Fələ, özünü sən də bir insanmı sanırsan?
Məzlumluq edib başlama fəryadə, əkinçi!
Vaqif! Ey sərvərim, ey tacidarım!” [23, s.289].
Adətən, vurğu akut (´) işarəsi ilə göstərilir. A.Superanskaya bildirir ki, latın əlifbası ilə yazılmış sözlərdə vurğu hərfin altında nöqtə ilə işarə olunur: Berli.n. Çünki bir çox dillərdə sətirüstü işarələr başqa mənaya malikdir, məsələn, polyak dilində o’ = [u], çex dilində o’ = [o] uzun... [559, s.7]. Məhz buna görə də latın əlifbasında olan mətnlərlə işlərkən diqqətli olmaq və işarələri qarışdırmamaq lazımdır.
A.Superanskaya vurğunun dörd kateqoriyasını göstərir: ənənəvi – ədəbi dildə qəbul olunmuş və onomastik sxemlərlə uzlaşan vurğu, rəsmi – rəsmi sorğu nəşrlərində qəbul olunmuş vurğu, yerli – yerli əhali öz yaşayış məntəqələrinin adlarını və ya ad-familiyalarını bu vurğu altında tələffüz edir, okkazional – hər hansı danışanlar qrupunda təsadüfən rast gəlinən vurğu [559, s.37].
Toponimlərin informativ, dil normaları baxımından düzgün və əlverişli olması mühüm şərtdir. Müasir dövrdə kütlələrin elmi dünyagörüşünün artdığı və intellektual səviyyənin ümumən yüksəldiyi bir şəraitdə yer adlarında həm məzmun, həm də formaca müşahidə edilən təhriflər narahatlıq doğurmalıdır.
KİV-də rast gəldiyimiz təhriflər orfoepik standartlaşmanı aktual məsələyə çevirir. Bu, ilk növbədə, onimlərə aiddir. Mavi ekrandan müxtəlif mətnlərin oxunuşu zamanı yanlış kəlmələr və tələffüz eşidilməkdədir. “Xəbərlər”in aparıcıları, jurnalistlər yeni coğrafi məkanların adlarını, eləcə də digər adları doğru-düzgün tələffüz etməlidir. Dövlət başçısının xarici ölkələrə səfərlərini işıqlandıran jurnalistlər onimlərin düzgün tələffüzü üçün müxtəlif qaynaqlardan istifadə etməlidir. Gözəl nitqə malik olmaqdan ötrü onların fonetik, orfoqrafik, orfoepik, qrammatik, onomastik və s. dil normalarına yiyələnməsi lazımdır. Adın eşidilərkən tanınması üçün bütün diktor və aparıcılar tərəfindən eyni cür tələffüz olunması vacibdir. Onlara kömək məqsədilə xüsusi lüğətlər də hazırlana bilər.
“Azərbaycan dilinin orfoepiya sözlüyü”ndə ümumi sözlərlə yanaşı, şəxs adlarının və coğrafi adların siyahısı da verilmişdir. Lakin burada, əsasən, sözlərin tələffüz forması öz əksini tapmış, vurğu bəzi adlarda göstərilmişdir. Bir neçə onimdə vurğu düzgün verilməyib, məsələn: Ağaverdioba, Ağamalıoğlu, Drezden, Kostroma, Pekin, Xansuvar, Haqverdi və s. [Bax: 36].
“Vurğu lüğəti”ndə, Ə.Əfəndizadənin “Orfoqrafiya-orfoepiya lüğəti”ndə dünya mədəniyyəti, ədəbiyyatı, elm və incəsənət xadimlərindən bir çoxunun adları, coğrafi adlar, müxtəlif ölkələrdə nəşr olunan mətbu orqanlarının adları sözlükdə ümumi isimlərlə birlikdə verilmişdir [Bax: 314; 93]. Bu lüğətlərdə elə xüsusi isimlər əhatə olunmuşdur ki, onların yazılışı və ya tələffüzü oxucu üçün az-çox çətin görünə bilsin. Həmin lüğətlərdə onimlərin vurğusu göstərilmir, sadəcə tələffüzü verilir.
Mövcud nümunələr əsasında yalnız xüsusi isimlərdən ibarət yeni bir lüğət hazırlamaq mümkündür. “Onomastik vahidlərin vurğu lüğəti”nin layihəsini belə düşünürük: lüğət diktorlar, şərhçilər, müxbirlər, aparıcılar və digər natiqlər üçün nəzərdə tutulur. Burada müxtəlif növ onimlər verilə bilər. Lüğət əlifba üsulu ilə tərtib olunur. Sözlükdə onomastik vahid, onun vurğusu, tələffüz forması göstərilir. Coğrafi obyektin yanında aid olduğu ölkə, vilayət qeyd olunur. Partiya, idarə, təşkilat, informasiya agentlikləri, radio və televiziya şirkətlərinin adları həm bütöv şəkildə, həm də abreviatur ilə verilə bilər. Burada həm məşhur şəxsiyyət, obyekt adları, həm də adi onimlər yer tutur. Lüğət onomastik kateqoriyalara müvafiq olaraq bölmələrə ayrılır:
Toponimlər
Balkán yarımadası – Balkan yarımadası
Babádağ (Azərbaycan) – Babadağ
Bóston (ABŞ) – Bostn
Tókio (Yaponiya) – Tokio
Versál (Fransa) – Versal
Volóqda (Rusiya) – Valoqda
Antroponimlər
Máya – Maya
Ramazán – Ramazan
Pávlov – Pavlov
Şekspi´r – Şekspir
Hazırda dövlətlər arasında müxtəlif münasibətlərdə, ictimai-siyasi, elmi-pedaqoji yığıncaqlarda da yüksək nitq mədəniyyətinin aktuallığı diqqəti cəlb edir. Elə buna görə də istər orta, istərsə də ali məktəblərdə dil dərslərində bir sıra faydalı üsullardan istifadə olunmalıdır.
Hər bir dilin lüğət tərkibinə başqa dillərdən müxtəlif səbəblərdən adlar daxil olur. Alınmalar milli dilin təbiətinə uyğunlaşır, onun fonetik xüsusiyyətlərinə tabe olur. Lakin alınmalardan istifadə orfoepik və orfoqrafik cəhətdən həmişə müəyyən çətinliklər doğurur. Hazırda Azərbaycan dilindəki alınmaların yazılışında, üslubunda dəqiqləşdirilməli cəhətlər çoxdur. Alınma adların orfoqrafiyasında müxtəliflik yazılı nitqin səlisliyinə xələl gətirir. Onların işlədilməsində müəyyən bir prinsip gözlənilməlidir. Hər bir ad fonetik və qrafik cildə malikdir. Elə dillər vardır ki, onlarda fonetik və qrafik oxşarlıq mövcuddur. Digərlərində isə həm səs, həm də qrafika fərqlənir. Birinci halda adların uyğunlaşması asan olur, ikinci halda isə daha ciddi çətinliklər yaranır. Alınmaların işlədilməsindəki çətinliklər bir tərəfdən, mənbə dillə əlaqədardırsa, digər tərəfdən, vasitəçi dillərin səs tərkibinin Azərbaycan dilinin fonetik tərkibindən xeyli fərqli olmasından irəli gəlir. Bütün bu cəhətlər tədris prosesində diqqət mərkəzində olmalıdır. Fərdi iş üsullarından, interaktiv təlim metodlarından istifadə etməklə bədii əsərlərdəki onomastik vahidlərin təhlilində şifahi nitqin inkişaf etdirilməsi mümkündür. Xüsusi adların tələffüz qaydalarının mənimsədilməsində k səsinin Azərbaycan dilində ikili xüsusiyyətinə, ğ, h, g səslərinin və ü, ə, ö saitlərinin düzgün tələffüzünə xüsusi diqqət yetirilməlidir.
Xüsusi adların vurğusu ilə bağlı işlər, eşitmə-tələffüz vərdişlərinin təkmilləşdirilməsi, səslərdən düzgün istifadənin öyrədilməsi və s. təhsilalanların nitqinin inkişafında vacib məsələlərdən biridir. Azərbaycan dilinin orfoepik normalarına ciddi riayət edilməsi bütün dil təlimi dövründə hər bir dərsdə özünə möhkəm yer tutmalıdır.
Dostları ilə paylaş: |