Ağıt, ağu, ağlamaq, yığlamak, yığıt kimi sözlərin hər biri bir-biri ilə bağlıdır. Yığlamak / yuğlamak sözü “ağlamaq” deməkdir. M. Kaşğari türk tayfalarının bir qismində “ağlaştı” mənasında “ığlaştı”, digər bir qismində isə “yığlaştı” ifadəsindən istifadə edildiyini qeyd edir [47, s.277]. “Yığlamaq” sözü ilə bağlı müasir türkologiyada bir neçə fikir mövcuddur. Bəzi türkoloqlar bu sözün yo/ yoğ/yok kökündən olub “yox olmaq” mənasını [22, s.244], bir qisim alimlər isə qədim türkcədə sözəvvəli mövqedə “ı” səsini qorumaq məqsədi ilə “y” səsinin artırılması(y-ıl, y-ıldırım, y-ığac) kimi qeyd edib, “y-ığlamaq=ığlamaq=ağlamaq” mənasını ifadə etdiyini göstərmişdilər [152, s.268]. Türkologiyada yoğ//yok sözlərinin semantikası ilə bağlı daha fərqli fikirlərə də rast gəlinir. M. Kaşğari “Divani-lüğət-it türk” əsərində qeyd etmişdi ki, türk boylarında “yoğ” sözü “matəm”, “yas”, “ölü dəfn olunandan sonra üç və ya yeddi günə qədər verilən yemək” mənasında işlənir [49, s.143]. Türk boylarının bəzilərindəölü dəfn olunduqdan sonra verilən yeməyə “yog basan” da deyilir [47, s.399; 49, s.309]: “Ol ölüğğe yogladı- o, ölü üçün yemək verdi” [49, s.277]. Bəzi türkoloqlar “yoğ basan” ifadəsinin birinci komponentini “ruh, şeytan” mənasını ifadə edən “yek”lə, “basan” sözünü isə “üzərinə çökmək, yıxmaq, musallat olmaq//yapışmaq” mənasını ifadə edən “basmaq” feili ilə bağlı olduğunu qeyd edirlər [279, s.370]. “Yoğ” sözü ilə bağlı ikinci fikir isə “cənnət” mənasını ifadə edən “uçmaq” termini ilə əlaqəlidir. Ş.Saminin “Qamusi türki” əsərində “yoqalmak” feili “yox edilmək”, “silinmək”, “yutulmaq//udulmaq”, “yoqaltmaq” feili isə “uçurtmaq”, “uçratmaq” mənasında ifadə olunmuşdur [196, s.1342]. A.Koçak yoq sözünü yoqa sözü ilə əlaqələndirir. Sanskrit dilində yoqa “birlik, birləşmə, birləşdirmə”, “qaçmaq, düzmək, düzənə//qaydaya qoymaq” mənalarını ifadə edir [202, s.952]. Tədqiqatçı yoqa sözünün yuj sözündən yarandığını, ifadə etdiyi “qovuşma”, “bir araya gəlmə” mənalarının isə qədim türkcədəki yoğ sözü ilə səsləşdiyini qeyd edir [174, s.68].
Fərqli köklərlə bağlı olaraq yaradılmış kimi görünən “ağu”, “sagu”, “sığıt” və “yoğ” kəlmələri “ığ-ağ” feilinə əlavə edilən şəkilçi və sözlərlə meydana çıxmış; qaynaşmalar və söz kökündə meydana gələn səs dəyişmələri nəticəsində fərqli şəkillərə düşmüş ortaq feil köklərinə sahib, eyni “ığ-ağ” köklərindən yaranmış eyniköklü sözlərdir [115, s.781]. V.Hatipoğlu “ağlamaq” sözünün qədim türkcədəki təkfonemli leksik vahid olan “ı”dan yarandığını qeyd edir. “Orxon abidələri ilə çağdaş sayılan uyğur mətnlərində “ığ” formasında bir sözə rast gəlinir. Bu söz uyğur mətnlərində “ığ-la-ma=ağlamaq”, “ığ-la-º-mak=ağlaşmaq” formalarında işlənmişdir. Ayrıca, maye haqqında “ağır-ağır axmaq” mənasında “ığmaq” sözü işlənirdi [127, s.85]. Uyğurcadakı bütün bu örnəklər o dövrdə “ığ” formasında “su” qavramı yaradan bir kökün varlığını göstərir” [152, s.267-273]. Ş. Sami “saqu//sağu” sözünün “mərsiyə”, “ağlamaq”, “ölünün yaxşı xüsusiyyətlərini sayaraq yas tutmaq”; “sağamak” ifadəsinin “mərsiyə oxumaq”; “sağuçu” nun “ağı deyən, mərsiyə oxuyan adam”; “sağu topu” birləşməsinin “yüksək təbəqəli insanların ölüsünü dəfn edəndə atılan yanan toplar” mənalarını ifadə etdiyini göstərir [196, s.1146].
Fonetik formasının müxtəlif olmasına baxmayaraq, qədim və müasir türk dillərində işlənən, ölünün arxasından onun gözəl xüsusiyyətlərinin fəryadla vəsf olunmasının kökündə göz yaşı dayanırdı. Belə ki, Azərbaycanda işlənən “ağı” sözü qədim uyğur dilində “göz yaşı” mənasını ifadə edir [28, s.72]. “Azərbaycan dilinin izahlı lüğəti”ndə “ağı” sözünün bir neçə mənası verilmişdir: 1. Zəhər, məc. Çox acı şey haqqında. Zəqqum; 2. Qadınların ölü üstündə avazla söylədikləri yanıqlı sözlər, məc. Fəğan etmək, fəryad etmək: “Qoca arvadlar ağlaşma qurub ağı söyləmək istədilər” [11, s.58]. “Ağıçı” sözü isə “ağlaşma zamanı ağı söyləyən, ölünü oxşayıb ağlayan qadın” mənasını ifadə edir [11, s.58]. Qədim türklərdə olduğu kimi, teleutlarda da ölənin arxasından dedikləri ağı “sığıt” adlanır. İnsan öldüyü andan başlanan “sığıt” basdırılana qədər davam edir [165, s.29]. Teleutlardan fərqli olaraq, qədim türklər “sığıt” sözündən həm də “matəm” mənasını ifadə etmək üçün istifadə etmişlər [165, s.48]. V.Hatipoğlu qədim türkcədə, o cümlədən uyğur mətnlərində, “DLT”də işlənən “sığtamaq” [48, s.316], “sığtaşmaq” sözlərinin “ığlamaq=ağlamaq”, “ığlaşmaq=ağlaşmaq”feilləri ilə eyni kökdən olduğunu, söz əvvəlindəki “s” səsini (s-ığ-ta-maq) öntörəmə- proteza hadisəsi kimi qeyd etmişdir [152, s.268].
Qədim dövrdən bu günə qədər geniş şəkildə işlənən leksik vahidlərdən biri də “yas” terminidir. M.Kaşğari “yas” sözünün oğuz türklərində “ölüm”, “həlak olma” (“anınq oğlı yas boldı”-onun oğlu öldü) [49, s.159]; ümumi türkcədə isə “sökmək” (xan çuvaç yasdı-xan çadırını sökdü), “buraxmaq”(bəg süsin yasdı-bəy qoşunu buraxdı), “çıxartmaq” (bəg yasın yasdı-bəy yayını çıxartdı) [49, s.59] anlamı daşıdığını qeyd etmişdir. Qədim türkcədə “yas”la bağlı bir sıra ifadələr işlənmişdir: “yas”-zərər, ziyan; “yas bol”-ölmək [237, s.244]; “yas qıl// yas teg”-ziyan yetirmək (“Yana aydı ay toldı ilig ukar bu til yası tegse tiriglik tüker”) [12, s.59], “yas//yaş”-hüsran, üzüntü [202, s.942].
Azərbaycan dilinin Şamaxı dialektində “ölü üçün ağlamaq”, “yas saxlamaq”mənasını ifadə etmək üçün “oxşalmaq” sözündən istifadə olunur [5, s.381]. Təbii ki, oxşalmaq sözünün içərisində ağı deyənin öləni əzizləməsi, müəyyən xüsusiyyətlərini sayaraq oxşaması dayanır.
Qədim türklər “kəfən” mənasında “eşük” sözündən istifadə etmişdilər. Xaqanlar öldüyü zaman həmin eşüklər onların üzərinə sərilir, sonra həmin parçanı bölüb kasıblara paylayırdılar [183, s.758]: “Kadaşım ərən eşükəyi yoğladınız” (yoldaşlarım, ərənlər məni ipək qumaşa bürüyərək dəfn etdiniz) [Yn.XLII,5]. “EUTS” da yalnız “örtü” [127, s.77], “DLT”də isə “üstdən geyilən, bürünülən hər şey”, “xanlardan, bəylərdən biri öldüyündə qəbri üstünə sərilmək üzrə göndərilən ipək qumaş” [47, s.141], “EDPT”də “eşü+k”(örtmək feili+k feildən isim düzəldən şəkilçi) “yun adyal”, “örtən, bağlayan” [279, s.260] mənalarını ifadə edir. Orxon-Yenisey abidələrində “eşük//esük” kəliməsini ilk dəfə L.Bazin oxumuş və bu sözün yalnız “cənazə kəfəni” mənasını ifadə etdiyini söyləmişdir [175, s.356]. G.Clauson qeyd edir ki, oğuz türklərinin işlətdikləri “qapı” sözünə digər türklər “eşük//eşik” deyirdilər [279, s.583]. Z.Gökalp “eşük” sözünün qədim türkcədə “qiymətli ipək qumaş, kəfən” mənalarında işlənsə də, getdikcə öz semantikasını itirib “ruh, pəri, cin” anlamı daşıyan “eş” kökündən yaranmış “təkin/rahat olmayan yer, insanı çarpan yer” mənasını ifadə etdiyini, müasir Türkiyə türkcəsində bu mənanı ifadə etmək üçün “yatır” leksemindən istifadə olunduğunu, müasir türk dillərində isə “eşük” sözünün yalnız “qapı” anlamı daşıdığını qeyd edir [145, s.48].
Bütün türk xalqlarında ölümlə bağlı işlənən terminlərdən biri də “tabut” leksemidir. Qədim türklər bu anlamı ifadə etmək üçün “beşik” sözündən istifadə edirdilər. B.Ögəl XI əsrdə Orta Asiya türklərinin “tabut” və “sandıq” mənasında “ükək” kəlməsindən istifadə etdiklərini qeyd edir [182, s.288].“Ükək”-“tabut”,“sənduqə, sandıq”, “şəhərin qala divarlarındakı bürclər” [47, s.147]; “qutu”, “yeşik”, “bürc” [279, s.105]; “qala”, “tabut”, “sandıq” “zodiak bürcü//ulduzlar topası” [237, s.623] mənalarını ifadə edir. XI əsrdə türklər üzərində bürclər olan qalaya “ükəklig tam”, yəni “bürclü qala divarı”, “divar təməli” üçün də “ükəklig ulı” deyirdilər [181, s.298]. Altay türkləri isə həm “beşik”, həm də “kəfən” üçün “çuğ//çoğ” leksik vahidini işlədirlər [181, s.282]. Türkiyənin Qaziantep bölgəsində “kəfənlənmiş ölü”yə “dürgü” deyirlər. “Dürgü” sözü kiçik fonetik dəyişikliklə qədim abidələrdə də rastlanmışdır. Qədim türklər “türgok” sözü ilə “boxça” mənasını ifadə edirmişlər [181, s.282].
M.Kaşğari türklərin“dəfn etmək” mənasında “küli”[49, s.251], “məzar” mənasınında isə “kara orun” [49, s.210] ifadəsindən istifadə etdiklərini söyləyir. O qeyd edir ki, “kara orun” sözünün əsl mənası “qaranlıq yer” deməkdir: “Kalmış tavar athınnınq, Kirsə kara orunka”; “ölüg külidi” (ölü dəfn olundu). “Kara orun” ifadəsi kiçik fonetik dəyişikliklə bəzi türk xalqlarının etnoqrafiyasında hələ də işlənməkdədir. Belə ki, Azərbaycan dilinin bəzi dialektlərində qarğış məzmunlu “qara yerə girəsən” ifadəsi işlənir ki bu da “ölmək” anlamı daşıyır.
Qədim türklər ölümlə bağlı müxtəlif mərasim və ayinlər yerinə yetirirdilər. Həmin adətlərdən biri “əlbisəyi tərs geymək”dir. Bəzi tədqiqatçıların fikrincə, bu adət şamanizm inancından qaynaqlanır. Şamanizm inancına əsasən ölüm sonrasındakı həyat insanların yaşadığı həyatın tərsi olacaq. Ona görə də yalnız insanların paltarları deyil, atların yəhərləri də tərs qoyulurdu. Kərkük türkmanlarında ölünü dəfn edən zaman ağıtçı qadınlar oxuduqları ağını (“Tez yuğun, tez kaldırın,mehterim terse çaldırın”) tərsinə oxuyurlar [186, s.45].
“Tullamak” mərasimi kiçik fonetik fərqlə əksər türk xalqlarının lüğət tərkibində işlənmişdir: “tuldamak”(qırğız), “tuluyah”(yakut), “tuldav”(qazax) və s. “Tullamak” sözünün mənası “atı dul etmək” deməkdir. Yəni həyat yoldaşları ölmüş qadınlar necə dul qalırdılarsa, atlar da quyruğu düyünlənərək, kəsilərək dul qalırdılar. Altay ərazisində aparılan qazıntı zamanı tapılan və e.ə IV-III əsrlərə aid quyruqları kəsik donmuş atlar bu mərasimin qədimliyini sübut edir. Qədim türklərdə ölən qəhrəmanın atının quyruğunun kəsilməsi, yəhərinin tərs qoyulması bir sevginin, hörmətin rəmzi hesab olunurdu. Həmin atlar tullandıqdan //dullandıqdan sonra minilməz, üzərində yük daşınılmazdı [186, s.40]. Hətta İslam dinini qəbul etdikdən sonra oğuz türklərində bu adətin izlərini görmək mümkündür: “Beyrek aydur: yigitlerüm yirünüzden örü turun, Ağ boz atumun kuyruğını kesün” [136, s.118]. Qədim türkcədə “tul at” ifadəsi həm də “döyüşdə minmək üçün hazırlanmış at” mənasını ifadə edir. Belə ki, türk sərkərdələri çətin hesab etdikləri döyüşə gedəndə atlarının quyruğunu kəsir və ya düyünləyirdilər. Bu da onların fədai olduğunu, özlərini ölümə qurban etdiklərini ifadə edirdi. Müasir türk dillərində atın quyruğunu kəsmək “ölümü çağırmaq” mənasına gəldiyinə görə qazax türklərində səbəbsiz halda atın quyruğunun kəsilməsi qadağan edilmişdir. Azərbaycan türklərində birinin atının quyruğunu kəsmək “ona sataşmaq”, “namusunu tapdamaq” mənalarını ifadə edir.