Azərbaycan, çəlik qollar baxçası
Bakıxanlar gülzarıdır bu ölkə,
Məhəmməd Xan, Əhməd Xanlar məskəni,
Cavad Xanlar məzarıdır bu ölkə.
Gəncənin hüsnünə çox mahnılar qoşulub, lakin önəmli fakt odur ki, Sovet dövründə Gəncənin rəsmi adı Kirovabad olduğu illərdə də bu mahnılar məhz Gəncəyə həsr edilmişdir.
Gəncə çinarları şəhərimizə məxsusi gözəllik, əzəmət bəxş edir, vüqarımızın rəmzi olan çinarlar həm də təbiətin yaratdığı abidələrdir. Gəncənin yaraşığı olan Şərq çinarı haqqında hələ orta əsrlərdə şəhərimizə səfər etmiş səyyahlar Gəncəyə rövnaq verən, diametri 6-7, hündürlüyü 42-45 metrə çatan çinarlara məftun olduqlarını bildirmişlər. Gəncənin qəhrəman oğulları da usta Bəndərdən başlayaraq zaman-zaman Vətənin hər qarış torpağı uğrunda ölüm-dirim savaşına çıxmış, vətənini və namusunu qorumaq yolunda öz canlarını qurban vermişlər. Gəncənin xan çinarları bu torpağın dərinliklərinə kök saldığı kimi, qəhrəman oğulları da insanların ürəklərində ucalmışlar.
Son illər ölkənin hər yerində olduğu kimi qədim Gəncədə də abadlıq, quruculuq sahəsində çox böyük işlər görülür. Ölkə başçısı İlham Əliyevin tövsiyə və tapşırıqları, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir.
Şəhərdə 400 minə yaxın əhali yaşayır. Bu gün bu qədim şəhərdə fəaliyyət göstərən ali təhsil ocaqlarında 24.000 tələbə təhsil alır. Gəncə Azərbaycanın əsas elm, təhsil mərkəzlərindən biri olub, Respublikanın ikinci böyük şəhəridir. Bu şəhərdə tələbələrlə yanaşı 2800-dən çox müəllim (99 elmlər doktoru, 44 elmlər namizədi, 584 isə baş mühazirəçidir) fəaliyyət göstərir.
Gəncədə abadlıq və quruculuq işlərinin öz dəsti-xətti var. Burada milli- mənəvi dəyərlərin, memarlıq üslubunun qorunmasına böyük diqqət yetirilir. Şəhərdə aparılan abadlıq və quruculuq işləri də məhz bu baxımdan aparılır.
Dostları ilə paylaş: |