3.4. Mətn iyerarxiyası
İyerarxiya tabelilik və asılılıq münasibətləri əsasında qurulan sistemin xüsusiyyətidir. Onsuz nə fikrimizi ifadə edər, nə də nitqimizi qura bilərik. Ünsiyyətdə olarkən özümüz də bunu hiss etmədən informasiya verimi zamanı bu sistemi yaradırıq. Bunsuz nitq mümkün deyil. İstər nitqimizin ən kiçik vahidi – cümlə, istərsə də onun ən böyüyü kimi qəbul olunan mətn informasiya verimi zamanı vahid bir sistemdə birləşir. “Mətndə iyerarxiya anlayışdan fikrə, oradan da informasiyaya doğru inkişafı özündə ifadə edən bir sistem olmaqla kiçikdən böyüyə doğru prinsipi ilə qurulur. Onlar arasında tənzim mexanizmi elə qurulmuşdur ki, biri digərini nə təkrar edir, nə də ona mane olur. Belə bir dialektik tənzimat insanlar arasında ünsiyyətin formalaşa-formalaşa gəlməsi, uzun müddət onların həyat praktikasının zənginləşməsinin məntiqi nəticəsidir” [19, s.47]. Belə olmasaydı, fonemdən başlayaraq mətnə qədər dil və nitq vahidlərinin mətn kontekstində mürəkkəb mexanizmi meydana gəlməzdi.
Mətnlər kommunikasiya prosesinə xidmət edən dilin müəyyən mənaya malik konfiqurasiyalarıdır. O, dil işarələrindən təşkil olunmaqla müəyyən kommunikativ məqsəd daşıyır. Bu keyfiyyətdə həm ayrı-ayrı sözlər, həm də cümlələr iştirak edə bilər [140; 132, s.117-126; 100; 111].
Bu müəlliflərin tədqiqatlarında mətnə kommunikativ yanaşma üstünlük təşkil edir. Məsələn, Q.Kolşanski yazırdı ki, mətn statik vahid deyil, sərhədləri müvafiq kommunikativ məqsədlə təyin olunan hərəkətli kommunikativ vahid kimi özünü göstərir [100, s.89]. Mətn ona görə hərəkətli-dinamik kommunikativ vahiddir ki, o, ünsiyyət zamanı yaradılır, insanın dil qabiliyyətinin bazasında formalaşır. Çünki nitq hazır şəkildə təzahür etmir, o, insanlar arası münasibətlər ehtiyacından asılı olaraq insanın əqli məkanında müxtəlif idraki proseslərin nəticəsi kimi təzahür edir. Bu problemi nitqin törəməsi məsələsi ilə sıx bağlıdır. Ona görə də nitqin dinamizmini iki şəkildə– həm onun psixolinqvistik baxımdan formalaşması, həm də onun dil strukturlarına yerləşdirilərək ifadə olunması məsələsini əhatə edir.
“Mətn aşağıdan yuxarıya sistemli əlaqələnmə əsasına malik olmaqla struktur elementlərinin iyerarxiyasından ibarətdir; kiçikdən böyüyə trayektoriyası üzrə hərəkət edir. O, fonemdən başlayaraq mətnəqədərki böyük bir sahəni əhatə edir” [142]. Bu səbəbdəndir ki, fonemlər leksem və morfemləri, leksem və morfemlər cümlələri, onlar da mikromətnlərin sisteminə daxil olur, mikromətnlər də makromətnləri meydana gətirir. Bu, sadəcə mexaniki düzüm deyil, sistemin formalaşması deməkdir.
İyerarxiklik mətn strukturunun ümumi prinsipidir. İyerarxiya olmasa, mətni bütövləşmə də ola bilməz. Mətni bütövləşmədə hər bir struktur vahidlərinin öz funksiyası vardır, onların əlaqəli fəaliyyət mexanizmi mətni iyerarxiyanı şərtləndirir. Mətni təşkil edən struktur səviyyələrinin hər birinin müstəqil təşkili paradiqmatik iyerarxiya səciyyəlidir, onlar mətnin qurumu zamanı seçilir, fikir müvafiq cümlə strukturlarına yerləşdirilir. Cümlədə üzvlərin iyerarxaik sistemə daxil olması və mətndə daha böyük iyerarxaik sistemə əlaqəli şəkildə daxil olması nitqimizin formalaşmasını təmin edir. N.Enkvist haqlı olaraq qeyd edir ki, cümlə iyerarxiyası ilə yanaşı, mətn iyerarxiyası da var [139, s.370]. Məsələn, cümlə dilin dörd səviyyəsinin qarşılıqlı əlaqəsi – iyerarxiyası əsasında formalaşır, iyerarxiyası həmin səviyyə iyerarxiyasından onunla fərqlənir ki, mətni iyerarxiyada dilin bütün səviyyələri iştirak etməklə kommunikasiya üçün vacib olan informasiya ötürümünə kömək edir.
Mətni iyerarxiyada iki istiqamət-informativ və praqmatik istiqamət mətnin təşkili zamanı dəyərləndirici keyfiyyət qazanır. Deməli, mətnin mürəkkəb işarələr sistemi olması elementlər və səviyyələrarası münasibətləri ifadə etməsindədir.
İstənilən sistem yarımsistemlərin iyerarxiyasından ibarətdir; böyük sistem kiçik sistemlərin iyerarxiyasından yaranır. Deməli, böyük sistemi təşkil edən yarımsistemlərin daxili bağlılığı makrosistemi şərtləndirir.
İyerarxiya sistemində elementlər bir-biri ilə üzvü əlaqəyə girir, iyerarxiya pillələrində öz yerini tutur və bu, hər bir yarımsistemin nisbi müstəqilliyi ilə müşayiət olunur. Məsələn, makromətn sistemində mikromətn öz hüdudları daxilində müəyyən müstəqilliyə malik olmaqla makrosistemin bir üzvünü təşkil etməklə ondan asılıdır.
Beləliklə, mikromühitdən makroya doğru inkişaf etdikcə bir-birindən qarşılıqlı asılılıq əsasında makromətn sistemi formalaşır. Makromətn bu kontekstdə iyerarxiyanın böyük sistemdə tamamlanmasıdır.
Mikromətnin komponentləri ilə mikronun komponentləri təşkili baxımından, əlaqələnmə nöqteyi-nəzərindən ciddi şəkildə fərqlənmir; onlar tərkib hissələrinə çox asanlıqla ayrılır. Məsələn: Mikromətn cümlələrə, öz növbəsində cümlələr də öz tərkib hissələrinə – yarımsistemlərə bölünür. Nəticə etibarı ilə, makromətnin formalaşması prosesində kiçik yarımsistemlərdən böyüyə doğru inkişaf – bütövlənmə baş verir. Nitqin yaranması prosesində qeyd olunan elementlər hərəkətə gəlməklə bir-birini şərtləndirən əlaqələnmə sistemini qurur, dinamika böyük sistemin timsalında böyük mətnin formalaşması ilə başa çatır. Onlar arasında əlaqə sistemi sabitdir və dilin bütün yarımsistemlərini əhatə edir.
Mikromətn makromətnin formalaşmasında orta mərhələdi, o, makromətnlə cümlə arasında ortaq mövqedə yerləşir. Deməli, cümlədən makromətnə qədərki məntiqi inkişafı şərtləndirən orta mərhələ kimi mikromətn səviyyəsi dayanır. Bu konsepsiyanı məntiqi inkişaf prinsipləri də təsdiqləyir. Çünki yarımsistem olmadan makrosistem formalaşa bilməz və mikrosistem makronu inkar etmir.
Mikromətnlərin semantik təşkili fikirdən informasiyaya doğru inkişafı ifadə edir; o, dinamikdir. Cümlə timsalında fikirlərin xətti inkişafı semantik iyerarxizm prinsipinə əsaslanır; əvvəlki sonrakını şərtləndirir və mikromətn kontekstində mətn hipertemasını formalaşdırır. Buradan belə bir nəticəyə gəlmək olur ki, mikromətn çərçivəsində informasiya cümlə ilə səciyyələnən fikirlərin iyerarxiyasından qidalanır və bu da mətni bütövlüyün yaranmasına şərait yaradır.
Cümlədən mikromətnə keçid iyerarxiya prinsipinə əsaslanan təbii prosesdir, öz növbəsində, mikromətndən makroya keçid mahiyyətcə belədir. Beləliklə, aşağıdan yuxarıya mətni bütövləşmə müvafiq dilin qanunları əsasında reallaşır.
Mətnin kommunikativ təşkilində tema-rematik münasibətlərin iyerarxiyasını nəzərdən keçirək. Bildiyimiz kimi, nitqin ən kiçik vahidi cümlədir, mürəkkəb sintaktik bütöv isə cümlələrdən təşkil olunan mikromətndir. İstər fikri cümlə səviyyəsində, istərsə də mikromətn səviyyəsində danışanın ideyası – məramı var, bu ötürücü ilə qəbuledici arasındakı kommunikativ əlaqənin təzahürüdür. Bu məsələlər mətndə fikrin və yaxud informasiyanın paylanmasına xidmət edən aktual üzvlənmənin təzahürüdür. Cümlə və mətn kontekstində aktual üzvlənmə mahiyyətcə ciddi şəkildə fərqlənməsələr də, onların fəaliyyət dairələrinin fərqli mühiti onlar arasındakı bərabərliyi götürür. Qeyd olunan hər iki səviyyə arasındakı məntiqi bağlılıq həmin fərqləri tənzimləyir. Məsələn:
“Milisioner deyinə-deyinə köşkə qayıtdı, qapını bağladı, oturdu və yəqin, özünə söz verdi ki, də bu arvada tərəf baxmayacaq, amma elə bil ki, bu arvadın get-gedə şiddətlənən çovğun içində beləcə saatlarla darvazanın qabağında dayanıb durmasından çox, o lopa bığlı milisioneri narahat edirdi. Fikrini toplayıb həmişəki kimi “Oqonyok” jurnalının köhnə nömrələrini oxuya bilmirdi, əməlli başlı çay da içə bilmirdi, evdən gətirdiyi kolbasa-çörəyi də yeyə bilmirdi, yenə tez-tez köşkün pəncərəsindən Xanım xalaya baxırdı. Yenə Xanım xala buranın içərilərinə yaxınlaşmaq istəyəndə yüngülcə başını tərpədirdi, yəni ki, yaxınlaşma, bundan sənə kömək olmaz, sən istəyən adam deyil bu” [27, s.93].
Bu mikromətndə güclü mövqedə aktuallaşan mətnin sonuncu komponentindəki “bu” mübtədasıdır. Həmin üzv, demək olar ki, bütövlükdə mikromətnin hipertemasına ehtiva edir, yəni “bu” həmin mikromətndə verilən informasiyanın əsasında dayanır. Ona görə də o, ikili rola malikdir, yəni həm cümləni, həm də mikromətndəki aktuallaşan cümləni təmsil edir. Beləliklə, cümlədə aktuallaşan üzv mikromətndə daxil olduğu cümlə ilə birlikdə aktuallaşır. Bununla bərabər, qeyd olunan kontekstdə aktuallaşan üzvlərin tənzimlənməsi də informasiya səviyyəsində müəyyənləşir. Bu da mətndə aktuallaşan üzvlərin iyerarxiyasının bir növüdür. Mikromətndə komponentlərin birində güclü mövqedə aktuallaşan üzv mikromətnin aktuallaşan üzvü olmaya da bilər. Adətən, miromətndə aktuallaşan üzv onun sonuncu komponenti olur. Çünki informasiyanın məğzi sonuncu cümlədə verilir, o, nəticə xarakteri daşıyır:
“Bir dəfə Novruz bayramı ərəfəsi idi, axşam qoşa tutun altında Balakərimin başına yığılmışdıq. Və Balakərim bir xeyli müddət tütək çalandan sonra dedi:
-Lap qədim vaxtlarda bir Süleyman peyğəmbər var idi, demişəm sizə. Bu Süleyman peyğəmbərin bir arvadı var idi, adı Bilqeys idi, çox da sədaqətli arvad idi. Bir də bir dəvəquşu var idi, bu quşun adı da Bubbu quşu idi. Bu Bubbu quşu ki, var idi, Süleyman peyğəmbər ilə Bilqeysin sirlərini bir-birinə çatdırırdı. Gülağa da bax, həmin Süleymandı, Sona da Bilqeysdi. O ki qaldı Bubbu quşuna,o da elə Gülağa ilə Sonanın özüdü” [27, s.103].
Yuxarıdakı misalda “sizə” mikromətnin komponentlərindən birində aktuallaşan üzvdür. O, mikromətn kontekstində informasiyanın aktuallaşan üzvü ola bilmir, lakin aktuallaşan üzv olaraq informasiya verimində böyük rol oynayır. Lakin mətnin sonuncu komponenti (O ki qaldı Bubbu quşuna,o da elə Gülağa ilə Sonanın özüdü) aktuallaşan üzvdür, mikromətnin verəcəyi informasiyanın əsasında dayanır. Bəzən mikromətndəki komponentlərin bir neçəsində aktuallaşan üzv olur, bu halda da mikromətn üçün aktuallaşan sonuncu komponentdir. Deməli, mikromətndə aktuallaşan üzv daha geniş məzmun kəsb edir və dil vahidi kimi mövcud olan cümlələrdəkindən fərqlənir. Onların iyerarxaik kontekstdə əlaqələnməsi informasiyanın qurumu zamanı reallaşır.
K.M.Abdullayev yazır: “Aktual üzvlənməni bütün dillərdəki cümlə quruluşuna tətbiq etməklə yanaşı, qeyd etmək lazımdır ki, hər bir dilin sintaktik tipindən asılı olaraq bu üzvlənmənin reallaşması spesifik ola bilər. Bu spesifikliyi yaradan amillər sırasında söz düzümünün qanunauyğunluqlarını, köməkçi nitq hissələri arsenalının zənginliyini, cümlələr arasında əlaqəyaratma imkanlarının bolluğunu və s. göstərmək mümkündür”[4, s.89].
Mikromətndə informasiyanın strukturlaşdırılması mənəvi olanla maddi olanın dialektikasını nümayiş etdirir. Bu, elə bir hərəkət formasıdır ki, insan şüurunda aparılan mürəkkəb əqli əməliyyatların nəticəsidir və abstrakt xüsusiyyətlərə malikdir. Bu aspektdə şüurumuzda baş verən dinamizm bir-birini əvəz edən hərəkətlərin iyerarxiyasından ibarət olur, bir hadisədən digərinə keçid obyektiv reallığın, bizi əhatə edən aləmin müəyyən parçasını ifadə edən informasiya parçası kimi formalaşır. MSB-yə bərabər olan bu informasiya parçası makromətn kontekstində yarımsistemdir. Həmin yarımsistemlərin informasiya parçası kimi bütövləşməsi, mikrodan makroya doğru inkişafı təmsil edir. Mətni iyerarxiyanın dinamizmi də bu deməkdir. Mikromətnin semantik təşkilində iyerarxiyadan danışarkən cümlələrin formalaşma modelləri, onların asılılıqları sisteminin qarşılıqlı əlaqəsini nəzərdə tuturuq.
Mikromətnin iyerarxik sistemində təkrarlar mühüm rola malikdir. K.M.Abdullayev yazır: “Struktur planda tekstyaradıcı faktor kimi təkrarları xüsusi olaraq qeyd etmək lazımdır. Məlum olduğu kimi, mürəkkəb sintaktik bütövlərin təşkilində, qurulmasında təkrarlar möhkəm bir sistemə əsaslanırlar. Belə bir təşkiledici, qurucu faktor kimi təkrarların müxtəlif struktur növlərindən və ya mürəkkəb olmasından asılı olmayaraq onlar sadə sementvari funksiyaya malikdir; təkrarlıq xüsusiyyəti mürəkkəb sintaktik bütövün qurulmasına xidmət edən təkrarlanan cümlənin müstəqilliyinə təsir edir, o, daha çox bütöv bir sistemin struktur vahidinə çevrildiyindən müstəqilliyini müəyyən qədər itirir, mətn hipertemasının struktur vahidinə çevrilir” [4, s.111].
Mətn iyerarxiyası və intertekstuallıqla bağlı bəzi maraqlı məqamlar vardır. O, dildə praqmatik dəyərlə ölçülən ekspressivliyin verilməsində böyük rol oynadığı kimi, appelyativliyində ifadəsində mühüm funksiya yerinə yetirir. Digər funksiyası isə mətni göndərənlə onu qəbul edən arasında əlaqənin yaranması ilə bağlıdır. İntertekstdəki iki və daha çox mətnin iyerarxaik sistemi əlaqələndirilir, makro səviyyədə iyerarxaik uzlaşma yaradılır. Bir növ əsərin iyerarxaik sisteminə məqsədli, həm də məntiqi cəhətcə əsaslandırılmış müdaxilə edilir. Bu heç də makromətnin quruluş prinsiplərinə zidd deyil, əksinə sıxılmış, qısaldılmış ifadələr, hikmətli sözlər və aforizmlərlə estetik cəhətdən daha da zənginləşir:
“Dəllal Kərbalayı Cəfər gedib atı istəyir, amma Heydər belə cavab verir ki, söz vermişəm ki, atı satam əmioğlum Cahangir bəyə.
-A kişi dəli olma, Cahangir bəy sənə pul verən deyil, atı götürüb aparar, pulunu da bu gün, sabaha salar, axırda da deyər ki, atanın atama arpa hesabında borcu var idi?, vəssalam. Amma bu kişi nəğd adamdı. Ata da yaxşı qiymət verir” [40, s.225].
Verilmiş mətndə işlənən “atanın atama arpa hesabında borcu var idi” ifadəsi xalq arasında geniş şəkildə yayılmış məsəldir və onun çoxlu variantları vardır. Bu məsəldə güclü bir məntiq var. Həmin məntiq müəllif tərəfindən mətnə gətirilir və felyetonun əsas məzmunu ilə əlaqələndirilir. Nəticədə semantik iyerarxiyaya zənginlik gətirən müəllif müdaxiləsi baş verir və onu həm məntiqi, həm də bədii baxımdan tamamlayır. Belə bir müdaxilə nitqə konkretlik, dolğunluq verir. Həm şifahi, həm də yazılı nitq üçün spesifik olan intertekst oxşar hadisələrin və predmetlərin assosiasiyası zəminində baş verir. Belə məqamlarda o, əsərin süjetinə çox asanlıqla daxil ola bilir və mətn hipertemasında öz yerini tapır, müəllif intensiyasının əsas ifadəçilərindən birinə çevrilir.
NƏTİCƏ
1. Dilçilikdə yeni elmi paradiqmanın meydana gəlməsi bəzi dil hadisələrinə yanaşma tərzini dəyişdi, onun tədqiqat sferasını genişləndirdi. Belə məsələlərdən biri də mətn və informasiya, eləcə də informasiyanın ötürülməsi və qavranılması məsələləri ilə bağlı idi.
Mətn nəzəriyyəsinin yaranmasının mühüm səbəblərindən biri onun humanitar elmlərin maraq dairəsinə daxil olmasıdır. O, fəlsəfi və psixoloji baxımdan da humanitar elm sahələrində öyrənilirdi. Məsələyə belə baxış mətni filoloji və ritorik çərçivədə öyrənilmə hüdudundan çıxararaq daha geniş sferaya daxil etdi.
Mətn nəzəriyyəsinin inkişafında informatikanın meydana gəlməsi stimulverici rola malik olmuşdur. Beləliklə, mətn filoloji sərhədləri aşaraq humanitar və texniki elmlər sferasına daxil oldu və o, müxtəlif istiqamətlərdən öyrənilməklə mətn barəsindəki elmi-nəzəri fikirlər bütövləşirdi. Nəticədə də yeni elmi paradiqma olmaqla dilçiliyin yeni istiqaməti formalaşdı.
Mətn haqqında nəzəriyyənin formalaşmasında mətn və diskurs nisbəti, onların öyrənilməsi müəyyən qədər təsiredici amil olmuşdur. Diskurs təlimi ilə məşğul olan məktəblər istər-istəməz qeyd olunan məsələ ilə rastlaşmış və bu xüsusda öz münasibətlərini bildirmişlər.
Mətn nəzəriyyəsinin formalaşmasında mətnin əsasında dayanan kommunikasiya məqsədinin öyrənilməsinin də öz rolu var. Çünki yazıçı intensiyası adresant və adresat arasındakı ünsiyyətin mahiyyətini təşkil edir. Mətn nəzəriyyəsinin də əsasında bu dayanır.
Mətn işarələnmiş informasiyadır, sabitliyə malikdir, cəmiyyətdə ünsiyyətin əsas vahididir, o, dekodlaşaraq anlaşıla bilir və əsas bilik, eləcə də informasiya mənbəyidir.
Mətn dil münasibətlərinə görə linqvistik təbiətə malik mürəkkəb işarədir. Bu işarənin mürəkkəbliyi ondan ibarətdir ki, o, dil səviyyələrinin çoxtərəfli təması əsasında mövcud olur və onların hər birisinin də mətn quruculuğunda hansı səviyyədəsə öz payı var.
2. Hadisə və mətn kontekstində əsas fakt subyektdir. Subyekt mətnin yaradıcısıdır, həm də mətnin dekodlaşma nəticəsində onu dərk edəndir. Bu prosesdə subyektlər arasındakı əlaqəni, qarşılıqlı anlaşmanı tənzimləyən onlar arasındakı məlum ümumi bilikdir.
İstənilən mətn yaradıcılıq baxımından sərbəstdir, o şəxsiyyətin açıqlanmasının emprik zərurətindən irəli gəlmir, o daxili zərurətin məntiqi ifadəsidir, o həm siyasi-ideoloji, həm də estetik funksiya daşıya bilər.
Avropa dilçiliyində mətnin öyrənilməsi, onun müstəqil dilçilik sahəsi kimi fərqləndirilməsi XX əsrin ortalarına təsadüf edir. XX əsrin 60-70-ci illərində mətn nəzəriyyəsinə dair çox şeylər aydınlaşdırıldı, mətn dilçiliyin müstəqil sahəsi kimi formalaşır və dil sistemində onun yeri müəyyənləşir. 70-ci illərdə mətnin öyrənilməsi sferası xeyli genişlənir, o, təkcə bədii mətnlər üzrə deyil, həm də elmi, publisistik, şifahi nitq üzrə də tədqiq olunmağa və onun digər elm sahələri ilə əlaqəsi müəyyənləşdirilməyə başlanılır.
3. XX əsrin 80-ci illərində Avropa dilçiliyində mətnə praqmatik effektə malik bir mövcudluq kimi baxıldı. Bunun nəticəsində də mətnlə diskurs arasındakı yeni münasibətlər üzə çıxdı.
Makromətn isə qlobal informasiya bütövlüyünü özündə əks etdirən vahiddir, onun tərkib hissələri isə mikromətnlərdir. Həcmindən asılı olaraq makromətn çoxlu sayda nisbətən kiçik informasiya daşıyıcıları olan mikromətnlərdən ibarət olur.
Mətnin ən mühüm xüsusiyətlərindən biri onun hansısa situasiyanı əks etdirməsidir. Situasiya ilə mətn arasında bağlılıq birinin digərini şərtləndirməsidir. Mətn situasiyasının tam adekvatı da ola bilməz. Çünki dərin strukturdan səthi struktura çıxış sintaktik-semantik cəhətlə bağlıdır, eyni zamanda üst struktur dərin strukturda verilən materialların ideal adekvatı ola bilməz.
Mürəkkəb sintaktik bütövlər (MSB) Struktur – semantik bütövlüyə malikdir; onlarda qeyd olunan strukturda hansısa bir informasiya verilir.
4. Bədii mətnlərdə eynizamanlılıq təbiət lövhəsinin verilməsində, retrospeksiyada, zamanı səciyyələndirən dinamizmin təsvirində və s. geniş şəkildə istifadə olunur. Müəyyən məkan və zaman daxilində baş verən hadisələri öyrənərkən eynizamanlılıq daha qabarıq nəzərə çarpır. Bu, bədii təsvir zamanı hadisələrin bəhs etdiyi durumu, xaotik dinamikasını vermək, onun canlı mənzərəsini yaratmaq üçün çox əlverişlidir.
Ardıcıllıq semantikası müəyyən zamanla bağlanır. Mikromətn kontekstində hadisə ardıcıllığı müəyyən zaman kəsiyində baş verdiyindən onlar üst-üstə düşmür.
5. Aydınlaşdırılma əlaqəsi ümumən mətn semantikasının inkişaf xətti ilə bağlanır, şərh izahverici xüsusiyyətlərə malikdir. Mətn semantikasında bu əlaqə üsulu bir çox mətnlərin əsasında durmaqla hadisə və predmetlər barəsində olan fikirləri genişləndirməklə oxucuya informativ aydınlıq yaradır, hadisələr anı barədə geniş təsəvvür yaradır.
Mürəkkəb sintaktik bütövlər müəyyən informasiya daşıyan struktur-semantik birlikdir. Bu birliyin meydana çıxması konkret formal vahidlərin funksiyası ilə də bağlıdır. Çünki MSB cümlələr adlanan komponentlərdən təşkil olunur və onlar arasındakı bağlılıq ilə elə bir üzvi əlaqə yaradır ki, mətn hiperteması kontekstində informatik bütövlüyü təmin edir.
6. Deməli, bağlayıcıların qrammatik funksiyası cümlə strukturundan da kənara çıxır, MSB səviyyəsində cümlələri bir-birinə bağlayır. Onların cümlələri əlaqələndirilməsi MSB və mürəkkəb cümlə səviyyəsini əhatə etsə də, onlar məzmunca fərqlidir; MSB səviyyəsində bu əlaqələnmə daha geniş radiusludur, ayrı-ayrı müstəqil cümlələri əhatə edir.
Makromətn müxtəlif məzmunlu mikromətlərin məqsədyönlü birliyindən təşkil olunur. Bu birlik də müxtəlif hadisələrin işarələnməsinin, mətnə çevrilməsinin nəticəsidir. Hadisə işarələnərkən onun kiçik seqmentləri mikromətnlərə uyğun gəlir, ancaq onların seqmentlərarası münasibətləri nisbətən özlərindən böyük seqmentlərlə bağlı olur. Onun tərkib hissəsini ifadə etməklə daxili əlaqələnmə prinsipləri ilə müşayiət olunur. Nisbətən özlərindən böyük seqment bədii mətnlərdə bir neçə mikromətni əhatə edə bilir və mikromətnin qlobal şəkildə ifadə edəcəyi məzmunla tam əlaqələnir.
7. Mikromətnlər arasında semantik əlaqə üsulları mikromətnlərdəki ilə üst-üstə düşür. Bu təsadüfi oxşarlıq deyil, informasiyanın verilməsi prinsipləri ilə bağlıdır.
Mətndə komponentlər arasında məzmun əlaqələri də oxşardır. Bildiyimiz kimi, mikromətndə məzmun əlaqələri ümumidən xüsusiyə və xüsusidən ümumiyə doğru istiqamətlənir.
Makromətn quruluş və məzmun cəhətdən də mikromətnlə müəyyən oxşarlıqlara malikdir. Çünki hər ikisində mətn komponentləri iştirak edir, hər ikisi informasiya daşıyandır. Lakin mikromətnlərdən fərqli olaraq, makromətnlər həm struktur komponentlərinə, həm də informasiya həcminə görə fərqlənir.
Formal əlaqə vasitələri həm mikro, həm də makromətn səviyyəsində oxşar funksiyanı yerinə yetirir.
8. Mətn dilçiliyinin meydana gəlməsi nitqimizin çox mühüm məqamlarını üzə çıxartdı; xüsusilə, mətnin struktur-semantik qurulması, onun komponentləri arasında əlaqələndirici vasitələr, kontinium və s. kimi məsələlər həm ayrıca götürülmüş dillər, həm də tipoloji aspektdə tədqiq olunur. Məsələnin belə geniş aspekti dilçilikdə koqnitivizmin meydana gəlməsi ilə sıx bağlıdır.
Kontiniumda hadisələrin məkan və zaman ardıcıllığı makromətnin bölündüyü MSB-lər çərçivəsində də gözlənilir. Onlar arasındakı dinamik əlaqəmətnin koheziyasına şərait yaradır.
9. Zaman kontiniumuna nəzərən məkan nisbətən konkretdir. Çünki bədii mətnlərdə süjet zamanı məkan kontiniumu ilə müqayisədə abstraktdır, onun müəyyənləşdirici faktoru mətndir. Keçmişdə baş vermiş hadisənin indiki və ya gələcək zamanda verilməsi qeyd etdiyimiz kimi, situativ xarakter daşıyır. Məkan bədii mətnlərdə məkan konkretliyi oxucunu konkret bir məkana yönəldir, onların əsər boyu bir-birini əvəz etməsi əsərdə məkan və zaman dinamizmini yaradır.
10. Mətndə iyerarxiya anlayışdan fikrə, oradan da informasiyaya doğru inkişafı özündə ifadə edən bir sistem olmaqla kiçikdən böyüyə doğru prinsipi ilə qurulur. Onlar arasında tənzim mexanizmi elə qurulmuşdur ki, biri digərini nə təkrar edir, nə də ona mane olur. Belə bir dialektik tənzimat insanlar arasında ünsiyyətin formalaşa-formalaşa gəlməsi, uzun müddət onların həyat praktikasının zənginləşməsinin məntiqi nəticəsidir. Belə olmasaydı, fonemdən başlayaraq mətnə qədər dil və nitq vahidlərinin mətn kontekstində mürəkkəb mexanizmi meydana gəlməzdi.
11. İyerarxiklik mətn strukturunun ümumi prinsipidir. İyerarxiya olmasa mətni bütövləşmə də ola bilməz. Mətni bütövləşmədə hər bir struktur vahidlərinin öz funksiyası vardır. Onların əlaqəli fəaliyyət mexanizmi mətni iyerarxiyanı şərtləndirir. Mətni təşkil edən struktur səviyyələrinin hər birinin müstəqil təşkili paradiqmatik iyerarxiya səciyyəlidir, onlar mətnin qurumu zamanı seçilir, fikir müvafiq cümlə strukturlarına yerləşdirilir. Cümlədə üzvlərin iyerarxaik sistemə daxil olması və mətndə daha böyük iyerarxaik sistemə əlaqəli şəkildə daxil olması nitqimizin formalaşmasını təmin edir.
Dostları ilə paylaş: |