Torpaq çərşənbəsi
“Çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Sonuncu çərşənbədə torpaq oyanır”, – deyən professor Azad Nəbiyev dördüncü çərşənbə kimi torpaq çərşənbəsini qəbul edib, onun özəllikləri haqqında yazır ki, “Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışdır. Xalq arasında belə bir inam olmuşdur ki, dörd ünsürdən sonuncusunun oyanması ilə Sel (Su), Atəş, Yel və Torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamları qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Elə bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər”, – deyə yerindən qalxır, Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib:
Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,
Təzə ömür, təzə məhsul, il gəldi, –
deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər həmin gün elin əziz günü olan Axır çərşənbə idi”.
Beləcə, torpağın oyanışı olan Torpaq çərşənbəsi özlüyündə bərəkəti, məhsul artımını simvollaşdırmaqla insanları maddi nemətlər bolluğu ilə təmin edib, acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi haqqında, həyatvericilik gücü haqqında çox danışmaq olar. Ən əski düşüncəni isə mifoloji qaynaqlar əks etdirir. Kosmoqonik səciyyəli bir mifoloji mətnə diqqət edək:
“Lap qabaxlar Allahdan başqa heç kim yoxumuş. Yer üzü də başdan-ayağa suyumuş. Allah bı suyu lil eliyir. Sonra bı lili qurudup torpax eliyir. Sora torpaxdan bitkiləri cücərdir. Onnan sora da torpaxdan palçıx qəyirib insannarı yaradır, onnara uruh verir”.
Bu kiçik parçada dünyanın dörd yaradıcı ünsürün köməkliyi ilə yaranmasından bəhs edilir. Yer üzünün başdan-ayağa sudan ibarət olması fikri burada ilk yaradılış ünsürünün su olduğuna işarədir. Sudan lil yaradılması yenə ilk yaradılış başlanğıcı kimi sudan yaranmanı əks etdirir. “Qurani-Kərimdə” buyurulmuş “hər bir canlını sudan yaratdıq” prinsipinin mifoloji yöndən də təsdiqini görürük. Mifoloji mətndəki “Lilin qurudulub torpaq edilməsi” fikri artıq burada iki yaradılış ünsüründən söhbətə işarə vurur. Əvvəla, sudan torpağın yaradılması mərhələli şəkildə baş verir: əvvəlcə torpağın ilk ünsürü olan lil, ardınca lilin bərkimiş forması olan torpaq özü yaradılır. Bəs bu necə baş verir? Lilin qurudulması hesabına. Lilin qurudulması əsasında bəs hansı yaradıcı element iştirak edir? Bunun üçün qurudulma əməliyyatının bir proses kimi nəyin – hansı ünsürün hesabına getdiyini təsəvvürümüzdə canlandırıb cavab tapmalıyıq. Əlbəttə, istiliyin hesabına, istilik isə özlüyündə yaradıcı stixiya olan odu (Günəşi) simvolizə edir. Demək, od ünsürü – günəş istisi olmasa, lilin quruyub bərkiməsi və bununla torpaq əmələ gəlməsi prosesi getməz. Məhz torpağın zəminində digər yaradılmışlar dirilik tapıb, inkişaf edir ki, buna da yenə mətndə işarələr var. Torpaqdan bitkilərin bitib-cücərməsi fikri bitkilərin timsalında digər canlılar aləminin torpağın hesabına – torpağın yaradıcı, bəxşedici gücü ilə yaranıb formalaşdığını əks etdirir. Torpaqdan yoğrulmuş palçıqdan insanların yaradılması və onlara ruh verilməsi tipli mifoloji informasiyada da yenə iki yaradıcı ünsürə işarə vurulur: Əvvəlki cümlədə nəbatat aləminin – bitkilərin torpaqdan yaranması (torpaqdan bitkilərin cücərib bitməsi) qeyd olunmuşdusa, bu cümlədə isə heyvanat aləminin timsalında insanların torpaqdan xəlq olunması fikri diqqətə çəkilir. Deməli, torpaq maddi varlıq olaraq bitkiləri və insanları yaradır və öz üstündə varlıq aləminin yaşayıb inkişaf tapmasına, canlı fəaliyyətinə şərait yaradır. Mifoloji mətndə vurğulanan digər bir yaradıcı ünsürün – hava stixiyasının da əhəmiyyətini diqqətdən kənarda qoymaq olmaz. Bu isə o deməkdir ki, torpaqdan yoğrulub düzəldilən insanın (və eləcə də digər canlıların) hələ silueti (maddi müqəvvası) yaradılıbdır; bu yaradılış o zaman tam başa çatacaqdır ki, insan canlı olsun – cana, hərəkətə gəlsin, dirilsin. Bu dirilmə insana “Uruh verilməsi” ilə – həyat nəfəsi (yaradıcı hava ünsürünün təmsilçisi) bəxş edilməsi ilə tamamlanır. Yəni canlılıq üçün, dirilik tapmaq, həyat, yaşayış üçün torpaqdan xəlq olunmuş cəmi məxluqata – nəbatat və heyvanat aləminə son nəticədə can (ruh, nəfəs – yel (külək) çərşənbəsinin rəmzini əks etdirən yaradıcı hava ünsürü) verilməsi vacibdir. Gördüyümüz kimi, mifoloji mətn çox doğru və məntiqi qanunauyğunluq kimi bu incə nüansı bir fakt kimi diqqətdən qaçırmır. Cəmi 5-6 cümləlik bu mifoloji mətnin daşıdığı böyük və dərin məna yükü, əhatəli məzmun zənginliyi həm də xalqımızın müdrikliyinin ifadəçisidir. Həyatın dialektik inkişaf qanunauyğunluqları lakonik şəkildə, lakin dolğunluğu ilə burada əksini tapıb!.. Həyatın, mövcudatın əsasında dörd yaradılış ünsürünün dayandığı göstərilir. “Yer üzünün başdan-ayağa su olması” – ilkin su ünsürünü, suyun qurudulması (istilik mənbəyi olan od ünsürü ilə) hesabına sudan lil və torpağın ayrılması (yaradılması) – ilkin başlanğıcın əsasında dayanan od və torpaq elementlərini, yaradılış ünsürü olan torpaqdakı canlıların və insanın dirilik tapması, cana gəlməsi – canlanması üçün isə son nəticədə onlara “uruh verilməsi” – hava stixiyasını simvollaşdırır. Ən başlıcası isə odur ki, mifik mətndə hər yaradıcı ünsürün öz yeri, mövqeyi, əhəmiyyəti, rolu, funksiyası aydınca göstərilib və eyni zamanda bu fərdi ünsürlər ayrı-ayrılıqda həyat, yaşayış, dirilik üçün nə qədər böyük funksiyanı yerinə yetirirlərsə, həmçinin də bunların hamısı birləşib vahid bir komponent təşkil edirlər və bütöv canlı orqanizm kimi birlikdə canlı həyatın əsasında dayanırlar. Ona görə də xalq təfəkküründə bir-birlərinin ayrılmaz tərkib hissəsi kimi götürülən bu dörd yaradıcı həyat elementini bir-birindən təcrid edərək, birinin rolunu azaldıb, digərinin funksiyasını şişirtməklə yanlışlığa yol verə bilmərik. Əgər belə düşünsək, onda dahi Füzulinin “Meyvələrin söhbəti” əsərindəki kimi yersiz öyünmələrdən uzağa gedə bilmərik.
Elə bu məntiqin nəticəsidir ki, ilaxır çərşənbələrin hər birində onların ayrı-ayrı yaradıcı ünsürlərin adları ilə tanınıb-adlanmalarına baxmayaraq, xalqımız mərasimi akt olaraq bu daşıyıcı simvolların (Su, Od, Yel, Torpaq ünsürlərinin) heç birini digərindən üstün, ya əskik tutmadan, hamısına eyni qaydada önəm verib, ilaxır çərşənbələrin hər birinin yaradıcı elementlərinə kompleks şəkildə yanaşır. Bu, həm də mərasim və ayinlərdə xalq müdrikliyinin bir göstəricisi kimi qəbul edilməlidir. Yəni bütün çərşənbələrimizdə od ünsürünün rəmzi olan ocaq qalanır, şamlar yandırılır, su ünsürünün rəmzi kimi qapı-bacalara “su aydınlıqdır” deyə parçlarda su atılır, eləcə də yel (hava), torpaq ünsürü ilə də bağlı digər inanclar, mərasimi aktlar və s. yerinə yetirilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalq ilaxır çərşənbələrin hər birində bu yaradıcı elementləri simvolizə edən yaradıcı qüvvələrə, hami ruhlara eyni dərəcədə qədir-qiymət qoyur, hər bir yaradıcı ruh sahibinə xoş gedəcək ayin və rituallar həyata keçirir. Bu mənada professor Azad Nəbiyevin çox doğru olaraq qeyd etdiyi “Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirən Axır çərşənbə İlaxır çərşənbələrin ən gözəli, təntənəlisi və insanları bayrama yaxınlaşdıran bir çərşənbə idi” cümləsində Axır çərşənbə ilə bağlı xüsusi vurğuladığı Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirmək xüsusiyyəti elə bilirəm ki, ümumi olaraq digər üç çərşənbənin mərasimi keyfiyyətlərinə də müncər (aid) edilə bilər.
Tədqiqatçı Xeybər Göyyallı (İsmayıl Xeybər Həmzə oğlu) təzə çapdan buraxılmış “Novruz: genezisi, tarixi transformasiyaları və mərasimləri” (Bakı, Qanun Nəşriyyatı, 2015) kitabında da “Sonuncu çərşənbə sayılan torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir” deməklə professor Azad Nəbiyevin yuxarıdakı fikrinə şərikli münasibət göstərib, bu yöndəki düşüncələrini aşağıdakı şəkildə davam etdirir: “Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, sevincini-şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda ilaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-qadınlar qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-qadınlar ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.
Kişilər də həyət-bacada əsaslı işə başlayar. Bağ-bağat, həyət-bacaya əl gəzdirərlər, səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilərdi. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib-hazırlanırdı” (səh. 181-182).
Gördüyümüz kimi, Xeybər Göyyallı axır çərşənbə hesab etdiyi Torpaq çərşənbəsinə uyğun olaraq burada “torpağa əlahiddə bir sevgi göstərilməsindən” danışır, təsərrüfat həyatı ilə bağlı görülən işlərə diqqəti yönəldir, əkin-biçinə hazırlıq məqsədilə torpağa qulluq edilməsi məsələlərini xüsusi vurğulayır. Bu kimi xüsusiyyətlər torpaq çərşənbəsinin adına uyğun tərzdə məişət qayğılarını özündə ehtiva edir, eyni zamanda bu cəhət digər yaradıcı ünsürlərlə müqayisədə torpağın insanları real həyata daha yaxından bağlayan ünsür olduğundan irəli gəldiyini göstərir. Bəli, torpaq insanları yaşayış üçün zəruri olan qida-ərzaq bolluğu ilə təmin edən real-həyati varlıq stixiyasıdır. “Torpaq deyir: öldür məni, dirildim səni” və s. bu tipli saysız-hesabsız folklor örnəklərimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğunu təsdiqləyir. Hə, bütün bunlar öz yerində. Yəni bu kimi məsələlər torpağın real həyatla, gündəlik məişətimizlə bağlı olduğunu göstərən faktorlardır...
Bundan başqa, Torpaq çərşənbəsində də digər çərşənbələrdəki kimi simvolik məzmunlu rituallar, ayinlər keçirilir ki, bunlar da bayram ənənəsinin təbii tələbidir. Yuxarıda bu zaman keçirilən adət-ənənələr də adbaad sadalandığından, bir də bunları xırdalamağa lüzum görmürəm.
Amma burada əsas məsələ professor A.Nəbiyevlə tədqiqatçı Xeybər Göyyallının üst-üstə düşən fikir eynilikləridir. Hər iki müəllif Torpaq çərşənbəsinin (mahiyyətcə ilaxır çərşənbələrdən sonuncusunun) digər çərşənbələrdən daha təntənəli keçirilməsini xüsusi diqqətə çatdırır. Hətta X.Göyyallı bu fikri bir az da qabardaraq öz ayin və mərasimlərinin zənginliyi etibarilə axırıncı çərşənbənin digər çərşənbələri geridə qoyduğunu, bir sıra bölgələrimizdə isə ilaxır çərşənbənin şənliyinin – təmtərağının hələ Novruz bayramını da üstələdiyini göstərir. Bəs buna səbəb nədir? Bu sualı Xeybər müəllim qışın sazağını-şaxtasını, məşəqqətini görmüş xalqın bu ağır əziyyətlərdən qurtardığına sevinməsi kimi mənalandırır. Bu arqument öz yerində qüvvəsində qalır. Ancaq bu məsələyə bir az da aydınlıq gətirmək lazımdır. Əvvəla, bu amili sırf torpaq ünsürü ilə əlaqələndirilən Torpaq çərşənbəsi ilə bağlamaqla məhdudlaşdırmaq yox, məsələnin mahiyyətinin ilaxır çərşənbələrin sonuncusunda olması ilə – tamamlanması səbəbində axtarmaq lazımdır. Məlumdur ki, ayrı-ayrı tədqiqatçıların çərşənbələrin sıra düzümündəki baxışları müxtəlifdir. Əgər sonuncu çərşənbə Torpaq çərşənbəsi kimi yox, Yel çərşənbəsi olaraq qəbul edildiyi təqdirdə də bu, belə olmalı idi. Yəni Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayin və rituallarla müşayiət olunması faktı onun torpaq, ya hava ünsürü ilə bağlılığından çox, axırda keçirilməsində – yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş – sinkretizə olunmuş yekunlaşdırıcı şənliyidir. Necə ki, yeddi çərşənbənin əvvəldə gələn üçü yalançı olmaqla həmin üç yalançıdan biri – sonuncusu simvolik olaraq qeyd olunur, digər iki yalançını da əslində öz içərisinə alır. Bax beləcə də digər dörd yaradılış ünsürünü ifadə edən dörd doğruçu çərşənbənin də axırda gələni – Axırıncı çərşənbə digər özündən əvvəldə gələn üç doğruçu çərşənbənin ayin, mərasim və etiqadlarını öz canına çəkərək (öz içinə alaraq) həm özünün, həm də digər çərşənbələrin hamısının ümumilikdə elliklə bayram şənliyi şəklində yola salınması mərasimi kimi təmtəraqla, böyük coşqu ilə qeyd olunur. Başqa sözlə, ilin ən sonuncu çərşənbəsi olan Axır çərşənbə bayramı bütün yeddi çərşənbənin hamısının – yalançı və doğruçu çərşənbələrin hamısının ümumilikdə yola salınması və Novruzun qarşılanması mərasimi olduğundan da, bu cür yüksək əhval-ruhiyyə şəraitində, böyük izdihamla keçirilir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunmuş olur. Axır çərşənbənin digər çərşənbələrdən üstün keçirilməsi və həmin çərşənbələrin rituallarını da öz əhatə dairəsinə alması məhz bununla əlamətdardır.
Hansı ünsürlə bağlanmasından, hansı adla çağırılmasından asılı olmayaraq ilaxır çərşənbələrin sonuncusunun bir ümumiləşmiş adı var: Axır çərşənbə!
* * *
Axırıncı çərşənbəni torpaq ünsürü ilə əlaqələndirən professor Azad Nəbiyev yazırdı: «İlin axır çərşənbəsi ilin əziz günlərindəndir. Xalq arasında onunla bağlı çoxlu bədii nümunələr yaşamaqdadır. Axır çərşənbə bəzən yanlış olaraq Yellə bağlı izah edilir, onların yeri təhrif edilərək dəyişdirilir. Lakin diqqətli müşahidə göstərir ki, Novruz torpağın oyanması, yeni əkin mövsümünün başlanması ilə səciyyələnir. Torpaqdan əvvəl oyanan Su, Od (istilik) və Yelin başlıca məqsədi – torpağı oyatmaqdır. Axırıncı çərşənbədə torpaq oyandığına görə onun yer və torpaqla əlaqələndirilməsi həqiqətə daha uyğundur. Teoloji düzümlə mərasim və etiqad silsilələrindəki sıralanma qanunauyğunluqları da nəzərdən qaçırılmamalıdır». (Azad Nəbiyev, «Azərbaycanda Novruz», Bakı, «Çıraq», 2012, səh.193).
İlin sonuncu çərşənbəsinin torpaqla bağlanılmasına göstərilən cəhdlərin kökündə dayanan psixoloji səbəbləri torpağın insanın real yaşayışında oynadığı mühüm rolda axtarmaq lazımdır. Belə ki, 4 yaradılış ünsüründən maddi olaraq ən çox gözə görünəni, təmasında olub, gündəlik güzəranımızın, həyatımızın, dolanışığımızın təminatçısı kimi gördüyümüz torpaqdır. O torpaq ki, yer üzünün 3-də 1 hissəsini təşkil edən quru sahəsidir və insan maddi baxımdan Vətən deyib üstündə oturub qərarlaşmışdır. Onu Vətən timsalında özününküləşdirmiş, «Torpaqdan pay olmaz» – deyib dünya durduqca bu amal uğrunda yaşamış insan hətta torpaq uğrunda şəhidliyi belə özünə şərəf hesab etmişdir. «Əcdadlarımızın mədfəni, övladlarımızın məskəni» dediyimiz (A.Səhhət) Vətənin maddi daşıyıcısı torpaq həm rəhmətə gedənlərimiz üçün (axirət dünyamız – xaos dünyası üçün), həm də dirilərimiz üçün (bu dünyamız üçün – antixaos dünyası üçün) zəruri əhəmiyyətə malikdir. Qırğız yazıçısı Çingiz Aytmatovun «Dəniz kənarıyla qaçan Alabaş» əsərinin məğzində – mayasında isə insana psixoloji baxımdan quru sahəsinin – torpağın nə dərəcədə hava-su kimi vacib lazım olduğu ideyası aşılanır. Bir sözlə, torpaq ünsürü cəmiyyətin və bütün varlıq aləminin üstündə yaşadığı zəmindir ki, torpaqsız yer üzü başdan-başa xaosa burunmuş olardı. Hətta dini və mifoloji mənbələrdə də insanın, cəmi mövcudatın torpaqdan yaradılıb xəlq olunması inamı vardır ki, bu da psixoloji amil kimi sonuncu çərşənbəni torpaqla bağlamağa vadar edən səbəblərdəndir.
«Qarabağ: folklor da bir tarixdir» toplusunda getmiş və demək olar ki, həmin məzmunu Kəmalə Osmanovanın da öz kitabına daxil etmiş olduğu «İnsanın yaranması» adlı mifə diqqət edək:
Allah öncə insanı yaratmaq istəmişdir. Mələklərdən birini torpaq dalınca yerə göndərir. Torpaq qışqırır, hay-küy salır. Mələk qaçır. Sonra başqa mələklər göndərir. Torpaq yenə də qışqırır. Axırda Allah Əzrayılı çağırıb deyir ki, Yerə en və torpaqdan bir az gətir gəl.
Əzrayıl deyir: - Qurban olum, axı bir belə mələklər gedib torpaqdan götürə bilməyib. Torpaq vahimə çıxardır ki, məndən götürməyin, yaralamayın məni.
Allah-təala əmr edir ki, mən sənə deyirəm: Get götür gəl.
Əzrayıl torpağın üstünə enir. Torpaq vahimə qaldırıb çığırır: - Yox, mənə toxunma, məni yaralama.
Əzrayıl deyir: - Səndən aparıramsa, sənin özünə qaytaracağam.
Ona görə deyirlər ki, insan torpaqdan yaranıb, torpağa da qismət olacaq. Əzrayılın sözlərini eşidən torpaq rahatlıq tapır (səh.73-74).
Torpaq burada insaniləşdirilmiş – canlı formada təsvir edilmişdir, torpağın yaradıcı gücü göstərilmişdir. Həm də burda bir cümlədəki «səndən aparıramsa, sənin özünə qaytaracağam» fikrinin müqabilində torpağın razılaşması – sakitlik tapıb ram olması inancı və bu inanca nisbətdə yaranmış izahedici xarakterli atalar sözümüz olan «ona görə deyirlər ki, insan torpaqdan yaranıb, torpağa da qismət olacaq» deyimi həm də maddi-cismani həyatın da qapalı – təkrarlanan dövrə əsasında qurulduğu ideyasını ortaya qoymuş olur. Başqa sözlə, zaman məfhumunun qapalılığı – dövrəviliyi fəsillərin bir-birlərini əvəzləməsi və s.-nin timsalında məlum idi, burada isə məkan anlayışı ifadə edən torpağın (torpaq ünsürünün, torpaqdan yaranan canlıların və insanın özünün həyatının da) torpaqdan yaranıb torpağa qayıtması əsasında təkrarlanan-zəncirvari həlqə şəklində olduğunu göstərir. Dindəki «axır-məhşər günü» də bu mifoloji mətndən doğan fikrin başqa bir formadakı təsdiqidir. Deməli, yaradıcı stixiya kimi torpaq canlıları özündən yaradır, həyata bəxş edir və son nəticədə yenidən özünə qaytarıb, ölüm şəklinə salır. Doğulma və ölüm (ölüb-dirilmə) həyatın iki üzünün əksi olub, biri digərinin mövcudatı üçün əsas verir. Bu dünyanın da (kosmik aləmin), o dünyanın (xaotik dünyanın) xüsusiyyətlərini torpaq ünsürü özündə ehtiva edir və ilaxır çərşənbələrdən biri olmaqla da özündə dirilik tapmanı – kosmik məkanı reallaşdırır. Elə «ərlə arvadın torpağı bir yerdən götürülüb (yoğurulub)» məsəlimizin də alt qatında bu kimi mifik düşüncə əksini tapıb ki, əks cinslərin birliyinin rəmzi həyatı doğurur, yeni yaradılışa əsas verir. Ərlə arvadın torpaqlarının bir yerdən yoğrulmaları hesabına onlar ailə cütlüyü yaradır və övladlar – uşaqlar (artım mənbəyi kimi) dünyaya gəlirlər ki, bu da mayasında torpaq ünsürünün dayandığı bu faktın da həyatı, - yeni doğulmanı özlüyündə simvollaşdırdığını aydın göstərir.
Tədqiqatçı Xeybər Göyyallı (İsmayılov Xeybər Həmzə oğlu) son çərşənbə hesab etdiyi torpaq ünsürü ilə bağlı fikirlərini belə şərh edir: «Xalqımızın empirik təfəkkürünə görə, ilin sonuncu çərşənbəsi torpaq çərşənbəsidir. Bu inamda bulunan xalq son dərəcə haqlıdır. Təbiətin digər komponentlərinə nisbətən torpaq qış yuxusundan gec oyanır.
Torpaq planetin ən böyük və zəruri komponentidir. Digər komponentlər torpağın üstündə yerləşir və onun qoynunda intişar tapır. Torpağın oyanışı ilə ilin təzələnməsi əyaniləşir. Digər üç ünsürün (su, od yel) dirçəlişi ilin təzələnməsini hələ tam ortaya qoya bilmir. Torpağın oyanışı bütövlükdə təbiəti cana-qana gətirir. Bu səbəbdən xalq bu çərşənbəyə «İlaxır çərşənbə», «Torpaq çərşənbəsi», «Yer çərşənbəsi» deyibdir. Torpağa gəlmiş hərarət suda və havada duyulur. Donmuş torpağın canı-qanı isinir. Dirçəlmiş torpaq şumlanır, əkinə hazırlanır. Torpağın oyanmasına insanlar daha çox sevinir. Əcdadlarımız inanıblar ki, torpağın dirçəlişi suya, oda və yelə daha çox hərarət bəxş edibdir. Xalqın bu inamı onun mifik düşüncəsində əbədiləşdirilmişdir» (Xeybər Göyyallı. «Novruz: genezisi, tarixi transformasiyaları və mərasimləri», Qanun Nəşriyyatı, 2015, səh.180).
Göründüyü kimi, müəllif axırıncı çərşənbəni torpaqla bağlamaqda «təbiətin digər komponentlərinə nisbətən torpağın qış yuxusundan gec oyanmasını» səbəb göstərir və bu aspektdən yanaşmaqla da bu ətrafdakı fikirlərini inkişaf elətdirir.
Tədqiqatçı Sevinc Aşur qızı Qasımova isə bu mərasimdəki mifik və real elementlərin vəhdətindən çıxış edərək yazır ki, «Torpaq çərşənbəsindəki torpaq ruhu torpağın sahibi olan əyədir. Bu çərşənbədə torpağa qulluq edilməsi onun sahibi olan torpaq əyəsinə hörmət, ehtiram göstərilməsi deməkdir. İnsanlar bunun müqabilində xeyir-bərəkət, bol məhsul diləyirlər». Bu, o deməkdir ki, insanların torpağa qulluq göstərməsi iki planda özünü doğruldur: torpağın sahibi, əyəsi sayılan torpaq ruhuna nəvaziş, xidmət göstərilir və bunun əvəzində torpaq ruhu da insanları maddi nemətlər bolluğu ilə mükafatlandırıb, onların bolluq, firavanlıq içərisində yaşamalarına təminat yaradır. Bu da insanların ərzaq-qida sayəsində fiziki baxımdan özlərində güc, enerji toplamalarına zəmin yaradıb, onların yeni qüvvə ilə yeni həyata atılmalarını gerçəkləşdirir.
Botanika dərsliyində torpağa belə bir tərif verilib: «Yerin bitki bitən üst münbit qatına torpaq deyilir». Deməli, Yer sözü ümumilikdə bütün Yer planetini – quru sahəsini özündə ehtiva etdiyi halda, torpaq ifadəsi yalnız yerin bir neçə santimetrlik hissəsi olan üst təbəqəsini bildirir. İnsanlar da Yer adlı nəhəng bir orqanizmin yalnız cüzi bir hissəsinə – torpaq səthi deyilən üst qatına (üst qatda, üstün qatda yerləşən yer ruhuna, torpaq ruhuna) xidmət göstərməklə Yer (Torpaq) ruhunun könlünü öz işgüzar, əməksevər əlləri ilə oxşayıb-sığallayır, əvəzində isə münbit qatdan özləri üçün, həyat, yaşayış səviyyələrinin yüksəldilmələri üçün məhsul bolluğuna rəvac verirlər. Amma bütün bunların başlanması üçünsə gərəkdir ki, təbiətin digər bir yaradıcı ünsürü olan od əvvəlcə öz istisini torpağın canına yaysın, bununla ölmüş-donmuş torpaq dirilsin, cana gəlsin. Elə bu məqama da xüsusi diqqət çəkdiyindəndir ki, tədqiqatçı K.Osmanova yazır:
«Torpaq çərşənbəsində əkinin bünövrəsini ağsaqqallar qoyardı. Kişilər bir müddət şumun üstünə oturub deyərdilər ki, altım isinmədi. Torpaq çərşənbəsində gərək torpaq qızsın. Qışda istilik enir alt qata, torpağın dərin qatlarına gedir, amma yaz başı gələndə, torpaq çərşənbəsindən sonra üstə çıxır. Ona görə kişilər şumluqda oturanda onu üşüdürsə, deməli, toxum əkmək olmaz. Amma şum onu üşütmürsə, otura bilirsə, deməli, torpaqda hərarət var, əkmək olar. Əkilsə, məhsul verəcək».
Deməli, qışda alt qata – yerin dərin qatlarına gedib yatmış istilik (od ünsürü) Torpaq çərşənbəsində yerin üst münbit qatına - Torpaq təbəqəsinə çıxıb, torpağı təzədən canlandırır, yatmış (ölmüş) torpaq yenidən oyanır-dirilir və bu dirilmə ilə həm özünü dirildir, həm də üstündə qərar tutmuş bütün canlılara yeni həyat – dirilik bəxş etməklə öz missiyasını həyata keçirmiş olur. Bəli, Torpaq çərşənbəsi həm torpağın özünün dirilik tapması, həm də bir yaradıcı ünsür olmaqla torpaq stixiyasının bütün ətraf aləmə dirilik – yeni can verməsi deməkdir! Özü ilə bərabər üstündə qərar tutan bütün yaradılmışlara can – dirilik verəndir.
Dostları ilə paylaş: |