3.3. Onimlərin transkripsiya və transliterasiyası
Sosial-siyasi, iqtisadi-mədəni inkişafda olan dünya dövlətlərinin qarşılıqlı əlaqələri dil münasibətlərini də zəruri edir. Bu baxımdan xüsusi adların bir dildən digərinə keçməsi təbiidir və burada onomastik vahidlərin transkripsiya və transliterasiya problemləri, hətta beynəlxalq müzakirələr mövzusuna qədər qalxır. Problemin əsasında xüsusi adların beynəlxalq standartlara uyğunlaşdırılması durur. Burada hər bir dilin özünəməxsus xüsusiyyətləri problemin həllini bir qədər də çətinləşdirir.
Xüsusi adı başqa dildə necə vermək olar, yaxud əcnəbi adı milli dilin vasitələri ilə necə düzgün uyğunlaşdırmaq olar? Üçüzvlü ad modelinə uyğun gəlməyən şəxs adlarından necə istifadə etməli? Sənədlərin doldurulması zamanı əcnəbi adların elementlərini rubrikalarda necə yerləşdirməli? Hər bir konkret halda əcnəbi adların hansı mövcud ötürülmə üsulu məqbuldur? Bu kimi suallar tətbiqi onomastika problemləri ilə qırılmaz şəkildə bağlıdır.
Məlum olduğu kimi, dil insanlar arasında ən vacib ünsiyyət vasitəsidir, onun köməyi ilə insanlar fikirlərini bölüşür və qarşılıqlı anlaşma əldə edirlər. Əgər ünsiyyətdə olanlar eyni dil daşıyıcısıdırsa, ünsiyyət bilavasitə baş verir. Əks halda isə bilavasitə ünsiyyət qeyri-mümkün olur və tərcümə, yəni bir dildə ifadə olunan düşüncələrin başqa dilin vasitələri ilə verilməsi köməyə gəlir.
“Mədəniyyətlərarası və dillərarası əlaqələrin fəallaşdığı, insanların əksər hallarda çoxdilli şəraitdə işlədiyi, bütün sənədlərin – beynəlxalq pasportlardan və korporativ müqavilələrdən tutmuş nəqliyyat sxemləri və yol göstəricilərinə qədər - bir neçə dildə tərtib edilməli və hazırlanmalı olduğu, təkcə peşəkar tərcümənin sferasının deyil, həm də kortəbii dil vasitəçiliyinin genişləndiyi indiki dövrdə cəmiyyət getdikcə daha kəskin şəkildə xüsusi adların dillərarası fəaliyyəti ilə bağlı çoxlu sayda həll olunmamış məsələləri dərk edir” [417, s.7].
Həm nəzəri, həm də tətbiqi onomastikanın mühüm və aktual problemlərindən biri milli və əcnəbi adların düzgün transkripsiyası, transliterasiyası və tərcüməsidir. Müasir dilçilikdə xüsusi adların dillərarası ötürülmə qanunauyğunluqları və prinsipləri müəyyən qədər öyrənilsə də, bununla bağlı ziddiyyətlər, qeyri-dəqiqliklər hələ də özünü göstərir. Bu çətinliklər xəritələrin, inzibati mənbələrin, soraq kitabçalarının, xarici ədəbiyyatın tərcüməsi zamanı da yaranır. Milli dilin spesifik xüsusiyyətlərini nəzərə almaq, yad dil qanunlarının milli dilə mexaniki tətbiq olunmasından imtina etmək çox vacibdir.
Xüsusi adlar müqayisəli dilçilikdə dillərarası, mədəniyyətlərarası körpü rolunu oynayır. Ancaq onimlərin bu mühüm cəhəti belə bir fikrin yayılmasına səbəb olub ki, adlar xarici dilin öyrənilməsi və tərcümə zamanı əhəmiyyətli deyil. Buna görə də onlar, bir qayda olaraq, ikidilli lüğətlərə salınmır.
Sözalma elmi prinsiplərə əsaslanmalıdır. “Başqa dildən bu və ya digər leksik vahidi alarkən anlayışı, ideyanı, habelə hadisələrin yad linqvomədəni cəmiyyətin etalonları və təsəvvürlərinə müvafiq olaraq işlənib hazırlanmış xarakteristikasını da qəbul edirik. Bunun nəticəsi kimi, qavramanın yad mədəniyyətə xas modelləri də mənimsənilir, bunlar bizi dünyaya sanki başqasının gözləri ilə baxmağa vadar edərək, dünyanın milli mənzərəsini dəyişir” [456, s.255].
Xüsusi adın mənası mədəniyyətlərarası və dillərarası əlaqələr zamanı daha aktual olur. Bizə belə gələ bilər ki, xüsusi adlar dillərarası maneələri asanlıqla keçir, çünki öz zahiri formasını ana dilindən kənarda da qorumağa çalışır. Amma onların məzmunundakı mühüm elementlərə belə maneələrdən keçmək çətin olur. Mənanı qoruyub saxlamaya bilməyən xüsusi adlar yad dil mühitində işlənə bilməz. Tərkibində adlar olan mətnlərin anlaşılmaması və dəqiq qavranılmaması da bununla bağlıdır.
İlk baxışdan, xüsusi adların tərcüməsinin heç də çətin olmadığını düşünmək olar. Hətta bu, şərti olaraq tərcümə adlana bilər: xüsusi adlar, adətən, transkripsiya və ya transliterasiya edilir. Bu, xüsusi adların özünəməxsusluğu ilə şərtlənir. İ.S.Alekseyeva “Xüsusi adların tərcüməsinin xüsusiyyətləri” əsərində onları ümumi isimlərdən fərqli olaraq “adlandıran leksik vahidlər” kimi müəyyən edir [364]. Başqa sözlə, xüsusi adlarda nominativ funksiya ön plana keçir, ümumi isimlərin əsas funksiyası isə mənanı bildirmək üçün adlandırmaqdır. Bundan əlavə, insan adları və coğrafi adlar öz mənşəyinə görə, əsasən, ilkin leksik vahidlər deyil, çünki onlar ümumi sözlərdən əmələ gəlmişdir.
D.İ.Yermoloviç belə hesab edir ki, xüsusi adlar predmetin xüsusi, fərdi işarəsi üçün xidmət edir, yəni fərdiləşdirici nominasiya funksiyasını yerinə yetirir [416].
Bir çox alınma sözdən fərqli olaraq, adların xüsusiyyəti budur ki, başqa dildə verilərkən onlar ilkin səs simasını mühafizə edir. Bunun səbəbi xüsusi adın semantik strukturunun spesifikası ilə bağlıdır. Adlar başqa dildə verilərkən səs cildi böyük əhəmiyyət daşıyır. Bu ona görə baş verir ki, onlar fərdi obyektləri bilavasitə bildirir. Onimlər həmin predmetləri həm doğma, həm də yad dil mühitində işarə etməlidir.
Azərbaycan dilindəki alınma sözlər, eləcə də onomastik vahidlər tarixi inkişafın müəyyən mərhələlərində dilimizə daxil olaraq fəal surətdə işlənmişdir. Bunlar tam mənası ilə azərbaycanlaşmış, hamı tərəfindən qəbul edilmişdir. Sözalan dil öz xüsusiyyətlərinə görə mühafizəkar mövqe tutaraq alınmış onomastik vahidi dildaxili tələblərə tabe etdirir və həmin dil vahidinin etimon dildəki semantikasını fonoörtüyü ilə birgə qəbul etməyə çalışır. Xüsusi ad öz ilkin səs görünüşünü qoruyub saxlamağa çalışsa da, yayılma arealında etimon dil – mənbə dil – sözalan dil trayektoriyasını keçməyə məcbur olur. Alınma adlar Azərbaycan dilinin fonetik qanunlarına uyğunlaşmış şəkildə işlədilir. Həmin onimlər milli adlardan heç də fərqlənmir. Onların bir çoxunun alınma olduğunu müəyyənləşdirmək belə, çətin olur.
Bir dildən digərinə adların keçməsi, ötürülməsi transkripsiya və transliterasiya prinsiplərinə tabe etdirilir. Bu, böyük həssaslıq tələb edən işdir. Ümumi sözlər başqa dildə verilərkən onların mənasının göstərilməsi çox əhəmiyyətlidir. Ümumi sözün səs cildi elə bir mühüm rol oynamır. Əksinə, onimlərin verilməsi üçün səs cildi zəruridir. Çünki onlar başqa dilə keçərkən, əsasən, öz ilkin görünüşünü qoruyub saxlayır. Sözalan dil də həmin adın semantikasını qorumağa cəhd göstərir.
Digər alınma dil vahidlərindən fərqli olaraq, xüsusi adlar alınan zaman milli dilin imkanları – onun fonoqrafik, leksik-semantik, fonotaktik imkanları daha qabarıq şəkildə özünü göstərir. Bu baxımdan milli dilin orfoqrafik imkanlarının genişliyi, qohum və yad dil ailələrinə məxsus xüsusiyyətlərin nəzərə alınması milli dilin üstünlüyü və mükəmməlliyinə dəlalət edir.
Qeyd etdiyimiz kimi, alınma xüsusi adın ilkin səs cildinin saxlanmasını təmin etmək üsulları transkripsiya və transliterasiyadır. Tədqiqatçılar tərəfindən daha bir üsul təklif olunur ki, bu da əcnəbi adın qrafikasını saxlamaqla mətnə olduğu kimi, bilavasitə daxil edilməsidir.
Transliterasiya (lat.trans – içindən, ortasından, arasından + litera – hərf) əcnəbi sözün hərflərinin milli əlifba ilə, bir yazı sisteminin başqa yazı sistemi ilə verilməsidir. Transliterasiya öz sadəliyi və əlavə işarələrin tətbiqinin mümkünlüyü ilə praktik transkripsiyadan fərqlənir, lakin xüsusi adların başqa dildə verilməsi zamanı bu üsuldan az istifadə edilir, çünki transliterasiyada əcnəbi adın səs cildi çox təhrif olunur. Transliterasiya zamanı hərfləri müəyyən birmənalı qayda əsasında dəyişirlər və tələffüzü nəzərə almırlar.
Nitq vahidlərinin yazılmasına əsaslanan transliterasiyada dillər müxtəlif qrafik sistemlərdən istifadə edir, lakin bu dillərin hərfləri müəyyən dərəcədə bir-biri ilə uyğunlaşdırılır və buna müvafiq olaraq xüsusi adlar bir dildən digərinə ötürülür.
Transliterasiyanın ən sadə üsulu heç bir dilin qaydalarına uyğun gəlmir, sadəcə ünsiyyət üçün istifadə olunur. Praktik transliterasiyanın məqsədi hər hansı bir əcnəbi xüsusi adın istifadə olunan başqa dildə müvafiq şəkildə yazılmasıdır. Pasportlarda praktik transkripsiya tətbiq olunur. Biblioqrafiyada, əksinə, transliterasiyaya üstünlük verilir, çünki o, birmənalı uyğunluq verir və dəqiqliyi təmin edir.
Transkripsiya latınca “transcriptio” sözündən olub, “üzünü köçürtmə” deməkdir, əcnəbi sözün səslərinin (adətən, xüsusi adın, terminin) milli əlifbadakı hərflərin köməyi ilə verilməsidir. Transkripsiya zamanı sözü başqa dilin hərfləri ilə köçürürlər, bu halda mənbə dildəki tələffüzə maksimum yaxınlaşmağa çalışırlar. Beynəlxalq istifadə üçün nəzərdə tutulmuş müxtəlif transkripsiyaların yaradılması qədim tarixə malikdir. Əlifba əsasındakı transkripsiya daha geniş yayılıb. Praktik transkripsiya tərcümə olunmayan sözlərin verilməsi prosesi, milli əlifbanın vasitələrindən istifadə etməklə əlavə işarələrə müraciət etmədən adların mümkün qədər dəqiq verilməsidir. Bu üsul praktik ehtiyaclar üçün (mətbuat, elmi və bədii ədəbiyyat, kartoqrafiya, reklam, biblioqrafiya və s.) nəzərdə tutulur.
A.Parşin transkripsiya və transliterasiyanı orijinaldakı leksik vahidin, tərcümə dili hərflərinin köməyi ilə formasını bərpa etmək yolu ilə tərcümə üsulları adlandırır. Transkripsiya zamanı əcnəbi sözün səs forması, transliterasiya zamanı isə onun qrafik forması (hərf tərkibi) əks olunur. O hesab edir ki, müasir tərcümə praktikasında aparıcı üsul transliterasiyanın bəzi elementlərini saxlamaqla transkripsiyadır. Dillərin fonetik və qrafik sistemləri bir-birindən çox fərqləndiyindən, əcnəbi sözün tərcümə dilində verilmə forması həmişə şərti və təxmini olur. Hər dil cütlüyü üçün əcnəbi sözün səs tərkibinin verilmə qaydaları işlənib hazırlanır, transliterasiya elementlərinin saxlanma halları və hazırda qəbul edilmiş istisnalar göstərilir [504].
Xüsusi adların aşağıdakı qrupları transkripsiya olunmalıdır: şəxs adları, ata adları, soyadlar, təxəllüslər, kiçiltmə adlar, ölkə, şəhər, küçə adları, bəzi kosmonimlər, gəmi, təyyarə, kosmik gəmi və s. adları. Bu zaman transkripsiyanın başlıca məqsədi orijinalın fonemləri və qəbul edən dildə onların qrafik uyğunluqları arasında qarşılıqlı birmənalı müvafiqlik prinsipinə riayət edilməsidir. Adətən, qəbul edən dildə xüsusi ada vurğu tətbiq edilir.
Bir çox hallarda vahid transkripsiya sisteminin olmaması mətnlərin anlaşılmasını və şəxslərin, obyektlərin tanınmasını çətinləşdirir. Müasir tərcümə nəzəriyyəçiləri tərəfindən praktik transkripsiya prinsipi hazırlanmışdır. Bu prinsip xüsusi adın səslənməsini təqdim edir, eyni zamanda, transliterasiyanın bəzi elementlərini özündə birləşdirir. Nəzərə almaq lazımdır ki, dillərarası kommunikasiya zamanı böyük həcmli informasiyalar məhz yazılı şəkildə verilir, buna görə də xüsusi adların yazılma xüsusiyyətləri ad daşıyıcısını daha dəqiq göstərməyə də xidmət edir. Transliterasiya elementlərinin köməyi ilə orijinalın dilində xüsusi adın başlanğıc formasını bərpa etmək asan olur.
Transkripsiya və transliterasiyadan başqa, adların dillərarası ötürülməsi zamanı daha bir prinsipdən istifadə olunur ki, bu da etimoloji uyğunluq və ya transpozisiyadır. Transpozisiyanın mahiyyəti budur ki, müxtəlif dillərdə formasına görə fərqlənən, lakin ümumi linqvistik mənşəyə malik xüsusi adlar bir-birinin ötürülməsi üçün istifadə olunur. Bəzən transpozisiya müntəzəm, bəzən də epizodik tətbiq edilir. Məsələn, eyni bir ad rusca və ukraynaca müxtəlif şəkildə tələffüz edilir və yazılır: Aleksey, Pavel (rus) – Aleksiy, Pavlo (ukr.).
Transpozisiya prinsipi xüsusi hallarda istifadə olunur və daha çox tarixi adlara, Bibliya adlarına, həmçinin rahiblərin adlarına aiddir. Məsələn, Roma papası İoann Pavel kimi işlənir, Jon Pol və ya Covanni Paolo kimi deyil.
Kalkaetmədə orijinaldakı leksik vahidin tərkib hissələri qəbul edən dildəki leksik uyğunluqlarla əvəz olunur [504]. O, sözün və ya söz birləşməsinin fonetik yox, kombinator tərkibinin əks olunmasıdır, bu sözün, ya da ifadənin tərkib hissələri (morfemlər və ya leksemlər) qəbul edən dilin müvafiq elementləri ilə tərcümə olunur [416].
Kalkaetmənin mahiyyəti qəbul edən dildə yeni sözün, yaxud söz birləşməsinin yaradılmasından ibarətdir. Kalkalar müxtəlif variantlarda işlənə bilir. Müəyyən xüsusi adlar kalka edilir: Ağ Ev – White House, Qış Sarayı – Зимний Дворец, siyasi partiya və hərəkat adları, tarixi hadisələr, ifadələr, bədii əsər adları və s. Dağ, göl, dəniz və s. adları o zaman kalka edilir ki, tərkibində tərcümə ediləsi komponentlər olsun: Qara dəniz – Черное море, Duzlu göl – the Salt Lake və s. Bu üsulun istifadəsi zamanı əsas çətinlik başlanğıc strukturun tərkibinə əlavə elementlərin daxil edilməsi, yaxud başlanğıc elementlərin ixtisarıdır. Lakin tərcümə bütün hidronimlərə şamil olunmaya bilər.
Soyadların transliterasiyası problemi ilk dəfə geniş miqyasda Prussiya kitabxanalarında kitab kataloqlarının yaradılması zamanı nəzərdən keçirilmişdir. Vahid əlifbada kitabların yerləşdirilməsi müəllif adları və soyadlarının vahid orfoqrafik sistemin köməyi ilə yazılmasını tələb edirdi. Bu məqsədlə xüsisi təlimatlar (10 may 1899, sonra 10 avqust 1908) tərtib edildi ki, Beynəlxalq Standartlar Təşkilatı (İSO) transliterasiya qaydaları hazırlayarkən onların tövsiyələrini əsas götürdü. Bununla belə, transliterasiya olunmuş soyadlar hər dildə o dilin qaydalarına görə müxtəlif cür oxunur.
Soyadların transliterasiyası məsələləri xarici pasportun alınması, həmsoyadlıların axtarışı zamanı meydana çıxır. Əgər başqa ölkəyə ilk dəfə getmisinizsə, soyadınızın yazılışı o qədər də əhəmiyyətli deyil. Yox əgər başqa ölkəyə dəfələrlə bir transliterasiya ilə, sonra isə yeni transliterasiya ilə getmisinizsə, onda soyadınız müxtəlif imlalarda kompüterə düşəcək. Belə vəziyyət hotellərdə, banklarda böyük problem yarada bilər.
Eyni dildə olan xüsusi adların transkripsiyası zamanı əvvəlcə onların yazılışındakı müxtəlifliyi aradan qaldırmaq lazımdır. Adların unifikasiyası üçün transkripsiya həmin adın hər hansı bir xalqın dilində real mövcud olan ən geniş yayılmış ədəbi tələffüzü göstərməlidir. Tələffüzün milli xüsusiyyətləri titulların, coğrafi nomenklaturanın, qrammatik və oxşar terminlərin, hərf adlarının və s. verilməsində də öz əksini tapmalıdır. Şəxs adlarının tərkibindəki titul və adların yazıda verilməsində də ümumiliyə nail olmaq lazımdır. Coğrafi adlarda söz-titullar istənilən mövqedə xüsusi ada bitişik yazılmalıdır (məs., Şahrud, Kirmanşah və s.).
Toponimlərdəki coğrafi nomenklatur terminlər (şəhər, çay, dağ, göl və s.) ya mürəkkəb adın tərkib hissəsi, ya da izahedici termin kimi işlənir. Birinci halda onlar tərcümə edilmir, ikinci halda izahedici termin tərcümə olunur, amma ixtisar formada da verilə bilər.
“Coğrafi adların transkripsiyasının Əsas Qaydaları” layihəsinin yaradılması üzrə iş əsaslı surətdə, toponimik materialın elmi əsaslandırılmış inventarizasiyası ilə aparılmalıdır. Belə bir iş bütün onomastik araşdırmalar üçün çox əhəmiyyətli və vacibdir, çünki mötəbər, dəqiq və elmi cəhətdən əsaslandırılmış tədqiqat toponimlərin dil atribusiyasının və identifikasiyasının keyfiyyətli və tam şəkildə aparılmasından asılıdır. Hər şeydən əvvəl, milli coğrafi adların sözlüyü tərtib edilir ki, buraya toponimlərin bütün variantları salınır; adlar həm Azərbaycan, həm də rus dillərində olan müxtəlif xəritələr, atlaslar, soraq kitabları və s. ədəbiyyat üzrə müqayisə edilir. Bundan başqa, müxtəlif növ dərsliklər, inzibati-ərazi materialları və mənbələri nəzərdən keçirilir ki, bunlar da coğrafi adların transkripsiyasının dəqiq olmasına kömək edir.
Onomastik vahidlərin başqa dillərdə orijinala daha yaxın variantda verilməsi məqsədilə Azərbaycan Respublikasının coğrafi adlarının, habelə ölkə hüdudlarından kənarda mövcud olan Azərbaycan mənşəli coğrafi adların rus və ingilis əlifbalarına transliterasiyasının üsul və yollarını müəyyənləşdirən qaydalar hazırlanıb təsdiq edilmişdir [43]. Qaydalarda Azərbaycan, rus və ingilis dillərinin fonetik xüsusiyyətləri, spesifik qrafemlərin mövcudluğu, ümumi qəbul edilmiş və sabitləşmiş ənənənin mövcud olması və s. məsələlər nəzərə alınmışdır.
Alınma onimlərin orfoqrafiyası hər zaman müzakirə obyekti olmuşdur. Bu adların yazılışında mövcud qaydalardan kənaraçıxmalar özünü göstərir. Əsas çətinlik klassik mətnlərin nəşrə hazırlanması zamanı ortaya çıxır. “Bəla burasındadır ki, çox vaxt dilimizin müasir onomastikası ilə klassik onomastika sistemi qarışdırılır, hətta müasir elmi və elmi-kütləvi ədəbiyyatda da məsələ dolaşdırılır, adlar ilkin mənbədən daha da uzaqlaşdırılır” [197, s.5].
Klassik mətnlərin nəşri zamanı ən çox buraxılan nöqsanlar antroponimlərin verilməsində özünü göstərir. M.İ.Adilov qeyd edir ki, əsrlər boyu xalqın bir söz kimi anlayıb bir vurğu ilə tələffüz etdiyi adlar müasir dövrdə süni şəkildə iki söz kimi yazılır. Məsələn, Məhəmməd Tağı, Məlik Məhəmməd, Məhəmməd Qulu xan, Əli Qulu xan, Hüseyn Qulu xan, Məhəmməd Hüseyn xan, Əbül Həsən, Əbdül Qədir, Cəlal əd-din və s. Müəllif haqlı olaraq bu adların yazılışını qüsurlu hesab edir. Daha sonra müəllif göstərir ki, əsas komponentin önünə gələn bir sıra determinantların (ağa, bəy, seyid, şah, mir, bala və s.) ayrı yazılması səhvdir, məsələn: Ağa Sadıq, Bala Sultan, Hacı Mir Abbas ağa, Mir Həsən Hacı Mirağa oğlu, Hacı Sultan Əmir, Hacı Soltan Əhməd, Ağa Mir Sadıq ağa, Mirzə Mir Hadı ağa [11, s.29]. Lakin burada bəzi komponentlərin hansı antroponimik kateqoriyaya aid olduğu anlaşılmır. Bunu aydınlaşdırdıqdan sonra hansı komponentin bitişik və ya ayrı yazılması barədə qəti fikir söyləmək olar.
T.M.Hacıyev belə bir təklif sürür ki, əlyazmada işlənmiş bir sıra müasir identik adların ilkin variantını bərpa etmək lazımdır: 1) ikinci komponenti “allah” sözü ilə ifadə olunmuş mürəkkəb ekzogen adın sonuna hazırda ixtisar edilmiş “h” samitini: Abdulla – Abdullah, Seyfulla – Seyfullah və s.; 2) müasir tələffüzdə itmiş bir sıra başqa samitləri: Əbülfət – Əbülfəth, Əbülfəz – Əbülfəzl, Fətulla – Fəthullah, Fətəli – Fəthəli və s. [144]. Həqiqətən də, ilk komponenti “Allah” olan Allahyar, Allahverən və s. adlarda olduğu kimi, yuxarıda qeyd olunmuş antroponimlərin sonunda “h” samitini bərpa etməyin gərəkli olduğunu düşünürük. Müəllifin birinci təklifi ilə bağlı onu da qeyd edək ki, ekzogen adın sonundakı “h” samiti bəzi adlarda qorunub saxlanmışdır, məsələn: Əhmədov Seyfullah [637], İsmayılov Feyruz Amanullah oğlu [641], Hacıyev Nəsrullah, Doldolov Elman Hizbullah oğlu [642], Babayev Aqil İnşallah oğlu [660]. Türkiyə türkcəsində də həmin adlar bu cür işlənir, məsələn: Nurullah, Hayrullah, Ataullah, Seyfullah, Abdullah [Bax: 332].
Müəllifin bildirdiyinə görə, şəxs adından əvvəl gələn köməkçi ad böyük, şəxs adından sonra gələn isə kiçik hərflə yazılır, məsələn: Şah Abbas, Əmir Xosrov, Nadir şah, Bəhmən mirzə və s. [144, s.32]. Bu müddəa “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın 33-cü bəndində, habelə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda da öz əksini tapmışdır [Bax: 38, s.19; 40].
Sənədlərin hazırlanması zamanı xüsusi adların əsas (nominativ, identifikasiya edən, fərqləndirici, ünvan) və əlavə (estetik, simvolik və imic) funksiyaları aktuallaşır. Düzgün yazılmayan ad sənədlərin hazırlanması zamanı dolaşıqlığa səbəb olur, həmin adın daşıyıcısı üçün çətinliklər yaradır. Rəsmi sənədlərdə eyni adın müxtəlif yazılışı praktik cəhətdən arzuolunmaz haldır və bu özünü adın həm milli dildə, həm də başqa dillərdə verilməsində göstərir. Mətbuat səhifələrində peyğəmbərimizin adının Mühəmməd, Muhamməd şəklində yazıldığına rast gəlmək mümkündür. Ərəb mənşəli adlar çox qədimlərdən etibarən Azərbaycan dilinə daxil olmuş, geniş işləklik qazanmış və dilimizin qayda-qanunlarına uyğunlaşmışdır. Bu adın da dilimizdəki fonetik qanunlara müvafiq olaraq Məhəmməd şəklində yazılması qəbul edilmişdir. Burada bir məsələni xatırlatmaq yerinə düşər ki, o da “peyğəmbər” və “Allah” sözlərinin yazılışıdır. Fikrimizcə, “Allah” sözü (eləcə də Tanrı, Rəbb, İlahi, Pərvərdigar) tək varlığı bildirdiyi üçün, “peyğəmbər” sözü isə yalnız konkret olaraq Tanrının elçisi Məhəmmədi (s.a.v.) bildirdiyi halda böyük hərflə yazılmalıdır.
Bəllidir ki, ərəb dilində qohumluq münasibəti bildirən, yəni şəxsi övlada görə adlandırmağa xidmət edən sözlər – künyələr vardır: əbu, əbül, ümm. Bu köməkçi sözlər şəxs adı ilə birləşərək vahid ad formasında işlənə bilir. Məsələn, Əbubəkr (Bəkirin atası), Əbülfəth (Fəthin atası), Umnisə (Nisənin anası), Umcahan (Cahanın anası), Umgülsüm (Gülsümün anası), Umxanım (Xanımın anası) və s. Həmin adlar, həmçinin İmaməddin, İsaməddin, Elməddin, Əbdülbaqi, Əbdüləziz, Əbdülhəmid, Əbdürrəhim, Mirabbas, Mirbağır, Mirdaməd və s. kimi adlar dilimizdə geniş yayılmışdır. Azərbaycan dilinə bütöv şəkildə daxil olmuş bu adlar mürəkkəb ad kimi işlənir, bitişik yazılır və bir vurğu ilə deyilir.
Rus dilinin orfoqrafiya qaydalarına görə, qohumluq münasibətlərini, ictimai vəziyyəti, mövqeyi bildirən başlanğıc və ya son tərkib hissələrindən ibarət Şərq şəxs adları (türk, ərəb və s.) defislə yazılır [Bax: 519, s.38]. Buna uyğun olaraq, bəzən bizdə də yuxarıda göstərilən adlar ya defislə, ya da ayrı yazılır. Bu isə dilimizin qaydalarına ziddir.
Avropa dillərindən adların dilimizə keçməsində rus dili vasitəçi rol oynamışdır. Həmin adlarda aşağıdakı fonetik hadisələr baş verir:
1) [əe] səsi [e] ilə verilir: Alice [əelis] – Элис – Elis, Anthony – Энтони – Entoni, Daniel [dəenjəl] – Дэниел – Deniel, Sam [səem] – Сэм – Sem, Stanley [stəenli] – Стэнли – Stenli
2) [h] səsi [x], bəzən [h] ilə verilir: Hilary [hıləri] – Хилари – Xilari//Hilari
3) sözün müxtəlif mövqelərində [h] səsi düşür: Hadrian [heidriən] = Adrian – Адриан – Adrian, Helen [helin] – Элен – Elen, Hannah [həenə] = Anna – Анна – Anna, Deborah [debərə] – Дебора – Debora, Dinah[ dainə] – Дина – Dina
4) [u] səsi [ü] ilə verilir: Juliet [dzu:ljət] – Джульетта – Cülyetta, Lucy [lu:si] – Люси – Lüsi, Luke [lu:k] – Л(ь)юк – Lük, Montagu(e) [montəgju:] – Монтегю - Montegü, Muriel [mjuəriəl] – Мюриель – Müriyel, Samuel [səemjuəl] – Сэмюел(ь) – Semüel, Susan [su:zn] – Сьюзен – Süzen, Susanna(h) [su(:)’zəenə] – Сюзанна – Süzanna və s.
5) [w] səsi [v] ilə verilir: William [wiljəm] – Vilyam, Wallace [wolis] – Volis. Bu, yeni “Orfoqrafiya Normaları”nda da (3.9-cu bənd) öz əksini tapıb [40].
6) “c” hərfi Avropa dillərində [k], [s] səslərini ifadə edir: Clement [klemənt] – Клемент – Klement, Clare [kleə] – Клэр – Kler, Connie [koni] – Конни – Konni, Cecil [sesl] – Сесил - Sesil, Cyril [sirəl] – Сирил - Siril, Cecilia [si’siljə] – Сесилия – Sesiliya
7) “g” hərfi Avropa dillərində [g] və [dz], yəni [q] və [c] səslərini ifadə edir: Gabriel [geibriəl] – Габриэль – Qabriel, Gladys [gləedis] – Глэдис – Qledis, Gloria [glo:riə] – Глория – Qloriya, George [dzo:dz] – Джордж – Corc, Gerald [dzerald] – Джеральд – Cerald, Geffrey [dzefri] – Джефри – Cefri və s.
8) “ph” hərf birləşməsi [f] səsinin ifadəçisi kimi çıxış edir: Humphre(y) [hamfri] – Хемфри – Hamfri//Hemfri, Jozeph [dzəuzif] – Джозеф – Cozef, Philip [filip] – Филипп – Filip və s.
9) ch – [k] : Chris [kris] – Крис – Kris, Christian [kristjən] – Кристиан – Kristian, Christopher [kristəfə] – Кристофер – Kristofer və s.
10) ch – [ş], yəni “ş”: Charlotte [şa:lət] – Шарлотта – Şarlotta
Mənbə dildə eyni vahidin müxtəlif variantlı olması əcnəbi onimlərin düzgün yazılış prinsiplərinin müəyyənləşdirilməsində çətinlik törədir. Bu variantlılıq təsadüfi ola bilər, yaxud çoxkomponentli adların ayrı, bitişik və defislə yazılışı orfoqrafik normalara uyğun olaraq həyata keçirilə bilər.
İngiltərə və ABŞ-da qoşa adlar geniş yayılmışdır, məsələn: Jozeph Charles Arthur – Cozef Çarls Artur, Mattew Gregory Lewis – Metyu Qreqori Lüis və s. Advermə ənənəsinə görə, ikinci ad qohumların, xaç ata və anasının, hər hansı bir görkəmli şəxsiyyətin, tarixi hadisənin şərəfinə, yaxud müəyyən dini və digər görüşlərlə əlaqədar verilir [Bu barədə bax: 544, s.7]. Ünsiyyət zamanı adlardan biri daim işlənir. Rəsmi şəkildə isə şəxsin hər iki adı deyilir. Lakin belə adların yazılışında variantlılıq mövcuddur: bəzən ayrı, bəzən defislə yazılır. Əksər hallarda yazıda ikinci ad inisial şəklində verilir. Məsələn, Tomas Corc Henri – Tomas C. Henri, Herriet Elizabet Benson – Herriet E. Benson və s. Bəzi əcnəbi adlarda apostrofa da rast gəlmək mümkündür, məsələn: Simeon’ Filip. Mövcud qaydalara görə, yalnız fransız qoşa adlarının yazılışında defisdən istifadə olunur. Digər əcnəbi qoşa adlarda isə defis işarəsi tətbiq olunmur.
Bəzi əcnəbi adlarda artikl və hissəciklər olur. Məsələn, “don” hissəcikli adın yazılışı keçmiş orfoqrafiya qaydalarında öz əksini tapmışdı. Belə ki, bu tipli adlar həmin qaydalara görə defislə yazılmalı idi: Don-Juan, Don-Kixot. Lakin bu qaydaya belə bir qeyd əlavə olunur ki, “don” sözü “cənab” mənasında işləndikdə aid olduğu sözdən ayrı və kiçik hərflə yazılır. Bu qayda rus dilinin orfoqrafiya və punktuasiya qaydalarına əsaslanır. Həmin qaydalara görə, “don” hissəcikli mürəkkəb adlar o zaman defislə yazılır ki, adın ikinci hissəsi rus ədəbi dilində ayrılıqda işlənmir [Bax: 386, s.38]. Bu məsələyə rus dilçilərinin münasibəti müxtəlifdir. Həmin fikri müdafiəçiləri belə hesab edirlər ki, “don” sözü lüğətlərdə ayrılıqda kiçik hərflə yazıla bilər. Xüsusi ad ümumiləşdikdə sözün tərkib hissəsinə çevrilən “don” sözə bitişik yazılır: donjuan, donkixot. Digər hallarda da birləşmə baş verir: fon Bülov – Fonvizin. Buna görə də Don-Juan və Don-Kixot yazılmalıdır [Bax: 534].
“Don” ispan, italyan sözü olub, latın dilindəki “dominus” (“ağa”, “cənab”) sözündəndir. İspaniyada və ispandilli digər ölkələrdə kişiyə hörmət və ehtiramla edilən müraciətdir. Adın qabağında işlənir. İtaliyada ruhanilər və zadəganların fəxri tituludur” [545, s.178]. Göründüyü kimi, Don-Kixot və Don-Juan adlarında “don” “cənab” mənasında işlənən sözdür. Kixot, Juan şəxs adları da sərbəst istifadə oluna bilər. Buna görə də “don” hissəciyindən sonra defis işarəsinə ehtiyac yoxdur. Həmin hissəcik başlıq kimi və ya cümlənin əvvəlində gələrsə, böyük hərflə, cümlənin ortasında isə kiçik hərflə yazılmalıdır.
Son zamanlar əcnəbi xüsusi adların transkripsiyasında ziddiyyətlər, uyğunsuzluqlar daha çox müşahidə olunur. Bu, müxtəlif səbəblərdən, həmçinin əcnəbi adların milli dilin orfoqrafiyasının müxtəlif vasitələri ilə verilmə imkanlarından irəli gəlir. Bəzən adların mənbə dildə düzgün yazılışını yoxlamaq imkanı da olmur. Bunun nəticəsində də ziddiyyətli variantlar meydana çıxır. “Hər bir ad kiminsə mülkiyyətidir, onda unikal obyekt barədə ən mühüm və ən dəqiq informasiya cəmləşmişdir və deməli, orfoqrafiya və ya orfoepiya qaydalarından bacarıqsız istifadə həm adın, həm denotatın özünün, həm də milli tarixin dağılmasına gətirib çıxara bilər” [479, s.33]. Təəssüf ki, praktikada belə bir fakta məhəl qoyulmur.
Mətbuat səhifələrində əcnəbi adların müxtəlif şəkildə yazılışı, xüsusilə geniş yayılmışdır:
1. Azərbaycan dilinin orfoqrafiyasına uyğunlaşdırılmış şəkildə verilənlər: Şahzadə Endryu, Əhməd Necdət Sezər, Mühəmmər Gülər, Yusif Sülün, Qədir Topbaş, Henk Moelands, Ann Ders, Kley Sell, Stiven Mənn, Kolin Pauell, Ceffri Hun, Nikolay Ryabov, Mauritsio Pavezi, Ənvər Özərən, Çarlz Uold, Vyaçeslav Aboimov, Sergey Bondaryev, Prasolova Lyudmila, Qaya Özsezgin, Devid Atkinson, Bryus Cekson, Deniel Sendford, Uorren Mitofski, Dmitri Medvedyev, Maykl Taunzend, Devid Vuldvord, Üsamə bin Laden, Ross Uilson, “MakDonalds”, “MakDrayv”, “Faynənşl Tayms”, Kamal Kəricsiz, Mahmud Əhmədinejad, “Türkiyə” qəzeti, Canni Bukikkio, Sərdar Özgüldür, Lyublyana şəhəri, “Moskovski komsomolets”, Pavel Qusev, Vyaçeslav Fetisov, Kondoliza Rays və s.
2. Müxtəlif şəkildə verilənlər: “Röyters” – “Röyter”, BBC – BBS, İğdır – İqdır, “Procekt Harmony” – “Projekt Harmoni” – Proyect Harmony, Prasolova Lyudmila – Tixomirova Ludmila, Mehmet Əli Ağca – Məhmət Əli Ağca, Kasımcomart Tokayev – Qasımcomərd Tokayev, Daniel Frid – Deniel Sendford, “Hyatt Regency” oteli – Həyat Reyjens oteli, Devid Vudvord – Devid Vuldvord, “Əl-Qaidə” – “Əl-Kaidə”;
Tbilisi – Tiflis: “43 yaşlı Konstantin Tiflisin hava limanında bildirib ki, o, siyasətlə məşğul olmağı planlaşdırır” [651]; “Bakı – Tbilisi – Ceyhan layihəsinə həsr olunacaq konfransın təşkilat komitəsi artıq yaradılmışdır” [659];
Koçaryan – Köçəryan: “Müxalifət koalisiyası Robert Koçaryan iqtidarına daha bir həftə vaxt verdi” [658]; “Robert Köçəryan Beynəlxalq Cinayət Məhkəməsinə verilə bilər” [659];
Bleyer – Bler: “Polis Toni Bleyerin oğlunun oğurlanmasına imkan verməyib”; “Bu məlumat onlara çatdıqda Toni Bler və arvadı Çeri çox həyəcanlanmışlar” [672].
3. Bəzi onomastik vahidlər Azərbaycan dilinə tərcümə olunmadan verilir. Bunları da iki yerə bölmək olar: a) tərcümə və transkripsiya olunmadan verilənlər:
“Məlum olduğu kimi, “Beagle – 2” qırmızı planetin səthindəki kraterlərin birindədir” [623]; “State of World Liberty” agentliyi dünyanın azadlıq xəritəsini tərtib edib; Bu vaxt beynəlxalq institutların (“The Neritage Foundation”, “Wall Street Journal”, “Frasier”, “Sato”), eləcə də “Freedom House” və “Sərhədsiz Jurnalistlər” təşkilatlarının məlumatlarından da istifadə edilib”; “Bu problemin həllini ABŞ-ın Stenford Universiteti və “Molecular Diamond Technologies” şirkətinin tədqiqatçıları öhdələrinə götürüb” [643]; “Berliner Zeitung”, “Jenmin Jibao”, “Der Standart”, “The Washington Times”, “Washington Post” qəzetləri [622], “The International Herald Tribune”, Christian Science Monitor”, “The Wall Street Journal”,” Eurasia daily monitor” qəzetləri [669], “İhlas” Xəbər Agentliyi (Türkiyə); “Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan “Gulf News” qəzetində Azərbaycan barədə məqalə dərc edilmişdir” [622]; “Azərdəmiryolbank” Səhmdar Bankı “Eurocard-Mastercard” və VİSA beynəlxalq ödəniş sistemləri üzrə müştərilərə plastik kartlarla xidmət göstərir; Bank Money-Qram sisteminə qoşulmuşdur” [621]; “Statistical year book of Azerbaijan 2001” kitabı, «Юный техник», «Техника молодежи» jurnalları, “World Scientific”, “Springer-Verlag New York”, “Wiley”, “John Sons”, “CRC Press”, “Physica Verlag” nəşriyyatları, “Soft Computing and its applications” [678].
Bəzi antroponimlər mənbə dildə olduğu kimi, transkripsiyasız verilir: Erich Schmiat, Larry Page, Andrew Kerrin, Timothy Donoghue, Nihat Kahveçi Mustafa Nuri Akbulut, Akkan Suver, Kayahan, Hasan Taşdemir, Mehmet Kıyat, Tahir Karanfil, Erkan Kılıç, Cengiz Güldamlası və s. “Nokia” telefonları üçün hazırlanmış populyar filmlərdən oyunların, eləcə də digər oyunların adları, müxtəlif növ onomastik vahidlər ingilis dilində verilir, məsələn: The Godfather, Blade Trinity, Van Helsing, Troya, Indiana Jones, Cowboy, Zuma, Madagaskar, Sokoban; J.Lopez, Angelina Jolie, M.Bellucci, Jessica Alba, Salma Hayek, C.Zeta-Jones.
b) tərcüməsiz, lakin transkripsiya edilərək verilənlər:
“AzərTac “Novosti” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın “Ekspertnoye soobşestvo” Regional Tədqiqatlar və Siyasi Texnologiyalar Milli İnstitutu rusiyalıların MDB ölkələri siyasətçilərinə münasibətini müəyyən etmək məqsədilə sorğu aparmışdır” [622]; “Bin Ladenin öz həyatı haqqında dediklərini ilk dəfə “İnternəşnl Cihad Press” nəşriyyatı çap etmişdir”; “İzvestiya” qəzetinin Baş redaktoru Vladimir Borodin, “Tribuna” qəzetinin Baş redaktoru Oleq Kuzin və “Selskaya jizn” qəzetinin Baş redaktoru Şamun Kagermanov çıxışlarında gözəl Bakı şəhəri haqqında xoş sözlər söylədilər” [620]; “Voprosı istorii” jurnalı [678], “Uçitelskaya qazeta” [634], “Nezavisimaya qazeta” [627].
4. Bəzən ad və soyad birləşmələri həm milli dilə uyğunlaşdırılmış, həm də mənbə dildə olduğu kimi verilir: Mehmet Əli Şahin, Ahmed Yeman, İsmail Ömər Qulleh və s.
5. Təhrif olunmuş şəkildə verilənlər: Kuznesov Nikolay Fedoroviç, Viktoriya Molodsova, Xavyer Solana, Sultan bin Əbdüləziz Al Səud Vəliəhd, Təmim bin Həməd Al Tani, Can Perrən, Bakı – Nijniy Novqorod – Bakı və s.
Elə onomastik vahidlər də var ki, onlar transkripsiya edilmədən, olduğu kimi yazılmalıdır. Məsələn, tanınmış şirkətlərin, kompüter, dil proqramlarının adları və bir sıra onimlər bütün dünya dillərində eyni cür verilir: “JVC”, “Sony”, “MacDonalds”, “Samsung”, “Tefal”, “Panasonic”, “BMW”, “Hewlett-Packard”, “British Council”, “LG”, “Pepsi-Cola”, “Procter and Gamble”, “Sony Ericsson”, “Microsoft”, “Philips”, “Renault”, “Bosch”, “Windows”, “Word”, “Excel”, “Power Point”, “Corel Draw”, HEADWAY, MURPHY, TOEFL və s. Məsələn: “ABƏŞ “Rolls Royce” kompaniyası ilə müqavilə imzalayıb”; “Azərenerji” və “Siemens” birgə layihənin bütün aspektlərini razılaşdırdılar” [621].
Bu barədə A.Axundov yazır: “Küçələrdə, meydanlarda tez-tez rast gəlinən, şəhərimizə yaraşıq verən bu reklamlar dil baxımından yazılışına və mənasına görə təhlil edilməlidir. Məsələn, Coca-cola yazılmış reklamı Koka Kola yazmaqdan öncə ciddi düşünmək lazımdır. Eləcə də, məsələn, Ramstore sözünü “Qoç Buynuzu” kimi yazmaq nə dərəcədə düzgün olar?” [25, s.80].
Ümumiyyətlə, adın transkripsiyası və ya tərcüməsi adlandırılan obyektin tipindən, obyektin özünəməxsus cəhətlərini adın necə əks etdirməsindən, obyekti ifadə edən sözlərin leksik xüsusiyyətlərindən asılıdır.
Dostları ilə paylaş: |