Ключевые слова: Азербайджан, фольклор, сказка, тема, дружба
Fairy tale as a genre of the Azerbaijani folklore
The article is devoted to fairy tales as one of ancient genres of the Azerbaijani folklore. There is told about history and studying of this genre. There is also given information on one of SMOMPK release where Azerbaijani fairy tales have been published. As we know, the bald image is one of positive heroes of household fairy tales. In the article is given the brief information on it.
Keywords: Azerbaijan, folklore, a fairy tale, a theme, friendship
Şifahi xalq ədəbiyyatının tarixi bəşəriyyətin yaranma tarixi ilə bir vəhdət təşkil edir. Geniş xalq kütlələrinin yaradıcılıq məhsulu olan şifahi söz sənətinin inkişafı uzun bir dövrü əhatə edir. Şifahi xalq ədəbiyyatının ən çox yayılmış və ən qədim janrlarından biri nağıllardır.
Nağılların yaranma tarixi çox qədimdir. Nağıllar ibtidai insanların yaşadığı dövrdə belə mövcud olmuşdur. Hələ təbiəti yaxşı öyrənməyən, təbiət hadisələri, təbii qüvvələr qarşısında aciz qalan insanlar bu qüvvələrin arxasında hər hansı bir ruh görmüş, onları canlı bir varlıq hesab etmiş və bu qüvvələr haqqında cürbəcür maraqlı əfsanələr, rəvayətlər yaratmışdır. Qədim əfsanəvi nağıllar ibtidai insanların xəyallarının məhsuludur. Belə nağıllarda zülmət dünyasından, gedər-gəlməz yollardan, divlərdən, sehrli meyvə və bitkilərdən, qeyri-adi qüvvəyə malik olan heyvan və quşlardan bəhs olunur.
Mövzu, üslub və ideya xarakterlərinə görə nağıllar müxtəlif və rəngarəng olur.
Nağılların öyrənilməsini və tədqiq edilməsini asanlaşdırmaq üçün bölgü aparmaq, nağılları qruplaşdırmaq zəruridir. Bu məsələ ilə dünyanın bir çox nağıl toplayanları və tədqiqatçıları məşğul olmuşlar. İlk dəfə nağılların təsnifinə təşəbbüs göstərən alman alimi Han yunan və alman nağılları əsasında 40-a yaxın nağıl süjetinin sxemini düzəltmişdir.
Azərbaycanda da nağıllar müxtəlif vaxtlarda müxtəlif cür təsnif edilmişdir. Məsələn, Y.V.Çəmənzəminli, H.Araslı, M.Təhmasib və başqaları nağılları müxtəlif cür təsnif etmişlər. Lirik janrlardan fərqli olaraq, Azərbaycanda epik janrlar-nağıllar, əfsanələr, lətifələr və s. qədimlərdə yazıya alınıb saxlanmamışdır. Yalnız dildən-dilə, nəsildən-nəslə keçərək gəlib bizim dövrümüzə çatmışdır. XIX əsrin axırlarında və XX əsrin əvvəllərində mətbuatda bəzi Azərbaycan nağılları nəşr edilmiş, hətta ayrıca kitabça halında da buraxılmışdır. Belə kitabçalara şifahi ədəbiyyatımızın müxtəlif janrlarından nümunələr də daxil edilirdi.
XIX əsrin əvvəllərindən Zaqafqaziyada, Tiflisdə xeyli məcmuə, jurnal və qəzet nəşr olunurdu ki, bunların arasında “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” (QƏXTMT)- «Сборник материалов для описания местностей и племен Кавказа»-(CМОМПК) mühüm yer tutur. Məcmuənin səhifələrində 100-ə qədər Azərbaycan nağılları toplanıb çap olunmuşdur.
Azərbaycan nağıllarının qruplarından birini də məişət nağılları təşkil edir. Xalqın gündəlik həyatında baş verən hadisələr öz əksini bu nağıllarda tapır. Məişət nağılları öz süjetləri, surətləri, ideya və məzmun xüsusiyyətləri etibarilə sehrli və heyvanlar aləmindən bəhs edən nağıllardan fərqlənir. Əfsanəvi nağılların qəhrəmanları zülmət dünyalarına düşür, gedər-gəlməz yollardan keçir, qara qüvvələrə qarşı mübarizə aparır, tilsimləri dağıdır, divlərlə, əjdahalarla qarşılaşırlar. Məişət nağılları isə daha realdır. Doğrudur, məişət nağıllarında da qeyri-adi qüvvəyə malik olan heyvan və quşlara, sehrli meyvə və bitkilərə, tilsimli əşyalara rast gəlirik. Lakin bütün bunlar əlavə, köməkçi ünsürlərdir, əsas hərəkətverici qüvvə deyildir.
Bir sıra məişət nağıllarında (“Yetim İbrahim və sövdakar”, “Keçəllə qazının nağılı” və s.) yetim, kimsəsiz uşaqlar, keçəllər və b. qarşı mübarizə aparırlar. Digər qrup məişət nağıllarında (“Ağıllı qız”, “Yetim qız” və s.) ağıllı, cəsarətli, mətin, iradəli qadınlar dövrələrinin ictimai hadisələrinə qarışır, öz namuslarını qoruyur, şər qüvvələrə qarşı mübarizə aparır.
Məişət nağıllarında iştirak edən müsbət qəhrəmanlar içərisində tez-tez rast gəldiyimiz surətlərdən biri keçəldir. Keçəl yetim, kimsəsiz olur. Xarici görkəmi də çirkin olur. Lakin zamanın hər cür çətinliklərinə dözən, həyatın pisini-yaxşısını görmüş, acısını-şirinini dadmış keçəl olduqca fərasətli və ağıllıdır. Ona qarşı qoyulan mənfi surətlər (qazı, tacir və s.) nə qədər qəddar, hiyləgər, acgöz olsalar da, keçəl öz ağıllı tədbirləri ilə həmişə qalib gəlir, ona qarşı çıxan mənfi tipləri ifşa edir, onların daxili simalarını açıb xalqa tanıtdırır. Keçəl surəti ilə əlaqədar olan nağıllarda satira olduqca qüvvətlidir. Bu nağıllarda ağalar, tacirlər tənqid atəşinə tutulur, keçəlin vasitəsilə onların mənəvi yoxsulluqları isbat edilir. “Keçəlin nağılında olduqca xəsis, həm də zalım bir tacirə nökərçilik edən keçəl bir gün tacirin oğlunun başını yarır. Qəzəblənmiş tacir keçəldən intiqam almaq üçün onu evinə çağırtdırır və yorğana sarıtdırıb döydürür. Lakin keçəl də tacirə borclu qalmır. O da hiylə işlədərək taciri döydürür və bu yolla qəddar tacirdən qisas alır.
Məişət nağıllarında tərənnüm olunan nəcib hislərdən biri doğma torpağa, vətənə məhəbbət hissidir. Xalqımızın Vətənə bəslədiyi tükənməz məhəbbət məişət nağıllarında geniş şəkildə verilmişdir. Bu nağıllarda verilən müsbət qəhrəmanlar yadelli düşmənlərə qarşı mərdliklə vuruşurlar. Lakin düşmənə qarşı mübarizədə həmişə qılınc lazım olmur. Məsələn: “Daşdəmirin nağılı”nda düşmən qoşunu şəhəri mühasirəyə alır və xəbər göndərirlər ki, “bizim sualımız var, ya gərək suala cavab verəsiniz, ya da bizə təslim olasınız”. Gördüyümüz kimi, bu meydanda qılıncla deyil, ağılla iş görmək tələb olunur.
Əməyi sevmək, halal zəhmətlə dolanmaq, namusla yaşamaq hər bir zəhmətkeş insana xas olan xüsusiyyətdir. Nağıllarımızda rast gəldiyimiz qəhrəmanlar zəhməti sevir, əməkçi insana qayğı ilə yanaşır.
Məişət nağıllarında təsvir edilən nəcib sifətlərdən biri də dostluq və yoldaşlıqdır. Zəhmət adamları dostluğu son dərəcə yüksək qiymətləndirmişlər. “Qızıl qoç”, “İki qardaş”, “Məlik Dürac”, “Dostluğun sirri” nağıllarında dostluqda mərd, sədaqətli, vəfalı, etibarlı olmaq, dostluğu qiymətləndirməyi bacarmaq kimi maraqlı tövsiyələr verilir. “Qızıl qoç” nağılında Məlik adlı şahzadə ilə keçəlin dostluğu təsvir edilir. Zəhmətkeş insana xas olan əməksevərlik, vətənpərvərlik, dostluqda sədaqətli olmaq və s. bu kimi nəcib sifətlərin, əxlaqi keyfiyyətlərin tərənnümünə bütün xalqların (Rus, Belarus, Latış, Özbək, Türkmən və s.) məişət nağıllarında geniş yer verilmişdir. Məsələn: “Daş piyalə” adlanan Rus məişət nağılında öz sənətini böyük məhəbbətlə sevən İqnat baba və onun nəvəsi Vasyanın həyatı təsvir edilir.
“Ağıllı qız”, “Kasıbın yuxusu”, “Kasıbın oduna getməyi” və bir sıra Türkmən məişət nağıllarında zəhmətkeş xalqın həyat tərzi, sinfi münasibətləri və s. bu kimi mühüm məsələlər öz əksini tapmışdır.
Əgər Gürcü məişət nağıllarına nəzər salsaq, bu nağıllarda da eyni motivləri müşahidə etmiş olarıq. “Hazırcavab bağban”, “Kasıb oğlu”, “Tənbəl”, “Ağa və nökər” və bir sıra gürcü məişət nağıllarında da zəhmətkeş xalqın həyat tərzi, arzu və istəkləri ön plana çəkilir.
Məişət nağılları ideya və məzmun xüsusiyyətlərinə görə sehrli və heyvanlar aləmindən bəhs edən nağıllardan fərqlənirlər və bu fərqləri asanlıqla müəyyən etmək olar. Nağıllar şifahi xalq ədəbiyyatının epik nümunələrinin ən səciyyəvi janrlarından biridir. Nağıllarda möhkəm süjet xətti, zəngin hadisələr, tiplər və konkret bir məqsəd olur. Nağıllarda süjet o qədər maraqlı bir kompozisiyada verilir ki, ən uzun nağıl belə bir dəfə eşidildikdən sonra asanlıqla yadda qalır. Nağılları cazibəli bir dildə danışan xüsusi sənətkarlar olmuşdur ki, belə sənətkarlara xalq arasında “nəqqal” deyilmişdir. Adamlar belə peşəkar nağıl söyləyənləri dinlədikcə yorulmaq nə olduğunu bilməzmişlər.
Peşəkar nağılçılar bir qayda olaraq, öz söhbətlərinə qaravəlli ilə başlayır, əsl mətləblə əlaqəsi olmayan, gülməli sözlərlə öz dinləyicilərinin nəzərini cəlb edirlər. Nağıllara müqəddimə kimi əlavə olunan bu qaravəllilər məzmun, forma və istifadə olunan bədii ifadə vasitələrinə görə müxtəlif olurlar. Bir sıra nağıllarda isə müqəddimə nəzm formasında olur. Məsələn:
Dedim getmə qal,
Sən ol abdal.
Mən olum diləfkar.
Eşq odunu bəyan eylə,
Ya məni öldür qan eylə,
Ya seyrəğabı gözdən sal.
Realist məzmuna malik olan məişət nağıllarının isə əksəriyyətində müqəddimə verilmir. Bu tipli nağıllarda çox nadir hallarda müqəddiməyə rast gəlmək olur ki, belə müqəddimələr əksər halda ictimai məzmuna malik olur. Müqəddiməni bitirdikdən sonra nağılçılar nağıl söyləməyə başlayırlar. Nağılların əksəriyyəti “Biri var idi, biri yox idi” sözləri ilə başlanır. Məişət nağıllarında isə çox vaxt belə başlanğıclar da verilmir. Bu nağıllarda başlanğıc nağılın məzmununa aid olur. Daha dəqiq desək, nağılçı birbaşa nağılın məzmununu söyləməyə başlayır. Azərbaycan nağıllarında poetik struktur, süjet elə başlanğıcdan oxucusunu, dinləyicisini ələ almağa yönəldir və bu süjetin, nəql edilən əhvalatın başlanğıcı kimi diqqəti cəlb edir.
Nağıllarda xüsusi bədii folklor blokları mövcuddur ki, nağılçı bu blokdan istifadə yolu ilə sanki folklor əsərinin bədii dünyasına, ekspressiv aləminə bir qapı açır, dinləyicisinə, oxucusuna xüsusi bir ovqat bəxş edir, onu hazırlayır, diqqətini cəmləyir. Azərbaycan nağılların əksəriyyəti oxşar başlanğıcla verilsə də, mürəkkəb, bədii, ekspressiv çalarlarla zəngin başlanğıc-folklor bloklu nağıllara da rast gəlinir. Bu cür folklor bloku “təkərləmə” də adlanır. Nağılın bu təkərləməsində, yəni bu müqəddimə-preambulasında, tamamilə milli koloritli folklor blokunda yüksək bədiilik, simvolik rəmzlər, gülüş doğuran hiperbolik şişirtmələr, incə yumor, kinayə vardır: xalq təfəkkür tərzinin müəyyən bir cəhəti öz əksini tapıbdır. Yaxud nağıllarda süjetin bir qismindən digərinə keçid üçün xalq ənənəvi formullardan – hazır bloklardan istifadə edib. “Nağıl dili yüyrək olar”, “Orda ayınan, ilinən, burada bircə gününən”. Yaxud bloklarla sanki tamaşanın pərdəsini dəyişir, dinləyicini, oxucunu bir situasiyadan digərinə salır. Məsələn, “Tapdıq qalsın burada, sənə Qəmər xanımdam xəbər verim”, “Az getdi, üz getdi, dərə-təpə düz getdi. Dərələrdən sel kimi, təpələrdən yel kimi, gecə-gündüz at çapıb, iynə boyu yol getdi” və s. (SMOMPK-11-166). Bütün bunlar mətndə emosional fon yaradır, bədii ifadənin lakonikliyinə xidmət edir, süjetin, əhvalatın qısa, konkret şərhinə, artıq, lüzumsuz sözçülükdən uzaqlaşmasına xidmət edir və xalq tərəfindən yaranan dəyərli bədii vasitədir ki, tərcümədə mütləq saxlanılmalıdır.
Azərbaycan nağıllarında müşahidə etdiyimiz maraqlı cəhətlərdən biri də 3:7:9 və 40 rəqəmlərinin tez-tez təkrar olunmasıdır. Göstərdiyimiz bu rəqəmlərə şifahi xalq ədəbiyyatının başqa janrlarında da təsadüf edirik. Lakin nağıllarda bu rəqəmlər daha çox işlənir. Məsələn: “Üç qardaş”, “Üç şahzadə”, “Üç qardaş div”, “Üç bacı”, “Pəri qızlar”, “Üç gün, üç gecə”, “Göydən üç alma düşdü”, “Yeddi il”, “Qırx dəvə yükü” və s. belə nümunələrdən istənilən qədər göstərmək olar.
Nağılların dili olduqca sadədir. nağıllar xalqın dilinin, adət və ənənələrinin ən qədim xüsusiyyətlərini özündə saxlayan sənət inciləridir.
Dostları ilə paylaş: |