Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Oğuz qrupu türk dillərində doğumla bağlı işlənən ortaq leksik vahidlər



Yüklə 306,26 Kb.
səhifə23/47
tarix05.01.2022
ölçüsü306,26 Kb.
#111915
1   ...   19   20   21   22   23   24   25   26   ...   47
2.2.1. Oğuz qrupu türk dillərində doğumla bağlı işlənən ortaq leksik vahidlər
Demək olar ki, Azərbaycan, türkmən dillərində vəTürkiyə türkcəsində bəzi leksik vahidlər fonetik cəhətdən eyniyyət təşkil edir. Həyatın başlanğıcı hesab olunan doğum mərhələsi qadının hamilə qalması ilə başlayır. Araşdırma zamanı Orxon-Yenisey abidələrinin, “Kutadqu biliğ” əsərinin və “DLT”nin dilində “hamilə” mənasını ifadə edən hər hansı bir sözə rast gəlmədik. “DLT”də yalnız “gəbə at” mənasında “kulnaçı” [49 s.,135] termininin işləndiyini görmək mümkündür. Buna baxmayaraq, müasir oğuz qrupu türk dillərinin, o cümlədən də digər türk dillərinin lüğət tərkibində “hamilə” mənasını ifadə edən xeyli leksik vahid var: “Yavaş, asta hərəkət edən” anlamını özündə əks etdirən “ağır” sözü və onun derivatları: “ağırlığ” [127, s.10], Türk. “ağır //ağır ayak” [210, s.32], türkm. “ayağı ağır”, Azərb. “ağır” [11, s.61], “ağırayağ” [108, s.16], noq. “avır ayaklı”, başq. “aurlı//auır ayaklı”, qaz. “ayağı avır” [170, s.308] və s. E.Sevortyan tatar dilində “hamilə” mənasında “avırlı” ifadəsinin işləndiyini və bu sözün “ağır” kökündən yarandığını söyləyir. “Ağır” sözünün isə türk dillərində geniş şəkildə işlənən feil-isim leksik omonimliyini yaradan “a:ğ”-“a:ğ” (“ağrımaq”-“ağrı”) sözlərinin derivatları olduğunu qeyd edir [237, s.85]. A.Cəfəroğlu qədim uyğur dilində “hamilə” mənasında heç bir qədim yazılı abidədə rast gəlinməyən “içlig” leksik vahidinin işləndiyini vurğulayır [127, s.8]. Tədqiqat zamanı bu ifadənin qədim uyğur dramı “Maytrisimit”də eyni mənada “agırlıg içlig” birləşməsi kimi işləndiyinin şahidi olduq: “...ağırlığ içlig udçı kızı” (“...gəbə çoban qızı”) [207, s.20]. “Hamilə”mənasında “aylı” sözünün işlənməsinə ilk olaraq İbn Mühənna lüğətində rast gəlirik. Anadolu türkcəsində bu ifadə eyni fonetik tərkibdə - “aylı günlü” və eyni mənada geniş şəkildə işlənir. “Hamilə” mənasında “boğaz” sözü müasir oğuz türklərində yalnız “hamilə heyvan” mənasında işlənsə də, yazılı abidələrdə insanlara-qadınlara məxsus işləndiyinin şahidi oluruq. G.Clauson türk dillərində “boğaz// boğuz” ifadəsinin “boğ” feilindən və “z” ikili anlamı ifadə edən sonluqdan yarandığını, yalnız işləndiyi zaman “boğaz”, “öldürmək, kəsmək”, “töl” sözü ilə birgəişləndikdə isə “hamilə” mənasını ifadə etdiyini qeyd etmişdir. Daha sonra o, “boğaz” sözünün türk dillərinin bəzi dialektlərində “gəbə”,“yüklü” mənasını ifadə etdiyini söyləyir, ancaq bu sözlər arasında məna əlaqəsinin olmadığını vurğulayır [279, s.322]. “EDAL”dakı “boğa” maddəsində “boğaz//boyaz//bogar” sözünün əksər türk dillərində kiçik fonetik fərqlərlə “gəbə heyvan”,“qeyri-qanuni uşaq daşımaq”,“vaxtından əvvəl doğmaq” mənaları ifadə etdiyi göstərilmişdir [281, s.366]. “DTS”də də “töl boyaz” “hamilə” mənasında işlənmişdir [237, s.579]. M.Kaşğari birləşmənin ilk komponenti olan “töl” sözünün oğuz türklərində həm “döl vaxtı”, həm də “bala, övlad” mənasında işləndiyini söyləyir [49, s.139]. “Oğuz Kağan” dastanında “hamilə” mənasında “töl boğaz” ifadəsinin eyni fonetik tərkibdə yalnız iki dəfə işləndiyini görmək olur: “birlə yattı, tiləqüsin aldı. Töl boğaz boldı” [78, s.14-15]. Bizim fikrimizcə, “boğaz” sözü “KDQ” də müstəqil şəkildə işlənərək həm qadın, həm də heyvanlar üçün “hamilə, gəbə” mənasında işlədilmişdir: “Buğur Boğazca Fatma dirlər bir hatun var idi”, “And içəyim bu kəz boğaz kısrağa bindügüm yok” [136, s.43]. Müasir Azərbaycan dilində və bəzi dialektlərimizdə (Ağcabədi, Ağdam, Bərdə, Yardımlı, Şəki)[5, s.62] “hamilə qadın” [11, s.342] mənasını ifadə etmək üçün digər türk dillərində rastlaşmadığımız “boylu” leksik vahidindən istifadə olunur. Anadolu şivələrində bu sözə semantik baxımdan yaxın olan “gövdeli” [131, s.287] sözü işlənir. Bizə elə gəlir ki, qeyd etdiyimiz hər iki sözdə “bədənin ölçüsünün normadan artıq olması” mənası vurğulanır. E.Sevortyan türk dillərində “hamilə” mənasını ifadə edən “gəbə” sözünün türkmən, Türkiyə, qaqauz, Krım tatar türkcəsində işləndiyini və bu sözün əksər türk dillərində istifadə olunan “gəbər” feili ilə əlaqəli olduğunu qeyd edir [276, s.36]. “EDAL”da “gəbə” sözünə “gep” maddəsində toxunulmuşdur. Qeyd olunur ki, “gep” prototürkdə “qabarmaq”,“göbəyin şişməsi”; “hamilə olmaq”,“hamilə”;“kibirli olmaq”,“şişirilmiş”(qarın üçün); “havalı”,“havalı gəzmək” mənalarında işlənmişdir. Lüğətdə bu sözün “gəbər” feili ilə (E.Sevortyan), “kök”sözü ilə (B. Vladimirtsov, G.Doerfer) əlaqəli izahının səhv olduğu, “bədənin yuxarı hissəsi” ifadəsi ilə birbaşa bağlılığı göstərilmişdir [281, s.668]. H. Eren “gəbə” sözündən deyil, “gebeş” ifadəsindən bəhs edərək bu sözün “gebe” kökündən və “-ş” kiçiltmə şəkilçisindən ibarət olduğunu, “qarnı şiş olan”, “şişman” mənalarını ifadə etdiyini vurğulayır [135, s.150]. Türk dillərində qeyd etdiyimiz məna ilə bağlı işlənmə tezliyinə malik ifadələrdən biri də “hamilə” leksemidir. “Hamilə” ərəb dilində işlənən “haml” sözündən olub “yük”, “yükləmə” mənasını ifadə edir [32, s.222]. Bu ifadə eyni fonetik tərkibdə bir sıra türk dillərində işlənir: Azərb. “hamilə”; türkm. “hamila”; özb. “hamiladar”; uyğ. “hamilidar” [170, s.308-309] və s.

Türk dillərində doğumun ilkin mərhələsi hesab olunan “hamiləlik”lə bağlı xeyli terminlər yaranmışdır: “Aşerme” hamiləlik zamanı qadının vaxtlı-vaxtsız ürəyinin bir şey istəməsidir. “Aşerme” lekseminin əsli “aş yerme” olub, “yeyiləcək şeylərdən diksinmə” deməkdir. Qədim türkcədə “yermek” feili “bəyənməmək, pisləmək” anlamındadır. Bu ifadə sonradan “yüklü qadının ürəyinin hər hansı bir yeməyi istəməsi, onları dadmaqdan özünü çəkindirə bilməməsi” mənasını qazanmışdır [188, s.112]. “DLT”də həmin mənaya yaxın “aşsattı”: “ol anı aşsattı” (O onu aşa, yeməyə tamahlandırdı) [47,s.292], “er aş aşadı” [49, s.253], “aşlık” “yeməklik”, “buğda” (Oğuzlarda) [50, s.43] leksik vahidləri işlənmişdir. Türk dilinin müxtəlif dialektlərində “aşerme” mənasını ifadə etmək üçün leksik, morfoloji və sintaktik üsulla yaranmış leksik vahidlərdən geniş şəkildə istifadə olunur. “Aş” sözü ilə bağlı: “aşeriyor”, “aşeren”, “aşveren”, “aş çalıyor”, “aş yürüyen”, “aş erginliği” [214, s.135]; “Ağız” sözü ilə bağlı: “ağzı tatsız”,“ağzının tadı yok”,“ağzı kel”; “Baş” sözü ilə bağlı: “başı kel”,“başı döngün”,“başı bozuk”,“başı bulanık” və müxtəlif sözlərlə bağlı:“bozğun”,“çalığı var”,“göğnü keçi”,“nebirani”,“nevrani”və s. [214, s.71-77]. Azərbaycan dilində bu mənanı ifadə etmək üçün “ağız dadsızlığı”“yerikləmək” leksik vahidlərindən istifadə olunur [161, s.17]. “Yerikləmək”lekseminin kökü olan “ye:r” morfemi G.Clauson lüğətində “hər hansı bir yeməkdən zəhləsi getmək”,“günah”anlamlarında işlənmişdir [279, s.955]. S.Nişanyan“yer//yeri” morfeminin VIII əsrdən sonra uyğur dilində işləndiyini və “pisləmək”, “alçaltmaq”, “ayıblamaq” mənalarını ifadə etdiyini qeyd edir [202, s.949]. Fikrimizcə, “yerikləmək” lekseminin əvvəlki semantik tutumu daralmış və bügünkü anlamı ifadə etməyə başlamışdır. Kərkük türkmənlərində bu leksik vahid türk dilləri üçün səciyyəvi olan intervokal mövqedə r-z əvəzlənməsi nəticəsində “yeziklənmə” şəklində formalaşıb. Anadoluda bu morfem “yerginlik// yerginmek// yerik vermek// yerüklü olmak//yeruk yerimek”,“yezikli kadın” isə“yergin//yerik//yerikli” formasında işlənir [164, s.13].

Oğuz qrupu türk dillərinin leksik fondunda yeni uşaq dünyaya gətirmış, ancaq hələ ayağa qalxmamış analara verilən adlara da rast gəlmək mümkündür: “Lohusa/ loğsa”,“diğaskesen”(Elazığ),“emzikli” (İstanbul, Denizli),“nevse”(Antep) [106, s.65], Türkmən kəndi Əlibəylidə “nefse” [195, s.28], Hal kəndində “digasken” [134, s.90] , “zahı” (Azərb.) və s.

Doğumla bağlı qədim türkcədən müasir türk dillərinə keçən terminlərdən biri də “albastı”// “al karısı”dır. İstər şaman, istərsə də İslam türklərinin folklorunda bu günə qədər yaşayan ruhlardan biri hesab olunan “albastı” fonetik cəhətdən fərqlənsə də, semantika baxımından eynilik təşkil etmiş, qədim və müasir türk dillərinin lüğət tərkibində geniş şəkildə işlənmişdir. Qərb türklərində “Al karısı//Albastı”; əski Osmanlı mətnlərində “Albız”, Uranha-Tuva dillərində “Albıs”, Altay dilində “Almıs”, yakut dilində “Abası”, uyğur və qazax dillərində “Kara basmak”, Anadolunun bəzi bölgələrində “Al kızı”, “ağırlık basması” [154,s.259], qumuq dilində “Albastı” mənasında “Bastırık”, “Albasması” mənasında isə “bastırık basa” leksemləri işlənir [165, s.66]. Türk alimi S.V.Örneyə görə, türk xalqlarının dilində işlənən “al”ı cin, div ya da pis ruh olaraq deyil, xəstəlik kimi düşünmək lazımdır [214, s.145]. A.İnanın fikrincə, bütün türk xalqlarında “albastı” eyni pis ruhun adıdır, hətta dünyaya yeni uşaq gətirən analara da yaxınlaşması eynidir [154, s.262]. “Al” morfeminin G.Clauson “tutub olduğu yerdən ayırmaq”,“götürmək”,“yerinə dəyişmək” [279, s.124], A.Tietza “üstünə//yanına almaq”,“əldə etmək”,“qazanmaq” [281, s.135], İ.Z. Eyyüboğlu isə “əhatə etmək”, “ələ keçirmək” [142, s.40] mənalarını ifadə etdiyini qeyd edirlər. Ümumiyyətlə, “albastı” sözünün mənşəyi ilə bağlı türkologiyada bir çox fikirlər vardır. Bəzi alimlər bu leksemin akkadcadakı “iyrənc şeytani varlıq” mənasını ifadə edən “lamastu” sözünün dəyişilmiş forması, bəziləri fars mənşəli “Al tanrısı” və türk mənşəli “basdı” feilinin birləşməsi, bir qismi isə ərəb dilindəki “Allah” sözünün kökündən (Al) olduğunu irəli sürmüşlər. Bizim fikrimizcə, bu ifadə “qorxulu ruh”, “şeytan” və “div” anlamına gələn “al” kökü ilə tunqus-mancur dillərində ən qədim mifoloji motiv olan “masi” morfeminin birləşməsindən yaranmış və “almasi>almas(l)>albası >albastı” kimi inkişaf yolu keçmişdir. Beləliklə, bu leksik vahid “pis ruh” anlamı daşıyan “al” morfemi ilə “basmaq” feilinin birləşməsindən yaranıb.

Yüklə 306,26 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin