Sofinin ürəyi sakit oldu”[28, s.69].
Birinci mikromətnin komponentləri səbəb-nəticə əlaqəsi əsasında əlaqələnmişdir. Sadə quruluşlu bu mətnin birinci komponenti “Sofi başa düşdü ki, nə isə olub” cümləsi üçün səbəbdir; qeyd etdiyimiz kimi, ikinci isə həmin səbəbin nəticəsidir. İkinci mikromətn isə “amma” bağlayıcısının iştirakı ilə yaranan qarşılaşdırma əlaqəsi üstündə qurulub və həmin mikromətnin ikinci komponentində aydınlaşdırma münasibəti olsa da, həmin mətnin semantik əlaqəsini müəyyənləşdirəcək səviyyəyə yüksəldə bilmir; qarşılaşdırma onu üstələyir. Beləliklə, ikinci mikromətnin komponentləri arasında qarşılaşdırma əlaqəsi tam reallaşır. Elə olan halda qeyd olunan mətnlər arasında “səbəb-nəticə +qarşılaşdırma” modeli meydana çıxır.
Əgər qeyd olunan iki mətni nəzərdən keçirsək, birinci mətnin son komponenti olan “Sofi başa düşdü ki nə isə olub” cümləsi ikinci mətn üçün ümumiləşdirici cümlədir – ikinci mətn onun aydınlaşdırılmasına xidmət edir. Nəticədə bir-biri ilə əlaqələnmiş iki mətn arasında aydınlaşdırma əlaqəsi müəyyənləşir. Həmin əlaqənin təyin olunması iki mətn arasında aparılan semantik sintezə görədir. Semantik sintez prinsip etibarı ilə baş fikrin mətnlərin üst qatına çıxarılması ilə şərtlənir; yuxarıda qeyd etdiyimiz abstraktlıq da bununla bağlıdır.
Mikromətnlər arasında semantik sintez şərti bir anlayışdır, iki mikromətn arasında bağlılıq münasibətlərini ifadə etməyə xidmət edir. Onun əsas şərti iki mikromətn əsasında formalaşdırılan yuvarlaq mətndir; onun əsas prinsipi iki mətnin ifadə edəcəyi mənanın bir mətn həcminə qədər sıxlaşdırılmasıdır. Məsələn:
“Ocağın közü qızarırdı.
Sofi barmaqlarını ovxalaya-ovxalaya əlini elə-eləcə ocağa tutmuşdu”
“Çayın şırıltısından başqa bu qaranlıq gecənin heç bir səsi yox idi və birdən-birə bu çay şırıltılı gecə sakitliyi içində uzaqdan, lap uzaqdan bir səs eşidildi; kimsə zəngulə vura-vura muğamat oxuyurdu; sözləri eşitmək mümkün deyildi, amma o uzaq zəngulənin sədaları elə bil ki, dağ havasıydı, dalğa-dalğa bütün bu tərəflərə yayılırdı” [28, s.48].
Bu mətnləri aşağıdakı cür sintez etmək olar:
“Sofi əllərini qızaran ocağın közünə tutmuşdu. Çayın şırıltısından başqa heç bir səs gəlmədiyi bir vaxtda zəngulə vuraraq muğamat oxuyan bir kimsənin səsi eşidildi. Amma sözləri eşitmək mümkün deyildi: ancaq o, dalğa-dalğa ətrafa yayılırdı”.
Sintez olunan mətndə mətnlərə aid əsas məzmun qorunub saxlanılıb. Əgər o, bir mətn statusunda çıxış edirsə, onun komponentləri arasında hansı semantik əlaqə tipi vardır? Təbii ki, eynizamanlılıq. Bu, hər iki mətn üçün hadisənin baş verdiyi zamanın üst-üstə düşməsi ilə əlaqədardır. Bundan çıxış edərək qeyd olunan mətnlər arasında zaman əlaqəsinin mövcudluğunu söyləmək olar.
Qeyd olunan transformativ model tabeli mürəkkəb cümlələrin müəyyənləşdirilməsində də köməkçi rol oynayır, yəni dilçilikdə qəbul olunmuş metoddur. Həmin metodun belə böyük konstruksiyalara tətbiq olunması nəzərdə tutulan funksiyanın ideal izahını verə bilməz, lakin onun təyinedici rolunu da inkar etmək olmaz. Bu metod o vaxt tətbiq olunur ki, iki mikromətn arasındakı semantik münasibətləri təyin etməkdə çətinlik yaranır.
İki mikromətn arasında əlaqələndirici vahid kimi formal vahidlər iştirak edirsə, onlar arasındakı semantik əlaqə tipini müəyyənləşdirmək nisbətən asandır. Məsələn: “ Dörd gündən sonra Ədilə öldü.
Ədilə mənim üçün birinci doğma adam idi ki, ölürdü”.
“Düzdür, müharibədən sonra məhəlləmizə qara xəbər gəlirdi, düzdür, mən şair İbrahimi də, saatsaz Gülağanı da, başqa qara xəbərləri də yaxşı tanıyırdım. Bu ölümlər mənə çox təsir edirdi, mən də bütün məhəlləmiz kimi bu ölümlərin dərdini çəkirdim, amma Ədilənin ölümündə, elə bil ki, mənim özümün nəsə şəxsi bir payım var idi, elə bil mənim özümün hansı bir hissəm isə ölmüşdü”[27, s.76]. Birinci mikromətn aydınlaşdırma əlaqəsi əsasında formalaşmışdır; ikikomponentli bu mətndə birinci komponentdə ifadə olunan fikri ikincisi aydınlaşdırır. İkinci mətn isə ziddiyyət-qarşılaşdırma prinsipinə əsasən qurulmuşdur. Qeyd olunan iki mətni birləşdirən “düzdür” modal sözdür, onlar arasındakı münasibət də aydınlaşdırma əlaqəsinə əsaslanır. Məntiqi cəhətdən də bu belədir; çünki əvvəlki mikromətnin ifadə etdiyi məna əlavə - nisbətən ona yaxın materiallarla izah olunur.
Yuxarıda izah etdiyimiz formal vahid (düzdür) etiraf, təsdiqləyici, əlavəedici məzmuna malikdir. Bu vasitə ilə o, əvvəlki mətndə ifadə olunan informasiya ilə bağlanır. Başqa bir misal:
“Atası onunla xeyli zarafat etdi. Sonra da göyün üzünə baxdı.
- Yaman bürkü idi. Yağmasa, yaxşıdır. Yaxşı, Aleksey, atını çap, get evə. Bir qucaq da göy ot apar. Anana de ki, hamamı qızdırsın, gəlib çiməcəm...”
“Amma o, arvadının hazırladığı hamamda çimə bilmədi. Osip cücə kimi islanmış halda evə gəldi. Yer saldırıb birbaşa yorğan-döşəyə uzandı. İki gün titrətdi. Bir həftədən sonra davasız-dərmansız sətəlcəmdən öldü”[57, s.62].
Makromətnin yuxarıda qeyd olunan iki komponenti arasında birləşdirici vasitə kimi iştirak edən “amma” bağlayıcısı onlar arasında ziddiyyət-qarşılaşdırma əlaqəsinin mövcudluğunu bildirir; iki mikromətn arasında informasiya verimi də bu məntiqin üzərində qurulub. Ümumiyyətlə, mikromətnlərarası əlaqələndirici vasitə kimi bağlayıcıların funksiyası çox şəffafdır və onlar arasındakı semantik əlaqə tipi daha tez müəyyənləşir. Modal sözlərin əlaqələndirici vasitə kimi funksiyası isə onlarla müqayisədə nisbətən mücərrəddir. Bu da modal sözlərin həm kəmiyyətcə çoxluğu, həm də morfoleksik zənginliyi ilə bağlıdır. Məsələn: “Düzdür” modal sözü fikrə və ya hadisəyə müxtəlif tərəfdən münasibət bildirir. Həmin münasibət situasiyadan asılı olaraq müxtəlif ola bilər: etiraf, təsdiq, aydınlaşdırıcı və s. Bu “amma”, “ancaq” və s. bağlayıcıları ilə müqayisədə - mətnlərarası münasibətdə mücərrəddir. Lakin qeyd olunan bağlayıcılar isə konkret olaraq ziddiyyət-qarşılaşdırma münasibətlərinin ifadəçiləri kimi çıxış edir və mikromətnlər arasındakı münasibətlər də bu semantikaya görə müəyyənləşir. Bu xüsusiyyət bağlayıcıların morfosemantik şəffaflığı ilə də izah oluna bilər.
Mikromətnlərarası əlaqələnmədə bağlayıcılar mətn semantikasına görə də qruplaşdırıla bilər. Məsələn: Ziddiyyət-qarşılaşdırma bağlayıcıları MSB-lərarası semantik münasibətdə oxşar semantikaya xidmət edir; “çünki” həm mikro, həm də makromətndə səbəb-nəticə əlaqəsi yaradır və s. Belə bir morfosintaktik şəffaflığı modal sözlərdə görmək olmur.
Dostları ilə paylaş: |