Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub.
İnkişafa aparan yol heç də hamar olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan dövləti bir çox siyasi və iqtisadi problemlərlə üzləşib. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkənin inkişafında dönüş yarandı. Belə ki, uzun müddət ərzində Sovetlər birliyinin tərkibində olduğundan Azərbaycan iqtisadiyyatı vahid məkan çərçivəsində inkişaf edirdi. Sovetlər ittifaqının dağılması ilə planlı sosialist sistemində birgə fəaliyyət göstərmiş müttəfiq respublikalar arasında dezinteqrasiya prosesləri başlandı. Dövlət müstəqilliyini əldə etmiş ölkələrdə, o cümlədən Azərbaycanda yeni bir tarixi mərhələnin - keçid dövrünün əsası qoyuldu.
Keçid dövrünün ilk illərində müharibə, qeyri-sabit siyasi şərait və tənəzzüllə üzləşmiş Azərbaycan digər ölkələrə nisbətən daha ağır vəziyyətdə idi. Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar siyasətin nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün şəraitində yaşamağa məhkum edilmişdi. Azərbaycanın hərbi təcavüz, daxili çəkişmələr, iqtisadi tənəzzüllə üzləşdiyi bir vaxtda iqtisadiyyatın bütün göstəriciləri neqativ meyillərlə xarakterizə olunurdu. Belə ki, 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ÜDM-in istehsalında artım əvəzinə hər il azalma müşahidə edilirdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizliyin səviyyəsi xeyli yüksəlmişdi. Həmin dövrdə maliyyə-bank sistemi iflic vəziyyətdə idi. Tədavülə buraxılmış milli valyuta - manat qiymətdən düşmüşdü. Ölkədə inflyasiya özünün pik səviyyəsinə çatmış, iqtisadiyyata xarici sərmayə qoyuluşları tamamilə dayanmışdı.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu tarixi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində qısa müddət ərzində siyasi və iqtisadi sabitləşmə təmin edildi, Azərbaycan iqtisadiyyatının yenidən qurulması, dayanıqlı inkişaf mərhələsi başlandı. Bundan sonra ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı.
Bu strategiya xarici kapitalın və təcrübənin cəlb edilməsi, çoxvariantlı nəqliyyat sisteminin yaradılması, gəlirlərin toplanması və səmərəli idarə edilməsi kimi üç əsas hissədən ibarət idi.
Ən əvvəl xarici kapitalın, ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üçün böyük təcrübəyə və geniş maliyyə imkanlarına malik olan beynəlxalq neft şirkətlərinin Azərbaycana cəlb olunması lazım idi. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Nüfuzlu neft şirkətləri ilə iş birliyinin qurulması Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə şərait yaratdı. "Əsrin müqaviləsi"ndən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana marağı artdı, iqtisadiyyata, xüsusilə də neft sektoruna çoxmilyardlı xarici investisiyaların axını başlandı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.
Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən-ilə genişləndi və ölkəmiz özünün enerji təhlükəsizliyini tam təmin etdi. Dünyanın enerji təminatında da Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti artdı. "Şahdəniz" yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünü beynəlxalq bazarlara ixrac etmək imkanı qazandı.
Boru nəqliyyat infrastrukturu istismara veriləndən sonra karbohidrogen ehtiyatlarının dünya bazarına genişmiqyaslı ixracına, çoxvektorlu nəql siyasətinin həyata keçirilməsinə nail olundu və bununla əlaqədar ölkəyə valyuta daxilolmaları sürətlə artdı.
Gəlirlərin toplanması və səmərəli idarə edilməsi də mühüm əhəmiyyətə malik idi. Hasilatın pay bölgüsü sazişlərinin xarici şirkətlərlə imzalanması və bu sazişlərin təsdiqi prosesinin ictimaiyyətə açıq şəkildə çatdırılması neft sərvətlərinin idarə edilməsində şəffaflığın qurulması istiqamətində ilk addım oldu. Eyni zamanda xarici investorlar üçün yaradılmış əlverişli şərait beynəlxalq standartların və şəffaf idarəetmə üsullarının tətbiqinin əsasını təşkil etmişdir. Dünya sisteminə uğurlu inteqrasiya neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübələrin tətbiqinə yol açdı.
Azərbaycanda mövcud olan iqtisadi və sosial problemlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün üzləşdikləri sosial-məişət çətinlikləri və sərbəst maliyyə resurslarının məhdudluğu ölkədə investisiyalara böyük tələb yaratmışdır. Bununla əlaqədar olaraq, Azərbaycanda Neft Fondu yaradılarkən neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə yanaşı, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan model seçilmişdir.
Milli neft strategiyasının uğurla reallaşması digər sahələrin inkişafına güclü təkan verdi. Azərbaycanın sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə ölkədə bir sıra mühüm əhəmiyyətə malik və strateji mahiyyət kəsb edən addımlar atılmış, genişmiqyaslı sosial-iqtisadi tədbirlər planı hazırlanmışdır. Qısa müddət ərzində çoxsaylı dövlət proqramları qəbul edilmış, infrastruktur sahələrin, sahibkarlığın, ölkədə işgüzar mühitin inkişaf etdirilməsi və məşğulluğun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycanın malik olduğu neft sərvətləri hesabına ölkədə formalaşan güclü neft sektoru ilə bərabər tarazlı iqtisadiyyatın qurulması və dinamik qeyri-neft sektorunun inkişaf etdirilməsi kimi məsələlər yeni prioritet vəzifəyə çevrildi.
Neft sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşməsinə investisiya qoyuluşlarının təşviqi məqsədilə dövlət başçısı tərəfindən digər önəmli bir qərar qəbul edildi. Prezidentin 30 mart 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyəti yaradıldı və şirkətin ilkin nizamnamə kapitalı Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşdırıldı. Şirkətin investisiya fəaliyyətinin məqsədini əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir.
Ölkənin durmadan artan maliyyə imkanları hesabına eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu layihələr də təkcə Azərbaycanın deyil, bötüvlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Həmin layihələrdən biri - Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında mühüm yer tutan Bakı-Tbilisi-Qars yeni dəmir yolunun inşası layihəsi Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikanın Qərbə doğru inteqrasiyasına və Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaradacaqdır.
Qeyri-neft sahələrinin inkişafı ilk növbədə ölkədə makroiqtisadi sabitliyin qorunmasını tələb edir. Ölkədə son illər ərzində yaradılmış inkişaf bazası, o cümlədən strateji valyuta ehtiyatları və bu resurslardan səmərəli istifadə olunması siyasəti dünyanı əhatəsinə almış qlobal böhrana qarşı aparılan tədbirlərin uğurla nəticələnməsinə və eyni zamanda qarşıya çıxan iqtisadi problemlərin tez bir zamanda aradan qaldırılmasına şərait yaradır. Bununla əlaqədar ölkə iqtisadiyyatı davamlılıq nümayiş etdirərək artım tempini və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Hökumətin həyata keçirdiyi antiinflyasiya tədbirləri və çevik monetar siyasəti sayəsində inflyasiyanın səviyyəsi 2009-cu ildə 1,5 faizə qədər azalmış, milli valyutanın məzənnəsi sabit səviyyədə saxlanılmışdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli iqtisadi siyasət sayəsində ölkə iqtisadiyyatında hökm sürən makroiqtisadi sabitlik, ÜDM-in istehsalında əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin göstərdiyi yüksək iqtisadi nəticələr onu deməyə əsas verdi ki, ölkədə keçid dövrü başa çatmışdır və Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkədir.
NƏTİCƏ
Nəticə olaraq belə qənaətə gəlmək olar ki, doğurdan da bu gün Azərbaycanın maliyyə siyasəti dövlətin maliyyə resurslarının toplanması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərin məcmusundan ibarətdir. Bu siyasət ictimai həyatın bütün tərəflərini, yəni həm iqtisadi, həm sosial və həm də beynəlxalq münasibətləri əhatə edir.
Azərbaycan dövləti də həyata keçirilən maliyyə siyasətinin başlıca subyektinə çevrilib. O, perspektiv üçün maliyyə inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövrə fəaliyyət taktikasını, iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir.
Maliyyə resurslarının istifadə edilməsinin əsas istiqamətlərinin hazırlanmasının məqsədi onlardan daha səmərəli istifadə edilməsindən ibarətdir. Buna isə hər şeydən əvvəl resursların üstün sahələrə və sosial sferaya bölüşdürmək yolu ilə nail olunur. Az maliyyə məsrəfi ilə daha yüksək nəticələrə nail olmaq həm bütövlükdə dövlət və həm də hər bir təsərrüfat subyekti üçün birinci dərəcəli vəzifə hesab edilir.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yönəldilən praktiki fəaliyyətin həyata keçirilməsi, iqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi üçün maliyyə münasibətlərinin təşkili üsullarının məcmusu kimi müəyyən edilən səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir. Respublikamızın mövcud maliyyə münasibətləri elmi cəhətdən əsaslandırılmış fiskal siyasətdən istifadə etməklə tənzimlənir. Maliyyə tənzimlənməsinin üsulu kimi fiskal siyasət vergiyə cəlbetmə və dövlət xərcləri kimi qüdrətli alətlərin yardımı ilə həyata keçirilir.
Bütün bunlara rəğmən, söyləmək olar ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmaqdadır. Bundan sonra da bu strateji xətt üzrə ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verməkdə davam edəcək.
Dostları ilə paylaş: |