Tikiş izinə təsir edən amillər. Tikiş izi - dəri səthində tikiş materialından asılı olaraq inkişaf edən bir izdir. Aparılan araşdırmalarda bu izin qalmasına təsir edən bir çox amillər aşkar edilmişdir: -
Tikişin çıxarılma vaxtı - tikiş 14-cü gün çıxarıldıqda həmişə bir iz qalır. 7-ci gün çıxarıldıqda heç bir iz qalmadığı güman edilir. Üzdə əməliyyatdan sonrakı 3-cü gündə tikişlər ara buraxılaraq 1/4-i qalacaq şəkildə çıxarılır və bir neçə gün müddətinə dəri lenti istifadə edilə bilər. Ətraflarda və gövdənin ön səthində yaranın açılmasının qarşısını almaq üçün tikişlər 7-ci gün sökülür. Beldə və ayaqda tikişlər 10-14-cü gün sökülür və təbii olaraq tikiş izi qalır.
-
Dartılma - tikiş izinin əsas səbəbi düyünün çox sıxılması və ya yara kənarının yana doğru çəkilməsidir. Erkən əməliyyatsonrakı dövrdə inkişaf edən ödemə görə hər bir tikişə əlavə bir dartılma yüklənəcəyi unudulmamalıdır. Yara kənarlarını birləşdirə biləcək gərginlikdən bir qədər artığı tikiş üçün kifayətdir. Əgər dəridən böyük bir törəmə çıxarılmışsa və ya yara kənarlarına şaquli uzanan bir əzələ mövcuddursa, yara kənarlarının yana dartılmasının qarşısını almaq üçün dəri altına tikiş qoyulduqdan sonra dəri tikilməlidir.
-
Tikişin yara kənarında məsafəsi - geniş atılan tikişlərdə daha çox tikiş izi qalması təbiidir. Üz nahiyyəsində tikişin giriş dəliyinin yara kənarından olan uzaqlığı 2-4 mm olmalıdır.
-
Tikiş qoyulan nahiyə - qaydalara riayət olunarsa və ya dəri yağlı olduqda üzdə, həmçinin, nazik dəridə (göz qapağı, selikli qişalar) adətən tikiş izi qalmır. Lakin döş sümüyü üzərində, çiyinlərdə, gövdədə və ətraflarda diqqət edilsə də, müəyyən qədər iz qalır.
-
İnfeksiya - tikiş izi yaranmasına səbəb olur. İnfeksiya inkişaf edərsə təcili olaraq tikişlər sökülməli, isladılmış ilıq sarğı qoyulmalıdır. Naylon və ya monoflaman polad liflə atılan tikişlərin infeksiya yaratma ehtimalı olduqca azdır.
Yara bağlamaq üsulları: -
Tikiş ilə bağlamaq. Dəri tikişi qoyulmazdan əvvəl yaranın içərisində boşluq qalacaqsa, yaxud kəsilmiş sümüküstlüyü, qığırdaqüstlüyü, əzələ fassiası varsa, bunlar sorulan tikiş materialı ilə tikilir və dərialtı tikiş qoyularaq yara kənarlarının bir-birinə yaxınlaşması təmin olunur. Bu həm də dəri tikişlərinə artıq gərginlik yüklənməsinin qarşısını alır. Müxtəlif tikiş üsulları mövcuddur:
-
Sadə tikiş – iynənin giriş bucağı 90 dərəcə və ya daha çox olmalıdır. Giriş və çıxışdakı bucaqlar ilə hər iki tərəfdəki iynənin keçdiyi toxuma miqdarının bərabər olması, yara kənarlarının tam qarşı-qarşıya gəlməsini təmin edir. Üz nahiyyəsində tikişlər 2-5 mm ara ilə yara kənarından 1-4 mm uzaqlıqdan atılmalıdır.
-
Vertikal matris tikiş - yara kənarlarının çevrilməsini ən yaxşı təmin edən tikiş növüdür. Yara bağlamaqda geniş yayılan üsul yara boyu bir-birinin ardınca vertikal matris tikiş qoymaqdır.
-
Horizontal matris tikiş - yara kənarlarının bir qədər çevrilməsini təmin edən bir üsuldur. Xüsusilə, əldə - dartılmaya məruz qalan yaraların bağlanmasında istifadə olunur.
-
Yarı basdırılmış horizontal matris tikiş - V formalı yaralarda künc hissədə nekrozun qarşısını almaq məqsədilə istifadə olunan tikiş növüdür. Loskut tərəfdə dəridən deyil, dərialtından keçən və qidalanma pozulması baş verəbiləcək dəri hissəsinin travmatizasiyasının qarşısını almaq üçün istifadə edilir.
-
Subkutikulyar (dəri daxili) davamlı tikiş - dərini bağlamaqda faydalı və praktik bir üsuldur. İynə dərinin daxilindən horizontal olaraq xırda parçalar dələrək keçir, sonra isə qarşı tərəfdə irəliləyərək eyni şəkildə davam edilir. Sökmək asan olsun deyə, uzun yaralarda tikiş dəridən hər 5-8 sm-dən bir keçməlidir. Belə tikiş 2-3 həftə sökülməmiş qala bilər.
-
Davamlı tikiş - bu tikiş başın tüklü hissəsinin dərisi kimi tikiş izinin saçla örtüldüyü və ya göz qapağı kimi incə ipəklə tikilən zaman dərinin incə olması nəticəsində tikiş izinin qalmadığı yerlərdə istifadə olunur. Lakin göz qapağında tikişlər 5-ci gün sökülməzsə, tikiş xətti epitelizasiya olunar və inkluzyon kistalar yaranar.
Dəri lenti (skin-tape) ilə bağlamaq. Dəri lenti dəriyə yapışdırılaraq yara kənarlarını bir yerdə saxlayan sintetik maddələrdir. Bu məqsədlə istifadə edilən steri-strip viskoz liflərin yüksək molekul çəkili adheziv akril kopolimerlərlə örtülməsilə alınır. 1/4, 1/2 düym enində və 3-4 düym uzunluqda olanları mövcuddur.
Dəri lentindən istifadə edərkən əvvəlcə dərin toxumalar tikilir. Yara yuyulub qurulanır. Səthdəki yağ aseton və ya spirtlə təmizlənir. Lent əvvəlcə bir yara kənarına yapışdırılır, yara kənarları yanaşı gətirildikdən sonra digər tərəfə yapışdırılır. Lentin gücünü zəiflətdiyi üçün əlavə yapışdırıcı maddə istifadə olunmur.
Dəri lenti 1-2 həftə möhkəm olaraq dəridə qalır. Tüklü nahiyələrdə tüklərin uzanması ilə əlaqədar lentlər 5-7 gün sonra qopur. Elastik dərili nahiyələrdə (göz qapağı, skrotum) və ya hərəkətli nahiyələrdə (dodaq, dirsək və s.) daha çox qopur. Tikiş vaxtı qanaxma qreftin canlılığını təhlükəyə atdığına görə qabarıq səthlərdə dəri lenti çox yararlıdır.
Dəri klipsləri (agraf). Bəzi cərrahlar tərəfindən istifadə olunur. İstifadə etmək üçün Michel pinseti lazımdır. Çapıq yaratdığı üçün geniş istifadə olunmur. Yara yapışqanları. Metil-2-sianoakrilat tərkibli maddələrdir. Lent kimi nazik bir şəkildə dəriyə sürtülür, yaxud aerozol şəklində istifadə olunur. Otaq temperaturunda, yara səthində olan və ya əlavə olunan su ilə polimerləşərək yara səthində 30 saniyə ilə 2 dəqiqə arasındakı müddətdə qatılaşırlar. İstifadədən əvvəl dərialtı tikiş qoyulmalıdır.
Yaranın sağalması
Yaranın sağalması həmişə təbii bir hadisə kimi qiymətləndirilir. Lakin olduqca sadə bir yara lazım olduğu kimi müalicə olunmazsa, sadəcə sağalmanın gecikməsinə deyil, həmçinin eybəcər bir çapıq yaranmasına da səbəb olur. Yara sağalması haqqında təməl biliklər müxtəlif xəstəliklərin patogenezini başa düşməyə kömək edir.
Bir qrup ibtidai heyvanlarda itirilən üzvlərinin regenerasiya ilə tamamilə yenidən bərpa olunmasına baxmayaraq, insanlarda üzv regenerasiyası yoxdur. Lakin müxtəlif toxumaların sağalması ilə yaranan regenerasiya – epidermis, həzm traktı epiteli, traxeobronxial epitel, qaraciyər, sümük, skelet əzələləri və piy toxuması bu cür regenerasiya edə bilən toxumalara misal göstərilə bilər. Lakin original hüceyrələrini regenerasiya edən bu toxumalarda çapıq formalaşması kimi daha sadə bir bərpa üsulu mövcuddur. Çapığın son forması və funksional xüsusiyyəti, onun əvəz etdiyi hüceyrə və toxumayla müqayisədə olduqca fərqlidir. Məsələn, çapıqlaşmış ürək qapaqcığı, beyin qabığı, miokard, skelet əzələsi və dəridə funksional xüsusiyyətlərini və formalarını müxtəlif dərəcələrdə itirirlər. Yara sağalma dövrü ərəfələrində tədbiq olunacaq müalicənin məqsədi, bu çapıqlaşmanın minimum səviyyədə olması və bunun nəticəsində original xüsusiyyətlərin itirilməsinin maksimum qarşısını almaqdır.
Həkim müxtəlif ərəfələrdə biliyindən istifadə edərək sağalan bir yarada müxtəlif faktorların hər birinə faydalı müdaxilələrlə təsir edəcəyini düşünüb, hər bir fürsəti dəyərləndirməlidir. Məsələn, iltihabi reaksiyanı uzadabiləcək infeksiya və artıq yığıntı ilə mübarizə aparmaq, yaranın təmizlənməsini istiqamətlənmək, fibroplaziya fazasını qısaltmaq məqsədilə açıq yaranı bağlamaq, kontrakturaların qarşısını almaq üçün sağalmanın tezliklə inkişaf etməsinə şərait yaratmaq - edilə biləcək ən faydalı işlərdir.
Dostları ilə paylaş: |