Mifoloji mətnlərin əksəriyyəti heyvanların və bitkilərin yaranması ilə bağlıdır. Bu zaman biz çevrilmə motivinin işləndiyi daha zəngin və rəngarəng nümunələrlə rastlaşırıq. V.N.Toporov dünya mifologiyalarının təcrübəsinə əsaslanaraq yazır ki, mifologiyada heyvanın və ümumiyyətlə animal elementin rolu müstəsna dərəcədə böyükdür. Bu rol heyvanın bəşəriyyətin inkişafının erkən mərhələsindəki əhəmiyyəti ilə müəyyənləşir (8, 440). Nümunələrə diqqət edək:
Azərbaycan əfsanələrinin çoxunda quşlar çevrilmə yolu ilə, yəni insanın quşa çevrilməsi yolu ilə əmələ gəlir. Məsələn şanapipik quşunun yaranması:
“Şanapipik başını yuyanda qayınatası içəri girir, gəlin utanır. Qız başında daraq quşa çevrilir. Amma uzağa uça bilmir” (2,69).
Göründüyü kimi, burada qız quşa çevrilir. Şanapipik quş olmamışdan əvvəl insan olmuşdur. O, davranış qaydalarını pozmuş, başını yuyarkən naməhrəm kişinin, qaynatanın onu görə biləcəyini nəzərə almamışdır. Ona görə özünə Allahdan cəza istəyir və elə darağı başındaca şanapipik quşuna çevrilir.
Aydındır ki, hophop, gültop quşu, kəklik, bülbül, turac, daraqçın, göyərçin, alabaxta, kası quşu və b. quşlarla bağlı mifoloji mətnlərin yaranmasında çevrilmə motivi mühüm rol oynayır. Bu S.Rzasoyun qeyd etdiyi kimi, quşların mifik dünya modelində Göy/Yuxarı dünya ilə bağlılığı ilə əlaqədardır ki, kosmoloji müstəvidə mediasiya xarakteri dialoq-xəbərləşmə kimi qəbul edilir (5, 188).
Dostları ilə paylaş: |