Novruz bayramı
Azərbaycan bayramlarından bəhs açarkən onları üç qrupa ayıran professor Azad Nəbiyev yazırdı: “Qırxa yaxın bayramı olan xalqımızın bütün bayramlarının hamısı bizə gəlib çatmamışdır. Onların bir çox arxetipi minilliklər ərzində itib-batmış, yeniləri ilə əvəz olunmuş, bir qismi isə müxtəlif xalqların bayramları ilə çarpazlaşmışdır. Tamam unudulub gedən bayramlarımız da var, unudulmaqda olanı da. Hələlik milli bayramlarımızın üç tipindən danışmaq mümkündür. Birincisi, mövsüm mərasimləri, yeni əmək həyatının başlanması, ilin fəsilləri ilə bağlı keçirilən bayramlardır. İkincisi, məişət həyatını əks etdirənlərdir. Üçüncü isə dini bayramlardır.
Birinci qrupa daxil olan bayramlar əsasən Xıdır Nəbi ilə başlayıb, gül, yaxud güləkən bayramı ilə başa çatır. İyirmiyə qədər bayramı əhatə edən bu bayramların ən böyüyü Novruzdur”.
Göründüyü kimi, professor Novruzu mövsüm mərasimləri qrupuna aid etdiyi bayramlardan ən böyüyü kimi dəyərləndirir. Yəni Novruz bayramı öz keçirilmə əhval-ruhiyyəsinə görə öz ehtişamlılığı, keçirilmə arealının daha geniş olub demək olar, dünyanı əhatə etməklə dünyəvi mahiyyət daşıması və s. prinsiplər baxımından xüsusilə seçilir. Bu səbəbdən də öz əhatəsinə nəhəng bir mərasim kompleksini alan bu möhtəşəm bayram öz əzəməti qarşısında bütün dünyanı heyrətə salır. Elə bu məqama işarə edən rəhmətlik Azad müəllim başqa bir yazısında göstərir ki, “Belə bir faktı da xatırlatmaq istərdim ki, ötən əsrin 80-ci illərinin əvvəllərində məşhur antropoloq Tur Heyerdal Bakıya birinci dəfə gələndə ona Qobustanda Novruz xonçası təqdim edilərkən o, xonçanın önündə dizlərini yerə qoyub “Əcəba, bu, dünyanın bəzədilmiş simvoludur, siz nə qədim xalqsınız!” – deyə heyrətini gizlədə bilmədi”.
Bəli, Novruz bayramı dünyanın ən qədim xalqının dünya haqqında sistemli təsəvvürlərinin, dünyaya obyektiv baxışlarının mərasim formasında təzahürüdür. Bu mənada dünya, kainat haqqında, bəşər tarixi barədə, təbiət və insan münasibətləri ilə bağlı, həmçinin də ki, bütöv qalaktika və onun sirli-sehrli möcüzələri ətrafında indiyə qədərki elmi kəşflər neçə ki, tam dolğun, bitkin və yekdil fikir söyləyə bilməyiblər, dünyanın açıldıqca da açıqda qalan – gizlində qalan möcüzələri tam aşkarlana bilməyib, bax beləcə də Dünyanın mərasim kompleksi olan Novruzun, Novruz bayramının genezisi, mahiyyəti və məzmun çalarları haqqında tam şəkildə açıqlama verə bilmək o dərəcədə müşküldür. Dünyanın sirləri hissə-hissə, zərrə-zərrə açılıb öyrənildiyi kimi, dünya sirlərinin çərxi-fələyin rəmzlərinin əksetdiricisi olan Novruz bayramının mərasim kompleksinin öyrənilməsi də bu minvalla, aramla, tədriclə, sistemli olaraq tədqiqat obyekti olmuş və bundan sonra da dünya durduqca – Novruz bayramı öz yaşamını bəşəriyyət içərisində sürdürdükcə də olacaqdır. Hər bir tədqiqatçı, hər bir alim də öz gücü daxilində novruzşünaslığa öz töhfəsini verəcəkdir. Çünki üstündə yaşadığımız, fəaliyyət göstərdiyimiz dünyanın sirlərindən tam baş açmadığımız kimi, dünyanın o dünya-bu dünya qarışıq simvolik modeli olan Novruzun da həyat, dirilik fəlsəfəsi həqiqətinin mahiyyətini birdən-birə açmaq mümkün olmur, ümumiləşdirici yekun qənaətlərimizi ortaya qoymaqla fikirlərimizi bildirməyə macal tapırıq. Başqa sözlə, hər tədqiqatçı yalnız Novruzun müəyyən bir tərəfindən tutmaqla fikir söyləməyə, mülahizə yürütməyə nail ola bilir.
Tədqiqatçı Xeybər Göyyallının yeni işıq üzü görmüş, “Novruz: genezisi, tarixi transformasiyaları və mərasimləri” adlı kitabında Novruz bayramına orijinal elmi münasibət işığında yanaşması diqqəti çəkir: “İnsan zamanı, vaxtı mükəmməlcəsinə müəyyənləşdirə bilib. İnsan oğlu əyani şəkildə kainat və planetdə hər il baş verən yenilənməni gördüyündən, özünün də saflaşmasına, təmizlənməsinə ehtiyac duyubdur. Kainatla və planetin qovuşuğunda məskunlaşmış insan yerdən əvvəl kainatda (göy üzü) baş verən dəyişiklikləri görübdür. Bu dəyişikliyi duyan və gözü ilə görən qədim və orta əsr insanı kainat və təbiətə heç vaxt stabil yanaşmayıb. Əksinə, kainat və təbiətə həmişə dinamik bir münasibət bəsləyib. Əcdadlarımız yaxşı dərk ediblər ki, kainat və təbiətdə heç vaxt durğunluq ola bilməz, ən azından durğunluq külli-kainatın məhvi demək olardı. Novruz sistemi kainat və təbiət qanunauyğunluqları toplusu, onların özünüidarəsinin nümayişidir. Qədim insan kainat və təbiət hadisələrinin sadəcə seyrçisi olmayıbdır. Kainat və təbiətdə baş verən proseslərin diqtəsi ilə dual görüşlərə yiyələnib. Ətrafında baş verənlərin əksliklərin vəhdətindən yarandığını görən insan özü də işlərini dual prinsiplər əsasında qurubdur. Novruz sistemi və onun prinsiplərindən faydalanan ayin və mərasimlər kainat və təbiət qanunauyğunluqlarına əsaslandığından, min illərdir fəaliyyətdədir.
Novruz üstqurum xarakterli bayram deyildir. O, kainat və təbiət qanunlarına əsaslandığından bazis xarakterli bir sistemə malikdir”.
Beləcə, tədqiqatçı haqlı olaraq Novruzun hər hansı bir zaman nöqtəsi olduğunu, bu zamanın kainatın qanunauyğunluqlarından qaynaqlandığını göstərməklə əslində fikir arxasında bayramın həm də astronomik dünyagörüşlərdən xəbər verdiyini demək istəmişdir. Eyni zamanda burada Novruzun digər xarakterik xüsusiyyətləri ətrafında da müəllifin diqqətli və maraqlı müşahidələri və mülahizələri özünü büruzə verir, onun “bazis xarakterli mərasim sistemi” olduğu əsaslandırılır.
“Novruzun əcdadlarımızın qədim dünyəvi yaz bayramlarından biri olduğunu, xalqımızın təbiətin oyanıb həyatverici funksiyalarını bərpa etməsi barədəki əski görüş və etiqadlarını özündə yaşatdığını” qeyd edən professor A.Nəbiyev bayramın Azərbaycan dövləti tərəfindən beynəlxalq aləmdə keçirilməsinə göstərdiyi təşəbbüsün müsbət qarşılandığı faktına da münasibət bildirir: “Bayramın YUNESKO tərəfindən dünya xalqlarının qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, BMT Baş Məclisinin 21 martı “Beynəlxalq Novruz günü” elan etməsi bayramın dünya xalqları içərisində daha geniş yayılmasına, xalqımızın yüksək mədəni dəyərləri ilə dünyanın tanış olmasına öz təsirini göstərəcəkdir. Bu isə Novruz bayramının universal məzmununun indiki narahat dünyada tolerantlığa, ölkələr, dövlətlər və sivilizasiyalararası dialoqa, eləcə də Yer üzündə sülhün qorunub saxlanılmasına və möhkəmləndirilməsinə, azərbaycançılığın humanist mahiyyətinin dünyada daha geniş yayılmasına kömək edəcəyinə ümidləri artırır. Bütün bunlara daha yaxın zamanda nail olmaq üçün isə insanlar arasında anlaşılmazlıqları aradan qaldırmağa, sülhə, həmrəyliyə və humanizmə çağıran Novruz dəyərlərini qloballaşmaqda olan dünyaya öz yetkin formatında, yüksək etik-estetik və əxlaqi dəyərləri ilə birlikdə çatdırmaq gərəkdir”.
Dövlətimizin maddi-mənəvi dəstəyi ilə hər il böyük şənlik və coşqu içində təmtəraqla keçirilən Novruz bayramının rəngarəng, əsrarəngiz mərasimləri, xalq oyunları, tamaşaları zəngin mənəvi dünyadan soraq verir. Axır çərşənbədə və Novruz bayramında oynanılan “Kosa-kosa” tamaşasının məzmununa diqqət yetirsək, biz burada xalqın dualist görüşlərinin inikasını, dünyanın əksliklərin qoşalığı nizamı üstündə qurulduğunun mərasimi əks-sədasını aydınca görərik. Kosanın, kosanın köməkçisi olan ikinci bir kosanın (çox zaman köməkçi kosa əvəzinə səhnəyə Yalançı pəhləvan da çıxır) və Keçinin iştirak etdiyi “Kosa-kosa” tamaşasında Kosa üzünü masqalayır, başına şiş-papaq qoyur, geydiyi uzun ləbbadənin altından yoğun qurşaq sarıyır, zınqırovlar asır, çömçə götürür. Üzünə taxdığı masqadan kosalıq əlamətləri aydın görsənir.
Köməkçi Kosa tamaşanı başlamaq üçün:
A Kosa, Kosa, gəlsənə,
Gəlib salam versənə, -
deyərək baş Kosanı oyuna dəvət edir, ardınca da deyir:
Boşqabı doldursana,
Kosanı yola salsana.
Kosa səhnəyə çıxanda camaat onun xarici görünüşünə, zınqırovların səsinə gülür. Kosa üst-başını göstərir, qarnına əl vurub deyir:
Yediyim yarma aşı, yarısı sudu,
Geydiyim yeddi qat paltar, təzəsi budu.
Sonra ətrafında dövrə vurmuş camaata müraciət edib kömək istəyir, ancaq heç kim Kosaya heç nə vermir. Kənarda dayanmış gənclər dəstəsi oxuyur:
Kosam bir oyun eylər,
Qurbanın qoyun eylər.
Yığar Şabran düyüsün,
Mahmudun toyun eylər.
Kosa isə əvvəlki hərəkətlərini davam etdirir, camaat oxuyur:
Ay uyruğu-uyruğu,
Əritmişəm quyruğu.
Saqqalı it quyruğu,
Bığları yovşan Kosa.
Kosanın köməkçisi vəziyyəti belə görcək Kosanı öz arxasında gizlədib, camaatı sakit etmək üçün deyərdi:
Kosam mənim qanlıdı,
Qolları mərcanlıdı.
Kosama əl vurmayın,
Yazıq ikicanlıdır.
Camaat sakitləşərdi. Bundan sonra Kosa ilə köməkçisi arasında belə bir səhnəcik göstərilərdi: Kosa ağlayardı, köməkçi onun nə üçün ağladığının səbəbini soruşardı. Kosa uzun səfərə gedəcəyini, lakin bunun üçün pulu və yeməyi olmadığını, camaatın isə ona yardım etmək istəmədiyini söyləyərdi. Onlar fikirləşib bir yol tapardılar. Köməkçi:
– Mən yol tapmışam.
– Nə yol?
– Gedim keçini gətirim, o alar.
Kosa da razılaşır. Köməkçi keçi cildinə girmiş bir nəfəri tutub məclisə gətirir. Keçinin uzun saqqalı hamının nəzərini cəlb edərdi. Kosa keçinin saqqalından yapışıb soruşardı:
– Keçi baba, mən gələndə sənin bu boyda saqqalın yox idi, bunu hardan almısan?
Keçi gülməli səslər çıxardıb cavab verər:
– Hara getmişdim, orada uzatmışam.
Yenə də bir sıra gülməli hərəkətlərdən sonra Kosa uzun səfərə gedəcəyini söyləyib ona xərc toplamağı keçidən xahiş edir. Keçi ağzına balaca bir çubuq alır, bəyirə-bəyirə adamlara yaxınlaşır və hərənin əlinin üstünə bir dəfə vurur. Hərə bacardığı qədər pul və pay verir. Keçi yığdığı şeylərin hamısını Kosaya verir. Kosa bunları köməkçisi ilə bölüşərdi. Keçiyə heç nə verməzdilər. İndi də keçi ağlamağa başlayır, uşaqlarının (balalarının) ac və çılpaq olduğunu söyləyir. Bu tərəfdən də məclisə mələyə-mələyə iki keçi balası gəlir. Çox yoxsul bir geyimdə olan keçinin balaları və keçi özü Kosaya yalvarır. Kosa onlara keç nə vermir.
Keçi balalarını evə göndərib təzədən camaatdan pay toplayardı. Kosa bunları da onun əlindən alardı. Nəhayət, Kosa ilə keçi dalaşardı. Kosa keçini məclisdən çıxarıb qovardı. Kosa səfərqabağı dincəlmək üçün ağacın altında uzanıb yatardı. Köməkçisi isə gəzməyə gedər, ya da başqa işlə məşğul olardı. Onun bu hərəkətləri gülüş doğurardı.
Keçi Kosanın köməkçisinin başının qarışıq olmasından istifadə edib, Kosaya yaxınlaşar və qəflətən onu vurub öldürərdi. Camaat Kosanın ölümünü, keçinin intiqamını alqışlayardı. Keçi yenə köməkçinin gözünə görünmədən çıxıb gedərdi. Bundan sonra köməkçisi Kosaya yaxınlaşar, onu oyatmağa çalışardı. Köməkçinin ölmüş Kosanı oyatmaq istəməsi olduqca gülməli çıxardı. Axırda onun öldüyünü müəyyən edib:
Arşın uzun, bez qısa,
Kəfənsiz öldü Kosa, –
deyib onun üstünə yıxılıb ağlayardı. Onun ağlamağı şən gülüş doğurardı. Bundan sonra məclisə qələbə çalmış keçi və balaları daxil olar, belə nəğmə oxuyardılar:
Novruz-Novruz bahara,
Güllər-güllər nahara,
Bağçamızda gül olsun,
Gül olsun, bülbül olsun.
Bundan sonra oyunda iştirak edənlər xorla camaata müraciət edirdilər:
Həcələr, hücələr,
Gəldi əziz gecələr.
Bu nəğmələrlə evlərdən pay yığar, sonra böyük bir şənlik düzəldər, yığılan şeyləri birlikdə yeyərdilər.
Tədqiqatçıların bu tamaşa ilə bağlı yürütdükləri mülahizələr bundan ibarətdir ki, “burada Kosa – qışı, Keçi – yazı tərənnüm edir, yazın qışı öldürərək baharın qarşılanması sevincini yaşayır. Mərasim şəklində yaranan bu tamaşa zaman keçdikcə inkişaf etmiş, ona ictimai-siyasi motivlər əlavə olunmuşdur”.
Bəli, Kosanın qışı simvolizə etməsi bir sıra formatlarda özünü göstərir: üzünün tüksüzlüyü – qışın çılpaqlığını formaca ifadə edirsə, “Yediyim yarma aşı, Yarısı sudur” deyib qarnına işarə etməklə də qarnının – bətninin yarısının sudan ibarət olduğunu bildirməsi də qışın qarını-suyunu bildirir. Həmçinin Kosanın pulu və yeməyi olmadığı da qış azuqəsinin qurtarmasını, “uzun səfər” isə doqquz aylıq səfəri – doqquz aydan sonra bir də dekabrda qış qiyafəsində “yeddi qat paltarla” gələcəyini göstərir. Habelə də yazın, baharın rəmzi olan keçinin səhnəyə gəlməsi, Kosa (qış) üçün pay yığması və Kosaya (və köməkçi Kosaya) verməsi də insanların demək olar, sonuncu qış ehtiyatlarını xərcləyib qışın uzun və üzücü yolunda sərf etmələrinə işarədir. Bundan başqa, tamaşanın finalında Kosanın öldürülməsinə və Kosanın köməkçisinin onun meyiti üstünə yıxılıb ağlamasına camaatın şən gülüşlə reaksiya göstərmələri də buradakı ölümün və ağlamağın simvolik səciyyə daşıdığını – qışın ölümü və onun üzərində qələbə çalmış keçinin və balalarının timsalında yazın gəlişinə sevinmələrini əks etdirir. Belə ki, bunun məntiqi davamı kimi keçinin və balalarının bu qələbə şərəfinə oxuduqları mahnının (nəğmənin) sözlərindən də – “Novruz-Novruz bahara”, yaxud “Bağçamızda gül olsun”, – deyib bahar, gül, bülbül ifadələrini işlətməklə sevinib fərəhlənmələri amili ilə də bu, təsdiqlənir.
“Həcələr, hücələr, gəldi əziz gecələr” ifadəsindəki “Əziz gecələrin gəlməsi” isə gündüzlərin uzanıb, gecələrin qısalmasına aparan yaz günəşinin gəlişinə işarə olub, uzun, üzücü, soyuq, şaxtalı qış gecələrindən qurtarıb, qısa və istiləşən “əziz gecələr”lə əvəzlənməsinə görə insanların şadlığına səbəb olduğunu göstərir. Bunun da nəticəsi tamaşanın finalı ilə – evlərdən pay yığılması hesabına birlikdə yeyib-içib şənlik keçirmələri ilə məntiqi olaraq bir-birlərini tamamlayır.
Bir sözlə, Novruz bayramı təbiətin və cəmiyyətin dual fəlsəfi qanunlar əsasında yaşayıb inkişaf və tərəqqi etdiyini özünün bütün ənənə və mərasimlərində əks etdirir. Bu dual mübarizədə işığın, xeyirin, xoşbəxtliyin qələbəsinin ritual icraçısı kimi mədəniyyətimizə, məişətimizə qədəm basan Novruz bayramımız xoş gəlibdir. Qədəmləri uğurlu olsun!
Dostları ilə paylaş: |