Ключевые слова: востоковедение, эпопея, Антара
Zəngin ərəb ədəbiyyatı nümunələrinin Avropa dillərinə tərcüməsi qədim tarixə malikdir. Elmi ədəbiyyatın tərcüməsi və əxzi ilə başlanan bu tarixi proses qədim ərəb bədii irsinin, şifahi xalq ədəbiyyatı nümunələri – "ərəb xalq romanları"nın ingilis, fransız, rus və digər dillərə tərcüməsi ilə Avropa üçün daha böyük əhəmiyyət kəsb etmişdir. Onlarla səhifə həcmində söhbət aça biləcəyimiz elmi tərcümə haqqında mövzunu yalnız görkəmli ingilis şərqşünası U.M.Uottun "Orta əsr Avropasına İslamın təsiri" kitabında verdiyi sözlərlə ifadə etsək yetərlidir:
"Ərəbdilli alimlərin tədqiqatları, əsərləri tam halda göz önünə gəldikdə aydın olur ki, onlar olmasaydı, Avropa elmi və fəlsəfəsi belə sürətlə inkişaf edə bilməzdi. Ərəbdilli alimlər yunan fikrinin sadəcə ötürücüləri deyil, həm də əsil daşıyıcıları idilər. Onlar əxz etdikləri elmləri nəinki canlı saxlamışlar, habelə onların diapazonunu genişləndirmişlər. Avropalılar qabağa getmək üçün ən əvvəl, mümkün olan hər şeyi ərəbdilli alimlərdən öyrənməli olmuşlar" (1, səh.80).
Ərəb bədii ədəbiyyatı, xüsusilə, şifahi xalq ədəbiyyatının Avropa səhnəsinə çıxmasına gəlincə, bu mərhələ XIX əsrə təsadüf edir. Məhz həmin dövrdə çox sayda ərəb xalq dastanları tanınmış şərqşünas, istedadlı tərcüməçilər tərəfindən Avropa oxucularına çatdırılmışdır: "Əntərə", "Bənuhilal", "Dilhəmə", "Seyf Zuyazan", "Min bir gecə nağılları" və s.
Bu dastanlardan "Əntərə" ərəb xalq dastanı çox maraqlı tərcümə tarixi keçmişdir. Əsərin özünün tam halda yığılmasına yalnız XII əsrdə cəhdlər edilmişdir, tam külliyat isə 10 cild, 5660 səhifə həcmində olan 1871-ci il Beyrut nəşri sayılır.
Bu dastanın dünya səhnəsinə çıxmasına gəlincə, ilk dəfə Avropada XIX əsrin birinci yarısında T.Lamilton (1819-1820) tərəfindən bəzi hissələri tərcümə edilir.
Bundan sonra məşhur fransız şairi Alfons de Lamartinin (1790-1869) bu dastana marağı ilə rastlaşırıq. O, 1835-ci ildə Parisdə çıxan Şərqi təsvir edən dörd cildlik "1832-1833-cü illər Şərqə səyahət" ("Voyage en Orient 1832-1833") adlı gündəlik kitabında bu dastana xüsusi yer ayırır və onu belə qiymətləndirir: "Əntərə Homer kimi epik, İov kimi mərhəmətli, Teokrit kimi idilliyaya məhəbbətlə dolu, Solomon kimi müdrikdir...”. Yenə həmin əsərdə başqa bir fikri qeyd edək: "Əntərə haqqında povest özünə görə "müqəddəs yazı"dır (bədəvi Bibliyası)" (8, səh.199). Və Beləliklə Lamartin tərəfindən dastanın fransız dilinə tərcüməsi hazırlanır. Lakin bir faktı qeyd etmək lazımdır ki, Lamartin bir şair kimi əsəri bədii tərəfdən daha qabarıq işləmişdir. Hətta bəzi səhnələri fransız əxlaq tərzinə uyğunlaşdırmış, etik baxımdan münasib şəkildə dəyişmişdir (Əntərənin ölüm səhnəsi).
Lamartindən sonra uzun illər ərzində (təxminən 1833-1853-cü illər) "Journal asiatigue" jurnalında bu ərəb xalq romanının hissələrindən tərcümələr verilir. Tərcümədə Kossen de Perseval (tərcümə tarixi 1833-1834), Kardin de Kardonne (tərcümə tarixi 1834-1837), Perron (tərcümə tarixi 1840), Şerbenno (tərcümə tarixi 1840), Qustav Düqa (tərcümə tarixi 1848-1849 və 1853), Devik (tərcümə tarixi 1864), Hammer (tərcümə tarixi 1868) iştirak edir.
Həmin dövrdə Avropada böyük əks-səda doğurmuş və oxucular tərəfindən böyük maraqla qarşılanan "Əntərə" ərəb xalq dastanının və dastan qəhrəmanının bir çox şah əsərlərlə və əfsanəyə çevrilmiş qəhrəmanlarla müqayisəsi dəb halını almışdı. Dastan daha çox qədim yunan şairi Homerin (e.ə. IX-VIII) "İliadası" ilə müqayisə edilirdi. Dastanın tərcüməsi ilə məşğul olmuş Kossen de Perseval (1795-1871) yazırdı: "Axil uydurma (təxəyyül) olduğu halda, Əntərə tarixi şəxsiyyətdir. Əgər Əntərədə zəif yerlər varsa, onda ilahi Homer də mürgüləyir". Onun fikrincə, "Əntərə" "1001 gecə” nağıllarından da yüksəkdir". "1001 gecə”ni tərcümə etmiş Hammer də onun bu fıkri ilə razılaşmışdır. Düqa isə “Əntərə” üzərində çoxillik işini bitirdikdən sonra 1853-cü ildə yazırdı: "İndi sonuna çatdıqdan (hər şeyi bitirdikdən) sonra yalnız böyük rəssam, istedadlı yazıçı tərəfındən düşünülə və yaradıla bilən bu əzəmətli əsərə öz heyranlıq haqqını ödəyə bilərəm. Bu poema bəşəri ruhlu başlıca əsərlərin sırasına qoyulmalıdır. Əgər yunanların “İliada” və “Odisseya”sı, romalıların “Eneida”sı, italyanların “İlahi komediya”sı, ingilislərin “İtirilmiş cənnətlər”i, almanların “Nibelunqlar”ı və “Messiadalar”ı, hindlilərin “Mahabharata”sı, farsların “Şahnamə”si varsa, onda ərəblərin də öz “Əntərə”si var" (6, səh.60).
Avropa şərşünaslığında bu dastan Aleksandr Dümanın (1802-1870) əsərləri ilə də müqayisə edilmişdir. Necə ki, Düma Fransa tarixini öz əsərlərində bədii süjet arxasında işləmişdir, “Əntərə” dastanında da tarixi faktlar rəngarəng obrazlar qalereyası, maraqlı döyüş səhnələri, sevgi süjeti fonunda oxucuya çatdırılmışdır. Bu cür ədəbi bənzətmə rus şərqşünaslığında da aparılmışdır. Məsələn, “Əntərə” A.Dümanın "Üç müşketyor", "Qrafinya de Monsoro", "Qraf Monte Kristo" əsərləri ilə müqayisə olunmuşdur (6, səh.199; 5, səh. 7).
Qeyd olunmalıdır ki, dastan həmçinin 1910-cu ildə Parisdə, Odeon teatrında suriyalı Şükri Qənim tərəfindən səhnələşdirilmiş və tamaşada Əntərənin ölüm səhnəsi Lamartinin işlədiyi kimi verilmişdir.
Bu dastanın Rusiya ədəbi səhnəsinə çıxması da XIX əsrə təsadüf edir. Rusiyada ilk dəfə 1833-cü ildə "Новоселье" almanaxında O.Senkovskinin (1800-1858) imzası altında "Əntərə" adlı əsər işıq üzü görür. Lakin bu əsəri əsl "Əntərə" ilə müqayisədə uğursuz adlandırmaq olardı. Belə ki, hərb səhnələri, qəhrəmanın səfərləri yox dərəcəsində işıqlandırılmış, məhəbbət mövzusu ön plana çəkilmiş və Əntərənin sevgilisinin adı – Gülnəzər verilmişdi (“Əntərə” dastanında Əblə). O.Senkovski özü isə yazmışdır ki, bu, "Əntərə"nin tərcüməsi deyil, nə də ərəb romanı "Əntərə"dən əxz olunmayıb. Bu, ərəb poeziyası ruhunda yaradılmış orijinal bir əsərdir. Lakin 1843-cü ildə A.A.Krayevski (1810-1889) A.B.Klotbəyin əsərini tərcümə edərkən bunu təkzib edir: "Əntərə" rus dilinə O.Senkovski tərəfindən tərcümə olunub" (3).
Qeyd olunmalıdır ki, 1868-ci ildə N.A.Rimski-Korsakov (1844-1908) O.Senkovskinin tərcüməsi əsasında bu dastana elegiya yazmışdır. Rusiyada bu dastana səhnə həyatı isə nisbətən gec nəsib olmuşdur – 1880-ci ildə Lazarevski institutunun müəllimi tərəfindən tamaşaya qoyulmuşdur.
Oxşar tərcümə tarixi ilə digər ərəb xalq dastanları da rastlaşmışdır. Avropada maraqla qarşılanan "Bənu-hilal", yaxud "Əbu Zeydin hekayəti" (138 hissə, 1600 səhifə) haqqında T.Volf demişdir: "Ərəblərin heç bir kitabı, "Əntərə" də daxil olmaqla, köçəri ərəblərin həyat tərzi və adət-ənənələrini bu qədər təfsilatı ilə düzgün vermir ki, biz buna "Bənu-Hilal"da rast gəlirik". Avropada sevilən digər ərəb dastanı "Dəlhəma" haqqında isə Perron belə demişdir: "Valter Skot ruhunda tarixi bir romandır, tamamilə ərəb təxəyyülü, fantastik sərgüzəştli ərəb romanıdır" (6, səh.70).
İstər Avropa, istərsə də Rusiyada ötən əsrlərdən bu günə qədər daha çox sevilən və dəfələrlə təkrar nəşr edilən şifahi xalq ədəbiyyatı nümunəsi "1001 gecə" nağılları da qeyd edilməyə layiqdir. Şah libasını dəyişib gecələr vəziri ilə şəhəri gəzməyə çıxan xəlifənin (Xəlifə Qədir (991-1011), bəzən bu rolu xəlifə Mutədid (892-902), hətta xəlifə Harun Ər-Rəşid (786-809) oynayır) hekayətlərini birləşdirən ilk variant "Bagdad" külliyyatı əldə olmasa da, XIII-XV əsrlərdə yaranmış "Qahirə" külliyyatı əsasında bu nağıllar bütün yer kürəsini gəzmişdir. Hələ XVIII əsrdə (1704-1707-ci illər) bəzi nağıllar fransız dilinə A.Qallan (1646-1715) tərəfindən tərcümə edilmiş, tam halda Avropada V.Şovenin tərcüməsi (1900) ilə çıxmışdır. Bundan sonra A.Qallan tərəfındən edilmiş tərcümə vasitəsilə nağıllar bir çox digər dillərə, о cümlədən ilk dəfə rus dilinə tərcümə edilmişdir (Moskva, 1763-1774). Nağılların Sovet hakimiyyəti qurulana qədər XIX əsrdə üç əsas tərcüməsi olmuşdur:
Fransız dilindən Y.Doşelmayer tərəfındən – 3 cild. M. 1889-1890;
İngılis dilindən L.Şelqunova tərəfındən – 2 cild. M. 1908-1909;
Fransız dilindən "Xarici ədəbiyyata dair yeni jurnala əlavə"də.
1902.
İlk dəfə orijinaldan rus dilinə tərcümə isə M.A.Salye (1899-1961) tərəfindən 1929-1939-cu illərdə edilmiş və 8 cilddə işıq üzü görmüşdür. İkinci təkrar nəşr 1958-1960-cı illərdə olmuşdur.
Qeyd etmək lazımdır ki, məhz həmin dovrdə bu proses təktərəfli deyil, qarşılıqlı baş vermişdir. Belə ki, Avropa dillərində olan ədəbiyyatın da ərəb dilinə tərcümə edilərək ərəb şərqinə nüfuz etməsi çox aktiv olmuşdur. Belə ki, yeni dövr Misir ədəbiyyatının formalaşmasının ilk pillələrində xarici ədəbiyyatdan olunan tərcümələrin, ümumiyyətlə tərcüməçilik hərəkatının rolunu danmaq qeyri-mümkündür və ərəb şərqində gedən tərcüməçilik hərəkatının inkişafını Azərbaycan şərqşünası E.Ə.Əlizadə iki mərhələyə bölmüşdür:
a) 1870-1880-ci illərə qədərki mərhələ – şərqşünas bu mərhələni hazırlıq mərhələsi adlandırmışdır;
b) 1870-1880-ci illərdən sonrakı mərhələ – bu mərhələni isə o, daha məhsuldar mərhələ adlandırmışdır (2).
Hər iki mərhələdə edilən tərcümələr bəzi ziyalılar, ayrı-ayrı şəxslər, xüsusilə mühafizəkarlar tərəfindən mənfi qarşılansa da, cəmiyyətdə elə qüvvələr tapılırdı ki, bu tərcümələri alqışlayır, yüksək qiymətləndirirdi. Bəzi qüvvələr isə tərcümələrə seçmə prinsipi ilə yanaşmağı üstün tutur, bu tərcümələrdə verilən müsbət ideyalarla ərəb mədəniyyətinin pozitiv tərəflərini bir araya gətirməyi daha məqsədəuyğun sayırdılar.
Bu sonuncu fikir həqiqətən də daha uğurlu idi və Misir ədəbiyyatı da bu yolu tutmuşdu. Öz kiassik ədəbi köklərindən tamamilə uzaqlaşmayan Misir ədəbiyyatı Avropa ədəbiyyatından edilmiş bu tərcümələr içində itib-batmamış, əksinə, onlara söykənərək daha da irəli gedə bilmişdir. Əlbəttə, bu inkişafın yolu heç də hamar olmamışdır. Sözsüz ki, iki bir-birindən fərqli dünyalar arasında olan sədləri qırmaq, uçurmaq lazım idi. Bunun üçün tərcüməçilik hərəkatına qoşulmuş ədiblər tərcümə etdikləri xarici ədəbiyyat nümunələrini ərəb ruhuna uyğunlaşdırırdılar. Bu adaptasiyanı onlar bir neçə istiqamətdə aparırdılar.
Dostları ilə paylaş: |