Gülən gözlərə,
Gülməyən gözlərin
Qoy bəxti gülsün! [123, 77]
Səsim çatır, özüm sənə çatmıram [123, 81].
Səni gözləyəcəyəm
Gəlsən də, gəlməsən də [123, 210]
Ümidli, ümidsiz
Bir axşamım var [123, 228]
O əllər
qayğılı,
sakit, mükəddər
Verdiyin məhəbbət
Nifrət üçün də
Sağ ol, ay ana !
Bir damla
Olsam da
Ümman cahanda,
Analı uyudum,
Anasız qalxdım
Aparıb özüylə
qocalığını,
Gəncliyi qəlbimin özündə qalır [124, 211-224].
Gördüyümüz kimi, bu misallarda şair bədii kontrastın yaradılmasına yalnız müxtəlif köklü antonimlər vasitəsilə deyil, eyni zamanda qrammatik məzmunca əks semantikalı şəkilçilərlə düzələn eyniköklü əks mənalı sözlərin iştirakı nəticəsində nail olmuşdur.
Bəzən şair təzad əsasında qurulmuş sabit söz birləşmələrindən, idiomatik frazeoloji tərkiblərdən yerli-yerində, geniş şəkildə istifadə etməklə fikri daha da obrazlı şəkildə ifadə edir. Bunu aşağıdakı şeir parçasında da görmək olar:
Həqiqətlə yanaşı
səslənir ağ yalan da [123, 145]
Bura zülmət boğan, günəş doğandır [123, 152]
Ömrün ağ günündə, qara günündə,
O qara gözləri gözlərəm yenə [123, 212]
Şair ürəyinin ədalət sözü,
Caladı işığa qara gündüzü [123, 232]
Ömürdən gün gedər,
ömrə gün gələr,
Günlərin ağı var, qarası vardır [124, 16].
Məşhur olmaq təhlükədir,
Qara donda ağ ləkədir [124, 36].
O, susur göylərsə,
Gəlirdi dilə [124, 51]
Nümunələrdən bir daha məlum olur ki, bədii üslubda antonimlik münasibətləri təkcə nominativ-semantik mənada müxtəlif köklü sözlər arasında deyil,eyni zamanda söz və frazeoloji birləşmələr arasında da olur ki, bu da onların təhlili zamanı aşkara çıxır.
Məlum olduğu kimi, atalar sözləri və zərb-məsəllərin ifadəli,emosional-ekspressiv olmasına səbəb onların çoxunun antonimlər əsasında yaranmasıdır. Şair poeziyada bu və ya digər hadisəni, təsviri, qəhrəmanın keçirdiyi hissləri daha qabarıq şəkildə vermək üçün dərin mənalı hikmətli xalq ifadələrindən istifadə edir. Çünki hər hansı bir hadisəni, əşyanı müqayisə edib fərqləndirmək üçün antonimlər əsasında yaranan atalar sözləri və zərb-məsəllərin rolu danılmazdır. Buna Nəbi Xəzri yaradıcılığındakı bədii parçalar nümunə ola bilər:
Bu bir həqiqətdi düşüb dillərə:
İgid bir yol ölər, qorxaq min kərə [123, 90].
Sevgi həm ölümdür, həm əbədiyyət! [123, 107].
Axı kiçik olmaq kiçiklik deyil,
Böyüklük deyildir böyük olmaq da
Təkəbbür zülmətdir, sadəlik çıraq
Əsilzadəlikdir əsil sadəlik [123, 184].
Əgər başqasına sən quyu qazsan
Özün düşəcəksən gec ya tez ora! [123, 217]
Dərdlərin əlindən o, dağa çıxdı,
Dedilər: bəxtəvər yaylağa çıxdı [124, 53].
Zadəganlar harınlaşır,
Toxun acdan xəbəri yox,
görmüsənmi [124, 62]
Əvvəldə qeyd etmişdik ki, sənətkar üslubi məqsədə münasib olaraq mütləq antonimlərlə yanaşı,kontekstdaxili antonimlər, eyniköklü antonimlərdən istifadə edir ki, bu da ona müxtəlif üslubi məqsədlərə nail olmağa imkan verir.
Bədii dildə, əsasən də, poeziyada antonimlərin üslubi funksiyaları müxtəlif və rəngarəngdir:
1. Poetik dildə emosional-qiymətvericilik vasitəsi kimi istifadə edilən antonimlər təzadlı hadisələr ifadə etməklə oxucuda mənəvi və estetik fikir yaradır. Məsələn;
Bəzən yersiz düşdük haya, haraya,
Axı pis də gedir, yaxşı da qalmır.
Dostları ilə paylaş: |