Ключевые слова: миф, мифологические тексты, трансформация, хаос.
Tarixən hər bir xalqın inkişafında onun milli-mənəvi mədəniyyətinin təşəkkülündə bədii söz sənəti mühüm rol oynamışdır. Azərbaycan xalqı da özünün çoxəsrlik inkişafı tarixində qədim, zəngin, əvəzolunmaz mədəniyyət yaratmışdır. Bu mədəniyyətin özəyini ilk növbədə bədii söz sənəti təşkil edir. Şifahi şəkildə yaranıb özündə xalqın bütün adət-ənənələrini, mədəni-mənəvi keyfiyyətlərini əks etdirən və beləliklə, xalqın keçmişini yaşadan nadir nümunələrin hər biri folklor abidələri hesab olunur. “Folklor hər bir xalqın mənəvi dünyasının, varlığının canlı bədii ifadəsi, onun dünyabaxışının güzgüsüdür” (2, 5). Azərbaycan folklor mətnlərinin özəyində miflər dayanır. “Mifologiya xalqın mənəvi mədəniyyətinin qaynağı və özülüdür. Buna görə də hər hansı mədəniyyətin qədim, eləcə də müasir vəziyyətinin öyrənilməsi üçün onun mifoloji sistemini tədqiq etmək lazımdır. Xalqın mifoloji irsi onun keçmişi ilə yanaşı, bugününü də dərk etməyə, müasir ədəbiyyatını və incəsənətini daha geniş kontekstdə öyrənməyə, tarixi-mədəni perspektivi düzgün müəyyənləşdirməyə böyük yardım göstərir” (2, 5).
Aydındır ki, mövzu, məzmun, məna baxımdan zəngin olan Azərbaycan mifoloji mətnləri, eləcə də dünya xalqlarının mifoloji mətnlərində aparıcı motivlərdən biri çevrilmə motividir. L.Vinoqradov yazır ki, çevrilmə – canlı varlığın, yaxud əşyanın öz cildini, zahiri görkəmini, ipostasını dəyişmə qabiliyyəti, başqa sözlə, digər bir varlığa, bitkiyə, əşyaya, daşa və s. çevrilmə imkanı haqqında xalq inamlarının əks olunduğu folklor motividir (6, 67). P.N.Boratavun fikrinə görə, metamorfoza insanların, heyvanların, bitkilərin, cansız varlıqların öz xüsusiyyətlərini itirib birindən digərinə keçməsi; cansız varlığın canlanması, canlı varlığın cansız maddə halına keçməsi, dönüşməsidir (3, 62). Metamorfozlar – mifologiyada müəyyən varlıq, yaxud əşyaların başqalarına çevrilməsidir.
Qeyd edək ki, çevrilmə motivi geniş anlayış olub, incə məna çalarlarına görə fərqlənir. Çevrilmə insanın şüuru altından və şüurunun yaradıcı gücündən meydana çıxan arzuların ifadəsi, xəyal gücünün məhsuludur. Çevrilmə motivinin olduğu nümunələrdə çevrilmə prosesi folklor nümunəsinin məqsədi ilə bağlı olub, fikri daha maraqlı, fərqli formada çatdırmağa kömək edir.
Mifoloji sistemi təşkil edən bütün ünsürlər (yer, göy, su, ağac, ruh, əcdad, heyvanlar, kosmik obyektlər, ictimai və təbiət hadisələri, süjet tipləri və s.) mifoloji mətnlərdə çevrilməyə məruz qalır. Burada çevrilmədə əsas məqsəd təbii ki, həmin ünsürlərin nəyi işarə etməsi, mifoloji ənənə daşıyıcıları tərəfindən necə mənalandırılması, ictimai təcrübədə tutduğu yerdən çox asılıdır. Çevrilmə motivi bütün xalqların folklorunda özünü göstərir. Ancaq bütün xalqların folklorunda eyni şeyə işarə etmir, yəni hər bir xalqın mədəniyyətinə uyğun məna daşıyır, onların mədəniyyətini əks etdirir. Çevrilmə hadisəsi, adətən, üstün bir güc (Tanrı, sehrbaz, cadugər, övliya və s.) tərəfindən ya edilən hər hansı bir yaxşılığa qarşılıq mükafat olaraq, ya da edilmiş bir pisliyə qarşı cəza şəklində həyata keçirilir.
Metamorfoza, şəkil dəyişdirmə, forma dəyişdirmə, surət dəyişdirmə, don dəyişdirmə, libasdəyişmə, paltardəyişmə, dönüşmə, başqalaşma, dönərgəlik, maskalanma kimi ifadə edilən bu dəyişmə, çevrilmə hadisəsi ilkin baxışda eyni məzmunlu termin kimi anlaşılsa da, mətnlərdə onların əksərən eyniyyət təşkil etmədiyini görürük. Mifoloji mətnlərdə mövcud olan çevrilmə motivləri mifoloji sistemə daxil olan bütün süjetlərdə, kosmoqonik, etnoqonik, təqvim miflərində, inanclarda, ayinlərdə, mərasimlərdə, ovsunlarda, yasaqlarda, sınamalarda, yozumlarda fərqliliklər nümayiş etdirir. Yəni bu fərqliliklər daha çox çevrilmə motivinin mətdəki funksiyasından asılı olur.
Məsələn, çevrilmə motivi aşağıdakı nümunədə kosmoqonik yaradılışın gerçəkləşməsinə xidmət edir.
“Lap qabaxlar Allahdan başqa heç kim yoxuymuş. Yer üzü də başdan-ayağa suyumuş. Allah bu suyu lil eliyir. Sonra bı lili qurudup torpax eliyir. Sonra torpaxdan bitkiləri cücərdir. Onnan sonra da torpaxdan palçıx qəyirip insanenarı yaradır, onnara uruh verir” (1, 35).
İnsanların, dünyanın yaradılmasından bəhs edilən bu kosmoqonik mifdə biz eyni zamanda çevrilmə hadisəsini də görürük. Mətndə göstərilir ki, yer üzündə ilk öncə xaos mövcud olmuş, daha sonra yer üzündəki canlılar yaranmışdır. İnsanlar da torpağın palçığa və palçığın da insana çevrilməsi nəticəsində meydana gəlmişdir. Aydındır ki, yaradılış mifinin ümumi kosmoqonik sxemi xaosdan kosmosun yaranmasını əks etdirir. Burada dünyanın və insanın yaradılışı birgə təsəvvür olunur. Mifolgiyada dünyanın və insanın yaranması ayrılmaz və vahid proses kimi təsəvvür olunur.
Başqa bir mətnə diqqət edək: “Ülkər ulduzu vaxtilə gözəl bir qız imiş. Bir gün qışın oğlan çağında onun atasının otu qurtarır. Qışın bu vaxtında otu hardan tapmaq olar. Belə getsə mal, qoyun tamam acından öləcəkmiş. Ülkərin atası gedib ağaya hal-qəziyyəni danışır. Zalım qoca ağa kişi ilə şərt kəsir ki, mən sənə istədiyin qədər ot verərəm, ancaq sən də gərək öz qızını mənə verəsən. Kişi çox yalvarır, ağa az eşidir, dediyindən dönmür. Axır naəlac qalıb razılaşır, gəlib vəziyyəti qızına danışır. Qız bütün günü göz yaşı töküb ağlayır.
Ülkər kədərli-kədərli göyə baxıb əhvalını danışır, kömək istəyir. Göydə ayın lap nazik olduğunu görür, gəlib atasını yuxudan oyadıb deyir:
Ay göydə sallandı, ay dədə,
Daha yaza nə qaldı, ay dədə.
Vermə məni qənim əlinə.
Kişi tez eşiyə çıxır gözlərinə inanmır. Hər yan dizə qədər boy vermiş göy otla dolu idi. Sevinir, ancaq evə girib qızını görmür. Çünki onun gözəl qızı ulduz olub göyə çıxmışdı. O vaxtdan deyirlər ki, göydəki ən parlaq ulduz Ülkər ulduzudu. Atası yuxudan durana qədər göylərdən çəkilməyib yaza nə qaldığını atasına bildirir” (1, 40).
Bu nümunədə olan çevrilmədə dan ulduzunun yaranışından söhbət gedir. Burada qız ulduza çevrilir. Bunun əsas səbəbi onun məcbur ağaya verilməsi və bu qərara etirazıdır. Burada azadlığın hələ çox əvvəllərdən təbliğ olunduğunu bir daha görürük.
Astral miflər və əfsanələr dünyanı dərketmənin ibtidai üsuludur. R.Əliyevin dediyi kimi, mif – qədim insanların dünyanı anlama tərzidir. Mif – geniş mənada hökmdür, ibtidai cəmiyyətin insanlarının davranışını, əxlaqını tənzimləyən qanunlar məcmusudur (4, 5).
Dostları ilə paylaş: |