AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 496.99 Kb.
səhifə7/7
tarix17.01.2017
ölçüsü496.99 Kb.
1   2   3   4   5   6   7

Bilməlidir: milli mədəniyyətin inkişafı üzrə qanunvericiliyi; mədəni-maarif sahəsinə aid normativ hüquqi aktları, yuxarı orqanların mədəniyyət sahəsinə aid qərar, əmr, sərəncam və digər sənədlərini; əlyazmalarının, kataloq və kartotekaların redaktə edilməsini və tərtibi qaydalarını, kitab və digər nəşrlərin elektron versiyasının redaktəsini, çap məhsullarının bədii-texniki formalaşdırılmasını; mətbuat möhürlərinin çap işarələrini; poliqrafik istehsala verilən nəşriyyat orijinalların hazırlanma qaydalarını; çap məhsullarının buraxılışa hazırlanması üzrə normativ materialları, standart korrektura işarələrini; rus dilinin qrammatikasını və stilistikasını; müəllif hüquqlarını; redaksiya-nəşriyyat fəaliyyətinin təşkilini və iqtisadiyyatını; poliqrafıq istehsalın texnologiyasını, əməyin təşkili və idarə olunmasını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələblər:

7-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: orta ixtisas təhsili, mədəni-maarif müəssisələrində redaktor vəzifəsində 2 ildən və yaxud digər sahələrdə redaktor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: ali ixtisas təhsili və iqtisadiyyatın digər sahələrində redaktor vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda;

10-cu dərəcə: ali ixtisas təhsili və mədəni-maarif müəssisələrində redaktor vəzifəsində 3 ildən və yaxud iqtisadiyyatın digər sahələrdə redaktor vəzifəsində 8 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə (mədəni-maarif müəssisəsinin aparıcı redaktoru): ali ixtisas təhsili və mədəni-maarif müəssisələrində redaktor vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində), I qrupa aid edilən mədəni-maarif müəssisələrində çalışdıqda və yaxud ali ixtisas təhsilli olmaqla iqtisadiyyatın digər sahələrdə redaktor vəzifəsində 10 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə (mədəni-maarif müəssisəsinin aparıcı redaktoru): ali ixtisas təhsili və mədəni-maarif müəssisələrində redaktor vəzifəsində 7 ildən az olmayaraq əmək stajı olduqda, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində), I qrupa aid edilən mədəni-maarif müəssisələrində çalışdıqda və yaxud ali ixtisas təhsilli olmaqla iqtisadiyyatın digər sahələrdə redaktor vəzifəsində 15 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə (mədəni-maarif müəssisəsinin aparıcı redaktoru): mədəni-maarif müəssisələrində redaktor vəzifəsində 10 ildən az olmayaraq əmək stajı olduqda və milli statusa malik kitabxanada çalışdıqda.

 

Beynəlxalq əlaqələr üzrə tərcüməçi-redaktor

 

Əmək funksiyası. Beynəlxalq kitab mübadiləsi üzrə aidiyyəti işləri həyata keçirir. Xarici ölkələrin kitab kataloqlarından və kitabxanaların kitab mübadiləsi siyahılarından kitabların mövzular üzrə seçilməsini təmin edir, onların siyahılarını, biblioqrafik təsvirlərini tərtib edir. Kitabların hər birinə ayrı-ayrılıqda qısa annotasiyalar hazırlayır. Seçilmiş və hazırlanmış materialları Azərbaycan dilinə tərcümə edir. Beynəlxalq kitab mübadiləsi yolu ilə kitabxanaya alınması nəzərdə tutulan xarici kitabların və dövri nəşrlərin kartotekasını təşkil edir.

Azərbaycanda çap olunan və beynəlxalq kitab mübadiləsi üçün təqdim olunan ədəbiyyatın siyahılarını hazırlayır, onların biblioqrafik təsvirlərini beynəlxalq standartlara uyğun olaraq tərtib edir. Həmin kitablara qısa biblioqrafik annotasiyalar hazırlayır, onları tələb olunan xarici dilə tərcümə edir və xarici ölkə kitabxanalarına göndərir. Xarici ölkə kitabxanalarına beynəlxalq kitab mübadiləsi yolu ilə göndərilən kitabların və dövri nəşrlərin kartotekasını təşkil edir.

Bilməlidir: milli mədəniyyətin inkişafı üzrə qanunvericiliyi; mədəni-maarif sahəsinə aid normativ hüquqi aktları, yuxarı orqanların mədəniyyət sahəsinə aid qərar, əmr, sərəncam və digər sənədlərini; əlyazmalarının, xarici dillərdə kataloq və kartotekaların tərtibi və redaktə edilməsi qaydalarını, xarici dillərdə kitab və digər nəşrlərin elektron versiyasının redaktəsini, beynəlxalq standart kitab nömrələri üzrə axtarış aparmağı, xarici dildə annotasiya və biblioqrafik təsvir tərtib etməyi; əməyin təşkili və idarə olunmasını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili, rus və türk dillərindən əlavə bir və ya bir neçə xarici dildə sərbəst danışıq, peşəkar səviyyədə həmin dillərdə şifahi və yazılı formada tərcümə etmək bacarığı.

11-ci dərəcə: 2 ildən az olmayaraq tərcüməçi vəzifəsində əmək stajı olduqda və beynəlxalq əlaqələri olan respublika əhəmiyyətli mədəni-maarif müəssisələrində çalışdıqda;

12-ci dərəcə: 2 ildən az olmayaraq tərcüməçi vəzifəsində əmək stajı olduqda və beynəlxalq əlaqələri olan milli statusa malik kitabxanada çalışdıqda;

13-cü dərəcə (beynəlxalq əlaqələr üzrə aparıcı tərcüməçi-redaktor): 3 ildən az olmayaraq beynəlxalq əlaqələr üzrə tərcüməçi-redaktor vəzifəsində əmək stajı olduqda və beynəlxalq əlaqələri olan milli statusa malik kitabxanada çalışdıqda.

 

Bələdçi; ekskursiyaçı

 

Əmək funksiyası. Ekskursiya aparır və ekspozisiyalarda, sərgilərdə mühazirələr oxuyur. Yeni ekskursiya və mühazirə mövzuları hazırlayır. Yeni materiallara və metodistin göstərişlərinə uyğun olaraq ekskursiya və mühazirələrə əlavələr edir. Ekskursiya və mühazirəlin metodikası və keçirilməsini təkmilləşdirir. Metodiki sənədlərin hazırlanmasında, ekskursiya və mühazirələri dinləməkdə, elmi-maarif tədbirlərinin təbliğində, təşkilində və keçirilməsində iştirak edir.



Bilməlidir: elm və mədəniyyətin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; muzeyin fəaliyyəti ilə əlaqədar sənədləri; ekskursiya və mühazirə işi metodikasını; xarici və ölkədaxili muzeylərin qabaqcıl iş təcrübəsini; nitq mədəniyyətini; ədəbi tələffüz qaydalarını; rus və başqa dillərin leksikasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: III və ya IV qrupa aid olan muzeylərdə, orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: III və ya IV qrupa aid olan muzeylərdə, orta ixtisas təhsili və 3 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı;

8-ci dərəcə: ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 3 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 8 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı;

10-cu dərəcə: nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə) və I qrupa aid olan muzeylərdə, ali ixtisas təhsili və 5 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı;

11-ci dərəcə: respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən muzeylərdə (təsdiq edilmiş siyahı üzrə), ali ixtisas təhsili və 5 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı;

12-ci dərəcə: elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərdə, ali ixtisas təhsili və 5 ildən az olmayaraq bələdçi (ekskursiyaçı) vəzifəsində əmək stajı.

 

Heyvanat parklarının baytar həkimi

 

Əmək funksiyası. Heyvanatlarda xəstəliyin və ölümün qarşısını almaq məqsədilə profilaktik-baytarlıq, sanitar-baytarlıq və klinik laborator tədbirlərini planlaşdıraraq həyata keçirir. Heyvanat parkının istehsalat otaqlarının və ərazisinin sanitar-baytarlıq vəziyyətini yoxlayır. Heyvanat parkına yeni gətirilmiş heyvanlar üzərində karantin tədbirlərini həyata keçirir, xəstə heyvanları aşkar edərək onları təcrid edir. Xəstə heyvanları diaqnostik müayinə edir, onlara qoruyucu peyvəndlər edir. Profilaktik müalicəni həyata keçirir. Baytarlıq aptekində olan yemlərin keyfiyyətini yoxlayır. Heyvanat parklarının heyvanlarının çıxdaş edilməsində iştirak edir və öldürülmüş heyvanların ətindən istifadə olunması haqqında qərar çıxarır. Baytarlıq sənədlərinin hazırlanması ilə məşğul olur. Heyvanat parkının elmi iş planına müvafiq olaraq tədqiqat aparır. Heyvanat parkında saxlanılan vəhşi heyvanların müalicəsi haqqında məsləhətlər verir. Baytarlıq işlərinin uçotunu və qəbul edilmiş hesabatı aparır.



Bilməlidir: baytarlıq işi barədə normativ sənədləri; baytarlıq və sanitariya qaydalarını, təminatlarını; aidiyyəti orqanların baytarlıq işi barədə qərar, sərəncam və digər sənədlərini; heyvanat parkında saxlanılan vəhşi heyvanların biologiyasını, onlara xas olan xəstəlikləri və onların qarşısının alınması və müalicə qaydalarını; sanitar-baytarlıq ekspertizasını; baytarlıq və sanitar-baytarlıq ekspertizası sahəsində yeni nailiyyətləri; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və yaxud orta ixtisas təhsilli olmaqla baytar həkimi vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 1 ildən az olmayaraq baytar həkimi vəzifəsində əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 4 ildən az olmayaraq baytar həkimi vəzifəsində əmək stajı;

10-cu dərəcə (aparıcı baytar həkimi): ali ixtisas təhsili və 7 ildən az olmayaraq baytar həkimi vəzifəsində əmək stajı.

 

Mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı

 

Əmək funksiyası. Kütləvi oyunlar, tamaşalar, əyləncələr və sair əhalinin asudə vaxtının keçirilməsi üzrə kollektiv tədbirlər həyata keçirir. Ssenarinin, tematik proqramın, bədii tərtibatın, musiqi müşayiətinin və texniki təchizatın işlənib hazırlanması və tərtibi işlərində iştirak edir. Xərclər smetasını tutur və müəyyən olunmuş qaydada təsdiqə təqdim edir.

Bilməlidir: milli mədəniyyətin və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; mədəni-maarif işinə dair qərar, sərəncam və digər sənədləri; incəsənət tarixi və nəzəriyyəsinin əsaslarını; oyun və əyləncələrin yaranma tarixini, onların sosial-psixoloji və pedaqoji funksiyalarını; auditoriyanın fəallaşması, adamların kollektiv oyun ünsiyyətinə cəlb olunması üsullarını; kütləvi əyləncəli tədbirlərin dramaturji quruluşunu; müxtəlif yaş təbəqələri üçün oyun repertuarını; mədəni-kütləvi tədbirlərin keçirilməsi üzrə qabaqcıl təcrübəni; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

8-ci dərəcə: iş stajı nəzərə alınmadan ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 5 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və ixtisası üzrə 1 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 10 ildən az olmayaraq bu vəzifədə əmək stajı.

 

Turist gəzintiləri üzrə bələdçi

 

Əmək funksiyası. Turistlərin şəxsi və kollektiv təhlükəsizliyini təmin edən tədbirlər görməklə müəyyən edilmiş marşrut üzrə ekskursiya hazırlaşır. Marşrutun xüsusiyyətini, ehtimal olunan riskləri, onların qarşısının alınması resurslarını və üsullarını öyrənir. Ekskursiyanın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan avadanlığın, alətlərin və materialların hazırlanmasına nəzarət edir.

Təsdiq edilmiş proqrama uyğun olaraq marşrutun həyata keçirilməsi zamanı ekskursiya iştirakçılarının şəxsi və kollektiv təhlükəsizliyinə, habelə ekskursiyanın yerinə yetirilməsinə görə tam məsuliyyət daşıyır.

Ekskursiya həyata keçirilərkən rəhbərliklə operativ əlaqəsi olmalıdır. Belə əlaqə olmadığı halda onu yaratmaq üsullarını bilməlidir. Tabeliyində olan şəxslərlə marşrutun sxemi barədə müzakirələr aparır. Ekskursiyanın marşrut üzrə yerinə yetirilməsi üçün zəruri olan maliyyə vəsaitini əldə edir. Ekskursiya iştirakçılarının hazırlıq dərəcəsini və fiziki hazırlığını yoxlayır. Ekskursiya zamanı təhlükə yarana bilən körpülərdən, çaylardan və s. yerlərdən keçmə üsulları, eləcə də şəxsi və kollektiv təhlükəsizlik qaydaları ilə iştirakçıların təlimatlandırılmasını təşkil edir. Gəzinti zamanı iştirakçıların sanitariya-gigiyena normalarına riayət etməsi üçün tədbirlər həyata keçirir. Gəzintiyə çıxan turistlərin tibbi sığorta olunmalarını yoxlayır. Yaxınlıqda yerləşən tibb müəssisələri barədə məlumatlı olmalıdır.

Şəxsi və kollektiv təhlükəsizlik qaydalarına əməl etməklə ekskursiya üçün nəzərdə tutulan rejimə (düşərgənin salınması, qidalanma, yüklərin çatdırılması, iştirakçıların istirahətinin təşkili, porterə aidiyyəti tapşırıqların verilməsi, təhlükə yarada bilən yerlərə baxış və s.) riayət edir. Ekskursiya zamanı ərazi barədə iştirakçıları məlumatlandırır.

Şəxsi və kollektiv təhlükəsizlik qaydalarına əməl etməklə ekskursiyanın başa çatması (çadırların yığışdırılması barədə porterə göstərişin verilməsi, görməli yerlərə baxışın sona çatdırılması, proqrama uyğun olaraq bütün iştirakçıların geri qayıtmasının təşkili və s.) rejiminə riayət edir. Çadırların yığışdırılmasına nəzarət edir. Ekskursiya həyata keçirilən ərazidə təbiətin ekoloji baxımdan qorunması üçün tələb olunan zəruri tədbirlərin iştirakçılar tərəfindən həyata keçirilməsinə nəzarət edir. İştirakçıların nəqliyyatla geri qayıdacağı yerə gəlməsini təmin edir.

Ekskursiya zamanı gözlənilməz hallar (hava şəraiti, qəza və s.) və risklər barədə analitik hesabat verir. Hesabat üçün ekskursiyanın uçot və maliyyə sənədlərini hazırlayır. Ekskursiya zamanı gözlənilməz vəziyyətlərin yaranmasının qarşısının alınması və marşrutun təkmilləşdirilməsi üçün təkliflər verir.

Bilməlidir: turizm-ekskursiya fəaliyyətinin təşkili haqqında normativ-hüquqi aktları; turizmin təşkili prinsiplərini, regionun tarixi, mədəniyyəti və coğrafiyasını; xarici dili, şəxslərarası ünsiyyət nəzəriyyəsini; psixologiyanın əsaslarını; ekskursiyaların keçirilməsi metodikasını; fövqəladə hallar zamanı hərəkət qaydalarını; kompüter texnologiyalarının vasitəsi ilə sənədlərin rəsmiləşdirilməsi və hesabatların tərtib edilməsi qaydalarını; menecmentin, marketinqin, iqtisadiyyatın və əmək qanunvericiliyinin əsaslarını; turistlərin nəqliyyat vasitələri ilə daşınması qaydalarını; turistlərin və ekskursiyaçıların təhlükəsizliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali humanitar təhsili və ya orta ixtisas təhsili və turizm sahəsində xüsusi hazırlıq;

8-ci dərəcə: ali humanitar təhsili və bələdçi vəzifəsində 2 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və turist gəzintiləri üzrə bələdçi vəzifəsində 4 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: ali humanitar təhsili və bələdçi vəzifəsində 4 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və turist gəzintiləri üzrə bələdçi vəzifəsində 7 ildən az olmayaraq əmək stajı;

 

Muzey baxıcısı; Muzey nəzarətçisi; Abidə mühafizəçisi

 

Əmək funksiyası. Tapşırılmış ekspozisiyanın eksponatlarının xarab edilməməsi üçün müvafiq tədbirlər görür, onları oğurlanmadan mühafizə edir. İşin axırında ona tapşırılmış ekspozisiyanı siyahı üzrə yoxlayaraq növbətçiyə təhvil verir. Ona tapşırılan zalların təmizliyinə nəzarət edir. Muzeyə gələnlərin muzeydə davranış qaydalarına, müəyyən edilmiş iş rejiminə riayət etmələrinə diqqət yetirir.



Bilməlidir: muzeyə, qoruğa və muzey tipli müəssisələrə gələnlərin muzeydə davranış qaydalarını; muzeyin iş rejimini; eksponatların mühafizə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil, əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və bu vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə :xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və bu vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili, ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: respublika miqyaslı və ya milli muzeylərdə, respublika əhəmiyyətli qoruqlarda və muzey tipli müəssisələrdə çalışdıqda xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və bu vəzifədə 10 ildən az olmayaraq əmək stajı və yaxud həmin müəssisələrdə çalışdıqda orta ixtisas təhsilli olmaqla ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

 

Rejissor (dirijor, baletmeyster, xormeyster) köməkçisi

 

Əmək funksiyası. Studiyanın, bədii özfəaliyyət kollektivlərinin təşkilatı yaradıcılıq planlarının tərtibində iştirak edir. İfaçılarla məşqlər keçirir, təlim işlərini aparır. Qarşıya qoyulmuş məsələlərin həlli üçün vacib olan ədəbi, musiqi, ikonoqrafiya və s. materialların seçilməsində ifaçılara köməklik göstərir. Studiyanın, bədii özfəaliyyət kollektivlərinin yaradıcılığının inkişafına səy göstərir.

Bilməlidir: yaradıcılıq prosesinin həyata keçirilməsinin təşkilati əsaslarını və üsullarını; incəsənətin müəyyən sahəsində ifadə vasitələrini və üsullarını, ifaçılıq sənətinin elementlərini; analoji studiya və kollektivlərin qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili

5-ci dərəcə: əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı.

 

Turist gəzintiləri üçün sifarişlərin qəbulu üzrə agent

 

Əmək funksiyası. Agent müştəriyə turist gəzintiləri üçün yerləri təqdim edir və onlar barədə müştəriyə məlumat, tövsiyə və məsləhətlər verir. Turist gəzintiləri üçün istirahət yerlərinin sosial-demoqrafik və təbii-iqlim şəraiti barədə müştərini maraqlandıran ümumi xarakterli suallara cavab verir. Seçilmiş istirahət yerlərini qısa reklam edir və bu yerlərin üstünlüklərini təsvir edir. Müştərilərə turist yerlərinin yol xəritəsini, cədvəlini və planını təqdim edir. Turist xidmətinin göstərilməsi barədə müştəri ilə müqavilə bağlayır.

Turist gəzintiləri barədə qəbul edilmiş sifarişləri sistemləşdirir, onları növlər üzrə komplektləşdirir, qəbul edilmiş sifarişləri göstəricilər bazasına daxil etməklə bazanı yaradır. Turist gəzintilərinə edilmiş sifarişlərin təhlilini aparır. Turist müəssisəsinin (agentliyinin, firmasının və s) rəhbərinə daxil olmuş sifarişlərin sistemləşmiş məlumatını çatdırır və sifarişlərin daha üstün növləri barədə rəhbərliyə məlumat verir.

Zəruri hallarda mehmanxanalar, turist agentlikləri, nəqliyyat müəssisələri ilə əlaqə yaradaraq turizm gəzintiləri ilə bağlı müştəriləri maraqlandıran məsələləri dəqiqləşdir. Turist gəzintisinin həyata keçirildiyi ölkələrdə təhlükəsiz və problemsiz hərəkətlə bağlı tövsiyələr verir. Tələb olunan sənədləşməni aparır və turist sənədlərini qeydiyyatdan keçirir.

Bilməlidir: turizm fəaliyyətini tənzimləyən normativ-hüquqi aktları, dünya ölkələrinin coğrafiyasını; turizmin əsaslarını; turizm gəzintiləri ilə əlaqədar bağlanılan müqavilələrin qeydiyyatının aparılmasını; bilet və xidmətlərin bronlaşdırılması qaydalarını; otel, mehmanxana, nəqliyyat müəssisəsi və digər təşkilatlarla qarşılıqlı iş cədvəlinin qurulmasını; turizm sənədlərinin qeydiyyatı qaydalarını; fəaliyyəti üzrə hesabatın hazırlanmasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

4-cü dərəcə: iş stajına tələb qoyulmadan orta ixtisas təhsili və ya xüsusi hazırlıq keçməklə ümumi orta təhsil;

5-ci dərəcə: orta ixtisas təhsili və turist gəzintiləri üçün sifarişlərin qəbulu üzrə agent vəzifəsində 2 ildən az olmayaraq iş stajı.

 

Porter

 

Əmək funksiyası. Turizm obyektlərinə, turist ekskursiyaları zamanı düşərgələrə və geriyə avadanlıq və ləvazimatların daşınmasını təmin edir. Yüklərin daşınması ilə əlaqədar bələdçinin və ya ekskursiya rəhbərinin tapşırıqlarını yerinə yetirir. Təşkil edilən ekskursiya və gəzintilərin marşrutlarını öyrənir.

Ekskursiya zamanı düşərgələrin təşkil edilməsi üçün lazım olan avadanlıq və ləvazimatların hazırlanması, marşrutla əlaqədar avadanlıq və ləvazimatların faktura üzrə alınması, alınan avadanlıq və ləvazimatların qablaşdırılması işlərini yerinə yetirir. Avadanlıq və ləvazimatların yüklənməsi və tələb olunan yerlərə daşınması işlərini təmin edir. Təhlükəsizliyi təmin etmək üçün avadanlıq və ləvazimatların vəziyyətinə və istifadəyə yararlığına, onların yüklənməsi və daşınması üçün istifadə edilən qurğuların sazlığına nəzarət edir.

Marşrut üzrə müəyyən edilmiş düşərgəyə avadanlıq və ləvazimatların saz vəziyyətdə çatdırılmasını təmin edir. Şəxsi və kollektiv təhlükəsizliyə riayət edir və zəruri hallarda turistlərə ilkin həkiməqədər tibbi yardım göstərir.

Gəzinti başa çatdıqdan sonra avadanlıq və ləvazimatları qablaşdırır, onların mövcudluğuna, vəziyyətinə nəzarət edir. Zəruri hallarda xəsarət alanların və ya xəstələrin daşınmasına kömək edir. Avadanlıq və ləvazimatları faktura üzrə təhvil verilməsini təmin edir.



Bilməlidir: əl ilə və ya nəqledici vasitələrdən istifadə etməklə yükün qablaşdırılması, yığılması və bağlanması qaydasını; yüklərin yüklənməsi və nəql edilmə qaydalarını; daşınılan yüklərin sayını və xüsusiyyətlərini; qəbul edilən yüklərin yararlığının yoxlanılmasını; yüklərin qəbul edilməsi və təhvil verilməsi sənədlərinin tərtib edilməsini; yüklərin qablaşdırılması və daşınması işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və ya ilk peşə-ixtisas təhsili.

3-cü dərəcə: əmək stajına tələb qoyulmadan;

4-cü dərəcə: porter vəzifəsində bir ildən az olmayaraq əmək stajı olduqda.



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



 

  1. 10 iyun 2013-cü il tarixli 04 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı

 

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə