlli. Seçilmiş əsərləri. I cild. Bakı, 2009.

4. Н.Д.Андреев. Об одном эксперименте в области русской орфоэпии. «ВР». вып. 4, М., 1963



A.M. ƏSGƏROVA
QƏDİM PAREMLƏRDƏ İŞLƏNƏN BƏZİ ÇOXMƏNALI SÖZLƏRİN TARİXİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: türkologiya, çoxmənali, fellər, leksika

Ключевые слова: тюркология многозначные глаголы, лексика

Key words: turkology, polisemantic, verbs, lexica
İctimai hadisə olan dilin hər bir vahidində, o cümlədən sözdə tarixi inki­şafin izləri müşahidə olunur. yəni zamanla sözün həm məna, həm də for­masında dəyi­şiklik baş verə bilir. bu inkişaf xüsusiyyətləri tarixi abidələrdəki sözlə­rin diaxron üsul­la təhlilində daha aydin nəzərə çarpir.

Azərbaycan dili zəngin qrammatik və leksik-semantik quruluşa malik ol­du­ğu üçün, «söz və onun məna qabığı» məsələsi dilçiliyimizin bütün dövrlə­rində ak­tu­al olmuş, leksikoloqların tədqiqat obeyktinə çevrilmişdir. Dildə hər bir sözün mə­nası vardır. Lakin hər leksik vahidin məna dərinliyi, çaları eyni deyil.

Dilin inkişaf strukturu göstərir ki, təkmənalı sözlər çoxmənalılığa meyl­lidir. Yəni çoxmənalılıq bir mənaya malik sözün sonradan bir neçə əşya, keyfiy­yət bildirmək xüsusiyyətləri kəsb edərək çoxlu mənalar ifadə etməsidir.

Çoxmənalı sözlərdə sözün məna çalarlığı nə qədər zəngin olsa da, bunlar­dan biri ilkin-əsas, digərləri isə ondan törəmə mənalardır. Və bu məna çalarları fikrin ifadəsində dəqiqləşir, yəni sözün müxtəlif mənalara malik olmasına bax­ma­yaraq, məhz mətn onun real mənasını konkretləşdirir.

Çoxmənalılıq bütün türk dillərində olduğu kimi, Azərbaycan dilində də hələ qədim dövrlərdən mövcud olmuş və dilimizin qanunauyğunluqlarından birinə çev­rilmişdir. XVI-XVII əsrin yazılı nümunəsi olan «Oğuznamə»də də çox­mənalı sözlə­rə aid onlarla misal vardır. Həmin misallar kəmiyyət etibarilə daha çox ismə, sifətə və felə aid olduğu üçün bu nitq hissələri üzrə qruplaşdır­mağa çalışdıq:

İsimlərdə çoxmənalılıq nisbətən azdır və bunlar əsasən insan orqanizminin adları və oxşar funksiyalı sözlərdən ibarətdir. Məsələn:

Yüz: –Əl əli yuvar, iki əl yüzi yuvar (47). 2. Şərait-güzəran mənasında: Allah yüzi yoxsulluğun göstərməsin (19) (Allah yoxsulluğun üzün göstərmə­sin). 3. Abır, həya mənasında: Ər oldur ki, yüzi suyun satın ala.

Göz; – 1.İnsan, şəxs mənasında: Allah sağ gözü sol gözə möhtac eylə­mə­sin (19). 2. Hava mənasında: Qış gözü qarağu olur. 3. Fikir mənasında: Odun­çu gözü umac­da (42). 4. Zövq mənasında: Ulu gözülə qız al, ərgən gözilə at al (50).

Əl;– Dilənmək mənasında: Nakəsə əl açmaqdan ac olmaq yegdir (49). 2.Hörmət, münasibət mənasında: Əl əli yuvar, iki əl yüzü yuvar (147).

Oyun;– Oğlanın (uşağın) dərdi oyundur (46). 2. Dostluq, mehribanlıq məna­­sın­­da: Od ilə pambuğun nə oyunu var. Ət ilə bıçağın nə oyunu var (19).

Ad; – İftira, şər mənasında: Bir kişinin adı çıqıncayadək göni çıqar (77). 2. na­mus mənasında: Arx arınar, ad arınmaz. Ad altında ər ölür. Ad işlər, işi sən işlə­məz­sən (62). 3. Hörmətli, tanınmış mənasında: Adlu kişi adından qorqar, adsuz ki­şi tanrıdan qorxmaz (63).

Sifətlərin çoxmənalılığı. Məlumdur ki, sözdə çoxmənalılığı yaradan əsas sə­bəblərdən biri əlamətin oxşarlığıdır və təbii olaraq, sifətlərdə bu proses daha güc­lüdür. Abidənin dilin­də belə sifətlərin çoxluğu bu prosesin qədimliyindən xə­bər verir.

Rəng bildirən «qara» sifətinin çoxmənalılığı daha maraqlıdır. Bu sözdən tö­rə­­­yən yeni mənalar əslindən uzaqlaşmış olsa da, ilkin mənanı nisbətən özündə sax­la­yan müxtəlif sözlər əmələ gəlmişdir. Məsələn: qara (rəng mənasın­da): Qara dü­zən ev bozmaz (qara geyinən ev artmaz, sevinməz) (142). 2. Ölüm, zülüm mə­na­­sında: Qara xəbər yerdə qalmaz (148). Ər də düşər qərə bəxtə, övrət də düşər qə­rə bəxtə (45). 3. Kədər, qəm mənasında: Ər qararar, könli qararmaz (20). Bu­lut­lu gündə könül qaradır (71).

Bundan başqa, aşağıdakı ifadələrdə işlənən qarasınca (ardınca), qaramaq (baxmaq) sözlərinin də əsasında, bizcə,qara sifəti durur: Güc gücə kötü qaradır (158). Çün yoldaşın simüz sevməz sən gir yüyür qarasına (140).

Qara sifətinin polisemik imkanları «Dədə Qorqud Kitabı»ndan başlayaraq bu günümüzə qədər ədəbi dilin bütün mərhələlərində izlənir və təfəkkürün təkamül nəticəsi kimi qiymətləndirilir.

Qara köklü sözləri təhlil edən H.Quliyev göstərir ki, «Kıpçaqqrupu­türk­dil­lərin­­dəbaxmaq, görmək mənalı fellərin əsasında qara feli durur. Qara kökü Azər­baycan dilindəki qaravul, qaravulçu sözlərində də izini qoruyur, Oğuz dillə­rindən türkmən və bir çox başqa türk dillərində (qazax, qaraçay, balkar, qara­qal­­paq, qırğız, uyğur, tatar və s.) qara feli baxmaq, diqqət etmək mənasında ifadə olunur». Azərbaycan dilinin şivələrində də gözünü zilləmək mənasında qaralamax sözü işlədilir. Bu sözlərdəki qara (rəng) seman­tikası ya göz bəbəyi, ya da hədəflə bağlıdır. Bizcə ikinci daha inandırıcıdır. Çünki ardınca məna­sında işlənən qarasına sözündə kölgənin tünd rəngdə olması bu fikri əsaslandırır. Hətta qədim abidələrimizdə «böyük», qüvvətli, əzəmətli məna­sında işlənən «qara» sözünün də rənglə bağlılığını ehtimal etmək olar, çünki bu sifət (qara) əsasən böyük kölgələr yarada bilən, qaraya çalan əşya­larla daha çox işlənmiş və bəzi onomastik vahidlərdə izini qorumuşdur.Məsə­lən: Qarşu yatan qar­lu qara tağlar qaru­yubdur otu bitməz (KDQ, 49). Müasir dilimizdə izincə, arxasınca mənasında işlə­nən «qarabaqara» sözünün də eyni semantik kökdən törəndiyi qənaətindəyik.

Müasir ədəbi dilimizdə «qara» – sifəti rəng bildirmə funksiyasını saxlamış, qalan məna çalarları isə nisbətən arxaikləşmişdir.



Qarağı (kor); – Qarağıqutsuzu bir düşdügi yerə yenə düşər (144).

Kor mənasında işlənən qarağı arxaizmi də, fikrimizcə, qara köklü sözlərdən olub, qaranlıq məfhumu, qara sifəti ilə bağlıdır.



Quru; – Quru gön bit arturar (153). 2.Hörmətsiz mənasında: Quru salamı yel alur. 3. Ac mənasında: Qışın çırağı quru olanın, yazın tamağı quru olar (152). 4. Günahkar mənasında: Quru qatında yaş da yanar (141).

Toğru; – Müasir dilmizdə bu söz «t-d» səs əvəzlənməsi ilə sabitləşib. 1. Toğ­­ru derlər: İttifaq etsə kişi aləmi dutar. 2. Haqlı, düz danışan mənasında: Toğ­ru­­ya zəval yoqdur (135). 3. Yol mənasında: Toğrudan gedən gec gəlür, tolam­ça­dan tez gəlür (135). 4. Günahsız mənasında: Toğru tutulmayınca əgri bulun­maz (132).

Ağır (əziz); – Taş qopduq yerdə ağır olar (134). 2. Hörmət etmək məna­sında: Qonağın enisi endicək ev issin ağırlar (147). Toq ağırlamaq güc olur (135).

Yuxarıda göstərilən işləkliyini saxlamış sifətlərlə yanaşı, mənbədə arxaik­ləş­miş sifətlər də zəngin məna çalarları ilə ifadə olunmuşdur. Məsələn: tatlı (şirin), qarağu (kor), ulu (böyük) və s.



Tatlu (şirin); Tatlu suyu kim içməz (134). 2. Ürəkaçan mənasında: Tat­luyu tatlu söylə (135). Övrətə bir ətək aqçadan bir tatlu dil yegdir (138). 3. Əziz, qiymətli mənasında: Adəm oğlanı yaşadıqca canı tutlu olur(31).

Ulu (böyük); ulu-ulu tağları keyiklər bilür (37). 2. Qoca, müdrik məna­sında: Ulular sözin tutmayan ylayu qalar (59).

Fellərin çoxmənalılığı abidənin dilində çox geniş şəkildə nəzərə çarpır. Çünki obrazlılıq gücü yüksək olan paremilərdə müxtəlif məfhumlara aid hərəkət­lərin oxşadılması və köçürülməsi nəticəsində fellərin polisemantik əlaməti ortaya çıxır. Məsələn, düşmək, almaq, kəsmək, aşmaq, qoparmaq, çəkmək, çıxmaq və s. bu kimi fellər, «Oğuznamə»nin dilində də, bu gün müasir dilimizdə olduğu kimi işlənməkdə və çoxmənalılıq ifadə etməkdədir.

Almaq: götürmək, istəmək mənasında: Danışməndlər vermək sevməz, almaq sevər (107), Yoqludan tanrı da almaz (193). 2. Evlənmək mənasında: Qız al­maq, hasar almaq kibidir (153), Gənc alan aldanmaz (106). 3.Sevmək məna­sında: Könül alan güvəndi (162), 4. Çatmaq mənasında: Yorğa yolda qalır, yelə­dən mənzil alır (190), 5. İncitmək mənasında: Yılanın öcün kərtənkələdən alma (196). 6. Javab vermək mənasında: Yenilə bay olan salam almaz (189).

Çəkmək:çəkmək, vurmaq mənasında: Birəgünün beş ağçalıq yayın çək­məkdən beş yüzlıq qılıncın çəkmək yegdir. 2.Qalxmaq mənasında: Nərdübanı tam üstünə çəkmə, aqibət sarqup enərsən (181). 3.Qəmlənmək mənasında: Üç nəsnə adamı arıqladır: sini çınğırtısı, övrət yavuzlığı, intizar çəkmək (37). 4. Qaldırmaq mənasında: Qurd boynuna çəkər: assın dönüb, nəsnə umma (142).

Çıxmaq:Ət ilə dırnaq arasına girən yeyüp çıqar (65). 2. Qalxmaq, eşidil­mək mənasında: Köpək üni gögə çıqmaz (165). 3. Kor olmaq mənasında: Kəndü düşən ağlamaza ağlamaq degil, amma gözi də çıqar (169). 4. Qazanmaq məna­sın­da: Ər olan rizqin taşdan çıqarur (61). 5.Səhv etmək mənasında: Niylərsən eylə, yoldan çıqma (180). 6. Şərlənmək mənasında: Bir kişinin adı çıqıncayadək gönü çıqar (77).

Düşmək: Qarağı qutsuzu bir düşdügü yerə yenə düşər (144). 2. Qaçmaq mənasında: Keçmiş yağmurun kəpənək kibi ardına düşmə (156). Quyuyu boyunca qaz, şayəd kəndin düşərsən (155). 3. Olmaq mənasında: Ümməti-Məhəmmədin sözi kəsadlığa düşməsin (37).

Kəsmək: Sürçinatın ayağın kəsməzlər (76). 2.Paylaşmaq mənasında: Ətmək kəsmək hünərdir (30). 3. Uzaqlaşdırmaq mənasında: Övrət kişiyi atadan-anadan ayırar, eşindən-dostundan kəsər (137). 4.Doymaq mənasında: Qurd qoyun­dan tamaın kəsməz (154). 5. Məğlub olmaq mənasında: Kəsəmədigin əli öp, başına qo (162).

Vermək:Qaşığ ilə aş verüp, sapıyla gözün çıqarma (141). 2. Göstərmək mənasında: Almaq qolay, vermək gücdür (61). Oğlana üz versən başdan aşar (36). 3. Ölmək mənasında: İllətlə dirilən möhnətlə can verər (137). 4. Həsib etmək məna­sın­da: Tanrı kişiyə kəndiyə müti olmaz oğul versin (85). 5. Danışmaq məna­sında: Sən qazan, qonşun hesabın verə, sənin gözündəki çopi görməyə (113).

Yapmaq:tikmək mənasında:Məscid yapılmadan, ğərib qapısına gəlir. 2.Nəsib etmək mənasında: Qarağı legləgin yuvasın haq yapar (142). 3. Sevin­dirmək mənasında: Könül yapdun, əriş yapdın, könül yıqdın, əriş yıqdın (163).

Bulmaq: – tapılmaq mənasında:Verəcək ucundan alacaq bul­madım (183). At bulunar, əyər bulunmaz (20). 2. Yaşamaz mənasında: İyəvən qız ərə varmaz, varırsa da bəxt bulmaz (33). 3. Söyləmək məna­sın­da: Toqun önünə aş qosan, bin qurlü bəhanə bular.

Arınmaq:təmizlənmək, hörmət qazanmaq mənasında:Arx arınar, ad arın­maz.

Urmaq:Döymək mənasında: Eşəgə gücün yetməsə, qoduğun urma (46). 2. Ovlamaq mənasında: Bir taş ilə iki quş urulmaz (70). 3. Etmək, eləmək məna­sında: Qurd ilə quzu yeyib, qoyun ilə şivən urma (143). 4. Hesablamaq məna­sında: Hiç hiçə vursan, yenə hiç (185). 5. Qoymaq mənasında: Qara esəgə yular (yəhər, yedək) ursan, qatır olmaz (149).

Bayımaq:varlanmaq mənasında:Kişi bir uğurdan bayımaz (162). 2. Böyü­mək, şöhrətlənmək mənasında: Oğuz yumundan bayımışdır. (Oğuz xeyir-duadan varlanar, böyuyər) (150).

«Oğuznamə»də ümumişlək olan bu fellər digər tarixi mənbələrimizdə də tez-tez işlənmiş, lakin XVII-XVIII əsrlərdən sonra sabitliyini itirmişdir. Bu arxaizmlə­rin yeni variantları da eyni polisemantikanı saxlamaqdadır.

Abidənin lüğət tərkibindən gətirdiyimiz kifayət qədər nümunələraforistik ifadə tərzində polisemiyanın nə qədər güclü olduğunu təyin edir.

Eyni zamanda dilin inkişafından doğan çox­mə­na­lılığın yaranış yaşı bəlli olma­yan atalar sözlərində bu qədər möhkəm mövqe tutması, Azərbaycan dili tari­xində «Oğuznamə»ni tamamən öyrənməyin aktuallığını bir daha hiss etdirir.

Xüsusilə, dilin inkişafından doğan polisemiyanın yaranış yaşı bəlli olmayan atalar sözündə bu qədər möhkəm mövqe tutması prosesin qədim­­­liyini göstərməklə yanaşı, alınan nəticələr həm də türk dillərinin sema­sioloci inkişafı baxımından maraqlıdır.
Ədəbiyyat
1.Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1988, səh, 15;

2. Müasir Azərbaycan dili. I c., Bakı: Elm, 1978, səh, 141.

3. Ж.Вандриес Язык: лингвистическое введение в историю. М.,1937, стр. 171.

4. Г.К.Кулиев Сравнительно-исторический аннализ лексико-семантического раз­­вития глаголов зрения в тюркских языках огузской группы. // Советская тю­р­ко­ло­­гия. Баку,1976, № 4, стр. 9-10.

5. Dialektoloji lüğət. Bakı: AEA-nın nəşri, 1964, səh, 115.

6. Т.Гаджиев Восстановление древних морфем в тюркских язы­ках.//Этимо­ло­ги­­ческие и историко-морфологические исследования тюркских язы­ков. Баку: АГУ, 1987, стр. 7;

7. Məmmədova A.«Dədə Qorqud kitabı»nda milli leksikanın arxaik qatı. //Tədqiqlər. Bakı: Elm, 2004, № 1, səh, 184;

8. Quliyev Ə.A.Qədim türk onomastikasının leksik-semantik sistemi. I hissə. Bakı: Elm, 2001, səh, 65.




T.M. ƏSGƏROVA
XALQ ƏDƏBİYYATI ÖZƏLLİKLƏRİ NƏSİMİ DİLİNİN

ƏSAS VASİTƏLƏRİ KİMİ

(İSMİ, FELİ VƏ ƏRƏB, FARS QURULUŞLU

FRAZEOLOJİ VAHİDLƏR)
Açar sözlər: Nəsimi, Azərbaycan, fel, frazeologiya, mili

Ключевые слова: Насими, глагольные, фразеологизмы, Азербай­джанс­кого, народного, языка

Key words: Nasimi, verb, phraseology, Azerbaijan, nation
Qloballaşma mühitində klassik irsimizin tədqiqi, xüsusən orta məktəblərdə onun tədriri məsələsi günün ən vacib məsələlərindəndir.

Böyük şairimiz Nəsimi Azərbaycan ədəbi dilinin inkişaf, mərhələsində ən yük­­sək səviyyəni fəth etmiş, bədii yaradıcılığında ana dili söz və ifadələrini apa­rı­cı mövqeyə qaldırmaq məqsəd ilə xalq dili incilərini və Azərbaycan xalq dilində mə­­nimsənilmiş ərəb və fars sözlərini ana dili sözləri ilə qoşalaşdırıb, XIV-XV əs­rin əvvəllərində klassik poeziyanın təkrarsız nümunələrini yaratmış nəhəng bir şa­ir­­d­ir.

Nəsimi Azərbaycan ədəbi dilini xalq ədəbiyyatı materiallarından istifadə et­mək­lə yüksək, zirvəyə qaldırdı onu xalq dili incilərinin rəngarəng semantik ça­lar­la­rı ilə zənginləşdirdi və xalq ədəbiyyatından alıb işlətdiyi söz və ifadələrlə həqiqi mə­nada poetik möcüzələr yaratdı. Azərbaycan xalq dilini XIV əsr Azərbaycan ədə­bi dilinin əsas istinad mənbəyinə çevirməklə ədəbi dilin milli, xəlqi vasitələrlə in­ki­şafına rəvac verdi.

Nəsimi dilində milliliyin əsas mənbəyi Azərbaycan türk xalqının özü ilə həm­yaşıd olan frazeoloji vahidlər, xalq dili ifadələri, canlı xalq dili vasitələri olan idi­omlar şairin dilinin xəlqi bədii ifadə vasitələri ilə zənginləşməsini təmin edir.

Şairin dilində külli miqdarda ismi və feli frazeoloji vahidlər mövcuddur. Bu ifa­­dələr Nəsimi dilini bədii cəhətdən gözəlləşdirmiş, keyfiyyətcə xəl­qi­ləş­dir­miş­dir.

Nəsimi dilinin leksik – semantik zənginliyinin mühüm bir hissəsini ismi fra­ze­oloji vahidlər təşkil edir. Bunların böyük bir qismi qrammatik quru­luş etibarilə is­mi söz birləşmələri şəklində olub, semantik – məzmun etibarilə rən­ga­rəng, çox­çe­şidli frazemlər silsiləsi kimi XIV əsr Azərbaycan ədəbi dilini zən­gin­ləş­dir­miş, onun xəlqi əsasını gücləndirmişdir. Qeyd etmək lazımdır ki, Nə­si­minin dilində ge­niş miqyasda işlənmiş və sonrakı dövrlərdə eyni intensivliklə Azər­baycan klas­sik­lə­rinin dilində bədii dilin obrazlar sisteminin inkişafında və zənginləş­məsində ən əl­v­e­rişli ifadə vasitəsi olan ismi frazeoloji vahidlər ədəbi dili bəzəyən, onun bədii vü­sətini və bədii effektini yüksəldən bədii təyinlər, bədii epitet kimi qəzəl qəhrə­man­la­rının tam, bütöv obraz kimi formalaşmasında əsas vasitə olmuşdur. Bunların elə çeşid-çeşid növlərindən Nəsimidən sonra gələn dahi söz ustadları da istifadə etmişdir; bunlar sanki bədii təfəkkürün formalaş­masında əsas vasitə - əsas atributlar kimi orta əsr Azərbaycan qəzəl janrının ən qüvvətli, ən gözəl nümunə­lə­rinin yaramasında standartlaşmış, şablon­laşmış bədii ifadə vasitələri kimi ədəbi dildə sabitləşmişdir.

Tədqiqat göstərir ki, Nəsimi dilində işlənmiş frazeoloji vahidlərin əsas qismi türk mənşəli Azərbaycan türk sözlərindən yaranmışdır. Bununla belə, şairin poe­zi­ya­sında onlarla məcazlaşmış fars dili izafət birləşmələri mövcuddur ki, Nəsimi di­li­nin poetik vüsətinin yüksəlməsində bunların da xüsusi əhəmiyyəti vardır. Bunlar elə ənənəvi izafət birləşmələrdir ki, onlar ümumən Şərq poeziyasında, eləcə də Azər­baycan klassik ədəbi dilində, klassik poeziyasında bədii personajın, lirik qəh­rə­manının – Gözəlin təsvirində onlardan geniş dairədə istifadə edilmişdir. Bunlar gös­tərir ki, orta əsrlər Azərbaycan ədəbi dilində – orta əsr Azərbaycan klassik po­e­ziyasının formalaş­masında və ədəbiyyatımızın ən bəzəkli janrı (Mir Cəlal) qəzəl jan­rının formalaşma­sın­da rənga­rəng ismi frazeoloji vahidlər ən gözəl obrazların ya­ranmasında ən əlverişli vasitə olmuşdur. Əsrimizin əvvəllərində fransız alimi Şarl Ballinin dediyi “frazeoloji vahid­lər obyektiv gerçəkliyi sadəcə əks etdirmir, ob­yektiv gerçəkliyi rəsm edir” sözləri sanki ismi frazeoloji vahidlər üçün de­yil­miş­­dir.

Tədqiqat göstərir ki, Azərbaycan ədəbi dili tarixində “sevgi janrının-qəzəl jan­rı­nın” (Mir Cəlal) formalaşmasında ismi frazeoloji vahidlər ən münasib və ən gözəl va­si­tə olmuşdur. Bu prosesdə türkmənşəli söz birləşmələri qəlibində olan is­mi fra­zem­lər­lə yanaşı, fars və ərəb dili izafətlərinin də çox böyük mövqeyi ol­muş, bu bə­zək­li jan­rın türk dilləri zəminində yüksək inkişaf etməsində türkmənşəli ismi söz bir­ləşmələri kimi ərəb, fars dillərinə məxsus izafətlərin də mühüm əhəmiyyəti ol­muş­dur. Nəsimi, bir xalq şairi kimi, xalq dilinin özünə məxsus incəliklərinə yaxından bə­ləd olan şair kimi, xalq dilinin yığcam formalarından yeri gəldikcə əsərlərində is­ti­fadə etmiş, qəzəllərinin milli zəminə əsaslandığını nümayiş etdir­miş­­dir. əcəl yeli (ölüm), vücud evi (iç. daxil aləm), can parəsi (sevgili), cavidan evi (əbədiyyət), kamil günəş (sevgili, dilbər), qəmər dövrü (cavanlıq, gənclik), çürük söz (mənasız danışıq), quş dili ( sehirli, bəlagətli nitq), can quşu (ruh, nəfəs), hicrin cəfası, hicrin bəlası, zülfün səvadı, hicrih narı, məninin vüsalı, könlüm şişəsi, vücuddim evi tipli klassik ədəbiyyatımızın dilində geniş yayılmış həmin frazeoloji ismi vahidlər əslində(sənin) hicrinin cəfası (ayrılıq hicri), sənin hicrinin bəlası (ayrılığın dərdi, kədəri), (sənin) zülfünün səvadı, (sənin) hicrinin narı (ayrılıq odu, atəşi), (sənin) mə­ni­nin vüsalı, (mənim) könlümün şişəsi, vücudumun evi (içim, daxilim) ismi fra­zeoloji vahidlərin budanmış formalarıdır ki, klassik Azərbaycan ədəbiyyatında belə poetik, ixtisar olunmuş söz və ya şəkilçilərdən, sözdən qənaətlə istifadə etmək məq­sə­dilə, (poetik vasitə kimi), geniş dairədə istifadə olunmuşdur. İlkin olaraq xalq dili lakonizmi (yığcamlığı) ilə bağlı olan belə hallar tarixən ədəbi dil materialla­rın­da, poeziya nü­munələrində tez-tez müşahidə edilir; onun izləri bu gün xalq dilində yaşamaqdadır: xalam qızı, əmim oğlu tipli birləşmələr əslində mənim xalamın qızı, mənim əmimin oğlu olduğuna baxmayaraq, xalq dilində birinci variantlar sabitləşmişdir.

Nəsiminin frazeoloji yaradıcılığı ondan sonra yazıb - yaradan Azərbaycan ədə­­bi dili nümayəndələri, söz sahibləri, Azərbaycan ədəbi dili klassiklərinin bədii ya­­ra­­dıcı­lıqlarında da davam etdirilmiş və onlar bədii cəhətdən qüvvətli, orijinal va­­hid­lər yaratmışlar. Bu prosesdə Azərbaycan klassikləri ilk mənbə olaraq xalq di­­lindən istifadə etməklə yanaşı, eyni zamanda çeşid – çeşid fərdi, yeni frazeoloji va­­­hid­­lər yaratmaqla Azərbaycan ədəbi dilini bədii dil vahidləri ilə zəngin­ləş­dir­miş­­lər.

Tədqiqatlar göstərir ki, Nəsiminin dilində işlənmiş ismi frazeoloji vahidlər əsas etibarilə semantikasına görə məcazlaşmış ifadələrdir və bu səbəbdəndir ki, on­lar Nəsiminin poetik dühasının, bədii – estetik təfəkkürünün gözəl nümunələri kimi onun özünə məxsus dilini, fərdi üslubunu nümayiş etdirir. Çünki “üslubi – estetik məcaz­ların əksəriyyəti fərdi xarakter daşıyır. Sənətkar sözün dərin­lik­lə­rin­də gizlənən müxtəlif məna çalarlarını üzə çıxarır və bunun sayəsində qüvvətli eks­pres­siyaya malik məcazlar yaradır”. Bu mənada Nəsimi Azərbaycan ədəbi dili ta­ri­xində yalnız M. Füzuli ilə müqayisə oluna bilər.

Nəsimi dilində külli miqdarda ismi (substantiv) frazeoloji vahidlər olduğu kimi feli (predikativ) o cümlədən ərəb, fars quruluşlu frazeoloji vahidlər də vardır.

Şair poetik təsvirləri daha təsirli, daha aydın etmək üçün feli frazeoloji vahidlərə aydınlaşdırıcı, izah edici sözlər əlavə edir ki, bu da son məqamda feli frazemin izahedici üzvünə çevrilir; canını tərk etmək (ölmək), içindən tütünü çıxmaq (yanmaq), su olub axmaq (poetik mənada tabe olmaq):

Belə feli frazemlər ən azı üç komponentdən ibarət olur: dudi göylərə çıxmaq, tüstüsü göylərə çıxmaq (yanmaq), yarın ətəgin itirmək (ayrı düşmək), boynuna fəraqin (şövqün, həsrətim) ipini taxmaq, tozlu cahana ətək silkinmək, yuca yerdən dəm urmaq (qas-qas danışmaq - KDQ), dilini ənsəsindən çəkmək (cəzalandırmaq), başına xumarı çıxmaq (məst olmaq, kefli olmaq), qəlbini ocağa atmaq (öldürmək, məhv etmək), nəfsin çərisin basmaq (nəfsini cilovlamaq), nəfsin oda atmaq (yandırmaq), əcəl yeli əsmək (ölmək, dünyasını dəyişmək), axirətin sarayına getmək (ölmək, dünyasını dəyişmək), eşq odilə aşını bişirmək (eşqə mübtəla olmaq), taqəti taq olmaq (qanı qaralmaq), basaratı bağlı olmaq, doğruya zaval olmamaq, cigəri tutuşub yanmaq və s.

Eləcədə ərəb və fars izafət quruluşlu şəbi-yelda (sevgilinin uzun və qara saç­la­rı), sərvi-xuraman (sevgilinin boyu. qəddi), lölöyi-mərcan (sevgilinin dişləri), abi-kövsər (sevgilinin dodaqları) və s. kimi ismi frazeoloji vahidlər şairin dilində mə­cazi məna kəsb edərək, metaforik məna qazanır, obrazlı ifadələr sistemini ya­ra­dır.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin