1.2. Azərbaycan dilçiliyində tətbiqi onomastika üzrə tədqiqatların nəzəriyyə və praktikası
Azərbaycanda onomastika XX əsrin II yarısından etibarən müstəqil şöbə kimi formalaşmışdır. 60-cı illərdən bu vaxta qədər Azərbaycanda da onomastik vahidlərə dair xeyli tədqiqat aparılmışdır. Bunların arasında tətbiqi onomastikanın ayrı-ayrı məsələlərindən bəhs edən əsərlərə rast gəlmək mümkündür.
A.Qurbanovun “Azərbaycan dilinin onomalogiyası” (sonradan “Azərbaycan onomalogiyasının əsasları”) monoqrafiyasının “Onomastik vahidlərin orfoqrafik və orfoepik problemləri” adlanan hissəsində xüsusi adların yazılışı və tələffüzü haqqında məlumat vardır. Kitabda oykonimlər, urbanonimlər, xoronimlər, oronimlər, dromonimlər kimi terminlərin izahı nəzəri cəhətdən əsaslandırılmış, onomastik terminlər lüğəti də verilmişdir [209; 210].
Antroponimikanın həm nəzəri, həm də tətbiqi məsələləri ayrı-ayrı monoqrafiyalarda nəzərdən keçirilir. A.Paşayevin “Azərbaycan antroponimiyasının leksik problemləri” adlı əsərinin müxtəlif bölmələrində antroponimlərin apelyativləşməsi, tərcümə və ya transkripsiya edilməsi, lüğətlərə salınması, yaranma mənbələri, advermə ənənələri, nominasiya, onomastik terminlər və lüğətçilik məsələləri, lüğətlərin növləri və s. kimi tətbiqi məsələlərlə bağlı fikirlər söylənmişdir [264]. Alimin bu sahəyə aid “Xəmsə”də bəzi adların yazılışına dair”, “Şəxs adlarının sosioloji səciyyəsi”, “Təxəllüs, ləqəb, imza terminləri haqqında” (M.Adilovla), “Onomastik terminləri dəqiqləşdirək”, “Ad yaradıcılığında millilik prinsipi”, “Soyadlarımız haqqında” və s. kimi əsərləri də vardır.
H.Həsənovun “Adlar tarixin, xalqın milli nişanəsi kimi” monoqrafiyasında advermə, adseçmə, adların dəyişməsi, adların işlədilməsi və yazılışı, üslubi imkanları məsələlərinin təhlilinə xüsusi yer verilmişdir [161].
A.N.Bağırovun “Onomalogiya problemləri”, “Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri” monoqrafiyalarında uşaqlara advermə ənənələri, xüsusi adların yaranma yolları, toponimlərin fonetik tərkibi, qrammatik xüsusiyyətləri, digər onimlərin aktual məsələləri tədqiqata cəlb olunmuşdur [57; 58].
Azərbaycan onomastikanın inkişafı və zənginləşməsində onomastika problemlərinə həsr olunmuş konfransların da böyük rolu olmuşdur. Bu konfranslarda onomastikanın müxtəlif şöbələrinə dair yüzlərlə məruzə dinlənilmiş, həmin məruzələr nəşr olunmuş məcmuələrdə öz əksini tapmışdır. Onların arasında tətbiqi onomastika məsələlərinə dair çıxışlar xüsusi yer tutur. Bu cəhətdən Azərbaycan onomastika problemlərinə, Azərbaycan toponimiyasının öyrənilməsinə həsr olunmuş konfransların əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Toponimiya konfransında diqqəti cəlb edən əsas məsələ indi də öz aktuallığını itirməyən transkripsiya və orfoqrafiya problemləri olmuşdur [47].
“Azərbaycan terminologiyası problemləri” adlı məcmuə terminologiya məsələlərinə həsr olunmuş respublika elmi konfransının materiallarından ibarətdir. Məcmuədə dilimizin terminologiyasının nəzəri və praktik məsələlərinə dair məqalələrlə yanaşı, onomastik terminologiya ilə əlaqədar materiallar da verilmişdir [46].
Azərbaycan toponimikasının müasir vəziyyəti, regional və tarixi toponimika məsələləri, coğrafi adların tədqiqinin bəzi məsələləri, toponimlərin orfoqrafiyası və s. “Toponimiki tədqiqatların tarixi” adlı məcmuədə nəzərdən keçirilir [309].
Tədqiqatçıları hər zaman düşündürən məsələlərdən biri xüsusi adların bir dildən digərinə ötürülməsidir. H.M.Mamayevin bu məsələyə dair əsərlərindən biri «О правильной транскрипции названий географических названий объектов Азербайджанской ССР» adlanır. Burada diqqəti çəkən əsas cəhət müəllifin haqlı olaraq toponimlərin rus dilində yazılışında «ь» və «ы» hərflərinin adın sonuna artırılmasını düzgün hesab etməməsidir [472].
Azərbaycan onimlərinin rusca verilmə qaydaları, formaları, eləcə də təhrif halları barədə bir sıra tədqiqatlarda məlumat verilir. İkidillilik şəraitində adların, xüsusən toponimlərin düzgün yazılışı çox vacibdir. Bu sahədə olan nöqsanlara diqqət yetirməyə çağıran müəlliflər Azərbaycan və rus dillərinin müxtəlif sistemli olmasını bir daha diqqətə çatdırır, Azərbaycan xüsusi adlarının rus dilində verilməsi üçün ən adekvat formanın fonetik transkripsiya olması qənaətinə gəlirlər. Vəziyyətdən çıxış yolu kimi onomastik leksikanın ikidilli lüğət-soraq kitabının hazırlanması da təklif edilir [317; 476; 292, s.84-86; 7, s.86-91; 311, s.272-275; 61, s.152-154; 396, s.280-285; 211, s.214-220; 441, s.239-240; 136; 246, s.249-250; 176, s.304-306; 365, s.112-113; 256, s.163; 358, s.4].
S.Əlizadə və M.Adilov milli abidələrdəki onimlərin düzgün transkripsiya və transliterasiyası, tələffüzü və yazılışı məsələləri araşdıraraq, bu işdəki çətinliklərin aradan qaldırılması üçün öz təkliflərini də irəli sürürlər [122, s.27-29; 9, s.137-138].
Xüsusi adların leksik təbəqəsi dəyişkəndir: onun tərkibindəki hərəkətlilik ictimai həyatın fasiləsiz inkişaf prosesini əks etdirir. Təəssüf ki, bəzi adların yazılışında hələ də sabit qaydalar yoxdur və daim dəyişikliklər baş verir. Bir sıra tədqiqatlarda xüsusi adların orfoqrafiyası diqqət mərkəzində durur, adların şıfahi və yazılı şəkildə, habelə mətbuatda işlənməsində rast gəlinən nöqsanlar təhlil edilir [234, s.65-66; 20, s.62-63; 225, s.68-69; 276, s.224-225; 13, s.301-303; 15, s.302-304; 246, s.249-250; 159, s.231; 158, s.217-218; 173; 177, s.84-86; 206; 255, s.95-96; 105; 126, s.158-162 ].
Adların yazılış qaydaları ilə bağlı məsələlər metodik vəsaitlərdə də öz əksini tapır. Bu, onimlərin milli dildə yazılışında variantlılığa yol verilməsinin qarşısını almaq məqsədi daşıyır [89; 268].
Məlum olduğu kimi, bəzən coğrafi adlar zamanla etnik qrupların dialektlərinə uyğunlaşdırılaraq cilalanır və öz ilkin formasından uzaqlaşır. Qonşu respublikaların ərazisindəki Azərbaycan toponimləri isə həm məqsədli surətdə dəyişdirilmiş, həm də yad dilin fonetikasına uyğunlaşdırılmışdır. Bütün bunlar toponimlərin təhrif edilməsinə səbəb olmuşdur. Tarixi mənbələrdə də coğrafi adlar təhrifə uğramış və müasir dövrə qədər həmin formada işlənmişdir. Bəzi tədqiqatlarda bu məsələyə münasibət bildirilmişdir [160, s.19-27; 258, s.164-165; 115, s.120; 391, s.157-158; 72, s.179-180; 68, s.138-140; 202, s.167-168; 112, s.44-48; 192, s.62-63].
Tədqiqatların bir hissəsi onomastik vahidlərin fonetik xüsusiyyətləri ilə bağlıdır. Bunlarda adlarda özünü göstərən fonetik hadisələr, səs ahəngdarlığı, onların heca tərkibi, fonetik variantları, poetik imkanları ətraflı şəkildə təhlil edilir [121, s.264-265; 313, s.84-85; 139, s.110-111; 140, s.27-30; 300, s.226-232; 26, s.96-110].
Lüğət insan həyatında mühüm yer tutur. Müasir dövrdə dillərarası və mədəniyyətlərarası əlaqələrin genişlənməsi şəraitində leksikoqrafiya problemlərinə maraq get-gedə artır. Leksikoqrafik nəzəriyyə və praktikanın yeni səviyyəyə keçməsi üçün lazım olan texniki imkanlar da çoxalır. Bunlar lüğət tərtibinin avtomatlaşdırılması və qlobal şəbəkəyə çıxışla, eləcə də lüğətdən istifadənin bu günün tələblərinə cavab verən yeni vəzifələrinin meydana çıxması ilə əlaqədardır.
Hər lüğətin tərtibi daha çox dövrdən, konkret tarixi-mədəni şəraitdən, nəzəri dilçilik və digər elmlərin vəziyyətindən, mətn və materiallardan asılıdır. Yeni-yeni lüğətlərin meydana çıxması bir çox şərtlərin dəyişkənliyi ilə əlaqədardır.
Dil hadisələri çoxplanlı və rəngarəng olduğundan onları qeydə alan yeni leksikoqrafik soraq kitablarının meydana çıxması da təbiidir. Yeni tipli lüğətlərin tərtibçiləri lüğət korpusuna sözlərin seçimi üçün yeni prinsiplər müəyyənləşdirirlər. Lüğət tərtibçiləri artıq “akademik lüğət” anlayışını “ümumi məqsədlər üçün lüğət” məfhumu ilə əvəz edir. Yeni anlayış, əvvəllər olduğu kimi, korpusda leksikanın normativliyini əsas tutur, lakin daha spesifik, xüsusi vokabulyarın daxil edilməsini də məqbul sayır.
Hazırda leksikoqrafiya üçün mətnin, sözlərin semantik qruplarının tədqiqi, komponent və sözyaratma təhlili, onomastik, psixolinqvistik, tarixi, etnoqrafik tədqiqatlar çox vacibdir. Çünki leksikoqrafiyanın inkişafı başqa sahələrin, xüsusən dilçiliyin və informatikanın inkişaf səviyyəsindən asılıdır.
Onomastik leksikoqrafiyanın nəzəri problemləri, lüğətlərin tərtibi məsələləri ilə bir çox alimlər məşğul olmuşdur. Onların əsərlərində dil daşıyıcılarının keçmişi və bu günü təqdim olunur, onlar xalqın maddi və mənəvi mədəniyyət abidələri, etnokultur informasiya mənbəyidir, müxtəlif regionlarda xalqın həyat, məişət ənənələrinin özünəməxsusluğunu, dünyagörüşünün spesifikasını əks etdirir.
Bəzi tezis və məqalələrdə mövcud onomastik lüğətlər, müxtəlif mənbələrdə olan xüsusi ad siyahıları haqqında məlumata rast gəlirik. Həmin əsərlərdə leksikoqrafik mənbələrdə xüsusi adların verilmə prinsipləri izah olunur [134, s.296-299; 114, s.324-328; 213, s.3-5; 76]. Bu tədqiqatlarda ümumi fikir budur ki, onimlərin lüğətlərə daxil edilməsi onların təbiəti və xüsusiyyətləri haqqında, eyni zamanda, xalqın tarixi, milli adət-ənənəsi, maddi mədəniyyəti ilə bağlı baş verən dəyişikliklər barədə məlumat almağa imkan verir.
Onomastik vahidlər müxtəlif ensiklopedik mənbələrdə də öz əksini tapır. Bu cür mənbələrdə görkəmli şəxslərin adları, coğrafi adlar, fitonimlər, şəhərdaxili obyekt adları, xrononimlər, memarlıq abidələrinin, ziyarətgahların və s. adları verilir [50; 90; 296; 198; 71; 41; 191; 299; 190].
Azərbaycanda onomastik lüğətlər təkcə müstəqil nəşr kimi hazırlanmamış, həm də dissertasiyalara, tədqiqat əsərlərinə, başqa lüğətlərə sözlüklər şəklində əlavə olunmuşdur.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin təkmilləşdirilmiş yeni nəşri bir sıra əlavələrlə – coğrafi, şəxs, idarə və təşkilat adlarının lüğətə daxil edilməsi ilə digər nəşrlərdən fərqlənir. Coğrafi adların siyahısında həm Azərbaycan, həm də dünya toponimləri verilmişdir. Lüğətdəki şəxs adlarının 500-ə qədəri Azərbaycanda, 200-ə qədəri isə dünyada işlənən adlardır. Bundan başqa, ilk dəfə olaraq lüğətə çoxlu sayda yerli və beynəlxalq idarə və təşkilat adları salınmışdır. Onların düzgün yazılış qaydasını bilmək hər bir oxucu üçün gündəlik həyatda çox vacib və gərəklidir [38].
Terminoloji lüğət onomastik lüğətlərin aktual nümunələri sırasında birinci yerdə durur desək, yanılmarıq. Belə lüğətin ilk nümunəsi A.M.Qurbanovun “Azərbaycan onomalogiyasının əsasları” kitabındadır [209]. Bundan başqa, terminoloji lüğət daha bir neçə kitaba əlavə olunmuşdur [56; 65; 103]. Müstəqil nəşr formasında da lüğətlər vardır [10; 240].
XX əsrin 60-cı illərindən etibarən toponimik lüğətlərin hazırlanması sahəsində xeyli iş görülmüşdür. Toponimik sözlük və lüğətlər həm ayrıca kitab şəklində [48; 49], həm də toponimik tədqiqatlara əlavələr kimi nəşr olunur [92; 94; 111].
Azərbaycanın müxtəlif bölgələrinə aid, eləcə də qonşu dövlətlərdəki Azərbaycan toponimlərindən ibarət lüğətlər tərtib olunmuşdur B.Ə.Budaqovun Q.Ə.Qeybullayevlə hazırladığı “Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti” və N.G.Məmmədovla birlikdə tərtib etdiyi “Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti”, İ.Bayramovun “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” lüğəti, A.N.Bağırovun “Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü” areal toponimlər haqqında dəyərli mənbələrdir. Alimin oronimlər haqqındakı tədqiqatı da maraqlı şərhləri, məlumatları, lüğət məqalələri ilə diqqəti cəlb edir [56; 60; 69; 77; 78].
Bölgələrimizin (Zərdab, Şəmkir, Laçın, Ağdam, Xocavənd) toponimlərindən ibarət olan toponimik lüğət-ensiklopediyalar Nazim Tapdıqoğlu (Vəlişov) tərəfindən hazırlanmışdır. Bu mənbələrin hər birində coğrafi adlar haqqında informasiya xarakterli izahlar verilmişdir [304; 305; 306; 307; 308].
Antroponimik leksikoqrafiya sahəsində 2000-ci illərin əvvəllərindən etibarən hazırlanan lüğətləri qeyd etməyi lazım bilirik. Bu lüğətlər, ilk növbədə, əhatə etdiyi adların sayına görə fərqlənir. Onların arasında yalnız şəxs adlarından, bütövlükdə antroponimlərdən, təkcə təxəllüslərdən ibarət olanları vardır [28; 161; 310; 34; 188; 208; 266; 286]. Bəzən antroponimik sözlüklər, qısa lüğətlər tədqiqat əsərlərinə də əlavə olunur [65; 302]. Mövcud antroponimikonlar arasında dialekt və şivə materialları əsasında hazırlanmış ayamalar (ləqəblər) lüğəti özünəməxsus yer tutur [237].
Poetik onomastik lüğətlərdə onimlərin bir sıra növlərinin onomastik və poetik xüsusiyyətlərinin izahı verilmişdir [17; 269].
Azərbaycan onomastikasında etnonimlərin tədqiqi ilə məşğul olan E.Əhmədovanın hazırladığı etnonimlər lüğəti ilk nümunə kimi çox əhəmiyyətlidir [95].
Məlum olduğu kimi, toponimik xəritələr zəngin toponimik məlumata malik vasitələrdir. Belə xəritələrdən biri “Cənubi Qafqaz. 1903-cü il” adlanır. Bu xəritədə Cənubi Qafqaz ərazisindəki qəza və dairələr, quberniya və vilayətlər, yaşayış məntəqələri, körpü və keçidlər, su obyektləri və s. haqqında geniş məlumat var. A.Bağırovun “Cənubi Qafqaz. 1903-cü il xəritəsində Naxçıvan toponimləri” adlı məqaləsində o dövrdəki Naxçıvan qəzasının yaşayış məntəqələri təqdim olunur və maraqlı linqvistik-ensiklopedik informasiya verilir [52].
Advermə ənənələrinin tarixi bir sıra tədqiqatlarda öz əksini tapmışdır. Bu əsərlərdə fərqli advermə adətləri, mənbələri, prinsipləri barədə məlumat verilir [165, s.52-53; 18, s.16-18; 277, s.41-43; 168, s.211-212; 133, s.235-237; 298, s.156-159; 174, s.33-35]. Müəlliflərin fikrincə, xalqın adət-ənənələrinin şəxs adlarına təsiri danılmazdır. Amma müxtəlif bölgələrdə fərqli advermə adətlərinin olması uğurlu adlarla yanaşı, uğursuz adların da meydana çıxmasına səbəb olur. Ona görə də advermə məsələsində çox diqqətli olmaq lazımdır.
Coğrafi obyektlər müxtəlif səbəblər və prinsiplərə görə adlandırılır. Nominasiya aktında əhəmiyyətli olan əlamət və amillər vardır. Tədqiqatçılar motivasiya əlamətinin seçilməsini insan fəaliyyətinin mühüm komponentlərindən biri hesab edirlər [229, s.209-211; 408, s.141-143; 235, s.73-77].
Onomastik söz yaradıcılığı haqqında olan tədqiqatlarda müəlliflər onimlərin yaranmasında iştirak edən leksik vahidləri ayrı-ayrılıqda izah edərək belə nəticəyə gəlirlər ki, bu prosesdə dilin, demək olar ki, bütün sözlərindən istifadə olunur [142, s.317-320; 100, s.29-32; 284, s.37-39; 169, s.92-94; 167, s.189; 221, s.262-263; 81, s.270-271; 104, s.128-132; 101; 103; 281, s.177-178; 244, s.48-50; 67, s.182-184; 166, s.52-54; 119, s.99-100; 250; 248; 249, s.113-114; 251, s.100-102; 254, s.129-130; 80, s.227-228; 85, s.197-199]. Onlar söz yaradıcılığı üsullarının köməyi ilə ümumi isimlərdən xüsusi ad yaradılmasının mümkünlüyünü göstərirlər. Həmin əsərlərdə onimləşmə, transonimləşmə, eləcə də deonimləşmə prosesləri ilə bağlı fikirlər irəli sürülmüş, müxtəlif yollarla lüğət tərkibinin zənginləşməsi faktları öz əksini tapmışdır [484, s.221-222; 233, s.250-252; 130, s.234-235; 129, s.30-31; 223, s.199-202; 99, s.195-197; 241, s.41-42; 2, s.68-69; 3, s.3-6; 1, s.12-15].
Antroponimlərin yaranma yolları, leksik-semantik əsası da ətraflı təhlil edilmişdir [282, s.232; 283, s.35-37; 231, s.26-28; 312, s.37-38; 54, s.113]. Tədqiqatçılar toponim və etnonim yaradıcılığında antroponimlərin mühüm rol oynadığını, bu prosesdə bəzi şəkilçilərin daha məhsuldar olduğunu qeyd edir [19, s.78-79; 170, s.100; 172, s.80-81; 228, s.447; 97, s.83].
Tədqiqatlarda həmçinin söz birləşmələrində, terminyaratmada istifadə olunan onimlərdən [574, s.233-234; 214, s.259-260; 227, s.73-74], onimyaratmada millilik prinsipinin əhəmiyyətindən [271, s.253-255; 73, s.58-60], sintaktik üsulla düzələn adlardan [187, s.63-65; 145, s.255-256; 245, s.229-230; 79, s.281-282], toponimlərin qrammatik xüsusiyyətlərindən (280, s.81-83; 294, s.92-94) bəhs olunur.
Qəzet adları haqqında araşdırma-məqalədə mətbuat orqanlarında ad seçimi, adın dil qayda-qanunlarına uyğunluğu, mövcud qəzet adlarının xüsusiyyətləri təhlil edilir [293].
Bəllidir ki, həyatda baş verən dəyişikliklərə qarşı çox həssas olan dilin lüğət tərkibi dilxarici mühitlə bilavasitə bağlıdır. Hər bir leksik vahid predmet və hadisələrin ifadəsi kimi həyatın ictimai, elmi, texniki sahələrində baş verən bütün dəyişiklikləri əyani şəkildə əks etdirir. Hər bir yeni ictimai hadisə, predmet, proses, anlayış özünə ad qazanır, bunun nəticəsində isə dil yeni söz və terminlərlə zənginləşir. Elm sahələri inkişaf etdikcə ədəbi dildə terminlər xüsusilə böyük əhəmiyyət daşıyır. Heç bir elm sahəsini inkişaf etmiş və özünəməxsus terminlər sistemi olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə də hazırda yeni terminlərin yaranma tempinin yüksəlməsi, onların dinamikliyi müşahidə olunur.
Terminlər dilin çox fəal surətdə inkişaf edən elementidir və lüğət tərkibinin müəyyən hissəsini təşkil edir. Bəzi tədqiqatçılar terminlərə yalnız sözləri, bəziləri həm sözləri, həm də xüsusi anlayışları bildirən söz birləşmələrini aid edirlər. Hal-hazırda dilçilərin əksəriyyəti bu fikirdədir ki, dil işarəsi olan termin həm ayrıca sözdən (sadə, düzəltmə, mürəkkəb), həm də söz birləşməsindən ibarətdir. “Termin”ə verilən təriflər də müxtəlifdir. “Termin – mənşəyinə görə latın dilinə məxsus “terminus” sözündəndir, “hədd-hüdud” deməkdir. Termin elmin, texnikanın, incəsənətin anlayışlarını, təbiət və cəmiyyətdə baş verən hadisələri, istehsal proseslərini bir-birindən fərqləndirmək üçün onlara verilən səciyyəvi addır” [14].
Terminin əsas xüsusiyyətləri bunlardır: dəqiqlik, müxtəsərlik, birmənalılıq, sadəlik və s. “Birmənalılıq, yəni bir söz – bir məna terminin polisemantik əlaqələrdən, omonimlərdən, sinonimlərdən məhrum olması deməkdir. Praktikada isə belə deyil. Termin bu əlaqələrin mütləq iştirak etdiyi maddi dil formasından qurtula bilməz” [556]. Çoxmənalılıq milli terminologiyaların ən geniş yayılmış nöqsanlarındandır. Lakin K.M.Musayevin bu fikri ilə razıyıq ki, çoxmənalılığın aradan qaldırılması perspektivi olmayan işdir, çünki çoxmənalılıq dilin lüğət tərkibinin xüsusiyyətidir. “Çoxmənalılıq olmasa, insan dilinin leksikası dəfələrlə artardı və insan bütün söz və terminləri yadda saxlamaq iqtidarında olmazdı” [526]. Azərbaycan dilində də bir sıra terminlər çoxmənalıdır. Elə götürək “terminologiya” terminini. “Terminologiya” dedikdə, həm terminlərin məcmusu, həm də terminləri öyrənən dilçilik bölməsi nəzərdə tutulur. Lakin, şübhəsiz ki, həmin terminlər zaman keçdikcə dəqiqləşəcəkdir. Terminin başqa xüsusiyyətlərindən bunları qeyd etmək olar ki, o, emosionallığa, ekspressivliyə, modallığa malik deyildir. Qeyd etdiyimiz kimi, terminoloji leksikanın inkişaf qanunauyğunluqlarını öyrənən sahə isə terminologiya adlanır. Terminologiya dilin lüğət tərkibinin elə bir xüsusi sahəsidir ki, həmin vahidlər insanların fəaliyyət sferasında tətbiq olunur. Bu terminin əvəzinə bəzən “terminşünaslıq”, “terminklatura”, “terminoqrafiya” kimi terminlər də istifadə olunur. Lakin “terminologiya” termini ümumi terminoloji nəzəriyyə, elm sahəsi kimi daha geniş məna daşıyır. Terminologiya informasiya qəbulunun, toplanması və mühafizəsinin mənbəyidir. Bu və ya digər məsələnin tədqiqindəki ilk addımlar məhz terminologiyaya aid olur, çünki elmin anlayış sferasını qaydaya salmaqla onun mahiyyətini izah etmək olar.
Hər bir elm sahəsi ilkin formalaşma mərhələsində təhlil edilən element və komponentlərin nizama salınması məqsədilə öz terminologiyasını, metadilini sistemləşdirir. Metodoloji termin olan “metadil” elm aləminə R.Yakobson tərəfindən daxil edilmişdir [Bax: 594]. Bir sıra tədqiqatlarda “terminologiya” termininin sinonimi kimi təqdim olunur. Bu hadisənin mürəkkəbliyinə işarə edən O.S.Axmanova bildirir ki, metadil ikinci dərəcəli dil kimi, xüsusi semioloji sistem kimi çıxış edir [367]. Metadil elə bir xüsusi dildir ki, onun köməyi ilə təbii dilin xüsusiyyətləri təsvir olunur. Həm terminlər, həm də sözlərin özünəməxsus birləşmələri və onların ekvivalentləri dilçiliyin metadilini tam şəkildə səciyyələndirir. Metadilə həmçinin ümumelmi leksika da daxildir. Həmin leksika “intellektual informasiyanın” verilməsi funksiyasını həyata keçirir. Metadil müəyyən sosial-linqvistik aspekti də ehtiva edir ki, metanitqin həmin forması bu və ya digər dilçilik istiqamətinin spesifikasını əks etdirir.
Toponimyaratmada böyük əhəmiyyətə malik olan coğrafi terminlər toponimin məzmununun müəyyənləşməsində açar rolunu oynayır. Bu mövzuda olan tədqiqatlarda müəlliflər coğrafi terminləri toponimiyanın mühüm qaynaqlarından biri, mürəkkəb toponimlərin üzvi komponentləri hesab edir, onların əmələgəlmə üsullarını göstərir [357; 392, s.193-194; 291, s.197-198; 236, s.121-122; 242; 128, s.177-179; 118, s.127-129; 64, s.160-162; 370, s.182-184; 369, s.9-12]. Müəlliflər belə qənaətə gəlir ki, coğrafi terminlər coğrafi obyektlərin əsas əlamətidir, həmin terminlər yaşayış məntəqələrinə, relyef formalarına aid ola bilər, habelə mövqe bildirə, təbii sərvətləri əks etdirə bilər. Toponimyaratmada obyektin spesifik cəhətlərinin nəzərə alınması zəruri olduğundan belə terminlərdən istifadə məqsədəuyğundur.
Bəzi tədqiqatlarda isə onomastik terminlərin yaranma üsulları, xüsusi adlarla ümumi isimlər, terminlər, nomenlər arasında sərhəd məsələsi, kalka onomastik terminlər, onomastik vahidlər əsasında yaranan terminlər və s. məsələlər təhlil olunur [371, s.141; 87, s.243-244; 204, s.244-245; 127, s.260; 178, s.56-58; 74, s.293-296; 261, s.299-300; 278, s.70-71; 279, s.44; 363, s.3-5; 257, s.138-140; 287, s.140-141].
Bir sıra əsərlərdə onimlər sosioloji istiqamətdə tədqiq edilir. Bu əsərlərdə şəxs adlarının müəyyən dövr üçün səciyyəvi olan xüsusiyyətləri diqqətimizə çatdırılır [463, s.38-41; 205, s.61-63]. Bəzi tədqiqatçılar soyadların antroponimik kateqoriya kimi formalaşma və inkişaf mərhələlərini izləyir, Azərbaycan cəmiyyətində soyadın mövqeyindən, nadir soyadlardan və s. bəhs edir [163, s.9-11; 186, s.25-26; 301, s.65-66; 117, s.12-16; 297, s.55-58; 275, s.79-81; 157, s.97; 315, s.41-42; 132, s.159-161; 253]. Araşdırmaların bir qismi adların yaranmasına ekstralinqvistik faktorların təsirini, şəxs adlarının estetik xüsusiyyətlərini, ikidillilik şəraitində adların yaranmasını, ad sistemində tendensiyaları, onomastikada gedən prosesləri əhatə edir [316, s.15-18; 21, s.49-50; 193, s.23-24; 203, s.30-31; 181, s.32-35; 180, s.282-283; 27, s.293; 138, s.192-195; 207, s.3-6; 238; 86, s.284-285].
Azərbaycan onomastikasında, xüsusən antroponimikasında özləşmə prosesi, hər mərhələ üçün spesifik xüsusiyyətlərin mahiyyəti, adların işlənmə tezliyi də öyrənilmişdir [575; 141, s.295-297; 120, s.19-20; 171, s.22-24; 217, s.94-95].
Müasir dövrdə xüsusi adların yeni tədqiqat aspektlərinin meydana çıxması XXI əsrin əvvəllərində onomastikaya marağın artması ilə xarakterizə olunur. Müstəqillik dövründə Azərbaycan dilinin onomastik sistemində baş verən köklü dəyişikliklər bəzi tədqiqatlarda araşdırma obyektinə çevrilmişdir [109, s.25-47; 110, s.15-27; 96; 8; 239; 83].
Onimlərin müxtəlif növlərinə, məsələn, etnonimlərə, kosmonimlərə, ktematonimlərə, poetonimlərə, mifonimlərə, teonimlərə, onların işlənmə xüsusiyyətlərinə həsr olunmuş araşdırmalar da vardır. Həmin əsərlərdə bu onimlərin xarakterik cəhətləri aydınlaşdırılır, leksik tərkibi və sintaktik quruluşu təhlil edilir, təsnifi verilir [98, s.87-89; 102, s.33-35; 135, s.99-102; 22, s.190-192; 70, s.108-109; 62, s.208-209; 75, s.210-211; 201, s.211-213; 195, s.215-217; 55; 539, s.35-36; 226, s.247-249; 289, s.75-76; 116, s.8-14; 270, s.63-65; 6, s.127-130; 189, s.209-215; 12, s.275-278].
XX əsrin 50–60-cı illərində formalaşan, bədii nitqdə və dildə onimlərin işlənmə xüsusiyyətlərini öyrənən sahə kimi poetik onomastika dilçiliyin müasir inkişaf mərhələsində xüsusi aktuallıq qazanır. Bu sahə ilə bağlı xeyli araşdırma mövcuddur. “Poetik onomastikada, əsasən, bədii əsərlərə, bədii əsərdəki surətlərə, hadisələrin təsvir olunduğu yerlərə verilən adlar, onların üslubi xüsusiyyətləri, əsərin ideya-bədii təsir qüvvəsinin artmasında onomastik vahidlərin rolu, bədii ədəbiyyatda xüsusi adların komik təbiəti, etnik adlar, onomastik vahidlərin obrazlılığı, bədii əsərlərdə xüsusi ad yaradıcılığı, bədii əsərdə xüsusi adların sintaktik və semantik xüsusiyyətləri, hər hansı yazıçının fərdi onomastikasının təhlili və s. məsələlər tədqiq edilir” [210, II c. s.428]. Bədii mətndə işlənən onimlərin spesifikası, bədii əsərin yarandığı mədəni-tarixi və dil fonu, əsərin yazıldığı dövrdə, eləcə də müasir dövrdə dil sisteminin vəziyyəti də poetik onomastikada nəzərdən keçirilir.
Fənlərarası xarakter daşıdığı üçün əlaqədar olduğu humanitar sahələrin metod və üsullarının sintezi poetik onomastikanın fərdiləşməsinə imkan verir. O, uzun müddət ədəbiyyatşünaslıq və üslubiyyatın, dilçilik və mətnşünaslığın, tarix və sosiologiyanın vəhdətində fəaliyyət göstərsə də, artıq öz tədqiqat obyekti, metodları, məqsəd və vəzifələri olan müstəqil tətbiqi istiqamətə çevrilmişdir. Bədii ədəbiyyatda onimlərin funksiyalarının tədqiqi hər zaman nəzəri və praktik maraq kəsb etmişdir. Poetik onomastika bədii mətnlərə şərhlərin verilməsində, bədii əsərlərdəki onimlərin lüğətlərinin tərtibində həmişə tədqiqatçıların diqqətini cəlb edən tətbiqi sahə olmuşdur.
“Poetik onomastika sahəsində tədqiqatlar üç istiqamətdə aparılır: nəzəri, tarixi və təsviri. Nəzəri poetik onomastikada bu sahənin ümumi nəzəriyyəsi qurulur, poetik onomastika hadisələri müqayisəli-tipoloji cəhətdən tədqiq olunur. Tarixi poetik onomastikanın əsas vəzifəsi poetonimiyanın ədəbi istiqamət çərçivəsində, ayrı-ayrı ədəbi janrlar və növlərin inkişafı prosesində tədqiqidir. Təsviri poetik onomastikada konkret əsərlərin poetonimiyası sinxronik araşdırmaya cəlb olunur” [148, s.553].
Metodoloji bazaya əsaslanaraq, poetik onomastikanın tədqiqat metodlarının, poetonimiyanın semantikası nəzəriyyəsinin, bədii əsərlərdəki xüsusi adların öyrənilməsinin ümumi prinsiplərinin işlənib hazırlanması böyük əhəmiyyət kəsb edir.
Poetik onomastika müasir dilçiliyin nailiyyətləri əsasında inkişaf edir və humanitar elmlər kompleksi ilə sıx əlaqədədir. Onun təməlində linqvistik poetika durur. Linqvopoetika ilə qarşılıqlı münasibəti sayəsində poetik onomastika öz tədqiqat metodlarını inkişaf etdirir və təkmilləşdirir, onimlərin bədii əsərdə öyrənilməsinin yeni metodikalarını, üsul və əməliyyatlarını sınaqdan keçirir.
Bədii ədəbiyyatda onimlər iki istiqamətdə öyrənilməlidir: 1) şifahi ədəbiyyatda onimlər; 2) yazılı ədəbiyyatda onimlər. Şifahi ədəbiyyatda işlənən xüsusi adlar leksik-semantik, üslubi cəhətdən yazılı ədəbiyyatdan fərqlənir. Burada onimlər ya real, ya da əfsanəvi planda işlənmişdir. Yazılı ədəbiyyatda real adlar üstünlük təşkil edir. Real onimlər bədii əsərlərdə mövcud həyat hadisələrinin təsviri məqsədilə işlənir. Şifahi və yazılı ədəbiyyat nümunələrində işlənən onimlərin öyrənilməsi xalqın tarixi, etnik və estetik görüşləri, etnoqrafiya və psixologiyanı öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
XX əsrin 60-cı illərindən başlayaraq Azərbaycan dilçiliyində poetik onomastikaya marağın getdikcə artmasının şahidi oluruq. Bu sahəyə aid həm məqalə və monoqrafiyalar yazılmış, həm də dissertasiyalar müdafiə edilmişdir. Bədii dildə onomastik vahidlərin üslubi təbiətini müəyyənləşdirmək işində xüsusi yer tutan ilk tədqiqatlar kimi T.İ.Hacıyevin “İnqilabi satirik üslubda xüsusi isimlərin işlənmə xüsusiyyətləri”, Ə.M.Cavadovun isə “Bədii əsərlərdə insan adlarının işlənməsi” adlı məqalələrini, “Azərbaycan bədii dilinin üslubiyyatı (oçerklər)” məcmuəsini qeyd edə bilərik [30; 82; 143].
Coğrafi adların, antroponimlərin satirik əsərlərdə kəsb etdiyi üslubi xüsusiyyətlər T.Hacıyevin M.Ə.Sabir və C.Məmmədquluzadənin əsərləri üzrə yazdığı “Satira dili” kitabında təhlil edilir [143]. R.C.Məhərrəmovanın Sabir poeziyasındakı şəxs adları və toponimlərin işlənməsindən danışılan “Sabirin dili”, “Mirzə Ələkbər Sabirin söz dünyası”, antroponim, toponim və etnonimlərin linqvopoetik xüsusiyyətlərinin ətraflı izah edildiyi “Kitabi-Dədə Qorqud”un söz xəzinəsi” kitablarında bədii dil və üslub problemləri tarixi kontekstdə nəzərdən keçirilmişdir [218; 219; 220].
Bədii dil və üslubiyyat məsələlərinin tədqiqində Q.H.Mustafayevanı xüsusi qeyd etmək olar. Onun “Azərbaycan bədii ədəbiyyatında şəxs adlarının üslubi imkanları” mövzusunda namizədlik dissertasiyasında, eləcə də digər əsərlərində roman və dram janrında, habelə satirik ədəbiyyatda ad kateqoriyalarının linqvostilistik keyfiyyətlərini göstərilmişdir [252].
N.Gəncəvi, Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai və M.Füzulinin yaradıcılığında, həmçinin XVII–XIX əsr ədəbi-bədii materiallarındakı toponimlərin üslubi imkanları F.Məmmədlinin “Bədii dilin estetik mənbələri” adlı kitabında ətraflı araşdırılmışdır [224].
M.Adilov və A.Paşayev “Azərbaycan onomastikası” kitabında həm tarixi və təsviri onomastika, həm də poetik onomastikadan bəhs etmişlər [11].
Böyük elmi əhəmiyyəti olan əsərlərdən biri də A.M.Qurbanovun “Poetik onomastika” adlı dərs vəsaitidir. Burada poetik onomastikanın tədqiqat obyektləri, bölmələri haqqında yığcam şəkildə məlumat verilir, bədii əsərlərə və oradakı surətlərə, hadisələrin təsvir olunduğu yerlərə verilən adlar, onların üslubi xüsusiyyətləri və s. məsələlər əhatə olunur [212].
Bədii mətn nitq vahidlərinin estetik cəhətdən mütəşəkkil funksional sistemidir. Bədii mətnin üslubyaradan komponenti kimi xüsusi ad burada çoxlu məna əlaqələri, mürəkkəb assosiasiyalar və konnotasiyalarla əhatə olunur ki, bunlar da onun fərdi bədii semantikasını yaradır. Poetik adların təhlilinə həsr olunmuş məqalələrin əksəriyyəti (A.Axundov, H.Həsənov, Q.Kazımov, Q.Bağırov, P.Kərimov, R.Babayeva, X.Cabbarov, K.Əliyev, Ə.Əmrahov, Z.Rəsulov, N.Hacıyeva və b.) onomastik məcmuələrdə, monoqrafiyalarda öz əksini tapmışdır. Bu araşdırmalarda bədii əsərlərdəki xüsusi adların potensialı təhlil edilmişdir. Məsələn, A.Axundov C.Cabbarlıya həsr olunmuş məqaləsində ədibin bəzi əsərlərindəki obraz adlarını xarakterizə etmiş, statistik təhlil aparmışdır. H.Həsənov isə bədii əsərlərdəki adları özünəməxsus şəkildə təsnif etmiş və müəyyən qruplara bölmüşdür.
Bir sıra əsərlərdə “Kitabi-Dədə Qorqud”dakı onomastik vahidlərin mənası və mənşəyi ilə yanaşı, üslubi xüsusiyyətləri də diqqətdən kənarda qalmamışdır (R.Məhərrəmova, Ə.Tanrıverdi, R.Xalıqova, Ş.Cəmşidov).
Ş.Yusifli, A.Hacıyev, M.Səfərov, Q.Mustafayeva, B.Xəlilov, Ə.Quliyev, R.Novruzov və b. antroponimlərin, Ə.Əmrahov, Ə.Ağayev zoonimlərin, Ə.Şükürlü etnonimlərin, M.Məmmədov oronimlərin üslubi xüsusiyyətlərinin araşdırılması istiqamətində çalışmışlar.
F.Bağırovanın “S.Rəhimovun əsərlərinin onomastikası”, D.Əliyevanın “M.S.Ordubadinin romanlarında onomastik vahidlərin linqvistik xüsusiyyətləri”, L.Piriyevanın “Molla Nəsrəddin” jurnalında onomastik vahidlərin linqvistik xüsusiyyətləri”, Z.Abbasovanın “Elçin Əfəndiyevin əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri” adlı dissertasiyalarında antroponimlərlə yanaşı, toponim və ktematonimlərin də üslubi imkanları, leksik-semantik və qrammatik xüsusiyyətləri tədqiq edilmişdir [4; 53; 107; 274]. T.Vəliyeva Mehdi Hüseynin əsərlərindəki xüsusi adları tədqiq etmişdir. D.Əliyevanın “Onomastik vahidlərin folklorda təzahürü (Oğuz qrupu türk dilləri əsasında)” monoqrafiyasında şifahi xalq nümunələrinin üslubi funksiyaları araşdırılmışdır. Monoqrafiyanın diqqəti çəkən cəhətlərindən biri budur ki, əsərdə ilk təşəbbüs kimi tərkibində onimlər olan atalar sözləri təqdim olunmuşdur. Həmin nümunələr də müxtəlif türk dillərindən seçilmişdir [108].
H.Hüseynovanın “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri”, V.Hacıyevanın «Ономастическое пространство поэмы «Искандар-наме Низами Ганджави», A.Paşayevin “Nizami Gəncəvinin poetik adlar aləmi” əsərlərində də poetonimlər tədqiqata cəlb olunmuş və hərtərəfli araşdırılmışdır [164; 273; 390].
Ə.N.Mikayılovanın “Onomastik vahidlərin üslubi imkanları” monoqrafiyası XIX əsrə aid nəsr əsərlərinin materialları əsasında hazırlanmışdır. Burada bədii üslubda antroponim, toponim və ideonimlərin xüsusiyyətləri, işlənmə məqamları ətraflı gözdən keçirilmişdir [243].
Antroponimlərin poetikası bütövlükdə N.Hacıyevanın tədqiqatında öz əksini tapmışdır. Əsərdə antroponimlərin fonetik üslubi xüsusiyyətlərinin təhlili zəngin nümunələr əsasında aparılmışdır. Qeyd edək ki, həmin nümunələr müxtəlif janrlı əsərlərdən götürülmüşdür. Bundan başqa, tədqiqatçının həmin mövzuda başqa əsərləri də vardır [139; 140].
F.Xalıqovun və H.Mirzəyevin bir sıra əsərlərində şifahi xalq ədəbiyyatında işlənən onomastik kateqoriyaların poetik imkanları araşdırmaya cəlb olunmuşdur [174; 247]. Folklor onimləri Q.Mustafayeva, Q.Vəliyev, S.Hüseynova, Z.Sadıqov, Ə.Ağayev, Z.Əlizadə, R.Səfərəliyeva tərəfindən də öyrənilmişdir.
Bu əsərlər poetik onomastika məsələlərinin öyrənildiyi araşdırmaların bir hissəsidir. Göründüyü kimi, bədii ədəbiyyatda müxtəlif obrazlar təqdim edilərkən onomastik sistemə də müraciət edilir. Kontekst və mətndaxili əlaqələr sistemini öyrənmək üçün onomastik leksika geniş imkanlara malikdir.
Poetik onomastikanın predmeti olan poetonimlər real predmetləri deyil, xüsusi ad verilən uydurma və ya real obyektlərin ideal obrazlarını bildirir. Poetik onomastikada obyektiv olan subyektiv şəkildə inikas edilir. O, adın köməyi ilə dünyanın əks olunması vasitəsidir. “Poetik ad (poetonim) – bədii ədəbiyyatda ad, əsərin dilində nominativ funksiyadan başqa, xarakterizəedici, üslubi və ideoloji funksiyalara malikdir. Bir qayda olaraq, uydurma adlar kateqoriyasına aiddir, lakin, adətən, yazıçı real mövcud adlardan, yaxud bu və ya başqalarının kombinasiyasından istifadə edir” [509, s.108]. Digər onimlərdən dinamik məzmunu, qeyri-sabitliyi ilə fərqlənən poetonimin bədii mətndəki fəaliyyətini mahiyyət və hadisənin qarşılıqlı münasibəti kimi nəzərdən keçirmək olar. Xüsusi ad poetonim olmaq üçün bədii mətnin funksional elementi mövqeyində durmalıdır, yəni bədii mətndə işlənməlidir. Ən müxtəlif bədii-incəsənət və üslubi vəzifələrin həlli üçün istifadə olunan bütün onimlər müəllif tərəfindən birləşdirilir və poetonim yaranır. Bədii mətndə hazır ad siyahısından götürülən onimlərlə müəllifin yaratdığı adlar fərqləndirilməlidir.
Bədii mətn nitq vahidlərinin estetik cəhətdən mütəşəkkil funksional sistemidir. Onimlər bədii mətnin onomastik məkanını təşkil edir. Bu məkan onimlərin denotativ mənasının spesifikasından, ad formasının və digər əlamətlərin dəyişilmə üsullarından asılı olaraq müxtəlif sahələrə bölünə bilər. Ümumiyyətlə, onomastik semantikanı dil, nitq və bədii mətn səviyyəsində fərqləndirmək lazımdır. Onomastik leksika kontekst və mətndaxili əlaqələr sistemini öyrənmək üçün geniş imkanlara malikdir. Bədii mətnin onomastikonunun tədqiqi müəllif “laboratoriyasına” daxil olmağa, onomastik sistemin təşkilinin və əsərin onomastik məkanının daxili qanunauyğunluqlarını aşkar etməyə imkan verir. Bədii əsərdəki xüsusi adın potensialı kontekstdə açılır. Onomastik kontekst onimin məna potensialını bütünlüklə reallaşdırır. Başqa sözlə, xüsusi adlar bədii mətndə semantik və emosional baxımdan böyük potensiala malikdir. Bu imkanlar mətnin genişləndirilməsi (personajın xarakteristikası vasitəsilə) prosesində toplanır. Bədii mətndə xüsusi adların səciyyələndirici funksiyası nominativ funksiyadan önə keçir. Bu və ya digər funksiyanın üstünlüyü əsərin janrından asılıdır. Mətndə informativ-səciyyələndirici funksiya yerinə yetirən onimlərin köməyi ilə oxucu konkret personaj və ya obyektin orijinal cəhətləri barədə məlumat alır. Əsərdə emosional-ekspressiv səciyyələndirici funksiya yerinə yetirən onimlər motivləşmə hesabına denotat haqqında ümumi təsəvvür yaradır. Emosional-ekspressiv potensiala malik onimlər əsərin ümumi emosional koloritini yaradır. Bu cəhətlər bədii obrazın, əsərdə təsvir olunan xalqların həyat tərzi və mədəniyyətinin, bütövlükdə əsərin başa düşülməsi üçün çox vacibdir.
Poetonimin mənasının spesifikası onun denotativ, siqnifikativ və struktur mənalarının spesifikasından təşkil olunur. Bəzən poetonim süni, xüsusi siqnifikat işarəsi olan uydurma denotatları bildirir. Poetonimin semantikasının mürəkkəbləşməsi adın etimoloji, oniməqədərki mənasının bərpa olunması hesabına baş verir. Poetonimin xüsusiyyətləri onun poetikası vasitəsilə üzə çıxır. Obrazlı vasitə kimi poetonimin təsiri əsərin bütün mətninə yayılır.
Əsərin onomastikonunun kompleks təhlili üçün müəllif nominasiyasının prinsip və üsullarının nəzərdən keçirilməsi zəruridir. Janrdan, bədii mətnin ideya-bədii məzmunundan asılı olaraq müəllif adların kombinasiyalarının müxtəlif variantlarından istifadə edir. Ad formasının seçilməsi, hər şeydən əvvəl, müəllifin, kommunikativ şəraitin, ad daşıyıcısının sosial statusunun adlandırılana münasibətindən asılıdır.
Bədii mətndəki adlar digər dil vahidlərindən həm funksional, həm də semantik cəhətdən fərqlənir. Burada işlənən adların öz spesifikası vardır. Belə ki, real həyatda ad və onun daşıyıcısı arasında daxili əlaqə yoxdur. Leksik səviyyədə onimiyanın əsas xüsusiyyəti onun çoxfunksiyalılığı – eyni zamanda adlandırmaq, fərqləndirmək, eyniləşdirmək, həm də sosial, emosional, estetik cəhətdən müəyyənləşdirmək qabiliyyətidir. İşarəetmə funksiyası isə onlara obyektləri fərqləndirmək, tanımaq imkanı verir. Adi şəraitdə insanlara ad valideynlərinin arzusu ilə, obyektlərə isə onların yaradıcılarının və ya kəşf edənlərin istəyi ilə verilir. Bədii əsərdə isə mənzərə başqadır. Müəllif öz qəhrəmanına bu və ya digər adı verməklə kifayətlənmir, adın daxilində gizli qalan bütün xüsusiyyətləri ona şamil edir. Bədii əsərdə adla onun daşıyıcısı arasında əlaqə müəllifin öz istəyi ilə yaradılır. Hər yazıçı xüsusi adlardan öz yaradıcılıq metoduna və əsərin qarşısında duran konkret ideya-bədii vəzifələrə uyğun istifadə edir. Bədii mətndə işlənən adlarda müəyyən dövrün, ədəbi istiqamətin, müəllif mövqeyinin möhürü vardır.
Eyni ad müxtəlif məqsədlərə xidmət edə bilər. İdentifikasiya funksiyası bütün xüsusi adlar üçün zəruridir. Bədii onimlərin identifikatorları adın sağ və ya sol tərəfində yerləşən sözlər ola bilər. Bunların köməyi ilə personaj və ya obyekt haqqında məlumat almaq mümkündür. Bədii əsərdəki personajlar üçün belə identifikatorlar kimi məşğuliyyət, peşə, xarakter, xarici görünüş və s. bildirən sözlər çıxış edir. İdentifikatorlar ad və personajı birləşdirir, obyekt və personaj haqqında əlavə informasiya daşıyır.
Adi adlardan fərqli olaraq, bədii onimlər üçün konnotativ məna məcburi xarakter daşıyır və bu məna, adətən, bədii ədəbiyyatda onimlərin xüsusi işlənmə aspektini şərtləndirərək, ön plana çıxır. Onimlərin bədii əsərlərdə istifadəsinin geniş yayılmış üsullarından biri onların müxtəlif konstruksiyalarda işlənməsidir. Hər poetonim müəyyən kontekstdə konkret leksik-qrammatik (cins, hal, kəmiyyət) formalarda oxucu tərəfindən qavranılır. Poetonim yaradıcı subyekt olan yazıçı tərəfindən istifadə olunduğu üçün mütləq müəllifin həmin ad haqqında subyektiv fikrini özündə cəmləşdirir. Yazıçının bədii onimlərin bütün imkanlarından maksimum istifadə etmək cəhdi ona gətirib çıxarır ki, onlar parlaq, gözlənilməz obrazların yaradılması üçün mühüm vasitəyə çevrilir. Poetonim sənətkarın yaradıcılıq əlaqələri və ənənələrini müəyyənləşdirməyə imkan verir. Yazıçı müəyyən detalların yadda qalmasında, qavranılmasında adlardan istifadə edir.
Bədii əsərlərdə onimlərin rəngarəng məna yükü daşıması poetik obrazlılığı qüvvətləndirir. Təbii ki, bədii ədəbiyyatda janrların çoxluğu onlarda leksik vahidlərin çoxcəhətli və əhatəli olmasına təsir edir. Bədii mühitdə onimlərin funksiya dairəsi genişlənir, onların təkcə nominativ əlamətləri deyil, estetik funksiyaları da öyrənilir. Üslubi poetik məqamda onim daha çox maraq doğurur, qeyri-adi təsirə, əlavə emosional-estetik əlamətlərə malik olur. Əgər real həyat şəraitində onim, adətən, yalnız fərdiləşdirici və eyniləşdirici işarə olaraq qalırsa, bədii əsərin konteksti adı dəyişdirir. Personajın və ya obyektin mürəkkəb xarakteristikası poetonimin semantikasına təsir edərək, onu mürəkkəbləşdirir.
Əsərin onomastik məkanını onun bütün poetik leksikasının, yəni mətndə işlənən və müxtəlif kateqoriyalı, həm real, həm də uydurma obyektlərin işarəsinə xidmət edən leksik vahidlər – xüsusi adlar toplusu kimi səciyyələndirmək olar.
Yazıçı öz yaradıcılığında mütərəqqi ideyaları tarixi şəxsiyyətlərin həyatı timsalında tərənnüm edir. Sənətkarlar bəzən həmin şəxsiyyətlərin adını olduğu kimi saxlayır, bəzən isə dəyişir. Real onimlərin bədii ədəbiyyatda bu cür verilməsi əsərin ideyasının daha tez və asan mənimsənilməsinə kömək edir. Çünki oxucunun əsərdəki tarixi şəxsiyyətlər haqqında məlumatı varsa, müəllifin həmin surəti necə təqdim etməsindən asılı olmayaraq, onda müəyyən təsəvvür yaranır. Bəzən yazıçı qəhrəmanlıq ideyasını daha canlı, obrazlı vermək üçün bir neçə tarixi şəxsiyyətin adını sadalayır. Tarixi ad əsərin bədii forma elementinə çevrilərək öz potensial semantik-ekspressiv imkanlarını tez-tez aktivləşdirir.
Coğrafi obyektlərin, mətndə təsvir olunan hadisələrin yerinin nominasiyası əsərin obyektiv-tarixi planı, mətndəki dövr və yerin obyektiv-tarixi mənzərəsinin canlandırılması ilə bağlıdır. Əsərin onomastik məkanında bir-birini tamamlayan iki təbəqə seçilir: I təbəqəyə əsərin məzmununun və süjet xəttinin əsasında gördüyümüz, təsvir olunan dövrə, yəni obyektiv-tarixi gerçəkliyə uyğun toponimlər daxildir. Bunlar toponimlər-realionimlərdir. II təbəqə – müəllifin təxəyyülü ilə bədii mətnə cəlb edilmiş toponimlərdir. Bu zaman poetonim real obyekti deyil, virtual obyektləri bildirir, yəni adın məna üçbucağında virtual denotat iştirak edir.
Mətndə toponimlərə xas olan informativlik funksiyası əsərin ideya məzmununa, yəni müəllifin subyektiv münasibətinə və tarixi materialın verilməsinə aiddir. Tarixi əsərdə onimlərə xas funksiyaların əsas tiplərindən biri onların bədii təsvir vasitələrinin tərkibində, bədii obrazın yaradılmasında istifadəsidir, yəni təsvirilik və ifadəlilik. Onimlərin bu funksiyaları əsərin bədii formasına, dil və üslub xüsusiyyətlərinə aiddir. Yazıçı tərəfindən adın düzgün seçilməsi nəinki üslubi gözəllik, eyni zamanda, hadisələrin daha inandırıcı göstərilməsidir. Onimdən düzgün istifadə əsərdə verilən fikrin oxucuya dəqiq çatdırılmasına kömək edir.
Bədii mətndə başlıqlar da mühüm rol oynayır. Bunlar söz kompleksidir. Onların mənası mətnin ümumi ideyası ilə uyğun olur. Bununla yanaşı, başlığın estetik mənası əsərin bütöv semantikası ilə bağlıdır. Bu zaman başlıqlar bədii mətndə, əsasən, heyrətləndirən, maraq oyadan funksiya yerinə yetirir.
Beləliklə, mətnin onomastik sistemində mühüm üslubyaradan element kimi onimlərin öyrənilməsi onomastik məkanın struktur təşkilinin, obyekt və personajların nominasiya prinsipləri və üsullarının, onimlərin üslubi funksiyalarının, onların konkret obrazın, əsərin ideyasının realizasiyası ilə, müəllifin mövqeyi ilə əlaqələndirilən assosiativ münasibətlərin tədqiqi deməkdir. Poetik onomastika nəzəriyyəsi bu gün elmi nəticələrin əsaslandırılmasının mükəmməl forması kimi çıxış edir.
Cəmiyyətin istənilən inkişaf mərhələlərində onimlər mühüm tarixi əhəmiyyət daşımışdır. Heç bir insan cəmiyyəti, heç bir dövlət öz inkişaf prosesində özünəməxsus adlar sistemi olmadan keçinə bilməmişdir. Azərbaycan dili uzaq tarixi keçmişdə formalaşmış onomastik sistemə malikdir.
Müstəqilliyin əldə edilməsi və Azərbaycan Respublikasının beynəlxalq münasibətlərin subyektinə çevrilməsi ilə milli onomastika fəal şəkildə dünya məkanına daxil olmağa başladı. Onomastik vahidlər hazırda beynəlxalq rəsmi sənədlərdə öz əksini tapıb. Azərbaycanın onomastik məkanına daxil olan Bakı, Qarabağ, Şuşa, Xocalı, Gəncə, Qəbələ və b. bu kimi adlar Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı ilə sıx əlaqədar olaraq təkcə ünvan funksiyası yerinə yetirmir, həm də güclü milli potensialı olan yüksək assosiasiyalı semantik işarələrdir.
Onomastikanın mühüm istiqamətlərindən biri onun təhsil müəssisələrində öyrənilməsidir. Onomastik leksika bütün orta və ali məktəb dərsliklərində öz əksini tapır. Orta siniflərdə şagirdlər elmlərin əsaslarını öyrənməyə başlayır. Elmi anlayışların, terminlərin qavranılması şagirdlərdə elmi təfəkkürün formalaşması üçün bir sıra obyektiv şərtlər yaradır.
Elə tədqiqatlar var ki, onlarda onimlərin tədrisindən, bu prosesdə qarşıya çıxan çətinliklərdən, uşaqların lüğət ehtiyatının zənginləşdirilməsində onimlərin rolundan danışılır [179, s.237; 84, s.245-246; 5, s.233-234; 411, s.40-41]. A.Paşayevin bu mövzu ilə əlaqədar silsilə məqalələri vardır (“Mehman” əsərində obraz adlarını necə izah edirəm”, “Nizaminin məcazi adlar aləmi və şagirdlərin elmi dünyagörüşü”, “Adları düzgün yazaq”, “Antroponimik leksikanın bəzi xüsusiyyətləri haqqında”, “Mürəkkəb isim, mürəkkəb ad və ad birləşmələri haqqında məlumat” və s.). Bu əsərlər onimlərin pedaqoji aspektdə təhlilini ön plana çəkir. Həmin məqalələrdə müəllif xüsusi isimlərlə yanaşı, ümumi isimləri - apelyativləri təhlil etmiş, onların fərqli xüsusiyyətlərini aydınlaşdırmışdır.
Bütövlükdə onimlər kimi, toponimlər özündə müxtəlif faktorlar birləşdirir: vətənpərvərlik, tarixi-mədəni, idraki, estetik və s. Onlarda xalqın xarakteri, tarixi və mədəniyyəti, məişət xüsusiyyətləri, müəyyən ərazinin məskunlaşma xarakteri əks olunur, buna görə də toponimlərin təlim-tərbiyə əhəmiyyəti universaldır. Onlar bütün nitq üslublarında təsadüf edilir, bu zaman istənilən toponim konkret məzmuna malik olur və hər adın qavranılması müxtəlif assosiasiyalarla müşayiət olunur.
“Toponimiyanın öyrənilməsinin linqvokoqnitiv aspekti yenidir və az araşdırılmışdır, mühüm milli toponimlərlə bağlı olan mental-mədəni mənaları üzə çıxarmağa imkan verir, onların daxili formasının semantikası haqqında təsəvvürləri dərinləşdirir. Yeniyetmələrin daha mürəkkəb elmi informasiyanın qavranılmasına psixoloji hazırlığı müəllimi təlim prosesinə elmi tədqiqatların faktlarını əlavə olaraq daxil etməyə məcbur edir” [154, s.132].
Müasir dilçiliyin geniş yayılmış terminlərindən biri də “konsept”dir. “Hər xalqın milli şüuru onun mənəvi və maddi fəaliyyətinin ən mühüm konseptlərinin məcmusu əsasında formalaşır” [436]. Dilçilərin “konsept” anlayışına müraciəti dildə elmi biliklərin inikası ilə bağlı problemlərin həlli ilə əlaqədardır. Lakin konseptlərin tipologiyası problemi çox mürəkkəbdir və hələ kifayət qədər işlənilməyib. M.V.Nikitin qeyd edir ki, konseptlərin mövcud təsnifatları təxmini xarakterə malikdir, konseptlərin bütün tipləri onlarda əhatə olunmayıb, həm də onların fərqləndirilməsinin müxtəlif prinsipləri qarışdırılır [492, s.53-64]. “Konsept – mental vahiddir ki, əks olunan predmet və ya hadisə haqqında ensiklopedik informasiyadan, həmin informasiyanın ictimai şüurla interpretasiyasından və həmin hadisə, yaxud predmetə ictimai şüurun münasibətindən ibarət nisbətən salınmış daxili struktura malikdir” [515, s.24]. Dilçilik ədəbiyyatında reprezentasiya üsuluna görə fonetik (N.N.Boldırev, V.Q.Kulikov), leksik (N.V.Safonova), sintaktik (Z.D.Popova) konseptlər fərqləndirilir. O.A.Zinovyeva rus mədəniyyətinin Rusiya, Moskva, Peterburq və s. kimi mühüm konseptlərinin əlamətlərini nəzərdən keçirir və onları coğrafi konseptlər adlandırır [424]. Onomastik vahidin (onomaleksemin) mənası ilə reprezentasiya olunmuş konsept onomastik konsept adlanır. “Onomastik konsept – xüsusi adların semantikasını, gerçəkliyin onomastik fraqmenti haqqında bilikləri müəyyən edən onomastik biliyin xüsusi tipidir” [587]. Onomastik konsept onomastik informasiyanın mühafizəsi və ötürülməsinin universal vahididir, əldə olunmuş bilik onun köməyi ilə dərk olunur. O, dünyanın dil mənzərəsinin ayrılmaz hissəsi olaraq dilin konseptual sisteminə daxil edilir. Dünya haqqında biliyin xüsusi tipi kimi onomastik konsept onomastik kateqoriyanın formalaşmasının əsası kimi xidmət edir.
Onomastika məşğələlərində onomokonseptlərin izahı çox əhəmiyyətlidir. Nümunə üçün “Azərbaycan” konseptinin məzmununun milli dil şüurunda inikasını nəzərdən keçirək. “Azərbaycan” söz-stimulunun dil daşıyıcılarının şüurunda yaratdığı ilk reaksiya “Odlar yurdu”dur. Bu həm parlaq mental obraz, həm də tarixi-mədəni məlumatdır. Bu konseptin assosiativ sahəsinin linqvokoqnitiv interpretasiyası onun strukturunu formalaşdırmağa imkan verir. Topokonseptin strukturunun mühüm tərkib hissəsi ensiklopedik sahədir ki, kateqorial və diferensial tipli koqnitiv əlamətlərlə formalaşır. Bu zaman informasiya məzmunu bir neçə zona ilə təqdim olunur. Kateqorial zonanın tərkibinə onomastik məkanda topofenomen kimi Azərbaycanın yerini müəyyən edən əlamətlər daxildir (ərazi, coğrafi koordinatlar və s.). Məsələn:
“Ərazi: Azərbaycan Respublikası Cənubi Qafqazda yerləşir. Şimalda Dağıstan Respublikası (Rusiya), şimal-qərbdə, qərbdə və cənub-qərbdə Gürcüstan və Ermənistanla, cənubda Türkiyə və İranla həmsərhəddir, şərqdən onu Xəzər dənizi əhatə edir” [196, s.8].
“Azərbaycan” konseptinin ensiklopedik sahəsinin diferensial zonası landşaft-coğrafi, tarixi-mədəni və siyasi-iqtisadi yarımzonalardan ibarətdir ki, topofenomenin spesifikasını müəyyən edərək onun yerini dəqiqləşdirir. Mədəniyyət nöqteyi-nəzərindən coğrafi anlayışlar, simvollar, abidələr və müəyyən etnik birliyin üzvü kimi insanın şüurunda canlanan mənəvi impulslar konseptual baxımdan əhəmiyyətli ola bilər.
Landşaft-coğrafi yarımzona coğrafi reali kimi bu topokonseptin yerini müəyyənləşdirir: “Təbii şəraitin xüsusiyyətlərinə görə Azərbaycanın ərazisi dörd fiziki-coğrafi sahəyə bölünür: Böyük Qafqaz, Kiçik Qafqaz (Naxşıvan MR-lə birlikdə), Lənkəran zonası (Talış), Kür-Araz ovalığı” [196, s.8].
Azərbaycanın fiziki-coğrafi vahid kimi qavranılması konkret qrupları adlandıran reaksiyaları nümayiş etdirməlidir: Azərbaycandakı şəhərlərin adları (Bakı, Gəncə, Lənkəran, Quba, Şəki, Naxçıvan, Şamaxı, Ağdam, Laçın, Şuşa, Xankəndi və s.); Azərbaycan ərazisində yaşayan etnosların adları (azərbaycanlılar, ruslar, ləzgilər, talışlar və b.); hidronimlər (Xəzər dənizi, Kür, Araz və b.); oronimlər (Qafqaz, Şahdağ, Murovdağ, Babadağ və s.).
Tarixi-mədəni yarımzona xeyli sayda reaksiyalarla təmsil olunub.
Əhali: Bütövlükdə Azərbaycanda 9,5 milyon adam yaşayır. Azərbaycan əhalisinin 90%-ni azərbaycanlılar təşkil edir. Rəsmi dövlət dili – Azərbaycan dilidir.
İstirahət və turizm: Turist marşrutları – Şimal marşrutu: Bakı – Qusar; Cənub-Qərb marşrutu: Bakı – Naxçıvan; Qərb marşrutu: Bakı – Qazax; Cənub marşrutu: Bakı – Astara.
Abidələr: Köhnə şəhər (Qala) – İçərişəhər (memarlıq kompleksi, 2000-ci ildən YUNESKO-nun dünya abidələri siyahısına daxil edilib), Bakının simvolu Qız qalası, Şəhidlər xiyabanı, Qobustan, Azıx mağarası (Paleolit dövrü), Beşbarmaq dağı, Şəki xanları sarayı, Şamaxı, Xudafərin körpüsü, Şuşa Dövlət tarixi-memarlıq qoruğu, Atəşgah məbədi və s.
Binalar və tikililər: “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi, Muğam mərkəzi, “Cristal Hall” və s.
Tədbirlər: “Xocalıya ədalət!” kampaniyası, Beynəlxalq Qəbələ musiqi festivalı, “Qız qalası” Beynəlxalq İncəsənət festivalı, Beynəlxalq Bakı Humanitar Forumu, “Muğam aləmi” festivalı, “Avroviziya 2012” müsabiqəsi, Bədii gimnastika üzrə Avropa çempionatları, qızlar arasında futbol üzrə Dünya çempionatı, cüdo üzrə Qran-pri, “Bakı 2015” I Avropa Olimpiya oyunları, “Bakı 2016” 42-ci Şahmat olimpiadası və s.
Ədəbiyyat: “Kitabi-Dədə Qorqud”, Nizami, Nəsimi, Füzuli, Molla Pənah Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı və b.
Musiqi: Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Müslüm Maqomayev, Rəşid Behbudov və b.
Tarixi hadisələr: Mart hadisələri (31 Mart), Qara yanvar (20 yanvar), Xocalı soyqırımı, Qarabağ müharibəsi (1992 – 1994), Vətən müharibəsi (2020).
Bayramlar: Novruz bayramı, Müstəqillik Günü, Dövlət Bayrağı günü, Konstitusiya günü, Milli Dirçəliş günü, Ramazan bayramı, Qurban bayramı, Qurtuluş günü.
Siyasi-iqtisadi zona. Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır. Bu gün Azərbaycan artıq Şərq–Qərb sivilizasiyaları arasında körpü rolunu oynamır, o bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdirir. Mühüm transmilli layihələrə imza atan Azərbaycanın bölgənin aparıcı dövləti kimi nüfuzu və qüdrəti artmaqdadır (“Əsrin müqaviləsi”, Bakı – Tbilisi – Ceyhan neft kəməri, şəxsiyyətlər – Heydər Əliyev, İlham Əliyev, Şah İsmayıl, Məmmədəmin Rəsulzadə və b.).
Topokonseptlərin tədqiqi aktualdır və hazırda bir çox tədqiqatçını cəlb edir, çünki onların xüsusiyyətlərinin milli şüurla qavranılması imkanlarını və koqnitiv dilçilik mövqeyindən onomastik tədqiqatların inkişafında əlavə perspektivləri üzə çıxarır.
Təhsil sahəsində dövlət prioritetləri mədəniyyət və təhsil məkanının birliyi, milli mədəniyyətlərin, regional və mədəni ənənələrin və xüsusiyyətlərin çoxmillətli dövlət şəraitində qorunması və inkişafıdır. Bu oriyentirlər elə bir ölkə, dünya vətəndaşı tərbiyə etməyə imkan verir ki, müasir cəmiyyətə inteqrasiya etsin, bu cəmiyyətin təkmilləşdirilməsinə istiqamətlənsin, yüksək siyasi və demoqrafik mədəniyyətə malik olsun, ümumbəşəri dəyərləri tanısın, digər millətlərdən olan insanlara hörmət etsin, əcdadlarının mədəniyyəti ilə maraqlansın.
Hər bir polietnik məkanın öz mədəni fonu, mədəni-tarixi irsi, ənənələri, mədəni konseptləri var ki, bunlarda mədəniyyətlərin qarşılıqlı əlaqəsi, müxtəlif mədəniyyətlərin sosial-mədəni təzahürlərinin inteqrasiyası kimi mədəni proseslərlə xarakterizə edilir. “Etnoslararası qarşılıqlı əlaqə zamanı müxtəlif mədəniyyətlərin nümayəndələri öz mədəni özünəməxsusluğunu qoruyub saxlayaraq, yeni mədəni şərtlərə uyğunlaşmaq və ən yaxşı nümunələri mənimsəmək yolu ilə adaptasiya olunmaqla üzləşir. Nəticədə insanın yeni mədəni mühitlə uyğunluğu əldə olunur” [443, s.44].
Dil və mədəniyyət sistemində onomastik məkan mühüm elementdir. Onomastik material böyük mədəniyyətşünaslıq potensialına malikdir. Dilin toponimik sistemində mədəniyyətlər, dillər, zaman və məkan, cəmiyyətin inkişafının mərhələləri və sosial-tarixi şərtləri əks olunur. V.V.Molçanovski qeyd edir ki, toponimlərin semantikasının milli-mədəni komponentləri xüsusi ölkəşünaslıq reprezentativliyi, mədəni-tarixi assosiasiyaların zənginliyi ilə seçilir [480, s.28].
Yeni tədqiqat sahələrindən biri olan linqvokulturologiya dil və mədəniyyətin yeni əlaqə formalarını proqnozlaşdırır, konkret tarixi dövrdə etnosların qarşılıqlı əlaqəsini təsbit edir ki, burada mədəniyyətin mədəniyyətlər dialoqu vasitəsilə nəzərdən keçirilməsinə xüsusi yer ayrılır. Etnoslar arasında dialoq nəticəsində linqvokulturemlər əmələ gəlir. V.V.Vorobyovun təklif etdiyi “linqvokulturem” termini linqvokulturologiyanın baza anlayışıdır. Sözdən daha dərin səviyyəli vahid olaraq linqvokulturem həm “düşüncə forması”nı, həm də onunla sıx bağlı olan dilxarici mədəni mühiti özündə cəmləşdirir. O, məna vahidi kimi mövcuddur və sözlə, söz birləşməsi ilə, bütöv mətnlə ifadə oluna bilər. Linqvokulturem konnotativ mənaya malikdir.
Regional toponimikona təkcə ölkəşünaslıq deyil, həm də tərbiyəvi əhəmiyyət xasdır. Regional toponimikada mədəniyyətlərin qarşılıqlı təsiri və etnomədəni əlaqələrin nəticələri təsbit olunur. Onun tədqiqat sahəsinə müxtəlif dərəcədə tanınan toponimlər daxil edilə bilər. Belə coğrafi obyektlərin öyrənilməsi, həmin ərazilərə info-tur ekskursiyaların, ekoturizmin təşkil edilməsi tərbiyəvi, eyni zamanda, tanıtma xarakteri daşıyır. Azərbaycan ərazisi belə toponimlərlə zəngindir.
Şagirdlərin, ümumiyyətlə, vətən haqqında fon biliklərinin dərinləşməsinə diqqət yetirmək məqsədilə onomastik viktorinalar təşkil etmək olar. Viktorinanın əsas vəzifələri: şagirdlərin bilavasitə tədqiqatçılıq fəaliyyətinə, yəni bu suallara cavab axtarmağa: biliklərin informasiya fonunun formalaşdırılması, milli dilin və etnomədəni mənəvi ənənələrinin qavranılması, öz yaxınlarının, cəmiyyətin, dövlətin taleyi üçün məsuliyyətin tərbiyə edilməsi və s. maraq oyatmaq. Belə elmi tədbirlərin keçirilməsi intellektual səriştə və müstəqil yaradıcı vərdişlər əsasında milli mənəviyyat ənənələrinin qavranılması mühitini formalaşdırmalıdır. Toponimika linqvoölkəşünaslıq işinin vacib elementidir. O, idraki marağın, vətənin keçmişi və bu gününün öyrənilməsinə marağın stimullaşdırılmasının gözəl vasitəsidir. Bütün bunlar gənc nəslin mənəvi tərbiyəsinə kömək edir, onların dünyagörüşünü genişləndirir, mədəniyyətşünaslıq səriştəsinin formalaşmasına xidmət edir.
İnfo-tur ekskursiya insanın zehni fəallığını gücləndirir. Bu, görməli yerlərin, tarixi və mədəniyyət abidələrinin, coğrafi obyektlərin metodik düşünülmüş nümayişidir, yerlərdə obyektlərlə audiovizual tanışlıqdır. Bu, insanlara spesifik formada çatdırılan məlumatlar toplusudur. Belə ekskursiya artıq mövcud olan bilikləri konkretləşdirə, yenilərini verə, əlavə informasiya əldə etməyə marağı artıra bilər. O, tam, elmi əsaslandırılmış və diqqətlə yoxlanılmış informasiyadan ibarət olmalıdır.
Qeyd edilən bu vasitələr onomolinqvokulturemlərin (məsələn, Göygöl, Qavaldaş, Qobustan və s.) öyrənilməsində əhəmiyyətlidir.
Beləliklə, toponimlər linqvomədəni və eyni zamanda, sistemli hadisədir. Onlar dilin leksikasının bir hissəsi kimi, öz əsas funksiyasının yerinə yetirilməsi üçün xalqın maddi və mənəvi anlayışlarını əks etdirən leksik layları özündə cəmləşdirir. Toponimlərin düzgün işlənməsi mədəniyyətlərarası kommunikasiyada böyük əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |